Azərbaycan ABŞ-ın Cənubi Qafqaz regionunda etibarlı tərəfdaşıdır

 

Bakıda keçirilən "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumu bunu bir daha təsdiqlədi

 

 

Amerika Birləşmiş Ştatları ilə qarşılıqlı faydalı münasibətlərin genişləndirilməsi Azərbaycanın xarici siyasət xəttinin prioritet istiqamətlərindən birini təşkil edir. Rəsmi Vaşinqtonun Azərbaycanla əməkdaşlığa olan marağı təkcə ölkəmizin malik olduğu strateji-coğrafi mövqe və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir.

İki dövlətin strateji müttəfiqliyi dönməz xarakter daşımaqla bütövlükdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerjikommunikasiya layihələrinin həyata keçirilməsi baxımından vacib əhəmiyyət kəsb edir. Heydər Əliyev Mərkəzində Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin yaradılmasının 21-ci ildönümü ilə bağlı "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunun keçirilməsi də bu baxımdan əlamətdar hadisə kimi diqqəti cəlb etdi.  

Forumda ABŞ Senatının xarici əlaqələr komitəsinin sədri Riçard Luqar, ABŞ-ın federal konqresmenləri Maykl Törner, Ted Po, ABŞ-ın BMT-dəki sabiq səfiri və Nümayəndələr Palatasının sabiq üzvü Bill Riçardson və digər konqresmenlər, eləcə də Birləşmiş Ştatların Azərbaycandakı səfiri Riçard Morninqstarın iştirakı tədbirin mühüm əhəmiyyət kəsb etdiyini bir daha təsdiqlədi.

Qeyd edək ki, ABŞ Azərbaycanın XX əsrdə ikinci dəfə əldə etdiyi dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biri olmuşdur. Azərbaycan Müstəqillik haqqında Konstitusiya Aktını qəbul edəndən iki ay yarım keçməmiş - 1991-ci il dekabrın 25-də rəsmi Vaşinqton Azərbaycanın dövlət müstəqilliyini tanıdığını elan etdi. Qısa bir müddətdən sonra - 1992-ci il fevralın 12-də ABŞ-ın dövlət katibi Ceyms Beyker iki ölkə arasında rəsmi münasibətlər yaratmaq üçün Bakıya səfərə gəldi.

1992-ci il martın 17-də ABŞ Bakıda özünün səfirliyini açdı və iki dövlət arasında rəsmi diplomatik münasibətlər yarandı. 1991-1992-ci illərdə ABŞ hökuməti SSRİ-dən yenicə ayrılmış müstəqil Azərbaycan dövlətini hərtərəfli öyrənir, bu dövlətlə münasibətdə ABŞ-ın gələcək xarici siyasətinin konturlarını müəyyənləşdirir, Dağlıq Qarabağ problemini araşdırırdı. Məhz bu mərhələdə Azərbaycan ABŞ üçün özünün prinsipial, ardıcıl, dəyişməz müstəqil xarici siyasətini, strateji tərəfdaş olmaq əhəmiyyətini, demokratiyaya, sülhə, insan hüquq və azadlıqlarının qorunması prinsipinə əsaslanmış hüquqi dövlət qurmaq əzmini sübuta yetirməli idi. Bu mərhələdə Azərbaycan ABŞ-ın xarici siyasətində Vaşinqtonun maraq dairəsinə daxil olmayan ölkələr sırasından çıxıb onu maraqlandıran, onun müdafiə etdiyi dövlətlər sırasına keçməyə can atmalı və çalışmalı idi. Əfsuslar olsun ki, respublikanın o vaxtkı rəhbərləri ABŞ-ın bu təşəbbüsünə qiymət verə bilmədilər. 1992-ci ilin iyul-dekabr aylarında AXC-Müsavat iqtidarının xarici siyasət sahəsindəki səriştəsiz fəaliyyəti ABŞ-da Azərbaycana qarşı münasibətin müsbət məcrada inkişafına mane oldu. Bu siyasət hətta rəsmi Vaşinqtonun respublikamıza qarşı sanksiya tətbiq etməsinə gətirib çıxardı.                

ABŞ-Azərbaycan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə çatması məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində gerçəkləşdi və bu münasibətlər bir sıra tarixi faktlarla zənginləşdi. Azərbaycan-ABŞ əməkdaşlığının inkişaf etməsinin nəticəsi olaraq ölkəmiz NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşuldu. Bu addım Ermənistan-Azərbaycan cəbhəsində atəşkəsin əldə edilməsinə zəmin yaratdı. 1994-1996-cı illərdə Azərbaycanın xarici siyasətində ABŞ-la münasibətlərin daha da inkişafı ölkə diplomatiyası qarşısında dayanan mühüm vəzifələrdən biri kimi uğurla həyata keçirildi. Qısa müddətdə erməni təbliğatı və onun yaratdığı mif darmadağın edildi, Qafqazda əsl vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti, Azərbaycan haqqında həqiqətlər bütün dünyada açıqlandı, beynəlxalq ictimai rəy respublikamızın xeyrinə dəyişdirildi. Cəbhə bölgəsində atəşkəs əldə edildi, münaqişənin nəticələrini aradan qaldırmaq üçün xüsusi diplomatik fəaliyyət həyata keçirildi.

ABŞ dünyanın aparıcı neft şirkətlərinin Xəzərin karbohidrogen ehtiyatlarının müştərək işlənməsi üçün yaratdığı konsorsiumda fəal iştirak etdi və "Əsrin müqaviləsi"ndə mühüm pay sahibi oldu. ABŞ Prezidenti, vitse-prezident, dövlət katibi və digər rəsmilər Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zərurətini dönə-dönə, bütün tribunalardan bəyan etdilər. Ağ ev Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması barədə rəsmi Bakının tələblərini dəstəklədi. Ağ ev "Dağlıq Qarabağ respublikası" adlı bir qurum tanımadığını bəyan etdi. ABŞ "Əsrin müqaviləsi" nəticəsində hasil edilmiş neftin dünya bazarına çıxarılması üçün Heydər Əliyevin təklif etdiyi Bakı-Tbilisi-Ceyhan marşrutunu dəstəklədi. Rəsmi Vaşinqton Xəzərdə hasil edilmiş təbii qazın dünya bazarına çıxarılması üçün Bakının təklif etdiyi ixrac marşrutunu da dəstəkləməklə Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini növbəti dəfə sübut etdi. 

Azərbaycanın xarici siyasətində baş verən konstruktiv dəyişikliklər, ABŞ-ın beynəlxalq aləmdəki mövqeyinin strateji baxımdan düzgün qiymətləndirilməsi, münasibətlərin tənzimlənməsi və inkişafı sahəsində müvafiq taktiki gedişlərin ardıcıl surətdə həyata keçirilməsi Azərbaycan-ABŞ münasibətlərindəki ziddiyyətlərin aradan qaldırılmasını, anlaşılmaz münasibətlərin strateji tərəfdaşlıq istiqamətində inkişafını şərtləndirən hüquqi-normativ bazanın yaradılması ilə nəticələndi.

1997-ci il iyulun 27-dən avqustun 7-dək Azərbaycan Prezidenti Heydər Əliyev ABŞ Prezidenti Bill Klintonun dəvəti ilə ABŞ-da ilk rəsmi səfərdə oldu və bu səfər ölkələrimiz arasındakı münasibətlərin daha yüksək səviyyəyə qalxaraq yeni mərhələyə qədəm qoymasına təkan verdi. Qafqazı sabit və münaqişəsiz görmək istəyən Vaşinqtonda Azərbaycan Prezidenti böyük hörmət və ehtiramla qarşılandı. Bu ehtiram həm rəsmi Vaşinqtonun Azərbaycanla əməkdaşlığa böyük önəm verməsindən, həm də Ağ evin müasir dünyanın ən görkəmli siyasət xadimlərindən olan Heydər Əliyevin şəxsiyyətinə və nüfuzuna yaxşı bələd olmasından qaynaqlanırdı. Avqustun 1-də Ağ evdə iki ölkə arasındakı münasibətlərin əsas prinsip və istiqamətlərini müəyyən edən sənəd - "Amerika Birləşmiş Ştatları - Azərbaycan Respublikası münasibətləri haqqında" prezidentlərin birgə bəyanatı imzalandı. Səfər çərçivəsində birgə bəyanatdan əlavə Azərbaycan Respublikası hökuməti və Amerika Birləşmiş Ştatları hökuməti arasında "Sərmayə qoyuluşunun qarşılıqlı qorunması və təşviq edilməsi haqqında" müqavilə, müdafiə və hərbi sahələrdəki gələcək münasibətlər barədə birgə bəyanat, energetikanın inkişafı üzrə ikitərəfli dialoq yaradılması barədə niyyət protokolu, layihələrin təşviqinə dair baş saziş, banklararası əməkdaşlıq barədə müqavilə və s. sənədlər imzalandı. Bu səfər özünün bütün əlamətləri və cəhətlərinə görə tarixi əhəmiyyət kəsb etdi və Azərbaycan-ABŞ münasibətləri tarixində yeni bir mərhələnin başlanğıcını qoydu.

Beynəlxalq münasibətlərə əsaslı təsir göstərən 11 sentyabr hadisələrindən dərhal sonra Heydər Əliyevin terrorizmi pisləyən bəyanatla çıxış etməsi də ABŞ-la münasibətlərin inkişafı baxımından xüsusi önəm daşıyır. Həmin vaxt ulu öndər Azərbaycanın antiterror koalisiyasında fəal iştirak edəcək dövlətlərdən biri olacağını qətiyyətlə bildirdi. 2001-ci ilin sentyabrında ABŞ-da törədilən terror hadisəsindən sonra Azərbaycanın Birləşmiş Ştatlara tam dəstəyini ifadə etdi. Azərbaycan rəhbərliyinin rəsmi mövqeyi isə əməli fəaliyyətə əsaslanırdı - rəsmi Bakı ilk gündən Əfqanıstanda və İraqda həyata keçirilən antiterror əməliyyatlarına siyasi və hərbi dəstək verdi.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev ötən 10 ildə Azərbaycan-ABŞ əməkdaşlığının daha da güclənməsi üçün ardıcıl addımlar atıb. Ölkə başçısı Azərbaycan-ABŞ Forumunda çıxışı zamanı bildirib: "Təhlükəsizlik hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Çox şadam ki, biz artıq bu sahədə yeni mərhələyə qədəm qoyuruq. Biz qlobal təhlükəsizlik məsələlərində bir arada çalışırıq. Bizim hərbçilərimiz dünyanın müxtəlif yerlərində sülhməramlı əməliyyatlarda iştirak edirlər, Əfqanıstanda bir arada xidmət edirlər. Azərbaycan Əfqanıstana yönəlmiş yüklərin 40 faizinin nəqlini təmin edir və  bizim marşrut ən sabit marşrut hesab oluna bilər.

Bizim NATO ilə əməkdaşlığımız da ikitərəfli münasibətlərimiz aspektindən qiymətləndirilməlidir və çox şadam ki, gündən-günə bu münasibətələr güclənir. Azərbaycan bu regionda etibarlı tərəfdaşdır. Biz bunu sadəcə bəyanatlarda deyil, real əməllərimizlə sübut edirik. Bu, bizim əməkdaşlığımız üçün müstəsna əhəmiyyət kəsb edir".

Prezident İlham Əliyevin ABŞ-a səfərləri mövcud əlaqələrə əlavə impulslar vermişdir. Dövlət başçısının Azərbaycanın bu günü və sabahı, gələcək perspektivləri, həyata keçirilən qlobal enerjikommunikasiya layihələri, demokratik inkişaf və digər məsələlərlə bağlı fikirləri ABŞ rəsmiləri və politoloqları tərəfindən maraqla qarşılanmış, respublikamız haqqında daha dolğun, hərtərəfli və obyektiv rəyin formalaşmasını təmin etmişdir. Bu səfərlər nəticəsində ABŞ-ın ictimai-siyasi fikrini formalaşdıran rəsmi dairələri Prezident İlham Əliyevin yüksək səviyyədə demokratik liderlik keyfiyyətini, onun ən optimaluzaq məqsədlər müəyyən etmək potensialının böyük olduğunu aşkar etmişlər. Ölkəmizin həllini gözləyən problemi sayılan və müzakirələrin əsas mövzusunu təşkil edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ən yüksək səviyyədə danışıqlar aparan cənab İlham Əliyev bu münaqişənin dinc yolla həllinə tərəfdar olduğunu, bununla yanaşı, problemin həllində ABŞ-ın ciddi dəstəyinə ehtiyac yarandığını bildirmişdir. Qarşılıqlı maraq və faydalı əməkdaşlığa əsaslan bu kimi səfərlərin nəticələri özünü çox gözlətmədi. Belə ki, ABŞ-ın Cənubi Qafqazda balanslaşdırılmış siyasətinin yeni, daha real müstəviyə keçməsi göz önündədir. Bu gün Amerika Cənubi Qafqazda özünün bütün addımlarını Azərbaycanın maraqlarının nəzərə alınması şərti ilə həyata keçirir.

Əlaqələrə Birləşmiş Ştatların baxış bucağından nəzər saldıqda ilk növbədə dünyanın sözügedən fövqəldövləti ilə Azərbaycan arasındakı münasibətlərin zəruriliyini şərtləndirən əsas amillər qeyd olunmalıdır. Bu amillər ABŞ-ın ölkəmizin beynəlxalq təhlükəsizliyinə təminat vermək, iqtisadisiyasi dəstək göstərmək, sivil dövlətlərarası münasibətlər sisteminə inteqrasiya olunmasına yardım etmək imkanı ilə əlaqəli olmaqla yanaşı, həm də Azərbaycanın ABŞ-ın milli mənafeləri baxımından əlverişli geosiyasi ərazidə yerləşməsi, zəngin təbii ehtiyatlara, xüsusən neft yataqlarına malik olması və beynəlxalq prinsiplərə uyğun, sivil və müstəqil siyasət yeritməsi ilə bağlıdır. Bu baxımdan ümumilikdə postsovet məkanına münasibətdə daha praqmatik və incə siyasət yürütməyə çalışan Birləşmiş Ştatların Azərbaycana strateji tərəfdaşlıq prizmasından yanaşması bir daha ölkəmizin bölgədəki üstün mövqeyini təsdiq edir.

Azərbaycan-ABŞ Forumunda Prezident İlham Əliyev bildirib: "Əminəm ki, bu forum əlavə bir töhfə olacaqdır ki, ölkələrimiz arasında strateji əməkdaşlıq müzakirə edilsin. Əminəm ki, səmimi və açıq müzakirələr qarşılıqlı anlaşmaya xidmət edəcəkdir və əməkdaşlıq üçün yeni sahələri müəyyənləşdirəcəkdir, strateji əməkdaşlıq sahəsində müəyyən yeni mövzular aşkar olunacaqdır.

Azərbaycan-ABŞ münasibətlərinin böyük tarixi vardır. Ola bilər, o qədər də uzun olmasın, amma çox mühüm münasibətlər vardır. Müstəqilliymizin ilk günlərindən biz xüsusi əməkdaşlıq qurmuşuq. O da nəticədə strateji tərəfdaşlığa çevrilmişdir. Siyasi təmaslarımız və dialoq çox yüksək səviyyədədir, çox fəaldır. Müxtəlif sahələrdə - iqtisadiyyat, ticarət, sərmayələr - Amerika şirkətləri Azərbaycanda başlıca investorlardandır. Bu şirkətlər Azərbaycan iqtisadiyyatının planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidini təmin etmişlər. Biz enerji təhlükəsizliyi məsələsində yaxından əməkdaşlıq edirik, iqtisadi şaxələndirmə, siyasi islahatlar, regional əhəmiyyətli məsələləri də müzakirə edirik. Regional təhlükəsizlik və əməkdaşlıq mühüm məsələlərdir".

Hazırda iki ölkənin strateji müstəvidə inkişaf edən əlaqələri Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatı, demokratik dəyərlərin daha sürətlə intişar tapması, habelə qlobal enerji-kommunikasiya layihələrinin gerçəkləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu gün rəsmi Vaşinqton Azərbaycanı Cənubi Qafqazda özünün ən etibarlı və sınanılmış tərəfdaşı saydığını açıq ifadə etməkdən çəkinmir. Bütün bunlar isə ABŞ - Azərbaycan münasibətlərinin qarşıdakı illərdə də yüksələn xətlə inkişaf edəcəyindən xəbər verir.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.-2013.- 2 iyun.- S.1,4.