Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə bir qrup uşaq Moskvada Kremlin Kilsə meydanında olmuşdur

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Beynəlxalq Uşaqları Müdafiə Günü Moskvada Kərim Kərimov adına 157 nömrəli Azərbaycan etnomədəni komponentli məktəbin şagirdləri, Xilaskar İsa Məbədinin və Müqəddəs Danilov monastırının bazar günü məktəblərinin yetirmələri Moskva Kremlinin Kilsə meydanında süvari və piyada qarovulun dəyişməsi mərasiminə dəvət olunmuşlar.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Rusiya Mədəniyyət Fondunun təşkilati dəstəyi ilə uşaqlar Prezident alayı hərbi qulluqçularının, habelə mərasimin uşaq qrupu üzvlərinin və "Kreml süvari məktəbi" komandası süvarilərinin iştirakı ilə süvari və piyada qarovulun dəyişməsi mərasiminə tamaşa etmişlər.

Əhalinin müxtəlif təbəqələrindən olan uşaqlara həmişə diqqət və qayğı ilə yanaşan Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi bu dəfə də onları diqqətdən kənarda qoymamışdır. Beynəlxalq Uşaqları Müdafiə Günü Fondun əməkdaşları onlara Leyla xanım Əliyevanın təbriklərini yetirmiş və hədiyyələr vermişlər. Şirniyyat, rəngbərəng oyuncaqlar və zehni oyunlar uşaqlara bayram əhval-ruhiyyəsi bəxş etmişdir.

Rusiyanın əməkdar incəsənət xadimi, Rusiya Mədəniyyət Fondunun vitse-prezidenti, Beynəlxalq proqramlar müdiriyyətinin direktoru Tatyana Şumova AzərTAc-ın müxbirinə müsahibəsində demişdir ki, bu il uşaqlar nəinki hərbi qarovulun dəyişməsinə, həmçinin gənc süvarilərin çıxışlarına tamaşa edirlər. T.Şumova demişdir: "Heydər Əliyev Fondu ilə birlikdə Moskvada təhsil alan azərbaycanlı uşaqlar üçün bu bayramı təşkil etdiyimizə görə çox məmnunam. Bu gün Leyla xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondunun hamiliyə götürdüyü Xilaskar İsa məbədinin və Danilov monastırının bazar günü məktəblərinin uşaqları da bu rəngarəng tamaşanı görə bilmişlər".

Ənənəyə görə, iyunun 1-də Beynəlxalq Uşaqları Müdafiə Günü Moskva Kremlinin Kilsə meydanında məhz Moskva məktəbliləri üçün Prezident alayının hərbi qulluqçularının iştirakı ilə süvari və piyada qarovul dəyişməsi mərasimi keçirilir. Bu il ilk dəfə olaraq bu tədbirdə "Kreml süvari məktəbi" komandasının süvariləri iştirak etmişlər. Tədbirə Moskvanın 1000-dən çox məktəblisi, o cümlədən Əhalinin sosial müdafiəsi departamentinin, İctimai əlaqələr komitəsinin, Təhsil departamentinin tabeliyində olan idarələrin yetirmələri dəvət olunmuşdular.

Qeyd edək ki, Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunmuş süvari və piyada qarovulun dəyişməsi mərasimi 2007-ci ildən keçirilir.

 

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

 

Moskva

 

Azərbaycan.-2013.- 2 iyun.- S.5.