Prezident İlham Əliyev Rusiyanın Azərbaycandakı səfirini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini qəbul etmişdir.

Səfir Vladimir Doroxin dövlət başçısına Rusiyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin  90 illik yubiley münasibətilə xatirə markasının buraxıldığı barədə məlumat verərək markanın nümunələrini Prezident İlham Əliyevə təqdim etdi.

Görüşdə xalqımızın ümummilli lideri Heydər Əliyevin müasir Azərbaycan  dövlətçiliyinin qurulmasında və ölkəmizin ümumi inkişafında  müstəsna rolu qeyd edilərək onun Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin inkişaf etdirilməsində göstərdiyi böyük xidmətlər ehtiramla xatırlandı. Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, bu münasibətlərin gələcəkdə də inkişaf etdiriləcəyinə əminlik ifadə olundu.

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 4 iyun.- S.1.