Böyük Britaniya parlamentində Azərbaycan Dostluq Qrupunun üzvləri Gəncədə olmuşlar

 

Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Britaniya Parlamentində Azərbaycan Dostluq Qrupunun rəhbəri Kristofer Pinçer başda olmaqla bir qrup deputat Gəncəyə səfər etmişdir.

AzərTAc xəbər verir ki, böyük hörmət və ehtiramla qarşılanan qonaqlarla Gəncə şəhər İcra Hakimiyyətində görüş keçirilmişdir. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları salamlayaraq onlara bu qədim şəhərin tarixi, qədim, abidələri, müasir inkişaf istiqamətləri barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, bütün ölkədə olduğu kimi, Gəncədə də sosial-iqtisadi  inkişaf sürətlə davam edir, tarixi abidələrin bərpası prosesi həyata keçirilir. Hazırda şəhərdə 500-dən artıq qədim tikili var. Söz yox ki, bu tikililər digər xarici turistlər kimi, britaniyalıları da özünə cəlb edə bilər.

E.Vəliyev vurğulamışdır ki, hazırda şəhərin infrastrukturu tamamilə yenilənir. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün yeni sənaye müəssisələri inşa edilir. Bir neçə ildir ki, Gəncədə yeni texnopark salınır. Burada alüminium zavodunun ikinci hissəsi istifadəyə verildikdən sonra 6 min nəfər işlə təmin ediləcək, ildə 1 milyon ton polad əridiləcəkdir.

Sonra Britaniya Parlamentində Azərbaycan Dostluq Qrupunun rəhbəri Kristofer Pinçer, parlamentin üzvləri Mark Menzies, Lord Laird, Lady Laird, Lord AddingtonAngus Macneil çıxış edərək dostluq qrupunun fəaliyyətinin canlandırılması üçün görülməsi vacib olan tədbirlərdən danışmışlar. Qeyd edilmişdir ki, britaniyalı parlamentarilər təkcə paytaxt Bakı ilə deyil, eyni zamanda bölgələrlə tanış olmağı məqsədəuyğun hesab edirlər. Gəncəyə səfərləri qısa zaman kəsiyində olsa da, mümkün qədər çox gəzmək, çox şey görmək istəyirlər. Onlar dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət etmiş, Məhsəti Gəncəvinin yaradıcılığının 900  illik yubileyi çərçivəsində keçirilən tədbirlərə qatılmışlar. Şəhərlə tanışlıq bununla bitməyəcək. Britaniya parlamentariləri qaçqın və məcburi köçkünlərlə görüşəcək, şərab zavodunda olacaq, şəhərin bir sıra görməli yerlərinə ekskursiyalar edəcəklər.

Görüşün sonunda qonaqlara üzərində Nizami Gəncəvinin portreti olan xalça və nəfis şəkildə çap edilmiş "Xəmsə" hədiyyə edilmişdir.

 

Azərbaycan.-2013.- 2 iyun.- S.5.