Regionun inkişafında Azərbaycan aparıcı rol oynayır

 

Üçüncü Azərbaycan-Gürcüstan-Türkiyə biznes-forumunda bu fikir bir daha səslənmişdir

 

 

Artıq danılmaz faktdır ki, Azərbaycan-Gürcüstan-Türkiyə regional əməkdaşlığı strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Son 100 ildə dünyada yaşanan ən böyük sosial-iqtisadi böhran dövründə bu əməkdaşlığın böyük əhəmiyyəti vardır. Mütəxəssislərin bildirdiyinə görə, hər üç ölkənin dünyanı təhdid edən sosial-iqtisadi böhranı tamam təsirsiz və ya minimum təsirlə qarşılamağında aralarındakı əməkdaşlığın da rolu az olmamışdır. Azərbaycanın, Gürcüstanın və Türkiyənin iqtisadiyyatının dayanıqlılığında bu möhtəşəm əməkdaşlığın da öz yeri, öz əhəmiyyəti var.

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev zaman keçdikcə daha da inkişaf edən bu əməkdaşlığın hər üç ölkə rəhbərinin siyasi iradəsindən asılı olduğunu bildirir və qeyd edir ki, əgər ölkələr arasında kiçicik bir problem olsaydı, şübhəsiz ki, qarşılıqlı sosial-iqtisadi əlaqələrin regional əməkdaşlıq səviyyəsinə yüksəlməsi çətin olardı. Bu əməkdaşlığa Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan obrazlı şəkildə belə qiymət verir: "Hər üç ölkə təkcə könülləri ilə deyil, həm də dəmiryolları ilə, enerji xətləri ilə bir-birinə bağlıdır".

Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı regional əməkdaşlıq dünyada bir örnəkdir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə üçtərəfli formatda təşkil edilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes-forumları regional strateji tərəfdaşlığın mühüm göstəricisidir. Birinci və ikinci biznes-forumları Tbilisi və Qars şəhərlərində keçirilib. Üçüncü forumun Azərbaycanın qədim və gözəl guşələrindən olan və bu gün inkişafının ən yüksək mərhələsini yaşayan Qəbələdə keçirilməsi bir daha sübut edir ki, sosial-iqtisadi yüksəliş təkcə paytaxt Bakını deyil, bütün ölkəni əhatə edir.

Yeri gəlmişkən bir məqamı da qeyd edək ki, biznes-forumlar dördtərəfli formatda da keçirilə bilərdi - əgər işğalçı Ermənistan təcavüzkar niyyətindən və separatçı xislətindən əl çəkib regionda birgəyaşayış qaydalarına, beynəlxalq hüquqlara və ən adi insanlıq prinsiplərinə əməl etsəydi.

Nazir Şahin Mustafayev: "Bu uğurların fonunda regionda yalnız bir ölkə - işğalçı Ermənistan regional proseslərdən kənarda qalmışdır. Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, qonşu ölkələrə torpaq iddiaları regionda əməkdaşlığın genişləndirilməsinə ciddi maneələr törədir və bu ölkə təcavüzkar siyasəti nəticəsində regional layihələrdə iştirakdan məhrumdur. Buna görə də siyasi, sosial-iqtisadi, demoqrafik uçuruma yuvarlanır. Bu siyasətə son qoyulmayanadək Ermənistanın hər hansı bir regional layihədə iştirakı mümkün olmayacaqdır".

Üçüncü biznes-forumun Azərbaycan-Türkiyə-Gürcüstan dostluğunun və əməkdaşlığının daha bir nümunəsi olduğunu, regionun inkişafında Azərbaycanın yüksək rol oynadığını qeyd edən Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan ölkəmizin sürətli iqtisadi inkişafını böyük maraqla izlədiyini bildirərək xüsusi vurğulamışdır: "Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyincə Türkiyənin Ermənistanla əməkdaşlığından söhbət gedə bilməz. Türkiyə daim qardaş Azərbaycanı dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəkdir".

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili üç ölkənin regional əməkdaşlığının əhəmiyyətinin zaman keçdikcə daha da artdığını qeyd etməklə yanaşı, bildirmişdir ki, son illər Azərbaycan və Türkiyə tərəfindən Gürcüstan iqtisadiyyatına irihəcmli investisiyalar yatırılır: "Hər üç ölkənin iştirakı ilə reallaşdırılan layihələr həm regionun inkişafında, həm də ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində xüsusi önəm kəsb edir". Gürcüstanlı nazir üçtərəfli formatda növbəti biznes-forumun bu ilin oktyabrında Batumidə keçirilməsini təklif etmişdir.

Bəli, mayın 25-də Qəbələdə İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Gürcüstanın "İnvest in Georgia" Milli İnvestisiya Agentliyinin və Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) təşkilatçılığı ilə keçirilən üçüncü Azərbaycan-Gürcüstan-Türkiyə biznes-forumu qarşılıqlı sosial-iqtisadi əlaqələrin yeni mərhələsinin müzakirə edilməsi, yeni planların, layihələrin nəzərdən keçirilməsi baxımından çox əhəmiyyətli olmuşdur. Forumda hər üç ölkənin iqtisadiyyat nazirlərinin, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibinin və digər rəsmi şəxslərin iştirakı, sənaye, energetika, kənd təsərrüfatı, İKT, turizm, nəqliyyat, xidmət, ticarət və s. sahələrdə fəaliyyət göstərən 250-dən çox iş adamının tədbirə qatılması bir daha sübut etmişdir ki, regional strateji tərəfdaşlığın inkişafı və perspektivi priorotetdir. Regional inteqrasiyanın inkişaf etdirilməsi və dərinləşdirilməsi bu gün dünyada yaşanan maliyyə, iqtisadi və sosial böhranın neqativ təsirlərinə qarşı yüksək dayanıqlıq nümayiş etdirilməsində, regionun imkanlarından daha səmərəli istifadə olunmasında, eləcə də hər üç ölkənin davamlı sosial-iqtisadi inkişafında böyük əhəmiyyət kəsb edir.    

AZPROMO-nun rəhbəri Rüfət Məmmədovun Azərbaycanın investisiya mühiti və biznes imkanlarına, regional iqtisadi əməkdaşlıq perspektivlərinə, Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Zaur Məmmədovun Sənaye Parkının yaradılması istiqamətində görülən işlərə və onun perspektivlərinə, Gürcüstanın Milli İnvestisiyalar Agentliyinin direktoru Georgi Pertayanın öz ölkəsinin investisiya imkanlarına dair təqdimatları biznes-forumlararası görülən işlər və perspektiv imkanları dəyərləndirmə baxımından da maraq doğurmuşdur. Türk-Gürcü İş Şurasının sədri Tuğrul Erkin və Türk-Azərbaycan İş Şurasının sədri Cengiz Gülün çıxışlarında iş adamları arasındakı əlaqələrin daha da genişləndirilməsini önə çəkmələri bir daha sübut etmişdir ki, qarşıda yetərincə görüləsi işlər mövcuddur.

Təqdirəlayiq haldır ki, bu gün Azərbaycan, Gürcüstan və Türkiyə arasında ticarət əlaqələri, qarşılıqlı investisiya yatırımları genişlənir. Möhkəm qanunvericilik bazasının formalaşması, hökumətlərarası komissiyaların, AZPROMO, DEİK, ATİB, TUSİAB, AZEBİ, "İnvest in Georgia", Türkiyədə Fəaliyyət Göstərən Azərbaycanlı İş Adamları Birliyi və s. qurumların məhsuldar fəaliyyəti, müntəzəm olaraq biznes-forumların, sərgilərin və digər tədbirlərin keçirilməsi iş adamları arasında əlaqələrin genişlənməsinə əlverişli zəmin yaradır, ticarət dövriyyəsi və investisiya qoyuluşları artır.

Ötən il Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 20,6 faiz artıb. Hazırda Azərbaycanda 2000-dən artıq türk şirkəti, Türkiyədə 1100-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Azərbaycandakı xarici şirkətlərin 36 faizini türk şirkətləri təşkil edir. Türkiyə şirkətləri Azərbaycanda dövlət əsaslı vəsait hesabına həyata keçirilən layihələrdə podratçı və subpodratçı qismində  iştirak edirlər. Azərbaycanda əsas kapitala türk şirkətləri tərəfindən 2,1 milyard  dollar həcmində sərmayə qoyulub ki, bunun da 1,5 milyardı qeyri-neft sektorunun payına düşür. Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə Türkiyə birinci yeri tutur. Təkcə ARDNŞ tərəfindən Türkiyəyə 2018-ci ilədək 17 milyard dollar həcmində investisiya yatırılacaq. İri layihələr sırasında "Petkim" neft-kimya kompleksinin səhmlərinin alınmasını, "Star" neft emalı zavodunu qeyd etmək olar.

Ötən il Gürcüstanla ticarət dövriyyəsi 12,1 faiz artıb. Azərbaycanda 150-dən artıq Gürcüstan şirkəti, Gürcüstanda isə 300-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Azərbaycan şirkətləri tərəfindən indiyədək Gürcüstanda 7700-dən artıq iş yeri yaradılıb. Nazir Ş.Mustafayevin bildirdiyinə görə, təkcə son 2 il ərzində Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 210 milyon  dollar həcmində birbaşa investisiya yatırılıb. Həyata keçirilən layihələr sırasında inşaat, turizm və nəqliyyat infrastrukturu layihələrini, Kulevi sənaye zonasında hazırda tikilməkdə olan Karbamid istehsalı zavodunu misal göstərmək olar.

Hər üç ölkənin turizm perspektivinin və əlaqələrinin genişləndirilməsinin vacibliyi də forumda qeyd edilmişdir. Bir dəfəyə hər üç ölkəyə turist səfərlərinin təşkili, Birgə İnvestisiya Fondunun yaradılması, dördüncü bir ölkəyə birgə yatırımlar qoyulması təklifləri də səsləndirilmişdir.

Forumda bir daha vurğulanmışdır ki, hər üç dövlət başçısının siyasi iradəsi, qarşılıqlı hörmət və maraq, xalqlarımız arasında tarixən mövcud olan qardaşlıq və dostluq münasibətləri, ölkələrimizin iqtisadiyyatında müşahidə edilən davamlı inkişaf, makroiqtisadi sabitlik, biznes və investisiya mühiti, əlverişli coğrafi mövqeyə və böyük tranzit imkanlarına malik olmağımız Azərbaycan-Türkiyə-Gürcüstan regional əməkdaşlığının uğurlarını şərtləndirən əsas amillərdir. 

 

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.-2013.- 2 iyun.- S.7.