Alimlik və insanlıq zirvəsində əbədiyaşarlıq

 

İnsan əbədiyyətə qovuşduqdan sonra onu insanların qəlbində yaşadan sağlığında gördüyü işlər, əməllər, həyatda qoyduğu iz, yazıb-yaratdıqları, tikib-qurduqlarıdır. Əbədiyyətə qovuşmuş insan əgər insanların qəlbində yaşayırsa və onun yoxluğu hər zaman hiss olunursa, bu, həmin insanın ömrünü hədər yaşamamasından və cəmiyyətin böyük yükünü öz çiyinlərində  aparmasından xəbər verir.

Cəmiyyətin, elmin sütunları olan bu cür böyük insanlardanfitri istedada malik olan alimlərdən biri idi Zöhrab müəllim. İxtisasca fizik olan  Zöhrab Vəliyev hələ sağlığında ikən insanlığın və alimliyin zirvəsində dururdu. Yaşasaydı, indi altmış yaşı tamam olurdu. Çox təəssüf ki, amansız və vaxtsız ölüm buna macal vermədi.

Bu yazıda görkəmli fizik-alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Zöhrab Əhməd oğlu Vəliyevi bir daha yada salmağı özümüzə mənəvi borc bildik.

Onun ömür yolunu, fəaliyyətini və qazandığı nailiyyətləri qısa olaraq göz önünə gətirdikdə necə də böyük görünür Zöhrab müəllim. Vəfatından on il keçməsinə baxmayaraq, əməlləri yaşadır onu insanların qəlbində.

Z.Vəliyev 4 iyun 1953-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1970-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1970-80-ci illərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev doğma Azərbaycanın istedadlı oğul və qızlarını respublikamızın elmı kadrlara olan ciddi ehtiyacını ödəmək məqsədilə keçmiş Sovet İttifaqının ən qabaqcıl və nüfuzlu ali məktəblərinə təhsil almağa göndərirdi. Z.Vəliyev ulu öndər Heydər Əliyevin bu qayğısını hiss edən istedadlı gənclərdən biri olmuş və 1973-1977-ci illərdə təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsində davam etdirmişdir. Universiteti bitirdikdən sonra Z.Vəliyev 1977-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda çalışmış, 1981-ci ildə aspiranturaya qəbul olmuş və 1985-ci ildə aspiranturanı bitirib fizika-riyaziyyat elmləri doktoru, professor V.B.Şikinin rəhbərliyi altında "Elektron yüklü dislokasiyaların yarımkeçiricilərin elektron xassələrinə təsiri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Zöhrab müəllim 1986-cı ildən ömrünün sonunadək Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərmişdir. O, universitetin Texniki təlim fakültəsində dekan müavini, universitet Elmi Şurasının elmi katibi, Fizika-riyaziyyat fakültəsinin dekanı vəzifələrində işləmişdir. Z.Vəliyev 6 yanvar 1997-ci ildən Naxçıvan Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru işləmişdir. Professor Zöhrab Vəliyev Naxçıvan Dövlət Universitetində elmi mühitin inkişaf etdirilməsinə, elmdə yeni nəslin formalaşmasına və inkişafına qısa ömür çərçivəsində böyük işlər həsr edə bilmişdir. O, 1999-cu ildə "Dislokasiyalı yarımkeçiricilərdə kinetik effektlər" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi, 2000-ci ildə isə professor elmi adı almışdır. O, 10-dan çox kitabın, 100-ə yaxın elmi məqalənin müəllifidir. Alimin elmi məqalələri bir sıra nüfuzlu beynəlxalq elmi jurnallarda, o cümlədən Rusiya Elmlər Akademiyasının "Yarımkeçiricilər fizikası və texnikası", "Bərk cisim fizikası" jurnallarında dəfələrlə nəşr edilmişdir. Z.Vəliyevin elmi məqalələri dünyanın qabaqcıl elm mərkəzləri və nəşriyyatları tərəfindən ingilis dilinə tərcümə edilərək, "Semiconductors" və başqa elmi jurnallarda dərc olunmuşbir çox elektron elmi məlumat bazalarına daxil edilmişdir. O, 2001-ci ildən ABŞ Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, 2003-cü ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişbir sıra beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların iştirakçısı olmuşdur.

Z.Vəliyevin yarımkeçiricilər və dielektriklər fizikası sahəsində elmi fəaliyyətinə bir qədər yaxından diqqət yetirsək, onun nə qədər məhsuldar işlədiyinə və fizika elminin bu sahəsində nə qədər qabağa getdiyinə bir daha yəqinlik hasil etmiş olarıq. Z.Vəliyev xarici elektrik, klassik və kvantlayıcı maqnit sahələrində qıraq yüklü dislokasiyalı yarımkeçiricilərin elektrik, fotoelektrikoptik xassələrinin ardıcıl nəzəriyyəsini qurmuş, elektrondeşik keçiriciliyinə malik yarımkeçirici kristallarda hərəkət edən yüklü dislokasiyaların modelini vermişbu model əsasında deformasiya lüminessensiya hadisəsini, elektronların dinamik həyəcanlaşma effektini, dislokasiya xarakterli sövq cərəyanlarını araşdırmışdır. O, parçalanmış dislokasiyalar sistemini tədqiq edərək yarımkeçirici birləşmələrdə dislokasiyaların tipinin təyini üçün yeni rezonans üsulunu vermışdir. Qıraq dislokasiyalarda elektronların Viqner kristallaşmasını tədqiq edən alim bu kristallaşmanı müşahidə etmək üçün yeni rezonans üsulunu təklif etmişdir. Z.Vəliyev qıraq dislokasiyalı yarımkeçiricilərdə rekombinasiya dalğalarının yayılmasını və yarımkeçirici kristallarda istiqamətlənmiş qıraq yüklü dislokasiyalar sisteminin əmələ gətirdiyi yəhərvari nöqtəyə malik potensial çəpərin elektrofiziki parametrlərini tədqiq etmiş, bu tip kristallarda Volt-amperVolt-farad xarakteristikalarının təyini və cərəyanın keçmə məsələsinin nəzəriyyəsinin verilməsi istiqamətində böyük elmi xidmətlər göstərmişdir. Alim həm akustik fononlardan elastik səpilmə zamanı, həm də optik fononlardan qeyri-elastik səpilmə zamanı elektron keçiriciliyinə malik qıraq yüklü dislokasiyalı yarımkeçirici kristallarda baş verən rekombinasiya hadisələrini geniş tədqiq etmişdir. Elektron keçiriciliyinə malik qıraq yüklü dislokasiyalı yarımkeçirici kristallar üçün xarici sahənin olmadığı sərbəst halda, xarici elektrik sahəsində, xarici klassik və kvantlayıcı maqnit sahələrində, xarici elektromaqnit sahəsində və eyni zamanda onların müxtəlif kombinasiyalarında qeyri-əsas yükdaşıyıcıların rekombinasiya hadisəsinin nəzəriyyəsinin işlənilməsi sahəsində Zöhrab Vəliyevin xidmətlərini xüsusi olaraq qeyd etmək lazımdır.

Z.Vəliyevin elmi əsərlərinə dünyanın müxtəlif ölkələrindən olan alimlər bu günistinad edirlər. Bu onun elmi ideyalarının yaşadığını, başqa sözlə, Zöhrab müəllimin ölməzliyini göstərir. Zöhrab müəllim təzəcə elmi məktəb yaratmağa başlamışdı və artıq onun dissertantlarından bəziləri müdafiə etmiş və müdafiə ərəfəsində olanlar var idi. Amansız ölüm onun elmi məktəb yaratmaq arzusunu yarımçıq qoydu.

Z.Vəliyev, eyni zamanda, yüksək pedaqoji ustalıqla fənləri tədris edirdi. O, ali məktəb fizika kursunun, o cümlədən nəzəri fizikanın müxtəlif bölmələrindən yüksək səviyyədə mühazirələr oxuyur, eyni zamanda, yarımkeçiricilər fizikası üzrə ixtisas və seçmə kurslarını yüksək səviyyədə tədris edirdi. Onun qabaqcadan mühazirəyə hazırlaşmasına xüsusi ehtiyacı yox idi. Çünki Zöhrab müəllim elmdə həmişə özünü formada saxlayırdı. Zöhrab müəllim fizika kursunun müxtəlif sahələrinə aid olan çətin məsələləri qısa zamanda ən əlverişli üsulla həll etməyi bacarırdı və bu sahədə büyük təcrübəyə malik idi.

Moskva Dövlət Universitetinin Fizika fakültəsində görkəmli nəzəriyyəçi-fiziklərdən və riyaziyyatçılardan dərs alması, riyaziyyatın müxtəlif sahələri üzrə fundamental elmi bazaya malik olması, nəzəri fizik kimi fəal elmi yaradıcılıqla məşğul olması həm də onun yaxşı bir riyaziyyatçı olmasından xəbər verirdi.

Zöhrab müəllim dostluqda və yoldaşlıqda da sədaqətli, etibarlı və dürüst idi. O, köməyə ehtiyacı olan insanları çətində və darda qoymurdı, öz qayğıkeşliyi və mənəvi dəstəyi ilə onlara hayan olurdu. Bu sətirlərin müəllifləri olaraq biz onunla həm respublikamızda, həm də xarici ölkələrdə - İngiltərədə, Almaniyada, Rusiyada, Türkiyədə və İranda keçirilən elmi tədbirlərdə iştirak etmək üçün birgə səfərlərdə olmuşZöhrab müəllimin bir yoldaş kimi nə dərəcədə sədaqətli və nəcib bir insan olduğunu dəfələrlə müşahidə etmişik.

Zöhrab müəllim həm də gözəl ailə başçısı idi. Bu gün Zöhrab müəllim həyatda olmasa da, onun ailəsi dövlət qayğısı ilə əhatə olunubdur. Ona hər zaman sədaqətli ömür-gün yoldaşı və sirdaş olan Səmayə xanım bu gün Zöhrab müəllimin təsəllisini oğlu Əhməddən, qızları Aysel və Samirədən alır.

Zöhrab müəllimin vəfatından 10 il keçməsinə baxmayaraq, sanki insana elə gəlir ki, əqidə yoldaşlarının və həmkarlarının sıralarındadır. Hər addımda Zöhrab müəllimin izini, xeyirxah əməllərinin nəticələrini görürük. O, əsərlərilə bu gündə elmi mühitin inkişafına xidmət edir.

Doğrudur, Zöhrabın vaxtsız vəfatı Azərbaycan elminə böyük itki, ailəsinə, qohum-əqrəbasına, yaxınlarına, aspirant və dissertantlarına, tələbələrinə gözlənilməz zərbə olsa da, o, elmi və xeyirxah əməlləri ilə əbədiyyətə qovuşaraq alimliyin və insanlığın zirvəsinə yüksəldi. Böyük elmi zəkalar və xeyirxah əməl sahibləri heç vaxt unudulmurlar, əbədiyaşarlıq qazanırlar.

 

 

İsa HƏBİBBƏYLİ,

AMEA-nın həqiqi üzvü

 

 Vəli HÜSEYNOV,

AMEA-nın müxbir üzvü

 

Azərbaycan.-2013.- 4 iyun.- S.6.