Bakıda XX Beynəlxalq Xəzər neft, qaz, neftayırma,

neft kimyası sərgi və konfransı işə başlamışdır

 

Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir

 

 

İyunun 4-də Bakı Sərgi Mərkəzində Xəzəryanı regionun neft-qaz sahəsində ən böyük tədbiri olanöz uğurlu fəaliyyətinin 20 illik yubileyini qeyd edən Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı işə başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının 20 illik yubileyi ulu öndərin 90 illik yubileyi ilə üst-üstə düşür. Ötən müddətdə sərgidə 70-dən çox ölkədən 5 min 600-dək şirkət iştirak etmişdir. Sərgi beynəlxalq standartlara cavab verən Bakı Ekspo Mərkəzində keçirilməyə başlayandan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. XX Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisində 28 ölkədən 386 şirkət iştirak edir. Tədbir Bakı Ekspo Mərkəzinin 3 pavilyonu ilə yanaşı, açıq meydançada da keçirilir. Ötən illə müqayisədə sərginin meydançasının sahəsi 22 faiz artmışdır. Bu tədbirdə ölkəmizin şirkətləri də ildən-ilə daha geniş təmsil olunurcari sərgidə iştirakçıların 30 faizini yerli iqtisadi qurumlar təşkil edir. Əvvəlki  sərgi ilə müqayisədə ekspozisiyaların sahəsi 25 faiz çoxdur. Sərgi iştirakçılarından 20 faizi isə bu tədbirə ilk dəfə qatılmışdır. Tədbirin təşkilatçıları Böyük Britaniyanın "İTE Group Plc" şirkəti və onun tərəfdaşı "İteca Caspian" Məhdud Məsuliyyətli Cəmiyyəti, baş sponsoru isə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətidir. Təşkilatçılar sərginin beynəlxalq səviyyədə də dolğun işıqlandırılması üçün hərtərəfli aparmışlar. Sərgi və konfransın işgüzar proqramı genişdir, əməkdaşlığın daha da möhkəmləndirilməsinə hərtərəfli imkanlar açır.

Böyük Britaniyanın İTE Group Plc şirkətinin baş məsləhətçisi Endryu VUD sərgi və konfransı açaraq dedi:

 

- Cənab Prezident! Hörmətli xanım Əliyeva!

Xanımlar və cənablar!

Mən çox sevinirəm ki, bu gün sizləri Bakıda XX neft, qaz sərgi və konfransında salamlayıram. Biz çox sevinirik ki, bu sərgi-konfrans daha böyük, daha möhtəşəm bir tədbirə çevrilmişdireyni zamanda, onu cənab Prezident İlham Əliyevin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bütün rəsmi şəxslərinin iştirakı ilə açırıq.

Biz 20 il bundan əvvələ baxarkən görürük ki, çox böyük bir yol keçmişik. Bu, elə bir uzun yol olmuşdur ki, əsasında beynəlxalq şirkətlər, Azərbaycan xalqı, Azərbaycan müəssisələri və sahibkarları bir-biri ilə sıx əlaqədə olmuşlar. Mən düşünürəm ki, bu il, eyni zamanda, sərgi zalında xüsusi bir bölmənin açılması çox uğurlu haldır. Bu bölmədə Azərbaycanın 90-dan artıq şirkəti və müəssisəsi bir yerə cəm olaraq BP-nin layihəsi çərçivəsində proqram iştirakçılarına çevrilir.

Mən qeyd etdim ki, 20 il ərzində çox böyük bir yol qət etmişik. Növbəti 20 il, zənnimcə, daha səmərəli, daha maraqlı olacaqdır. Biz artıq dünya enerji sistemində baş vermiş böyük dəyişikliklərin şahidi olmuşuq. Mən inanıram ki, yalnız birgə işləməklə, birgə əməkdaşlıqla və bütün təcrübələrimizin mübadiləsini təmin etməklə, birgə səylərimizlə biz daha davamlı, daha müvəffəqiyyətli layihələrə nail ola bilərik.

Mən burada işləməklə, sizinlə əməkdaşlıq etməklə istərdim növbəti iki onillikdə görəcəyimiz işlər münasibətilə sizləri təbrik edim.

İndi isə, cənab Prezident, mən çox böyük məmnuniyyətlə Sizi çıxış etmək üçün tribunaya dəvət edirəm. Çox sağ olun.

 

Azərbaycan.-2013.- 5 iyun.- S.1.