Qurtuluş missiyasının nəticələri: Azərbaycan bölgənin lider dövlətidir

 

"Azərbaycan" qəzetinin Şəki Şəhər İcra Hakimiyyəti ilə birgə "dəyirmi masa"sı

 

Qarşıdan Milli Qurtuluş Gününün 20 illiyi gəlir. "Azərbaycan" qəzeti bu əlamətdar yubileyə həsr olunmuş "dəyirmi masa"larını davam etdirir. Növbəti "dəyirmi masa" Şəki şəhərində keçirildi. Tədbir iştirakçıları öncə Heydər Əliyevin abidəsi önünə gələrək gül dəstələri düzdülər, ulu öndərin xatirəsini ehtiramla yad etdilər.

 

"Dəyirmi masa"nı giriş sözü ilə açan "Azərbaycan" qəzetinin Baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi:

- Ağır və keşməkeşli 1991-1993-cü illər, müstəqilliyimizin hələ kövrək olduğu dövrlər hamımızın yaxşı yadındadır. Yenicə müstəqillik əldə etmiş Azərbaycanı coğrafi-siyasi mövqeyinə görə bir çox dövlətlər öz təsir dairəsinə salmaq istəyirdilər. Üstəlik, ölkə daxilində siyasi gərginlik səngimək bilmir, vəziyyət gündən-günə mürəkkəbləşirdi. Gəncəbasar əraziləri Surət Hüseynovun nəzarətində idi. Əlikram Hümbətov Füzuli bölgəsindəki  hərbi hissəni geri çəkərək cənub bölgəsinə aparmışdı. Şimalda sadvalçılar fəallaşaraq siyasi tələblər irəli sürürdülər. Ön cəbhə isə siyasi çəkişmələr ucbatından ermənilərin üzünə açıq qalmışdı. Bütün bunlar, eyni zamanda, ölkəni bu hala salan AXC-Müsavat iqtidarının səbatsızlığı az qala o illərdə müstəqilliyimizin əldən getməsinə və Azərbaycan dövlətçiliyinin süqut etməsinə gətirib çıxaracaqdı.

Həmin dövrdə ölkəmizə qənim kəsilən dairələrin fikrincə, xaotik proseslərin nəticəsi olaraq Azərbaycan parçalanmalı, "sapı özümüzdən olan baltalar"ın rəvac verəcəkləri vətəndaş müharibəsi xalqa böyük müsibətlər gətirməli idi. Məhz belə bir vaxtda, xalqın çətin günündə ona kömək duracaq, bu bəlalardan xilas edə biləcək tarixi bir şəxsiyyətin, müdrik siyasi xadimin hakimiyyətə gəlişi labüd idi! Vəziyyətdən çıxış yolu arayan Azərbaycan xalqı haqlı olaraq nicatı yalnız və yalnız Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasında görürdü. Elə bu istək və arzu Azərbaycan dövlətçiliyinin və xalqının qanına susamış bütün planların üstündən birdəfəlik xətt çəkdi! Xalqın səsinə səs verən ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi insanların qəlbində artıq sönmüş dövlətçilik və müstəqillik ideyalarını yenidən alovlandırdı!

Ölkədə vəziyyətin son dərəcə qorxulu olduğunu, dövlətçiliyin məhv olmaq, və özlərinin S.Hüseynovun dar ağacından asılmaq təhlükəsində qaldıqlarını dərk edən, Azərbaycanı uçurumun astanasına gətirib çıxaran AXC-Müsavat nümayəndələri də kömək üçün Heydər Əliyevə müraciət etmişdilər. Onlar da çox dəqiq bilirdilər ki, Azərbaycanı bu ağır vəziyyətdən yalnız Heydər Əliyev dühası xilas edə bilər!

Bakıya gəldikdən sonra parlamentə sədr seçilmək barədə o zamankı iqtidarın və deputatların xahişini qəbul etməyən Heydər Əliyev Gəncədə yaranmış vəziyyətlə tanış olmaq üçün əvvəlcə ora yola düşdü, döyüş meydanına çevrilmiş hərbi hissələrin ərazisini gəzdi. Bu mahir siyasətçinin şəhərə gəlişi əhalidə böyük ruh yüksəkliyi və inam yaratdı. Şəhər sakinləri, hərbi qulluqçularla görüşüb söhbət etdi. Sonradan bu səfər zamanı onun fiziki məhvi barədə cəhdlərin olması faktları aşkarlandı. Ancaq böyük siyasətçini ulu Tanrı və bir də xalqın sonsuz məhəbbəti hifz edirdi!

Bir məsələni də qeyd etməliyik ki, xüsusən 4 iyun hadisələri ərəfəsində və ondan sonra respublikada hər hansı dövlət vəzifəsinin məsuliyyətini öz üzərinə götürmək hər kəsdən böyük risk, qətiyyət və hünər tələb edirdi.  Heydər Əliyev isə Naxçıvandan özü ilə heç nə gətirməmişdi. Nə ordusu var idi, nə silahı. Ulu öndər bütün məsələlərdə görkəmli dövlət xadimi kimi özünün siyasi və idarəçilik təcrübəsinə və xalqın ona olan dərin sevgisinə arxalanırdı. Elə bu amalla da Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsində əsas rol oynadı. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev çıxış edərək Ali Sovetin Sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özünün əsas vəzifələrindən biri hesab etdiyini bildirdi: "Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni  üzərimə götürərək məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm".

Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkənin ali qanunvericilik orqanına Sədr seçilməsi, sözün əsl mənasında, siyasi qayıdış idi. Onun xilaskar missiyası ilə gəlişi dövlətçilik tariximizin şanlı səhifəsinə daha bir əlamətdar gün yazdı. 15 iyun tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycan Respublikasının Milli Məclisi Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı gününü 1997-ci il 27 iyun tarixli qərarı ilə rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etdi.

Azərbaycanın 1993-cü il iyunun 15-dən başlanan qurtuluşu ilə dövlət quruculuğuna start verildi, müstəqilliyin və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində möhtəşəm nailiyyətlərə imza atıldı. Azərbaycan dünya birliyində  layiqli yerini tutdu. Artıq o günlərdən 20 il ötür. Aradan keçən bu illər yalnız sözügedən qayıdışa bəslənən ümidlərin özünü doğrultması ilə yadda qalmadı, həm də Azərbaycanın gələcək inkişafının etibarlı təməli qoyuldu. Heydər Əliyev tarixi qayıdışı ilə xilaskarlıq missiyasının ləyaqətlə yetirə yetirdi. Eyni zamanda, Azərbaycanın indiki sürətli inkişafının strategiyası, bütün sahələrdə həyata keçirilən köklü islahatlar da öz başlanğıcını Milli Qurtuluşdan götürdü.

10 ilə yaxındır ki, Heydər Əliyev cismən aramızda yoxdur! Lakin Heydər Əliyev  ideyaları ilə davam etdirilən siyasi kurs yaşamaqdadır! Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin, Prezident İlham Əliyev tərəfindən bu siyasətin müasir dövrün çağırışlarına uyğun yeni mərhələyə qaldırılmasının nəticəsidir ki, Azərbaycan regionun əsas söz sahibi olan, dinamik inkişaf edən ölkəsidir! Ən əsası Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dünya birliyinin bu regionda hesablaşdığı və önəm verdiyi ölkəyə çevrilib.

Son 10 ildə qazandığımız nailiyyətlərə nəzər salmaqla Azərbaycanın həm inkişafını, həm də dünyada artan nüfuzunu görə bilərik. Bu müddətdə Azərbaycanın bütün bölgələri sürətli yüksəliş mərhələsinə qədəm qoyub, 1 milyondan artıq yeni iş yeri yaradılıb, on minlərlə yeni istehsal müəssisəsi fəaliyyətə başlayıb. Ötən dövrdə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istismara verilib. Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşası isə tamamlanmaq üzrədir. Azərbaycan keçən il BMT Təhlükəsizlik Şurasının üzvü seçilib. Nəhayət, bu il Azərbaycan ilk dəfə olaraq öz peykini orbitə göndərməklə həm də kosmik klubun üzvünə çevrilib. Bütün bunlar ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun, inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir!

Qeyd etdiyim kimi, Azərbaycanın bütün bölgələri sürətli inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişafı Azərbaycanın ən gözəl diyarlarından biri olan Şəki şəhərinin timsalında aydın görmək mümkündür. Ulu öndər Heydər Əliyev Şəkinin inkişafına həmişə böyük diqqət göstərirdi. Bu gün isə Şəki Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində sürətli inkişafdadır. Son illərdə şəhərdə onlarca yeni müəssisə fəaliyyətə başlayıb. Eyni zamanda, füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri, inkişaf etmiş sənətkarlıq ənənələri, eləcə də zəngin mədəni irsinin qorunması və təbliği nəticəsində Şəki nəinki Azərbaycanın, həm də bütün Cənubi Qafqazın mühüm turizm regionuna çevrilib.

Şəkililər də haqlı olaraq dövlət müstəqilliyimizi bərpa etdikdən sonra qazandıqları bütün uğurların milli qurtuluşdan başladığını bildirirlər. Bu "dəyirimi masa"da da Şəki şəhərinin inkişafından, sosial-iqtisadi uğurlarından söz açılacaq.

İndi isə çıxış üçün söz Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan USUBOVa verilir.

 

 

 

Elxan USUBOV:

 

- Sovet imperiyasının dağılmasından sonra müstəqilliyini elan etmiş xalqlardan biri də azərbaycanlılar idi. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. 70 ildən artıq sovet imperiyasının zülmü altında yaşayan xalqımız özünün müstəqil dövlətini qurdu. Lakin səriştəsiz rəhbərlərin hakimiyyəti qısa müddətdə müstəqilliyimizin itirilməsi təhlükəsini yaratdı.

Ölkədə hərc-mərclik baş alıb gedir, inflyasiya tüğyan edir, sənaye və kənd təsərrüfatı istehsalının səviyyəsi günbəgün azalır, bir sıra bölgələrdə separatçılıq əhval-ruhiyyəsi güclənirdi. Demək olar ki, ölkənin hər yerində cinayətkar ünsürlər meydan sulayır, şəhər və rayonlarda qətl və qarətlər törədilir, ziyalılar baş götürüb ölkədən qaçırdı. Hakimiyyət iddiasında olan qruplaşmalar arasında silahlı toqquşmalar adi hala çevrilmişdi. Ermənistan silahlı birləşmələri ölkənin içərilərinə doğru sürətlə irəliləyir, şəhər və kəndlərimiz bir-birinin ardınca işğal olunurdu. Xalq öz Vətənində məcburi köçkünə və didərginə çevrilirdi. 1993-cü ilin may-iyun aylarında respublikada hakimiyyət böhranı son həddə çatdı. Ölkə vətəndaş müharibəsi ilə üz-üzə qaldı. Azərbaycan artıq  dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə idi. Zaman və hadisələr, həyatın özü tələb edirdi ki, kimsə öz xalqının inamını qorusun, ölkəni fəlakətlərdən xilas etsin.

1993-cü ildə Azərbaycan xalqı qətiyyətlə ayağa qalxaraq dünyanın ən böyük siyasət adamını hakimiyyətə gətirdi. Azərbaycanın o zamankı iqtidarı Heydər Əliyevi rəsmən Naxçıvandan Bakıya dəvət etmək məcburiyyətində qaldı. Ulu öndər 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. Həmin gün xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Heydər Əliyevin başçılıq etdiyi Qurtuluş mübarizəsi zəfər çaldı! Dövlətimizin idarəçilik sükanı dahi dövlət adamının əlinə keçdi! Vətən, millət fəlakətdən uzaqlaşdı! Qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı!

Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yol, əslində, 1969-cu ildən sonra başlamışdır. Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü başladı. Heydər Əliyev parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur! İndiki dövrdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır.

Ölkəmizin hər bir bölgəsi kimi, Şəki rayonunun inkişafında da ulu öndər Heydər Əliyevin çox böyük əməyi olmuşdur. Heydər Əliyev siyasi fəaliyyəti dövründə iki dəfə -1974-cü və 2002-ci illərdə Şəki şəhərinə səfər etmişdi. Ulu öndərlə keçirilən görüşlər şəkililərin qəlbində silinməz izlər buraxmışdır. 2002-ci ildə Şəkidə səfərdə olduğu zaman Heydər Əliyev Şəki Olimpiya İdman Kompleksinin açılışı mərasimində çıxış edərkən demişdir: "Şəki Azərbaycanın ən qədim şəhərlərindən, yəni insan məskənlərindən biridir. Şəkinin çox zəngin tarixi var... Şəkidə yaşayan insanlar əsrlər boyu buranı qurub yaradıblar. Ona görə də Şəkidə tarixi-memarlıq abidələri, bizim milli mədəniyyətimizi əks etdirən gözəl abidələr yaranıb, bu günə qədər gəlib çatıbdır".  Heydər Əliyevin hakimiyyətdə olduğu 1969-1982-ci illərdə respublikada qazanılan uğurlar Şəkinin də iqtisadi və mədəni həyatına əhəmiyyətli şəkildə təsir göstərmişdir. 1975-ci ildə şəhər üzrə ümumi məhsul istehsalının həcmi 117 milyon 48 min manat olduğu halda, bu göstərici 1980-ci ildə 124 milyon 201 min manata çatdırılmışdır. Həmçinin sənayedə məhsul satışı 1975-ci ildə 93 milyon manat olduğu halda, 1980-ci ildə 136 milyon 467 min manata çatmışdı. Sənaye müəssisələrində istehsalın artım sürəti 19,9 faizdən 22,3 faizə qalxmışdır. O zaman nəinki Azərbaycanın, eləcə də Yaxın və Orta Şərqin ən böyük ipək istehsalçısı və toxuculuq mərkəzlərindən biri hesab edilən Şəkidə həmin müddətdə ipəkçiliyin inkişafı xüsusilə geniş vüsət almışdı. Məhz Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə, 1975-ci ildə şəhərin bütün ipək müəssisələrini özündə birləşdirən Şəki İpək İstehsalat Birliyi yaradılmışdır. Həmin dövrdə müəssisədə 7 min nəfərə yaxın daimi işçi çalışırdı. Şəki İpək İstehsalat Birliyi SSRİ-nin 75 müəssisəsinə ipək parça, 84 müəssisəsinə isə ipək sap göndərirdi. Şəki ipəyindən hazırlanan parçalar Yaponiya, İsveçrə, İtaliya və digər xarici ölkələrə ixrac olunurdu. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra da digər sahələr kimi, ipəkçiliyə münasibət kökündən dəyişmiş, ipək sənayesinin bərpası istiqamətində zəruri işlər görülmüşdür. Ulu öndər 2001-ci ildə fəaliyyəti dayanmış "Şəki-İpək" ASC-ni işə salmaq məqsədilə imzaladığı müvafiq sərəncamla dövlət büdcəsindən xeyli miqdarda vəsait ayırmış və həmin ildən müəssisənin fəaliyyəti bərpa olunmuşdur. 1975-1980-ci illərdə Şəkidə əsaslı tikintinin genişləndirilməsi sahəsində də bir şox işlər görülmüşdür. Bu illər ərzində beş 50 mənzilli, bir 45 mənzilli, bir 32 mənzilli, bir 24 mənzilli yaşayış binası tikilmiş, ümumilikdə 19479 m2 ictimai mənzil sahəsi istifadəyə verilmişdir. Avtomobil məktəbi, avtobaza, sutəmizləyici stansiya tikilmiş, Şəki İpək İstehsalat Birliyində boyaq-bəzək istehsalatı genişlənmişdir.

Bu dövrdə nəqliyyat xidmətlərinin inkişafında da müsbət nəticələr əldə edilmişdir. Ümumi istifadədə olan avtomobillərin sayı xeyli artmış, onların yükqaldırma gücü və oturacaq yerləri çoxalmışdır. Yükdaşımaların həcmi 54 faiz, sərnişindaşımaların həcmi 16,8 faiz artmışdır. 1976-1980-ci illərdə Şəkidə 2953 mənzilə maye qaz, 7432 mənzilə təbii qaz verilmişdir. Ticarətin genişləndirilməsi sahəsində də xeyli iş görülmüş, bu sahədə artım 17,2 faiz təşkil etmişdir. Həmin dövrdə Şəkidə tarixi mədəni irsin qorunub saxlanması istiqamətində mühüm işlər görülmüşdür.

Ötən əsrin 70-80-ci illərində Şəkidə maarif və mədəniyyətin inkişafı sahəsində də xeyli iş görülmüşdür. 1980-ci ildə Şəkidə 12 orta məktəb, 6 səkkizillik və bir qiyabi məktəb, 4 fəhlə-gənclər və uşaq-gənclər idman məktəbləri fəaliyyət göstərirdi. Ümumtəhsil məktəbləri ilə yanaşı iki musiqi məktəbi, toxuculuq, tibb, pedaqoji və kənd təsərrüfatı texnikumları, texniki peşə məktəbləri və internatlar fəaliyyət göstərmiş, 25 uşaq bağçası mövcud olmuşdur. Şəkidə tibb-sanitariya sahəsində də çox böyük uğurlar əldə edilmişdir. 1975-1980-ci illərdə şəhərdə olan mövcud çarpayılar hesabına mərkəzi rayon xəstəxanasının uroloji, reanimasiya şöbələri açılmış, qadın məsləhətxanası yeni binaya köçürülmüşdür. 1975-ci ildə Şəki şəhərində 135 həkim, 584 orta tibb işçisi işləyirdisə, 1980-ci ildə həkimlərin sayı 224, orta tibb işçilərinin sayı 662 nəfərə çatmışdır.

1975-ci il aprelin 15-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının açılışı ilə bağlı qərar qəbul olunmuş, 1976-cı ildə teatr fəaliyyətə başlamışdır. Qeyd etmək yerinə düşərdi ki, 2011-ci ildə  Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində Sabit Rəhman adına Dövlət Dram Teatrının binası ilə tanış olmuş, Azərbaycan teatr sənətinin inkişafında xüsusi yeri olan və uzun müddət əsaslı təmir olunmayan teatr binasının yenidən qurulması ilə bağlı sərəncam imzalamışdır.

Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirilən əzəmətli quruculuq işlərinin ən mühüm tarixi əhəmiyyəti ondan ibarət idi ki, bu işlər xalqımızın milli qürur, milli mənlik şüurunu yüksəltdi, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Heydər Əliyevin dahiliyi ondan ibarət idi ki, o, kortəbii dövlət quruculuğunu inkar edir, reallığı önə çəkir, Azərbaycanın maraqlarından başqa heç nə düşünmürdü. Bu reallığı qiymətləndirmək isə Heydər Əliyevə möhkəm bir dövlət qurmağa imkan verdi.

Ümummilli lider sübut etdi ki, qüdrətli və möhkəm dövlət olmayan yerdə azadlıq və müstəqillik də yoxdur! Dövləti olmayan xalq isə ölümə məhkumdur! Azərbaycan tarixinin 1993-cü il 15 iyundan sonrakı dövrü yeni eranın başlanğıcı oldu! Ona görə ki, Heydər Əliyev yeni dövrdə, yeni şəraitdə Azərbaycan cəmiyyətinin mövcudluğunu, milli-mənəvi dəyərlərin və fəlsəfi yanaşmaların əsasını qoydu. 1993-cü ildən götürülən siyasi xəttin əsas üstün cəhətlərindən olan demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu yönümündə ardıcıl, məqsədyönlü tədbirlərin reallaşdırılması ölkəmizdə demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olmasına zəmin yaratdı.

Ötən illərdə ümummilli liderin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və dünyanın gözü qarşısında cərəyan etmiş, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla baxan güclü bir dövlətə çevrilmişdir. Bu illərdə Heydər Əliyevin gərgin zəhməti, əzmi və siyasi iradəsi sayəsində həyata keçirilən nəhəng işlər miqyasına görə insanı heyrətə gətirir. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında dönüş yarandı. Elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Dövlət çevrilişləri cəhdinin qarşısı alındı. Dövlət müstəqilliyi qorunub saxlandı. Silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu. Ulu öndərin Azərbaycan rəhbərliyinə qayıdışı ilə əsasını ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın - azərbaycançılıq ideologiyasının təməli qoyuldu. Dövlətin xarici siyasəti milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı. Milli Ordu quruculuğunda ciddi dəyişikliklər başlandı.

Heydər Əliyevin ən böyük dayağı xalq idi! O, ən çətin günlərdə xalqına güvənir, ona arxalanırdı! Xalq isə öz oğlunu mərdliklə müdafiə edir və qoruyurdu. Dünya tarixinin nadir şəxsiyyətlərindən olan Heydər Əliyevin əbədiyyətə qovuşduğu gün Azərbaycan xalqının və mütərəqqi bəşəriyyətin tarixinə ən ağır hüzn günü kimi daxil oldu! Milli Qurtuluş mübarizəsinin qalibi olan ulu öndərin xatirəsini xalqımız əbədiləşdirmiş, respublikamızın demək olar ki, hər yerində onun adına bağlar və parklar salınmış, abidə kompleksləri inşa edilmişdir.

Sevindirici haldır ki, bu gün ölkəmizin inkişafı etibarlı əllərdədir. Öz səmimiliyi, təvazökarlığı, eyni zamanda, əzmkar işgüzarlığı və qətiyyəti ilə xalqın sevimlisinə çevrilmiş Prezident İlham Əliyev bu gün böyük inam və bacarıqla ulu öndərin siyasi kursunu ləyaqətlə davam etdirir. Son illərdə imzalanmış məqsədyönlü fərman və sərəncamlar, qəbul edilmiş qərarlar, görülən nəhəng işlər ölkəmizin dinamik yüksəlişini təmin etmiş, Azərbaycan dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilmişdir.

Heydər Əliyev tərəfindən əsası qoyulan idarəçilik siyasətinin cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, son 10 ilə yaxın bir müddətdə ölkəmizdə ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində böyük nailiyyətlər əldə olunmuşdur. 2008-2009-cu illərdə  dünyanın bir çox ölkələrini öz qoynuna almış qlobal maliyyə-iqtisadi böhran demək olar ki, Azərbaycandan yan keçmiş, Azərbaycan iqtisadiyyatı inkişaf tempini qoruyub saxlamışdır. BMT-nin İnsan İnkişafı Hesabatında son 5 ilin göstəricilərinə görə, Azərbaycan 169 ölkə arasında 68-ci yerə çıxaraq "Yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olmuşdur. Hazırda Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə MDB məkanında birinci, dünya miqyasında isə 51-ci yerdədir. Bütün bunlar Heydər Əliyev siyasi kursunun təntənəsidir. Məhz Heydər Əliyev siyasətinin nəticəsidir ki, Azərbaycan qısa müddət ərzində beynəlxalq aləmdə özünü etibarlı tərəfdaş ölkə kimi tanıda bilmişdir. 2011-ci ilin sonunda 155 ölkənin etimadı ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçilmişdir. Bu, ölkəmizin böyük siyasi-diplomatik qələbəsidir!

Heydər Əliyev yolu inkişaf, yüksəliş və uğur yoludur! Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla irəliyə aparacaqdır!

 

 

 

Bəxtiyar SADIQOV:

 

- Şəki hər bir sahədə özünün qədim və zəngin ənənələri olan şəhərdir. Bu ənənələr tarixən Şəkinin iqtisadiyyatında da özünü göstərmişdir. Son illərdə Şəki dinamik inkişaf etmiş, yeni istehsal müəssisələri yaradılmışdır. Hazırda yeni tipli iqtisadiyyat Şəkinin yüksəlişində əsas amilə çevrilir, aqrar sektor sürətlə  inkişaf edir. Bu istiqamətdə diqqətçəkən əsas məqamlardan biri isə Şəkidə iqtisadi sahədə keçmiş ənənələrin bərpa olunmasıdır. Bu barədə danışmaq üçün söz "Fermer-2000" kəndlifermer təsərrüfatının rəhbəri Etibar NURİYEVə verilir.

 

 

 

Etibar NURİYEV:

 

- Azərbaycanda ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu iqtisadi-sosial siyasəti layiqincə davam etdirən möhtərəm Prezident İlham Əliyevin səyi və təşəbbüsü nəticəsində həyata keçirilən islahatlar öz müsbət nəticələrini göstərir. Cənab Prezidentin iqtisadi strategiyası ölkədə sahibkarlığın inkişafında daha çox özünü büruzə verir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ildən-ilə sahibkarlara güzəştli şərtlərlə daha böyük məbləğdə kreditlər verilir. Builki kreditin məbləği 250 milyon manatdır.

Sovet quruluşu dağıldıqdan sonra Azərbaycanın tamamilə tənəzzülə uğramış iqtisadiyyatının inkişafına 1994-cü ildə start verildi. Həmin il respublikamız böyük işlərin astanasında idi. Ölkə iqtisadiyyatı o vaxt böyük çətinliklərlə üzləşmişdi. Ölkədə sabitlik yaradılması üçün addımlar atılırdı. Ancaq 1994-cü ildə Azərbaycanın, ümumiyyətlə, gələcəyi haqqında birmənalı fikir yox idi: Azərbaycan hansı yollarla inkişaf edəcək? Azərbaycan iqtisadiyyatı nəyin hesabına formalaşacaq? Azərbaycan öz strateji inkişafını hansı istiqamətdə görür? Bütün bu suallar ümummilli lider Heydər Əliyevi çox düşündürürdü.

Məhz o dahi insanın strateji seçimi Azərbaycanın bugünkü uğurlu inkişafını təmin etdi. Çünki məhz o illərdə Azərbaycanın yeni neft strategiyasının başlanması, Azərbaycanın dünya birliyinə inteqrasiya etmək siyasətinin uğurla aparılması, ölkədə həyata keçirilən iqtisadi islahatlar, iqtisadiyyata cəlb edilən böyük həcmdə xarici investisiyalar - bütün bu amillər bugünkü inkişafı şərtləndirdi.

Bütün bu söylədiklərimizin bariz nümunəsidir ki, uzun müddət fəaliyyəti iflic olmuş ipək sənayesinin öncül istehsalat müəssisəsi olan "Şəki-İpək" Açıq Səhmdar Cəmiyyətinin yenidən fəaliyyəti bərpa edilmiş və artıq ötən il bu müəssisədə bütün istehsal sahələri üzrə ümumilikdə 5 milyon 925 min manatlıq məhsul istehsal olunmuşdur. Bu gün müəssisədə respublikamızda baramaçılıq və ipəkçiliyin inkişafı istiqamətində əsaslı işlər görülür.

Onu da vurğulamaq lazımdır ki, aqrar sektorun aparıcı sahələrindən biri sayılan, fəaliyyəti tamamilə məhv olmuş heyvandarlıq kompleksi də yenidən əsaslı surətdə bərpa edilmişdir. Bu gün Şəki rayonunun Orta Zəyzid kəndi ərazisində fəaliyyət göstərən "Şəki Aqro İndastris" MMC-nin süd emalı zavodu rayonda heyvandarlığın inkişafına mühüm töhfə verir. Dövlətin maliyyə dəstəyi və sahibkarın şəxsi vəsaiti hesabına yaradılan, 2008-ci ildə Prezident İlham Əliyevin Şəkiyə səfəri çərçivəsində istifadəyə verilən bu müasir tipli heyvandarlıq kompleksi fermalardan, adi və mexanikləşdirilmiş tövlələrdən, sağım sexi, laboratoriya və digər zəruri tikililərdən ibarətdir. 2007-2008-ci illərdə müəssisəyə xaricdən 612 baş "Holştin-friz" cinsli boğaz düyələr gətirilmişdir. 2012-ci ildə isə artıq heyvanların sayı 1092 başa, o cümlədən ana malın sayı 514-ə çatmışdır. Bu müəssisə tam istehsal gücü ilə fəaliyyətini davam etdirir.

Son illərdə Şəkidə üzümçülyün də yenidən bərpası üçün İtaliyadan üzüm tingləri gətirilmiş və yeni üzümlüklər salınmışdır ki, bu da artıq öz bəhrəsini vermiş və rayonumuzda yeni şərab zavodunun inşasına şərait yaratmışdır. Möhtərəm Prezidentin açılışında iştirak etdiyi bu zavod ildə 3 min ton üzüm emal etmək gücünə malikdir. Lakin gələcəkdə bu rəqəmin 10-15 min tona çatdırılması nəzərdə tutulur.

Prezidentin imzaladığı "Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncamına uyğun olaraq hazırda şəhərimizin milli-memarlıq üslubunun qorunub saxlanması şərti ilə müasirləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bütün küçə və prospektlər, park və meydanlar əsaslı şəkildə yenidən qurulur, tarixi binalar bərpa olunur, şəhərdə yeni, müasir işıqlandırma sistemi quraşdırılır, yeni istehsal obyektlərinin tikintisi planlaşdırılır, bir sözlə, şəhərimiz müsbət istiqamətdə öz simasını dəyişir. Bu işlərin görülməsi üçün sahibkarlar da imkanlarından məqsədyönlü şəkildə istifadə edir və doğma şəhərimizin inkişafına töhfələrini verirlər.

Özəl sektorun inkişafına dövlət dəstəyinin bariz nümunəsi kimi mütəmadi olaraq rayon rəhbərliyinin sahibkarlarla görüşlərini qeyd etmək istəyirəm. Belə görüşlərdən biri 2012-ci il dekabrın 19-da olmuşdur. Vergi və hüquq-mühafizə orqanlarının, İqtisadi İnkişaf Nazirliyinin regional şöbəsinin, əlaqədar idarə, müəssisə və təşkilatların rəhbər və məsul nümayəndələrinin də iştirak etdikləri tədbirdə icra başçısı yerli sahibkarların fəaliyyəti ilə daha yaxından tanış olmuş, sahibkarların qarşılaşdığı problemlərin həlli yollarını bizimlə birgə müzakirə etmiş və qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Görüşdə 4 saylı Ərazi Sınaq və Sertifikatlaşdırma İdarəsinin, şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin, rayon Baytarlıq İdarəsinin rəhbərləri çıxış edərək sahibkarlara istehsal etdikləri ərzaq və qeyri-ərzaq məhsullarının mövcud normativ tələblərə və standartlara uyğunlaşdırılması ilə bağlı tövsiyələrini vermişlər.

Möhtərəm Prezident cənab İlham Əliyevin birbaşa diqqət və qayğısı sayəsində Azərbaycan sahibkarları üçün yaradılmış çox əlverişli şərait düşünülmüş bir dövlət siyasətidir. Bu, həm iqtisadi inkişaf, həm də sosial təminatdır. Eyni zamanda, işsizliklə, yoxsulluqla mübarizədir, iqtisadiyyatın şaxələndirilməsi, ölkə potensialının gücləndirilməsidir. Prezidentimizin qarşıya qoyduğu əsas hədəflərdən biri əhalinin ərzaq təhlükəsizliyini tam şəkildə daxili imkanlar hesabına təmin etməkdir və bizim kimi sahibkarlar yaradılmış imkandan səmərəli istifadə etməklə dövlət başçısının etimadını doğrultmalıyıq.

 

 

 

Bəxtiyar SADIQOV:

 

- Təbii ki, hər bir problemin həlli yolları iqtisadi inkişafdan keçir. Çünki iqtisadi inkişaf ölkənin güclənməsi, maliyyə imkanlarının çoxalması deməkdir. Artıq neçə illərdir ki, biz iqtisadi inkişafın Azərbaycanda digər sahələrin də yüksəlişinə təkan verdiyini müşahidə etməkdəyik. Bu yüksəliş, ilk növbədə, dövlətin sosial siyasətinin ildən-ilə daha uğurlu nəticələr verməsində özünü göstərir. Bununla yanaşı, maliyyə imkanlarının çoxalması ölkənin hər yerində genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılmasına imkan verir. Bu mövzuda çıxış üçün söz Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid  Ailələri İctimai Birliyinin Şəki şöbəsinin sədri Məmmədnuru ƏZİZOVa verilir.

 

 

 

Məmmədnuru ƏZİZOV:

- Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq dövr ərzində həmişə xalqımızın milli maraqlarına xilmət etmiş, ictimai, siyasi, iqtisadi, mədəni və digər sahələrdə qazanılan böyük uğurların memarı olmuşdur. Dahi şəxsiyyət bütün bu illər ərzində xalqın maddi rifahının yaxşılaşdırılmasından, aztəminatlı əhali qruplarının sosial ehtiyaclarının ödənilməsindən ötrü mühüm tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Aztəminatlı əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi naminə əsası ulu öndər tərəfindən qoyulan tədbirlər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməklə ilbəil daha dinamik xarakter alır. Təsadüfi deyil ki, son 9 ildə yoxsulluğun səviyyəsi 6 faizə, işsizliyin səviyyəsi 5,2 faizə enmiş, pensiya və müavinətlərin, əməkhaqlarının məbləği dəfələrlə artırılmışdır.

2006-cı ildən etibarən ölkəmizdə ünvanlı dövlət sosial yardımı proqramı icra olunur. 2013-cü ilin I rübünün yekununa görə, Şəki rayonu üzrə 9145 ailə üzvünü əhatə edən 2073 ailə ünvanlı dövlət sosial yardımı alır. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarına uyğun olaraq, şəhid ailələrinə və müharibə əlillərinə prezident təqaüdlərinin, sosial müavinətlərin məbləğləri son illərdə artırılmışdır. Şəki rayonunda əhalinin sosial müdafiəsi üzrə müavinət və təqaüdlərin artımı 6451 nəfərə şamil edilmişdir. Bu isə büdcədən hər ay 31648 manat məbləğində əlavə vəsait ayrılması deməkdir. Şəki rayon sakinləri əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ölkə rəhbəri tərəfindən imzalanmış son fərmanları çox yüksək qiymətləndirir, eyni zamanda, ölkəmiz üçün vacib olan bu fərmanların möhtərəm Prezidentin aztəminatlı əhali qruplarına göstərdiyi böyük diqqət və qayğının təzahürü kimi qəbul edirlər.

Əhalinin məşğulluğunun təmin edilməsi dövlət siyasətinin prioritet istiqaməti kimi daim diqqət mərkəzində olmuşdur. Şəki rayonunda işaxtaran və işsiz vətəndaşların məşğulluğunu və onların sosial müdafiəsini təmin etmək məqsədilə 2007-2012-ci illər ərzində "Ərazi məşğulluq proqramı" işlənib hazırlanmış, qarşıda duran vəzifələrin həlli baxımından bir sıra işlər görülmüş, əsas diqqət rayonda əhalinin məşğulluğunun gücləndirilməsinə və aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsinə yönəldilmişdir.

Möhtərəm Prezidentin müvafiq sərəncamı ilə təsdiq olunmuş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq, Şəki rayonunun ərazisində istismar müddəti başa çatmış fin tipli qurama evlərdə və məktəb binalarında müvəqqəti məşkunlaşmış 423 (1760 nəfər) məcburi köçkün ailəsi üçün Şəki rayonu ərazisində ayrılmış 84 ha torpaq sahəsində yeni qəsəbə salınmış, məcburi köçkün ailələrinin həmin evlərə köçürülməsi təmin olunmuşdur.     2003-2012-ci illər ərzində Şəki şəhərində 114 mənzil tikilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilmişdir.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə tikilmiş 36 mənzilli 4 mərtəbəli yaşayış binası 2012-ci il 24 dekabr tarixdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilmişdir. 2003-2012-ci illər ərzində 9 nəfər Qarabağ əlili və 1 nəfər Çernobıl əlili üçün Şəki şəhərində və rayonun kənd və qəsəbələrində fərdi yaşayış evləri tikilərək onların istifadəsinə verilmişdir. Həmçinin yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün 30 yerlik ixtisaslaşdırılmış reabilitasiya mərkəzi və 25 yerlik sosial sığınacağın tikintisi nəzərdə tutulmuşdur. Eyni zamanda, 33 nəfərə,  o cümlədən 13 nəfər Qarabağ müharibəsi və 20 nəfər Böyük Vətən müharibəsi əlilinə pulsuz avtomaşınlar verilmişdir.

Son zamanlar respublikamızın digər bölgələrində olduğu kimi, Şəkidə də irimiqyaslı, genişhəcmli tikinti-abadlıq, təmir və bərpa işləri yerinə yetirilir. Azərbaycan Respublikası Prezidentinin "Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2011-ci il 12 sentyabr tarixli və "Şəki, Qəbələ, Qax və Oğuz rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2011-ci il 21 noyabr tarixli sərəncamlarından sonra tikinti-quruculuq işləri daha geniş vüsət almış, hazırda Şəki başdan-başa tikinti meydançasına çevrilmişdir.

Şəhərin M.Ə.Rəsulzadə prospektində, Salman Mümtaz və Oğuz şosesi küçələrində, eləcə də yeni tikilmiş 100 çarpayılıq xəstəxana kompleksinin qarşısında geniş abadlıq və quruculuq işləri aparılmışdır. Şəkinin milli-memarlıq üslubunun qorunub saxlanılması məqsədilə şəhərin M.Ə.Rəsulzadə, Heydər Əliyev, M.F.Axundzadə prospektlərində yol kənarındakı evlərin həyətlərinə giriş qapıları taxta materiallarla üzlənmiş, evlərin, sahibkarlıq obyektlərinin, idarə və müəssisələrin yerləşdiyi binların dam örtükləri kirəmit materialları ilə yenidən qurulmuş, binaların fasadları qədimi forması saxlanılmaqla bərpa edilmiş, yeni işıqlandırma sistemi yaradılmışdır.

Əhalinin istirahətinin təmin edilməsi üçün mədəniyyət və istirahət parklarında abadlıq və təmir işləri aparılır. Bəxtiyar Vahabzadə adına parkda geniş abadlıq, quruculuq işləri həyata keçirilmiş, M.Füzuli adına mədəniyyət və istirahət parkında yenidənqurma aparılmış, M.F.Axundzadə adına mədəniyyət və istirahət parkında tikinti-quruculuq işləri görülmüşdür. Şəhərdə aparılan abadlıq-quruculuq işləri çərçivəsində "Qala divarları"nın ətrafı yaşıllaşdırılmış, 600 yerlik yarımörtülü amfiteatr qurğusu tikilib istifadəyə verilmiş, yeni işıqlandırma sistemi qurulmuşdur. Son bir il ərzində Şəkidə 11 məktəbin əsaslı təmiri və yaxud yeni binaların tikintisi işləri aparılmışdır.

Şəki şəhərində qəza vəziyyətində olan yaşayış evlərindən köçürülən sakinlər üçün yeni 24 mənzilli yaşayış evində tamamlama işləri yerinə yetirilir. Şəki-Qax avtomobil yolunun yenidən qurulması və Şin çayı üzərində körpülərin tikintisi hazırda yüksək sürətlə davam etdirilir. Eyni zamanda, səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun tikintisi də yekunlaşmaq üzrədir. Şəki Dövlət Dram Teatrında əsaslı təmir işləri sürətlə aparılır.

Bu gün ölkəmizdə, o cümlədən rayonumuzda görülən bütün bu işlər, həyata keçirilən tədbirlər dövlət başçısının yeritdiyi siyasətin, həyata keçirilən islahatların uğurlu nəticəsidir. Bütün bunlar insanların həyat səviyyəsinin yüksəldilməsinə yönəlmişdir.

 

 

 

Bəxtiyar SADIQOV:

 

- Şəki özünün zəngin ənənələri olan şəhərdir. Təbii ki, Şəkinin tarixən inkişafında bu ənənələrin yaşadılması mühüm rol oynamışdır. Təəssüflə qeyd etməliyik ki, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində baş verən böhran və tənəzzül Şəkidən də yan ötməmişdi. Bu gün isə dövlətimizin həyata keçirdiyi siyasət nəticəsində Şəkinin inkişafı və ölkəmizin əsas turizm mərkəzlərindən birinə çevrilməsi onun tarixi ənənələrini də dünyaya tanıdır. Bu mənada milli qurtuluş missiyasının əyani nəticəsi Şəkinin dünəni ilə bugününün müqayisəsində öz real təsdiqini tapır. Bu mövzuda isə "Şəki-İpək" ASC-nin Həmkarlar  İttifaqı Komitəsinin sədri  Sevil İSMAYILOVA danışacaq.

 

 

 

Sevil İSMAYILOVA:

 

- Hələ 1990-cı il Qanlı Yanvar hadisələri zamanı Kremlin anti-azərbaycan siyasətinə qətiyyətlə etiraz edən ulu öndər Heydər Əliyev həmişəki kimi yenə də xalqın yanında idi. Səhhətindəki problemlərə baxmayaraq, təkrarən böyük siyasətə qayıtmağa razı olan ümummilli lider vəhşiliklərlə üzləşən doğma yurdumuza özü ilə ümid işığı gətirdi, əhalidə yaşamaq, işləmək, sabaha inam hissləri oyatdı. Ən başlıcası, ölkə vətəndaşlarını Vətən uğrunda mübarizəyə səfərbər etdi.

Ona ümid bəsləyənlərin gözləntilərini doğrultdu, ölkəni uçurumdan, xalqı fəlakətdən, dövləti isə yox olmaqdan xilas etdi. Bütün dünya bu dahi şəxsiyyətin xilaskarlıq missiyasının şahidi oldu. Ulu öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycanda qurtuluş mərhələsi başlandı!

1993-cü il iyunun 15-i Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi tarixə Qutuluş Günü kimi yazıldı. Mən həmin dövrdə zəmanəmizin bənzərsiz siyasətçisinin, dahi insanın bilavasitə tapşırıqlarını yerinə yetirən xoşbəxt insanlardan olduğum üçün iftixar hissi ilə demək istəyirəm ki, Heydər Əliyev kimi istedadlı insanlar bütün bəşər nəslinin zinətidirlər. Hələ 80-ci illərin sonu,  90-cı illərin əvvəllərindəki gərgin hadisələr bir daha sübut etdi ki, XXI əsrin astanasında milli müstəqillik uğrunda Azərbaycan xalqının elmi, texniki, mədəni, zehni potensialı inkişaf etmiş ölkələrdəki, xalqların bu sahədəki potensialından heç də geri qalmır. Çünki bu potensialın püxtələşməsinin bünövrəsi ulu öndərin 1969-cu ilin avqust plenumundakı məruzəsində qoyulmuşdur. Ümummilli lider Heydər Əliyev xalqımızın azadlığa çıxması planını pillə-pillə həyata keçirirdi. Onun məğlubedilməz sərkərdəyə məxsus zəkasından bəhrələnən insanların milli şüuru oyanır, bu gün azad, müstəqil və beynəlxalq aləmdə tanınmış bir ölkənin vətəndaşı olmasına şərait yaranırdı.

Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan qədim Şəkimiz də müstəqillik illərində böyüyür, gözəlləşir, abadlaşır, insanların əmək fəaliyyətini davam etdirmələri üçün imkanlar yaradılır. Respublikamızın ipək nəhəngi olan "Şəki-İpək" ASC uzun illərdən bəri işləmirdi. Şəki fəhlələrinin çörək təknəsi olan bu müəssisənin iflic vəziyyətə düşməsi təxminən 30-35 min nəfərdən ibarət ipəkçilər ailəsini maddi, mənəvi cəhətdən sarsıtmış, çıxılmaz vəziyyətə salmışdı.

Prezident İlham Əliyevin Şəkiyə, bilavasitə ipək şirkətinə səfərindən sonra "Şəki-İpək" ASC-nin işləri qaydaya salınmışdır. Bu gün şirkətdə 750 nəfərə yaxın insan çalışır. Şirkət öz avtobusları ilə işçiləri iş yerinə və evlərinə aparır. Şirkətimizdə yeni xarici avadanlıqlarla təchiz olunmuş pambıq əyirici istehsalatı və tikiş sexi də fəaliyyət göstərir.

2006-cı ilin oktaybr ayında Prezident Şəkidə olmuş və modul tipli elektrik stansiyasının açılışında iştirak və çıxış etmişdir. Bu gün nəinki şəkililər, bütün bu regionun əhalisi işıq sarıdan korluq çəkmirlər. Buna görə də mən onun qarşısında şəkililər adından etdiyim çıxışımda şəkililərin  ona inamını, sevgisini və xeyir-duasını ifadə etdim.

Bu görülən işlər, küçə və meydanların abadlaşdırılması, işıqlandırılması, təzə yaşıllıqlar və parkların salınması, binaların fasadlarının yenilənməsi, küçələrə təzə asfalt örtüyünün döşənməsi və s. işlər şəhərimizin qədimliyini, milli kaloritini saxlamaqla, səssiz-küysüz, heç kəsi narahat etmədən cənab Prezidentin Şəkiyə və şəkililərə olan diqqət və qayğısının nəticəsidir. Aydın fikirli, təmiz mövqeli əhalimiz isə bundan sevinir, zövq alır, Prezidentimizə dualar edir və onun siyasətini ürəkdən bəyənir.

Biz görürük ki, Azərbaycanımızın qüdrəti və nüfuzu Prezident İlham Əliyevin yeritdiyi uğurlu daxili və xarici siyasət nəticəsində getdikcə artmaqdadır. Elə buna görə də qədirbilən xalqımızın həssas və duyğusal bir parçası olan şəkililər İlham Əliyevin apardığı siyasəti qətiyyətlə müdafiə edirlər. Bu il keçiriləcək prezident seçkilərində isə hamılıqla, saf hisslərimizlə, xeyir-dualarımızla ancaq İlham Əliyevə səs verəcəyik!

 

Bəxtiyar SADIQOV:

 

- Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə 1993-cü ildən ölkədə formalaşmağa başlayan yeni siyasi kurs, ilk növbədə, Azərbaycanın dövlət müstəqilliyini təmin etdi. Ötən 20 ildə ölkəmizdə qazanılan uğurların kökündə isə məhz Heydər Əliyev siyasi kursu dayanır. Odur ki, xalqımız birmənalı olaraq Heydər Əliyev siyasi kursunun davamını Azərbaycanın dövlətçilik qüdrətinin və davamlı inkişafının əsas təminatçısı kimi qəbul edir. Söz Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının tələbəsi Nəbi MƏMMƏDOVa verilir.

 

 

 

Nəbi MƏMMƏDOV:

 

- Bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və hər sahədə qazandığımız qələbələrin təminatçısı rolunu oynayır. Bu siyasətin layiqli davamçısı cənab İlham Əliyev isə müstəqil Azərbaycanın Prezidenti kimi həm də dünya azərbaycanlılarının yeni lideri statusunu şərəflə daşıyır. Biz fəxr edirik ki, Prezident İlham Əliyev  dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir!

Hələ onilliklər öncə cənab İlham Əliyev müəllifi Heydər Əliyev olan yeni neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş, ölkəyə investisiya axınının gücləndirilməsində mühüm rol oynamışdır. Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsində, xüsusilə neft-qaz yataqlarınının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır.

Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğuna layiqincə rəhbərlik edən cənab İlham Əliyev həm də görkəmli partiya lideridir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının sədridir. Cənab İlham Əliyev əhalinin geniş kütlələrinin Yeni Azərbaycanın quruculuğuna səfərbər olunmasında olduqca səmərəli fəaliyyət göstərir. Qeyd edim ki, hələ 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına cənab İlham Əliyev başçılıq etmişdir. Məhz onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə çalmış və Milli Məclisdə mütləq əksəriyyətin səsini qazanmışdır.

Cənab İlham Əliyev Milli Məclisin deputatı olduğu dövrdə geniş və çoxşaxəli fəaliyyət göstərmişdir. O, daim xalqın içərisində olmuş, onun problemlərini öyrənmiş, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərmişdir. Həmin dövrdə İlham Əliyevin əhalinin müxtəlif təbəqələrinin nümayəndələrinə, qaçqınlara, məcburi köçkünlərə və Qarabağ müharibəsinin əlillərinə qayğısı, Qaradağ rayonunda və ölkənin digər bölgələrində apardığı böyük quruculuq işləri doğma xalqa göstərilən qayğının parlaq təzahürləridir.

Cənab İlham Əliyevin Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan Parlamenti nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti doğma xalqa sədaqətlə və cəsarətlə xidmət etmək nümunəsidir. Onun AŞ PA-dakı məqsədyönlü, qətiyyətli və məntiqli çıxışları Azərbaycanın Avropa məkanında nüfuzunun daha da artmasına güclü təsir göstərmişdir. Avropa Şurasındakı fəaliyyəti, obyektiv və konstruktiv çıxışları İlham Əliyevə Qərb siyasətçiləri arasında böyük hörmət və nüfuz qazandırmışdır.

Cənab İlham Əliyev Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərmişdir və bu sahədə fəaliyyətini indi də uğurla davam etdirir. 1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti seçilən cənab İlham Əliyevin yorulmaz və gərgin əməyi sayəsində qısa müddət ərzində Azərbaycan idmanını ayağa qaldırmış, ona dünya şöhrəti qazandırmışdır.

Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Prezidentin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın maraqlarını uğurla müdafiə edir. İlham Əliyevin düşünülmüş xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu getdikcə artır.

Biz gənclər Azərbaycanda keçiriləcək növbəti prezident seçkilərində yalnız İlham Əliyevi real namizəd görürük. İnanırıq ki, prezident seçkilərində qədirbilən xalqımız öz müdrik oğluna növbəti dəfə dəstəyini göstərəcək və cənab İlham Əliyev qarşıdakı 5 ildə də şərəfli missiyasını davam etdirəcəkdir.

 

 

 

Bəxtiyar SADIQOV:

 

- Siyasi baxışlarından asılı olmayaraq hər kəsin birmənalı olaraq qəbul etdiyi reallıq ondan ibarətdir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində üzləşdiyimiz problemlərin aradan qaldırılması, ən əsası Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyinin təmin olunması və bütün sahələrdə vüsət alan inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və ölkəyə rəhbərliyi sayəsində mümkün olub. Bu gün isə Heydər Əliyevin xilas etdiyi, nəfəs verdiyi Azərbaycan ulu öndərin ideyalarından nur alaraq gələcəyə doğru inamla addımlayır. Ulu öndərin siyasi kursunun, yaratdığı dövlətçilik ənənənlərinin Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilməsi nəticəsində Azərbaycan sürələ inkişaf edir, güclənir, qazandığı uğurlarla regionun qüdrətli, aparıcı və əsas söz sahibinə çevrilir.

- Hazırda Prezident İlham Əliyev təkcə Cənubi Qafqazda və yaxın regionda deyil, dünyada tanınan, seçilən və qəbul edilən siyasi liderlərdəndir. Cənab İlham Əliyev bu adı xalqa gərəkli, xeyirli işləri ilə qazanıb. Xalqımız İlham Əliyevin rəhbərliyi ilə hələ çox böyük uğurlara, nailiyyətlərə imza atacaqdır!

Bütövlükdə Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən 10 ilə yaxın dövr ərzində Azərbaycan çox mühüm keyfiyyət dəyişiklikləri yaşayıb: ölkə kompleks inkişaf edib, beynəlxalq nüfuzu yüksəlib, maliyyə imkanları çoxalıb, insanların sosial rifahı yüksəlib! Bu yüksəlişin davamlı olması isə hər bir azərbaycanlının ümdə istəyidir! Eyni zamanda, Azərbaycan vətəndaşları bu sürətli inkişaf tempini saxlamağın həlledici şərtinin növbəti beş ildə İlham Əliyevin Prezident seçilməsində görürlər. Buna görə qətiyyətlə deyə bilərik ki, Azərbaycan xalqı əvvəlki dövrlərdə olduğu kimi, 2013-cü ildə də çox düzgün addım ataraq cənab İlham Əliyevi yenidən özünə Prezident seçəcəkdir!

 

Azərbaycan.-2013.- 5 iyun.- S.4-5.