«Qadın və sağlamlıq» jurnalının təqdimatı olmuşdur

 

Mayın 4-də "Lider Qadınlar" İctimai Birliyinin təsis etdiyi "Qadın və sağlamlıq" jurnalının təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, tədbirdə "Lider Qadınlar" İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bu gün Azərbaycan media məkanında qadınlar üçün çoxlu sayda jurnallar nəşr  edildiyini, onların öz oxucu kütləsi olduğunu bildirmişdir. Qeyd etmişdir ki, bu jurnalı ərsəyə gətirməkdə əsas məqsəd xanımlarımızı respublikamızda dövlət qadın siyasəti və hərəkatında baş verən yeniliklər, ölkəmizin ictimai-siyasi həyatında və cəmiyyətimizin bütün sahələrində qadınlarımızın uğurları ilə tanış etməklə yanaşı, qadın, uşaq, ana sağlamlıq məsələlərini daim diqqətdə saxlamaqdır.

Jurnalın təqdimat mərasimində Milli Məclis Sədrinin müavini Bahar Muradova, ombudsman Elmira Süleymanova, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, ABŞ-dakı "Qarabağ" Fondunun direktoru Diana Altman Kohen, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, "Qadın və sağlamlıq" jurnalının baş redaktoru Sevda Məmmədova yeni nəşrin əhəmiyyətindən, cəmiyyətdə oynayacağı roldan, ölkənin müxtəlif sahələrində qadınların ictimai-siyasi fəaliyyətindəki xidmətlərindən və onların gələcəkdə cəmiyyətimizə verəcəyi töhfələrdən danışmışlar. Bildirilmişdir ki, jurnalın "Qadın və sağlamlıq" adlandırılması özlüyündə bir sıra məsələləri ehtiva edir.

Natiqlər jurnalın redaksiya heyətini təbrik edərək, onlara gələcək yaradıcılıq işlərində uğurlar arzulamışlar.

Nəfis tərtibatı, zövq oxşayan dizaynı və rəngarəng yazıları ilə diqqəti cəlb edən "Qadın və sağlamlıq" jurnalının ilk nömrəsində Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın 90 illik yubileylərinə həsr olunmuş təntənəli mərasimlərdəki nitqləri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkənin mədəni və siyasi həyatındakı fəaliyyətini əks etdirən məqalələr və s. yer almışdır.

"Qadın və sağlamlıq" jurnalı "Dünya qadınları", "Diplomat xanımlar", "Hüquq guşəsi", "Qadın və sağlamlıq", "Sahibkar xanımlar", "Sənətkar xanımlar", "Gənc liderlər", "Asudə vaxt" və s. rubrikaları ilə ayda bir dəfə oxucuların görüşünə gələcəkdir.

Jurnal qadınların asudə vaxtlarını da yaddan çıxartmamışdır. "Sağlamlıq və qadın" dərgisi vasitəsilə qadınlarımız, həmçinin yeni dəb kolleksiyaları, gözəllik sirləri, yeni mətbəx reseptləri, faydalı məsləhətlər və s. ilə də yaxından tanış ola biləcəklər.

 

Azərbaycan.-2013.- 5 iyun.- S.6.