Melioratorlar üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar

 

Azərbaycan mürəkkəb relyef və təbii iqlim şəraitinə malik qədim diyardır. Ölkənin kənd təsərrüfatına yararlı torpaqları isti iqlimi və az yağıntıları  ilə səciyyələnən düzənlik-arid zonada yerləşdiyindən yayın isti, qış aylarının az yağmurlu keçməsi torpaqda kifayət qədər nəmlik ehtiyatının yaranmasına imkan vermir. Digər tərəfdən, qrunt sularının təbii axınının zəifliyi və torpaqlar şorlaşmaya meyilli olduğundan  burada  əkinçiliyin yalnız süni suvarmalarla aparılmasını və bu  məqsədlə  müvafiq meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsini tələb edir. Ölkənin suvarılan torpaq sahələri kənd təsərrüfatına yararlı sahələrin üçdəbirini təşkil etsə də, kənd təsərrüfatı məhsullarının 90-95 faizi bu ərazilərdə istehsal olunur. Pambıq, tütün, tərəvəz və s. gəlirli bitkilərin isə hamısı suvarılan torpaqlarda becərilir.

Suvarılan torpaqlar yüksək səviyyədə inşa edilən meliorasiya və irriqasiya fondları ilə təchiz olunmuşdur. Bu torpaqların 609 min hektarında kompleks meliorasiya işləri aparılmış, 288 min hektar sahə açıq, 309 min hektar sahə örtülü, 13 min hektar sahə şaquli drenaj şəbəkələri ilə təmin edilmişdir. Suvarılan sahələrdə 52,6  min km suvarma kanalları, 31,9 min kilometr kollektor-drenaj şəbəkələri çəkilmiş, onların üzərində 125 min hidrotexniki qurğu, 1046 nasos stansiyası tikilmişdir. Bunlardan əlavə, çaylarda axının qeyri-mütənasibliyinin qarşısını almaq və su ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə çaylar üzərində 180  su anbarı, 20  hidroqovşaq inşa edilmiş, yeraltı sulardan suvarma və məişət ehtiyaclarını ödəmək  üçün 8566 subartezian quyusu qazılmışdır. Əkin sahələrini və yaşayış məntəqələrini çayların daşqın və sel sularından qorumaq üçün 206 kilometr  daş-beton və beton, 1676  kilometr torpaq bəndlər tikilmiş, su axınını bölüşdürən və tənzimləyən geniş və çoxsahəli meliorasiya və su təsərrüfatı kompleksi, geniş və tutarlı meliorasiya potensialı yaradılmışdır.

Ölkəmizdə meliorasiya və su təsərrüfatı sahəsinə maraq XIX əsrin ikinci yarısından başlanılmasına baxmayaraq, meliorasiya və irriqasiyanın intensiv inkişafı, geniş meliorasiya potensialının yaradılması, sahə üzrə perespektiv proqramların qəbul edilməsi ulu öndər Heydər Əliyevin respublikaya ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərə təsadüf edir. 1969-cu ildə ulu öndər respublika rəhbərliyinə gəldikdən sonra kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında Mərkəzi Komitənin və ittifaq hökumətinin bir neçə tarixi qərarlarının qəbul edilməsinə nail oldu. Bunlardan "Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında" (1970-ci il), "Azərbaycanda kənd təsərrüfatı istehsalının daha da intensivləşdirilməsi tədbirləri haqqında" (1975-ci il), "1976-1980-ci illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında" (1976-cı il) qərarlarını göstərmək olar. Həmin qərarlarla kənd təsərrüfatı istehsalının yüksəldilməsi, onun intensivləşdirilməsi və ixtisaslaşdırılması əsasında respublika iqtisadiyyatının dinamik inkişaf proqramları qəbul olumuşdur.

1970-ci ildə ulu öndərin təşəbbüsü ilə Azərbaycanda keçmiş SSRİ Meliorasiya və  Su Təsərrüfatı Nazirliyinin tabeliyində olan xüsusi tikinti təşkilatı - "Azərsutikinti" Baş İdarəsi yaradıldı. Respublikanın meliorasiya və su təsərrüfatına ittifaq hökuməti tərəfindən sərmayə qoyuluşu qat-qat artırıldı. 1970-1980-ci illərdə bir sıra mühüm əhəmiyyətli meliorasiya və su təsərrüfatı obyektləri inşa edilib istismara verildi. Sərsəng, Madagiz, Araz, Arpaçay, Sirab su anbarları və su elektrik stansiyaları, Mil-Muğan hidroqovşağı, Tərtərçay, Baş Mil-Muğan hidroqovşağı, Tərtərçay, Baş Mil, Yuxarı Mil, Yeni Xan qızı, Caqar-cibir magistral kanalları, Naxçıvan MR-də üçpilləli Qaraçuq və ikipilləli Arpaçay nasos stansiyaları, Naxçıvan suvarma sistemi, Abşeron suvarma sistemi, Zaqolovoçay su anbarı, Lənkərançay su anbarı kompleksi, Mərkəzi-Muğan və Cənub-Şərqi Şirvan qış otlaqlarının su təminatı sistemləri və s. kimi yüzlərlə obyekt məhz həmin illər istifadəyə verilmişdir ki, bu da respublikanın müxtəlif zonalarında sahələrdən yüksək məhsul götürülməsinə imkan yaratmışdır. Ümumiyyətlə, ulu öndərin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə meliorasiya və su təsərrüfatı kompleksinə sovet hakimiyyəti dövrünün əvvəlki 50 ili ərzində qoyulan vəsaitdən 2 dəfə artıq vəsait qoyulmuşdur. Həmin illər aparılmış geniş quruculuq işləri nəticəsində suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artmış, kənd təsərrüfatı sahəsində böyük nailiyyətlər əldə olunmuşdur. O dövrdə həmçinin sel və daşqın sularından mühafizə məqsədilə Kür çayı boyunca 124 km uzunluğunda torpaq mühafizə bəndləri tikilmiş, dağ və dağətəyi çaylarda 45 kilometr uzunluğunda yığma-beton, daş-beton bəndlər quraşdırılmışdır. Nəticədə  1983-cü ildə Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 1970-ci ildəkinə nisbətən 2,2 dəfə artmışdır. Bitkiçilik üzrə bu göstərici 2,6, heyvandarlıq sahəsində  isə 1,7 dəfə yüksək olmuşdur.

Ümummilli lider keçmiş ittifaq rəhbərliyində olduğu illərdə də Azərbaycan iqtisadiyyatının, o cümlədən meliorasiya və su təsərrüfatının inkişafını daim diqqət mərkəzində saxlamışdır.

Təəssüf ki, ulu öndər keçmiş İttifaq rəhbərliyindən getdikdən sonra kənd təsərrüfatının, xüsusilə də meliorasiya və su təsərrüfatının inkişafı tamamilə dayandı. Keçmiş respublika rəhbərliyinin səriştəsizliyi və bu sahəyə laqeyd münasibəti nəticəsində meliorasiya və su təsərrüfatı sahəsində tikinti işləri demək olar ki, aparılmırdı. Sistem və qurğuların saxlanması, istismarı və təmir-bərpasına ayrılan vəsaitin həcmi azaldıldığından onların istismarı xeyli çətinləşdi və bu sahədə bir sıra problemlər yarandı.

1993-cü ilin yayında ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə  qayıdışı ilə meliorasiya və su təsərrüfatı sahəsi öz inkişafının yeni mərhələsinə qədəm  qoydu, bu sahəyə diqqət və dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialının dağıdılmasının qarşısı alındı, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi.   Ölkə iqtisadiyyatında yaranmış gərginliyə baxmayaraq, hər il  meliorasiya və su təsərrüfatı sistemlərinin istismarına müəyyən miqdarda vəsait ayrılaraq onların  işlək vəziyyətdə saxlanılması üçün tələb olunan təmir-bərpa və təmizləmə işləri  həyata keçirildi və bu vəsaitin  həcmi ilbəil artırıldı. Eyni zamanda, aqrar sahə ilə paralel meliorasiya və su təsərrüfatında da islahatların aparılmasına başlanıldı. Əvvəl islahatların normativ-hüquqi bazası yaradıldı. Meliorasiya və irriqasiya sahəsində fəaliyyətin hüquqi əsaslarının müəyyənləşdirilməsi  və tənzimlənməsi məqsədilə 1996-cı ildə "Meliorasiya və irriqasiya haqqında", 1997-ci ildə "Azərbaycan Respublikasının Su Məcəlləsi", 2003-cü ildə "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" qanunlar qəbul edildi.

Su ehtiyatlarından səmərəli və qənaətlə istifadə emək üçün 1997-ci ildən tədricən sudan pullu istifadəyə keçildi, su istehlakçılarının təşəbbüsü ilə yerlərdə sudan istifadə edənlər assosiasiyalarının yaradılmasına başlanıldı. Müəyyən təşkilatı çətinliklərin olmasına baxmayaraq, görülmüş tədbirlər sayəsində ölkə üzrə sudan istifadəedənlər birliklərinin yaradılması başa çatdırıldı, bütün suvarılan sahələri əhatə edən 547 belə birlik yaradıldı. Bunlardan savayı, kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin ləğvi ilə əlaqədar onların balansında olmuş  təsərrüfatdaxili meliorasiya və irriqasiya sistemləri "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin balansına  götürüldü və onların təmir-bərpasına və təmizlənməsinə başlanıldı. Bu sistemlərin ASC-nin yerli istismar idarələrinin balansına götürülməsi onları tam məhv olmaq təhlükəsindən xilas etdi. Ötən dövr ölkə büdcəsindən ayrılan vəsait hesabına onların bir hissəsində təmir-bərpa  işləri aparıldı.

Bir mühüm faktı da qeyd edək ki, ulu öndərin göstərişləri ilə xarici investisiyalar, ilk növbədə, meliorasiya və  su təsərrüfatı sahəsinə yönəldildi. Sahəyə investisiya qoyuluşnun səmərəliliyini təmin etmək üçün tikintisi yarımçıq qalmış 11 obyekt seçildi. Onlardan iqtisadiyyatımız üçün son dərəcə vacib olan 3 obyektin - Baş Mil-Muğan  Kollektorunun tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının və Naxçıvan MR-də Vayxır su anbarının tikintisinin birinci  növbədə maliyyələşdirilməsi qərara alındı.

Baş Mil-Muğan kollektorunun tikintisinə 1985-ci ildə başlansa da, onun ümumi uzunluğundan 90 kilometrlik birinci buraxılış obyektinin tikintisi 1994-cü ildə istismara verildi. Kollektorun 52,7 kilometrlik ikinci hissəsinin tikintisinə İslam İnkişaf  Bankının krediti hesabına,  kollektorun Araz çayı ilə kəsişməsində  dükerin tikintisinə Dünya Bankının krediti hesabına 1998-ci ildə başlanıldı  və müvafiq olaraq 2000-ci və 2002-ci illərdə  başa çatdırıldı. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə daxil olan Xanarx kanalının tikintisinə İslam İnkişaf Bankı, Samur çayı üzərində baş suötürücü qurğunun və Samur-Abşeron kanalının Vəlvələçaya qədər olan 50 km-lik hissəsinin tikintisinə Dünya Bankı tərəfindən kredit ayrıldı və 2001-ci ildə hər iki obyektdə tikinti işlərinə, 2002-ci ildə isə Naxçıvan Muxtar Respublikasının Vayxır su  anbarının tikintisinin davam etdirilməsinə başlandı.

Ümumiyyətlə, dövlət büdcəsindən əsaslı  vəsait qoyuluşu hesabına 1993-2003-cü illərdə əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə 125300 poqon-metr suvarma kanalları və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün 369200 poqon-metr kollektor-drenaj şəbəkəsi tikilmiş və bərpa edilmiş, çaylarda sel və daşqın təhlükəsinin qarşısının alınması üçün 14603 poqon-metr mühafizə bəndləri tikilib istifadəyə verilmişdir.

Ölkəmizdə meliorasiya və su təsərrüfatına diqqət və qayğı  hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısının sahəyə diqqəti və yaxından köməyi sayəsində təməli ulu öndər tərəfindən qoyulan bir çox layihələr başa çatdırılmış və  bir çox yeni layihələrin həyata keçirilməsinə başlanılmışdır. Prezidentin 2007-ci il noyabr ayının 8-də Taxtakörpü su anbarının, 2009-cu il may ayının 25-də Şəmkirçay su anbarının SES-lə birlikdə təməlqoyma, 2010-cu il aprel ayının 29-da Cəlilabad rayonunda tikintisi başa çatdırılmış Göytəpə su anbarının və 2011-ci il avqustun 15-də Vəlvələçay-Taxtakörpü kanalının birinci mərhələsinin açılış mərasimlərində iştirak etməsi, Taxtakörpü Su Anbarında tikintinin gedişi ilə tanış olaraq tikinti işlərinin yüksək keyfiyyətlə başa çatdırılması üçün verdiyi tapşırıq, 2011-ci il noyabrın 16-da Qax rayonunda Hamamçay çayı üzərində tikilmiş körpünün açılış mərasimində iştirak etməsi və İlisu kəndinin sel və daşqın sularından mühafizəsi üzrə aparılan sahilbərkitmə işləri ilə tanış olub tövsiyələr verməsi, 2012-ci il mart ayının 13-də Masallı rayonunda su təchizatı, kanalizasiya sistemləri və sutəmizləyici qurğuların tikintisinin təməlqoyma mərasimində iştirak etməsi, 2008-ci il aprelin 29-da ölkəmizdə su təchizatı, meliorasiya, irriqasiya və kanalizasiya sistemlərinin inkişafı ilə bağlı layihələrə  dair xüsusi iclas keçirməsi bu qayğı və diqqətin parlaq təzahürüdür.

Prezidentin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarında nəzərdə tutulmuş meliorasiya və su təsərrüfatı obyektlərinə xarici investisiyalar, Dövlət Neft Fondundan və dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına 2010-cu ildə  2003-cü ilə nisbətən 31 dəfə çox tikinti, yenidənqurma və  bərpa işləri aparılmışdır. Dövlət başçısının sahəyə diqqətinin nəticəsidir ki, 2004-2011-ci illərdə meliorasiya tədbirlərinə  ayrılan vəsaitin həcmi 6,3 dəfə, bütün maliyyə mənbələri hesabına sahəyə  əsaslı kapital qoyuluşu 37 dəfəyə yaxın artmışdır. Nəticədə mövcud meliorasiya obyektlərinin istismarı yaxşılaşmış, sistem üzrə işçilərin əməkhaqqı 7,4 dəfə artmış, sahənin maddi-texniki bazası gücləndirilmiş, 1200-dən artıq maşın-mexanizm alınmışdır. Bunların sayəsində əkin sahələrindən duzlu yeraltı qrunt sularının Xəzər dənizinə axıdılması üçün Baş Mil-Muğan kollektorunun sonuncu - 3-cü 31 kilometrlik hissəsinin və 71,2 kilometr təsərrüfatlararası kollektorların qurğularla birlikdə  tikintisi, Samur-Abşeron suvarma sistemində kanalın qurğularla birlikdə ilk 50 kilometrlik hissəsinin və 185,7 kilometrlik uzunluğunda təsərrüfatlararası kanalların yenidən qurulması, 67,2 kilometr uzunluğunda Xanarx kanalının tikintisi, Vayxır su anbarının, Yuxarı Mil kanalının 4,26 kilometrlik hissəsinin, Ağcabədi rayonu ərazisində yerləşən Laçın qış otlaqlarında məskunlaşmış məcburi köçkünlərin su təchizatının yaxşılaşdırılması üçün Qarqar çayında suqəbuledici qurğunun və kanalın, Göyçay çayında suqəbuledici qurğunun, çaylarda 56 kilometr uzunluğunda beton-daş beton bəndlərin və onlarca belə obyektin tikintisi başa çatdırılmışdır. Həmçinin Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə daxil olan, təməli Prizident İlham Əliyev tərəfindən qoyulan Taxtakörpü su anbarının, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanallarının, uzun illər vəsait çatışmazlığı üzündən tikintisi yarımçıq qalmış Tovuzçay su anbarının, Şəmkir maşın kanalının birinci növbəsinin, Qazax, Ağstafa, Şəki, Salyan, Ucar, Neftçala, Kürdəmir, Saatlı, Hacıqabul və digər rayonlarda çox sayda meliorasiya obyektlərinin tikintisinə başlanılmış və istismara verilmişdir. Bu dövr Cəlilabad rayonunda Göytəpə su anbarının, Şəki rayonunun Cəyirli, Şəkikənd və Aran, Qax rayonunda Güllük, Qazaxda Xanlıqlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı və İkinci Şıxlı kəndlərinin, Füzuli rayonunda məskunlaşmış məcburi köçkün ailələrinə ayrılmış 1100 ha əkin sahəsinin, Ağdamda Ergi massivinin və Yevlax rayonunda 1000 ha torpaq sahəsinin su təminatının yaxşılaşdırılması üçün suvarma şəbəkələrinin tikintisi də yekunlaşmışdır. Bunlardan əlavə, dövlət büdcəsindən ayrılan vəsait hesabına Kür-Araz və dağ çaylarında sel və daşqınlara qarşı sahilbərkitmə işləri və meliorasiya obyektlərində  baş verən qəza vəziyyətinin aradan qaldırılması üzrə tədbirlər həyata keçirilərək 126,5 kilometr uzunluğunda mühafizə bəndləri tikilmiş, 24,6 kilometr uzunluğunda məcradüzləndirmə işləri aparılmışdır. Bu sıraya İslam İnkişaf Bankının, Səudiyyə İnkişaf və OPEK fondlarının krediti hesabına 2007-ci ildə tikintisinə başlanmış və sərfi saniyədə 75 kubmetr olan Vəlvələçay-Taxtakörpü kanalının birinci mərhələ üzrə 10,7 kilometrlik  hissəsinin tikintisinin başa çatdırılmasını da əlavə etmək olar.

Dünya Bankının krediti hesabına "2-ci irriqasiya" layihəsi çərçivəsində Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ağcabədi, Zərdab, Goranboy, Xaçmaz, Quba, Naxçıvan MR-in Babək və Şərur rayonları ərazisində 52 min hektar sahədə suvarma-drenaj şəbəkələrinin bərpası və Bəhrəmtəpə hidroqovşağının yenidən qurulması üzrə işlər isə 2010-cu ildə başa çatdırılmış, "Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək" layihəsinin icrasına başlanılmışdır. Layihə çərçivəsində 15 rayonda 85 min hektar sahədə təsərrüfatdaxili suvarma-drenaj şəbəkələrinin təmir-bərpası nəzərdə tutulmuşdur.

Asiya İnkişaf Bankının krediti hesabına "Selə qarşı tədbirlər" layihəsi çərçivəsində 2006-2008-ci illərdə 12 rayonun ərazisində 34079 poqon-metr uzunluğunda sahilbərkitmə işləri də görülmüşdür. Layihənin həyata keçirilməsi nəticəsində 80 min hektar torpaq sahəsinin, 215 min nəfər əhalinin məskunlaşdığı 5 şəhərin və 43 kəndin sel və daşqın təhlükəsindən müdafiəsi təmin olunmuşdur.

Prezidentin göstərişinə əsasən, Dövlət Neft Fondunun vəsaiti hesabına 2006-cı ildən ümumi su tutumu 268 milyon kubmetr olan Taxtakörpü su anbarının (SES-lə birlikdə), uzunluğu 111 kilometr və sərfi saniyədə 40 kubmetr olan Taxtakörpü-Ceyranbatan kanalının tikintisi davam etdirilir. Tikintinin cari ildə başa çatdırılması gözlənilir. İnşasına 2009-cu ildən başlanmış Şəmkirçay  üzərindəki dəryaçanın tikinti işləri də uğurla davam edir. İşlər başa çatdıqdan sonra Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının 50 min hektar torpaq sahəsinin su təminatı yaxşılaşacaq, 21 min hektar yeni suvarılan torpaqlar istifadəyə veriləcək. 2011-ci ildə isə Dünya Bankının krediti ilə "Milli Su təchizatı və Kanalizasiya Xidmətləri üzrə ikinci layihə" çərçivəsində 8 rayonda içməli su və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi  işlərinə başlanılmışdır. Eyni zamanda, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na daxil olan tədbirlərin icrası ilə bağlı layihə sənədləri hazırlanaraq Abşeron magistral kanalının yenidən qurulması, Xəzər rayonu üzrə Zirə, Sabunçu rayonu üzrə  Bilgəh, Suraxanı rayonu üzrə Hövsan, Abşeron rayonu üzrə Goradil kəndlərində əkin və həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması tədbirləri üzrə nasos stansiyalarının, suqəbuledici hovuzların və təzyiqli boru kəmərlərinin tikintisinə və təmir-bərpa işlərinə də start verilmişdir.

Ölkədə iri taxılçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar ASC tərəfindən 230 min hektardan artıq ərazidə az məhsuldar qış  otlaq və Dövlət torpaq fondunda olan sahələr və onlarda aparılacaq kompleks meliorativ tədbirlər müəyyənləşdirilmişdir. Hazırda Ağcabədi rayonu ərazisində 3300, Beyləqan rayonunda 1500 ha pilot taxılçılıq təsərrüfatlarının yaradılması məqsədilə Yuxarı Mil kanalının 10,7 kilometrlik hissəsi inşa olunur.

Bütövlükdə son 9 ildə 1272 kilometr uzunluğunda suvarma kanallarının və 874 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, təmir-bərpası və yenidən qurulması işləri həyata keçirilmiş, 147 min hektar sahədə suvarılan torpaqların meliorativ vəziyyəti, 121 min hektar ərazidə suvarılan torpaqların su təminatı yaxşılaşdırılmış, 682 subartezian quyusu qazılıb istifadəyə verilmişdir. Nəticədə təkcə 2012-ci ildə vegetasiya suvarması başlananadək anbarlarda 17,9 milyard kubmetr həcmində su toplanmışdır ki, bu da  suvarmanın mütəşəkkil keçirilməsinə şərait yaratmışdır. Ölkə üzrə bütün kənd təsərrüfatı bitkiləri 1353,7 min hektar sahədə orta hesabla 3,3, o cümlədən 567323 hektarda taxıl, 2,4, pambıq 31192 hektarda 3,1, tütün 1332 hektarda 3,6, bostan-tərəvəz 70758 hektarda 4,8, çoxillik əkmələr 83714 hektarda 3,4, 156373 hektar həyətyanı sahələrdə 4,6 dəfə suvarılmışdır.

Dövlət büdcəsindən əsaslı tikintiyə ayrılmış vəsait hesabına ölkə ərazisində iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar Nazirlər Kabinetinin 2012-ci il 11 aprel tarixli 9 nömrəli sərəncamın icrası üçün "Yuxarı Mil kanalının tikintisi" layihəsi çərçivəsində kanalın 6,7 kilometrlik hissəsinin hidrotexniki qurğularla birlikdə tikintisi başa çatdırılmışdır. Bu zonada ASC-yə həvalə edilmiş 774 və 831 hektar sahələrdə kompleks meliorativ tədbirlər həyata keçirilmişdir. Kanal Beyləqan rayonunun 1500, Ağcabədi rayonunun 3300 ha sahəsində özəl taxılçılıq təsərrüfatlarını suvarma suyu ilə təmin etməyə tam hazırdır. Hacıqabul rayonunun Muğan, Padar və Qarasu kəndlərində torpaq sahələrinin suvarılmasını təmin etmək üçün isə Padar magistral kanalının hidrotexniki qurğularla birlikdə 3 kilometrlik hissəsinin tikintisi üzrə işlər yerinə yetirilmişdir. Yeri gəlmişkən qeyd edək ki, Hacıqabul rayonunda Pirsaat, Astarada Ləvain, Şamaxıda Zoqalavaçay, Tovuzda Tovuzçay su anbarında əsaslı təmir işləri aparılmış, Şəmkirçay üzərində dəryaçanın tikintisi davam etdirilmiş, bənddə gil və daş-qaya tökmə işləri, elektrik stansiyasında və paylayıcı hovuzda beton işləri yerinə yetirilmiş, su anbarının tikintisi kompleksinə daxil olan nəqledici magistral kanalın 1945, qidalandırıcı kanalın 6721, Təhliyyə kanalının 4357, Sol və Sağ sahil Şəmkirçay magistral kanalların 13535 poqon-metr hissəsinin qurğularla birlikdə tikintisi  tamamlanmışdır. Su anbarından kanallara suyu ötürmək üçün tunelin 6902 poqon-metr hissəsi qazılmış və onun 2500 poqon-metr hissəsi betonlaşmışdır. Hazırda həmin kanalların və tunelin qalan hissələrində işlər davam edir.

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi ilə bağlı Abşeron magistral kanalının 5 kilometrlik başlanğıc və Xəzər rayonunun Zirə və Türkan qəsəbələri ərazisindən keçən 15 kilometrlik hissələrində yenidənqurma işləri aparılmışdır. Zirə, Bilgəh, Hövsan və Goradildə həyətyanı sahələrə su verilməsi üçün nasos stansiyaslarının, suqəbuledici hovuzların və təzyiqli boru kəmərlərinin tikintisi və təmir-bərpası üzrə işlər də yerinə yetirilmişdir.

Ölkənin sel təhlükəli çaylarında daşqınlara qarşı 6904 poqon-metr uzunluğunda sahilbərkitmə işlərinin yerinə yetirilməsi də son illər həyata keçirdiyimiz mühüm tədbirlərdəndir. Bu sırada İran İslam Respublikası ilə sərhəddə yerləşən Araz və Bolharı çaylarında 700 poqon-metr sahilbərkitmə işləri aparılmışdır.

Ötən illər qazanılmış nailiyyətlər bu ilin birinci yarısında da uğurla davam etdirilib. Belə ki, 2013-cü ilin 4 ayı ərzində suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 11,4 milyon kubmetr həcmində lildən təmizləmə işləri görülmüş, 1170 hidrotexniki qurğu, 196 hidropost, 65 subartezian nasosu, 18 stasionar nasos, 14 elektrik və dizel mühərriki, 7 transformator, 2 üzən nasos stansiya təmir edilərək işlək vəziyyətə gətirilmişdir. Bunlardan əlavə, çay məcralarında 3,1 milyon kubmetr həcmində məcratəmizləmə işləri aparılmış, 0,8 min kubmetr qabionbəndlər quraşdırılmış, daş-beton bəndlərdə 4,3 min kubmetr təmir işləri görülmüşdür. Aparılan təmir və bərpa işləri əvvəlki illərdə olduğu kimi, bu il də əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasına şərait yaradır.

Ötən müddət ərzində "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə" çərçivəsində 100,3 kilometr su xətləri və 63,2  kilometr uzunluğunda kanalizasiya xətləri  çəkilmişdir. Bunlardan əlavə, Dünya Bankının krediti və Azərbaycan hökumətinin vəsaitləri hesabına "Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi" çərçivəsində İmişli, Saatlı, Sabirabad, Goranboy, Ağcabədi, Qusar və Zaqatala rayonlarında drenaj şəbəkələrdə, suvarma kanallarda qazma və lildən təmizləmə işləri aparılmış, hidrotexniki qurğular təmir olunmuş, 391 yeni qurğu tikilmişdir.

İri taxılçılıq təsərrüfatlarının yaradılması üçün nəzərdə tutulan obyektlər üzrə  Hacıqabul rayonunun inzibati ərazisindəki otlaq sahəsində, Füzuli və Ağcabədi rayonlarının inzibati ərazilərində icarədə olan Dövlət Ehtiyat Fondu torpaqlarında tikinti işlərinə başlanılmışdır. Eyni zamanda, su təchizatının yaxşılaşdırılması üzrə rayonların ərazisində 1610 ha sahədə  qazılacaq 55 subartezian quyusunun yerləri müəyyənləşdirilmiş və layihə sənədlərinin hazırlanması üzrə işlər tamamlanmış, 10 quyuda qazma işləri başa çatdırılmışdır. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına 29 rayonun 104 yaşayış məntəqəsində  əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün qazılacaq 107 subartezian quyusunun yeri də müəyyənləşdirilmişdir.

Qrunt sularının səviyyəsinin aşağı salınması və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Biləsuvar rayonunun Aranlı və Çinarlı kəndlərində və rayonun sərhədyanı ərazilərində, Yevlax rayonunun 1000 ha torpaq sahəsində, Laçın rayonunun Ağcabədi rayonu ərazisində yerləşən qış otlaqlarında, İsmayıllı rayonunun  Mican kəndində, Tərtər, Ağstafa və Şəmkir rayonlarında qrunt sularının səviyyəsinin aşağı salınması məqsədilə açıq suyığıcı və qapalı drenaj şəbəkəsinin tikilməsi də cari il həyata keçiriləsi tədbirlərdəndir. Ümumilikdə bu il 22,3 kilometr uzunluğunda kollektor-drenaj şəbəkəsinin tikintisi, yenidən qurulması və bərpası aparılmış, 380 hektar ərazidə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmışdır.

Cari ildə sel və daşqınlara qarşı mühafizə bəndlərinin tikintisi də davam etdirilib. İndiyədək Göyçay çayı, Ağsuçay, Tərtərçay, Ağstafaçay, Daşagilçay, Oğuzçay, Şinçay, Kişçay, Qurcanaçay, Küngütçay, Muxaxçay, Katexçay, Balakənçay, İnterçay, Zəyəmçay, Kürmükçay, Mazımçay, Zərnəçay, Hamamçay, Alazançay, Pensərçay, Qudyalçay, Qusarçay və Dəmiraparançayda 2823 poqon-metr uzunluğunda sahilbərkitmə işləri görülmüş, Türyançayın 1694 poqon-metr uzunluğunda məcrası bərkidilmişdir. Bu istiqamətdə işlər yenə davam edir.

Həyata keçirilmiş tədbirlər regionların su təminatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına və bununla da kənd təsərrüfatı məhsullarının əhəmiyyətli dərəcədə artmasına şərait yaratmışdır.

ASC tərəfindən görülən işlərlə yanaşı, ölkədə meliorasiya və su təsərrüfatının dayanıqlı inkişafını təmin etmək üçün sahənin gələcək inkişaf istiqamətləri və görüləcək işlər də müəyyənləşdirilmişdir.

Növbəti illərdə meliorasiya və su təsərrüfatı sahəsində bir sıra təxirəsalınmaz tədbirlərin görülməsi nəzərdə tutulur. Bunların sırasına su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi, mövcud meliorasiya və su təsərrüfatı fondlarının qorunub saxlanılması, onların istismarının yaxşılaşdırılması, sahənin maddi-texniki bazasının gücləndirilməsinin təmin edilməsi, suvarılan torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sahil mühafizə bəndlərinin tikilməsi hesabına sel və daşqın sularının zərərli təsirinin qarşısının alınması, su ehtiyatlarından səmərəli istifadə edilməsi və suya qənaətedici texnika və texnologiyaların tətbiqinin genişləndirilməsi, meliorasiya və su təsərrüfatının elmi təminatının gücləndirilməsi kimi vəzifələr aiddir.

Ümumi tutumu 545 milyon kubmetr olan 8 yeni su anbarının tikilməsi, ümumi tutumu 472 milyon kubmetr olan 5 su anbarının layihəsinin hazırlanması, 418 kilometr uzunluğunda suvarma kanallarının tikilməsi, 115 min hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi, 309 min hektar sahənin meliorativ vəziyyətinin yaxşılaşdırılması, 246 min hektar sahədə suvarma və kollektor-drenaj şəbəkələrinin yenidən qurulması, 89 min metr qoruyucu bəndlərin tikilməsi də nəzərdə tutulan tədbirlərdir.   Bunların həyata keçirilməsi ölkədə becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının xeyli artmasına, çaylarda axının nizamlanmasının təmin edilməsinə və istifadə edilmədən Xəzər dənizinə axıdılan suların həcminin xeyli azaldılmasına imkan yaranacaq.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında meliorasiya və su təsərrüfatının inkişafına xüsusi diqqət verilmişdir. Sahənin qarşısında duran vəzifələrdən danışarkən dövlət başçısı demişdir: "Hazırda Azərbaycanda iki nəhəng layihə - Taxtakörpü su anbarı, Samur-Abşeron kanalı və Şəmkirçay su dəryaçası layihələri icra edilir. Bu layihələrin icrası nəticəsində on minlərlə hektar torpaq dövriyyəyə buraxılacaq və minlərlə fermer bundan bəhrələnəcəkdir. Bu layihələr  çox böyük maliyyə vəsaiti tələb edir və biz bu vəsaiti ayırırıq. Çünki bu, ölkə iqtisadiyyatı, biznesin aparılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün lazımdır. Taxtakörpü su anbarı bu il istifadəyə verilməlidir. Şəmkirçay su anbarı isə yəqin ki, gələn il istifadəyə veriləcəkdir. Hər halda, Dövlət İnvestisiya Proqramında və Neft Fondunun investisiya layihələrində bu sahəyə kifayət qədər böyük məbləğ ayrılır. Sadəcə olaraq, bütün işlər yüksək keyfiyyətlə və vaxtında aparılmalıdır".

Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda, Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda, regionlara səfərləri zamanı etdiyi çıxışlarında da dövlət başçısı hər zaman ölkədə meliorasiya və su təsərrüfatının inkişafına ciddi önəm vermişdir. Dövlət başçısının ölkə melioratorlarının əməyinə və sahənin roluna verdiyi bu yüksək qiymət  bizi daha səylə  işləməyə və daha böyük nailiyyətlər qazanmağa sövq edir.

 

 

Əhməd ƏHMƏDZADƏ,

"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri

 

Azərbaycan.-2013.- 5 iyun.- S.7.