Azərbaycan Texniki Universitetində «Çağdaş mühəndislik təhsili» mövzusunda Beynəlxalq elmi-praktik seminar keçirilmişdir

 

İyunun 4-də Azərbaycan Texniki Universitetində (AzTU) bu ali məktəbin, "Gənc Mühəndislərin İnkişafı" və "Gənclərin Elmi Araşdırmalarına Dəstək" ictimai birliklərinin birgə təşkilatçılığı ilə "Çağdaş mühəndislik təhsili" mövzusunda Beynəlxalq elmi-praktik seminar keçirilmişdir.

AzərTAc xəbər verir ki, AzTU-nun rektoru, professor Havar Məmmədov  seminarın əhəmiyyətindən, Azərbaycanın böyük mühəndislik potensialına sahib olmasından, gənc mühəndislərimizin beynəlxalq şəbəkələrə inteqrasiya  imkanlarından danışmışdır.

Rektor bildirmişdir ki, mühəndislik təhsilinə diqqətin artırılması, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi yolu ilə yeni əsrin mühəndislərinin hazırlanmasında universitetlərin rolunun yüksəldilməsi müasir dövrün əsas tələblərindəndir. Respublikamızda iqtisadiyyatın bütün sahələrində qazanılan uğurlar mühəndis təhsilinə diqqətin artırılmasını günün ən aktual məsələlərindən birinə çevirmişdir. Hazırda ölkəmizdə bu istiqamətdə genişmiqyaslı işlərə başlanmışdır. Gənclərimizin yüksək mühəndislik təhsili almaq üçün dünyanın nüfuzlu universitetlərinə göndərilməsi, Azərbaycan universitetlərinin maddi-texniki bazasının müasir avadanlıq və cihazlar hesabına möhkəmləndirilməsi, mərkəzləşdirilmiş inkubatorlar və texnoparkların yaradılması bu qəbildən görülən işlərdəndir.

Vurğulanmışdır ki, seminarda AzTU ilə yanaşı, Qafqaz Universiteti, Azərbaycan İnşaat və Memarlıq Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Xəzər Universiteti və digər ali məktəblərin gənc tədqiqatçıları, müəllimlər, magistr və mühəndisləri iştirak edirlər. Bildirilmişdir ki, onların bir çoxu gələcəkdə Azərbaycanda mühəndislik təhsilinin istiqamətlərini müəyyənləşdirəcək şəxslər olacaqdır. Bu baxımdan seminarda müzakirə edilən ABŞ-da mühəndislik təhsili ilə bağlı aktual mövzular Azərbaycan mühəndisləri üçün də çox vacibdir.

Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, maddi-texniki bazası haqqında məlumat verən rektor AzTU-nun bir sıra beynəlxalq layihələrdə uğurlu fəaliyyətini xüsusi vurğulamışdır.

"Gənc Mühəndislərin İnkişafı"  İctimai Birliyinin baş katibi Dəyanət Əhmədov, "Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyinin  sədri, dosent Məmmədəli Babaşlı  təmsil etdikləri qurumların fəaliyyətindən, həyata keçirilən layihələrdən söz açmışlar. Ölkənin bir sıra ali məktəblərində belə seminarların təşkil edildiyini diqqətə çatdıran natiqlər AzTU ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiklərini,  respublikamız üçün yüksək ixtisaslı mühəndis kadrların  hazırlanması sahəsində  böyük nüfuz qazanmış bu ali təhsil ocağı ilə birgə fəaliyyətin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduqlarını bildirmişlər.

Seminarda ABŞ-ın Cənub Politexnik Dövlət Universitetinin dosenti Fatih Öncül "ABŞ-da mühəndislik təhsili və mühəndislik təhsilinin gələcəyi" mövzusunda məruzə-təqdimat ilə çıxış etmişdir.

Təqdimatda Amerikada çağdaş mühəndislik təhsilinin inkişafı, bu sahədəki yeniliklər və qazanılan uğurlar barəsində geniş məlumat verilmişdir.

Sonra F.Öncül tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.

Seminar iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.

Sonda tədbir iştirakçıları AzTU-nun binasını gəzmiş, universitetin müasir avadanlıq və cihazlarla təchiz olunmuş laboratoriyaları, fənn kabinələri ilə yaxından tanış olmuşlar.

 

Azərbaycan.-2013.- 5 iyun.- S.10.