Azərbaycanda Belarus Respublikasının Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi olmuşdur

 

İyunun 4-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanda Belarus Respublikasının Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev əlamətdar hadisə münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. Bildirmişdir ki, mədəniyyət günlərinin keçirilməsi mədəni yaradıcılıq mübadiləsi, eləcə də ölkələrin ən yaxşı mədəni nailiyyətlərini əks etdirmək baxımından əhəmiyyətlidir.

Diqqətə çatdırılmışdır ki, keçən il Belarusda Azərbaycan Mədəniyyəti Günləri uğurla keçirilmişdir. Hazırda Belarus Dövlət Akademik Opera və Balet Teatrının təşəbbüsü ilə görkəmli bəstəkar Qara Qarayevin 95 illik yubileyi münasibətilə onun "Yeddi gözəl" baletinin səhnəyə qoyulması planlaşdırılır. Bu isə hər iki ölkə arasında mədəni əlaqələrin daha da genişlənməsinə səbəb olacaqdır.

 Belarusun mədəniyyət nazirinin müavini Vasili Çernik bildirmişdir ki, mədəniyyət günlərinin iştirakçıları qədim və zəngin  mədəniyyətə malik Azərbaycan tamaşaçıları qarşısında çıxış etmək ərəfəsində xoş bir həyəcan yaşayırlar.

Qonaq  vurğulamışdır ki, hər iki ölkə arasında dərin tarixi və mədəni köklərə malik əlaqələr Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən uğurla inkişaf etdirilir. Həmçinin mədəniyyət sahəsində də əməkdaşlıq genişlənməkdədir. Sevindirici haldır ki, bu əlaqələrə hər dəfə yeni məzmun əlavə olunur.

Nazir müavini demişdir ki, Azərbaycanda Belarus Mədəniyyəti Günləri çərçivəsində bu ölkənin incəsənət ustalarının konserti, Belarusun həyatına və təbiətinə dair fotosərgi, bədii və cizgi filmləri nümayiş etdiriləcək, digər maraqlı tədbirlər olacaqdır. Ümid edirəm ki, Azərbaycanda Belarus Mədəniyyəti Günləri əsl sənət bayramına çevriləcək, həmçinin azərbaycanlı tamaşaçılar Belarus mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Vasili Çernik Belarus Mədəniyyəti Günlərinin təşkilində göstərilən köməyə görə Azərbaycan Respublikasının  Mədəniyyət və Turizm Nazirliyinə, ölkəsinin Azərbaycandakı səfirliyinə təşəkkürünü bildirmişdir.

Sonra Belarus Respublikasının incəsənət ustalarının qala-konserti olmuşdur. Konsertdə "Svyata" Belarus Dövlət Xalq Musiqisi Ansamblının ifasında xalq və bəstəkar mahnıları təqdim edilmişdir.

Konsertdə, həmçinin Belarusda yaşayan həmvətənimiz Günəş Abbasovanın da çıxışı dinlənilmişdir. O, Belarus mahnılarını və "Ayrılıq" Azərbaycan xalq mahnısını ifa etmişdir.

Qala-konsert alqışlarla qarşılanmışdır.

 

Azərbaycan.-2013.- 5 iyun.- S.11.