Bakıda akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans işə başlamışdır

 

İyunun 5-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), AMEA-nın Botanika İnstitutu Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin (İSPR) birgə təşkilatçılığı ilə dünya şöhrətli alim, ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş "Cəlal Əliyev. Davamlı inkişaf  üçün fotosintez tədqiqatları-2013" mövzusunda beynəlxalq konfrans işə başlamışdır.

AzərTAc xəbər verir ki, konfransda dünyanın 37 ölkəsindən 300-dən çox mütəxəssis iştirak edir.

Konfransın plenar iclasında Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov bildirmişdir ki, azərbaycanlı alimə həsr olunan bu cür irimiqyaslı beynəlxalq elmi tədbirin Bakıda ilk dəfə keçirilməsi Cəlal Əliyevin şəxsiyyətinə olan böyük hörmət, onun və yaratdığı məktəbin fotosintezin tədqiqi sahəsində əldə etdiyi misilsiz nailiyyətlər, qazanılan uğurların dünya elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilməsi ilə bağlıdır.

Azərbaycan paytaxtının artıq bir çox beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini qeyd edən nazir bunu ölkəmizin daim artmaqda olan iqtisadi gücü ilə  əlaqələndirmişdir. Diqqətə çatdırmışdır ki, bu, həm də Azərbaycanın beynəlxalq və regional problemlərin həllinə verdiyi töhfələr və  ölkəmizdə biliklərə əsaslanan yeni bir dövrün başlanması ilə bağlıdır.

Akademik Ə.Abbasov bildirmişdir ki, bu gün Azərbaycan  regionda və dünyada ərzaq, enerji təhlükəsizliyi kimi böyük problemlərin həllinə öz töhfələrini verməkdədir. Bu uğurların qazanılmasında akademik Cəlal Əliyevin elmi fəaliyyətinin böyük rolu olmuşdur.

Sonra nazir Əli Abbasov akademik Cəlal Əliyevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamını oxumuşdur.

Əli Abbasov yüksək dövlət mükafatını - "Şərəf" ordenini yubilyara təqdim etmişdir.

Akademik  Cəlal Əliyev çıxış edərək demişdir ki, Prezident İlham Əliyev Azərbaycanda elmin, təhsilin inkişafına, intellektual sahələrə xüsusi diqqət göstərir. Ölkəmizdə elm adamlarının səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradılır. Bu da öz bəhrəsini verməkdədir. Alim vurğulamışdır ki, iqtisadiyyatı, həyat səviyyəsi  yüksək olan ölkələrdə elm də sürətlə  inkişaf edir, dünya elminə inteqrasiya olunur.

Akademik Cəlal Əliyev göstərilən diqqət və qayğıya, əməyinə verilən qiymətə, yüksək mükafata görə dövlət başçısına minnətdarlığını bildirmişdir.

Dublin Universitet Kollecinin professoru Brus Osborn fotosintez prosesinin öyrənilməsinin, akademik Cəlal Əliyevin fotosintezlə bağlı tədqiqatlarının əhəmiyyətindən, Azərbaycanın bu sahədə dünyada tanınan alimi ilə elmi yaradıcılıq əlaqələrindən danışmışdır.

Akademik Cəlal Əliyevin fotosintezin öyrənilməsində böyük nailiyyətlər qazandığını qeyd edən B.Osborn bildirmişdir ki, bu, görkəmli alimin təşəbbüsü ilə Bakıda  davamlı inkişaf üçün fotosintez tədqiqatlarına həsr olunan ikinci konfransdır. Fotosintezlə bağlı uzunmüddətli tədqiqatlar həyata keçirilsə də, onun fundamental problemləri hələ də qalır. Əminəm ki, hazırkı konfrans  bu sahədə mövcud problemlərin həllində mühüm rol oynayacaqdır.

Konfransın Rusiya Federasiyasından olan iştirakçısı biologiya elmləri doktoru, professor Süleyman Allahverdiyev akademik Cəlal Əliyevin Azərbaycan biologiya elminin inkişafında əvəzsiz xidmətlərindən, alimin öz məhsuldar əməyi ilə dünya elminə böyük töhfələr verməsindən söz açmışdır.

Bildirmişdir ki, bu gün akademik Cəlal Əliyevin yetirmələri dünyanın qabaqcıl elm mərkəzlərində fəaliyyət göstərir, öz müəllimlərindən öyrəndiklərini təcrübədə uğurla tətbiq edirlər.

S.Allahverdiyev akademik Cəlal Əliyevin tələbəsi olduğu üçün qürur hissi keçirdiyini bildirmiş, müəllimini yubileyi münasibətilə təbrik etmişdir. O, müəyyən səbəblərə görə konfransda iştirak etməyən  Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin keçmiş prezidenti Ceyms Barber (Böyük Britaniya) və amerikalı alim Necat Vəziroğlunun da təbriklərini akademik Cəlal Əliyevə çatdırmışdır.

Kimya üzrə Nobel mükafatı laureatı, Kembric Universitetinin professoru Jon Uolker Azərbaycanın dünya şöhrətli akademikinin yubileyinə həsr olunmuş tədbirdə çıxış etməsindən şərəf duyduğunu bildirmiş, alimi yubiley münasibətilə təbrik etmişdir.

Akademik Cəlal Əliyevin elmdə qazandığı nailiyyətləri qeyd edən J.Uolker onun fotosintezin öyrənilməsi sahəsində əvəzsiz lider olduğunu vurğulamışdır. 

Azərbaycanın böyük turizm potensialına sahib olduğunu vurğulayan Nobel mükafatçısı xarici mütəxəssislərin ölkədə keçirilən bu cür vacib tədbirlərdə iştirakına və ölkənin zəngin mədəniyyəti ilə tanışlığa yaradılan şəraitə  görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirmişdir.

ABŞ-ın Pensilvaniya Universitetinin professoru Lesli Daton konfransın əhəmiyyətini, akademik Cəlal Əliyevin Azərbaycan elminə böyük  töhfələr verdiyini qeyd etmişdir. Fotosintez tədqiqatlarına həsr olunmuş konfransın bu sahənin mütəxəssislərini bir araya gətirdiyini vurğulayan amerikalı alim  bu tədbirin iki ildən bir keçirilməsini, Azərbaycanın dünyanın diqqətini daha çox cəlb edən ölkələrdən biri olmasını arzulamışdır. 

Azərbaycana artıq üçüncü dəfə gəldiyini qeyd edən yaponiyalı alim Morio Murata akademik Cəlal Əliyev ilə  20 il əvvəl tanış olduğunu, onun fotosintezin öyrənilməsi sahəsində böyük  uğurlara  imza atdığını vurğulamışdır. Akademik Cəlal Əliyevin tədqiqatlarının dünya alimləri tərəfindən yüksək qiymətləndirildiyini  diqqətə çatdıran M.Murata demişdir ki, alimin çoxlu sayda yetirmələri hazırda dünyanın nüfuzlu elm mərkəzlərində çalışırlar və onlar akademik Cəlal Əliyevin tələbəsi  olduqlarını böyük fəxrlə söyləyirlər.

Macarıstanın Əkinçilik Fiziologiyası İnstitutunun professoru Qyözö Qarab akademik Cəlal Əliyevin Azərbaycanda böyük elmi laboratoriyası olduğunu, alimin dünyaya istedadlı tələbələr bəxş etdiyini vurğulamış, dünya şöhrətli alimi təbrik etmək üçün  imkan əldə etdiyinə görə  tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir. Konfransın əhəmiyyətindən danışan macarıstanlı alim demişdir ki, bu tədbir həm də bizə Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olmağa fürsət yaradır.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov ölkəmizdə dövlət tərəfindən elm adamlarına, eləcə də elmi-tədqiqat işlərinin aparılmasına xüsusi diqqət yetirildiyini bildirmişlər.

Akademiklər əminliklə vurğulamışlar ki,  fotosintez tədqiqatları  ilə bağlı Bakıda artıq ikinci dəfə keçirilən konfrans Azərbaycan elminin təbliğində və onun dünya elminə inteqrasiyasında mühüm rol oynayacaq, respublikamızda elmin digər sahələrinin dinamik inkişafına güclü təkan verəcəkdir.

Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının vitse-prezidenti, akademik İvan Sobçenko  demişdir ki, bu gün Azərbaycan elminin bayramıdır. Çünki bu gün Azərbaycan elminə böyük töhfələr vermiş bir alimin yubileyi qeyd olunur. Akademik Cəlal Əliyev məhsuldarlığı aşağı olan torpaqlarda hər hektardan 7-8 ton məhsul almağa kömək edən buğda sortu yetişdirmişdir. Bu cür nailiyyətə sahib olan insan əsl qəhrəmandır.

Rusiya və Azərbaycan alimlərinin birgə fəaliyyətindən söz açan rusiyalı akademik bu əməkdaşlığın davamlı olmasını arzulamışdır.

Akademik Cəlal Əliyevin Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının fəxri akademiki seçildiyini vurğulayan İ.Sobçenko  akademiyanın prezidenti, akademik Yevgeni Romanenkonun səmimi təbrikini və xoş arzularını azərbaycanlı həmkarına çatdırmışdır.

Rusiya Federasiyası Tatarıstan Milli Elmlər Akademiyasının müxbir üzvü Robert İlyazov biologiya elminin ağsaqqalı, akademik Cəlal Əliyevi salamlamaqdan şərəf duyduğunu vurğulayaraq bildirmişdir ki, o, bütün dünyada fotosintez məktəbinin yaradıcısıdır. Akademik Cəlal Əliyevin elmi əsərlərindən, monoqrafiyalarından həmişə bəhrələnmişik. Azərbaycan elminin bugünkü yüksək səviyyədə inkişafında  akademik Cəlal Əliyevin böyük xidmətləri vardır.

Tokio Universitetinin professoru Hiroşi Nişihara akademik Cəlal Əliyev ilə əməkdaşlıqdan, onun yubileyinə həsr olunmuş konfransda çıxış etməsindən qürur duyduğunu vurğulamışdır. Yaponiyalı alim öz  elmi fəaliyyətinə fotokimya sahəsində tədqiqatlarla başladığını, lakin sonradan onda fotosintez sahəsinə marağın yarandığını bildirmişdir. Qonaq dünya şöhrətli azərbaycanlı alimin bu sahədəki  tədqiqatları ilə tanış olduğunu, onun elmi yaradıcılığından bəhrələndiyini bildirmişdir.

Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Molekulyar Biologiya Laboratoriyasının  qrup rəhbəri, akademik Cəlal Əliyevin yetirməsi Qərib Mürşüdov müəllimini yubiley münasibətilə təbrik etmiş, gənclərə göstərdiyi böyük qayğıya görə ona dərin minnətdarlığını bildirmişdir. Akademik Cəlal Əliyevin Azərbaycan elminin dünyada tanınmasında rolunu  qeyd edən Q.Mürşüdov akademikin həm də yeni alimlər nəslinin yetişməsində böyük xidmətlərindən danışmışdır. O, belə tanınmış alimin tələbəsi olmasından və Azərbaycan elmini dünyada təmsil etməsindən şərəf duyduğunu bildirmişdir.

Konfransda 50-dən artıq məruzənin dinləniləcəyini və onların  fotosintez tədqiqatları üçün faydalı olacağına əminliyini bildirən Q.Mürşüdov  demişdir ki, konfransın materialları beynəlxalq elmi jurnallarda dərc olunacaqdır.

Akademik Cəlal Əliyevin elmi fəaliyyətinə həsr edilmiş qısametrajlı sənədli film nümayiş olunmuşdur.

Sonra konfrans işini bölmə iclasında davam etdirmişdir.

İclasda C.Uolker, Q.Mürşüdov, L.Daton, H.Nişiharanın mövzuya dair məruzələri dinlənilmişdir.

Fotosintez prosesinin bütün istiqamətləri, onun praktiki təsiri, kənd təsərrüfatında tətbiqi, həmçinin hidrogenin alınması və süni fotosintez kimi problemlər barədə geniş müzakirələr aparılmış,  suallar cavablandırılmışdır.

Konfrans işini iyunun 6-da bölmə iclaslarında davam etdirəcəkdir.

 

Azərbaycan.-2013.- 6 iyun.- S.2.