AMEA-nın İctimai və Humanitar Elmlər Bölməsinin alimləri prezident seçkilərində İlham Əliyevin namizədliyini müdafiə edəcəklər

 

Azərbaycan Milli Elmlər Akademiyasının İctimai və Humanitar Elmlər Bölməsinə daxil elmi-tədqiqat institutları və təşkilatların direktorları ilə müşavirə keçirilib. AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli bölməyə daxil olan elmi-tədqiqat institutlarının direktorlarının iştirak etdiyi müşavirədə ictimai və humanitar elmlər sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələrdən geniş bəhs etmişdir. Xatırlatmışdır ki, AMEA-nın milli statusu ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmişdir. Bu, Elmlər Akademiyasının milli dövlətçilik və azərbaycançılıq maraqlarına xidmət etməsini müəyyən edir. Elmi-tədqiqat institutları elmi və təşkilati işlərini həyata keçirərkən məhz bu istiqaməti əsas kimi qəbul etməlidirlər. Qeyd olunmuşdur ki, akademiyanın fəaliyyətinin ana xətlərindən biri də dünya elminə inteqrasiya etməkdir. Bunun üçün dünya elminin müsbət nəticələrini, təcrübəsini öyrənmək və AMEA-nın elmi-tədqiqat institutlarında tətbiq etmək əhəmiyyətlidir. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan Qərb və Şərqin elmi təcrübəsini öyrənmək və sintez etmək üçün geniş imkanlara malikdir. Eyni zamanda, AMEA rəhbərliyi Azərbaycan elminin dəyərlərini və üstünlüklərini dünyaya çatdırmağı da zəruri hesab edir.

AMEA-da struktur dəyişikliklərinə də toxunan akademik İ.Həbibbəyli qeyd etdi ki, yeni Beynəlxalq Əlaqələr, Elmi-təşkilat və Analitik Təhlil idarələri və İnnovasiya şöbəsinin təşkil olunmasında əsas məqsəd akademiyanın idarəetmə işlərinin təkmilləşdirilməsindən, əməkdaşların beynəlxalq tədbirlərdə yalnız iştirakçı yox, məruzəçi və təşkilatçı kimi də fəaliyyətini təmin etməkdən ibarətdir.

Bundan əlavə, akademiya elmi ilə ali məktəb elminin vəhdət şəkildə inkişafı, elmi-tədqiqat institutlarında kafedraların filiallarını təşkil edərək elm üçün kadrlar yetişdirmək səyləri akademiyanın yeni rəhbərliyinin həm elm, həm də təhsil müəssisələri üçün əhəmiyyətli təşəbbüsləri kimi nəzərə çatdırılmışdır.

Dövlət səviyyəli proqramların, irimiqyaslı qrant layihələrinin hazırlanması və icrası işlərində AMEA-nın daha fəal iştirak etməsinin vacibliyi də vurğulanmışdır. Həmçinin bildirilmişdir ki, qrant layihələrinin icrasının monitorinqi hazırda yalnız donor təşkilatlar tərəfindən aparılır. Bu işlər AMEA daxilində də məsuliyyətlə həyata keçirilərsə qrant təşkilatlarının daha çox etibarını qazanmaq olar ki, bu da gələcək layihələrə beynəlxalq elmi əməkdaşlığa müsbət təsir göstərə bilər.

Natiq AMEA-nın elmi nəşrlərinin keyfiyyətini dünya standartlarına uyğunlaşdırmaq istiqamətində akademiya rəhbərliyinin tələblərini diqqətə çəkmiş, hazırda AMEA informasiya-kommunikasiya texnologiyalarının tətbiq edilməsi sahəsində həyata keçirilən tədbirlərdən və həmin sahə üzrə nəzərdə tutulan proqramdan, qarşıda duran vəzifələrdən danışmışdır. İclasda akademiya alimlərinin, xüsusən də ictimai və humanitar bölmə üzrə çalışan ziyalıların müstəqil Azərbaycanın milli dövlətçilik, azərbaycançılıq ideologiyasının elmi surətdə öyrənilməsi və təbliği istiqamətində aparmağa məsul olduqları tədbirlər də diqqət mərkəzinə çəkilmişdir.

Sonra İctimai və Humanitar Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə, Mərkəzi Elmi Kitabxananın direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli və başqaları çıxış edərək ictimai və humanitar elmlərin daha da inkişaf etdirilməsi, müasir dövrün tələbləri ilə səsləşməsi, Azərbaycan elminin dünya elminə inteqrasiyası, tərcümə işinin təşkili və sair məsələlərlə bağlı fikirlərini bildirmişlər.

İctimai və Humanitar Elmlər Bölməsinin alimləri qarşıdakı prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəkləri barədə yekdil rəylərini bildirmişlər.

 

Azərbaycan.-2013.- 6 iyun.- S.2.