Yeni işgüzar əlaqələr üçün platforma

 

Bakıdakı "EXPO CENTER" yenə qonaqlı-qaralıdır. Burada karbohidrogenlərin hasilatı, nəqli, satışı, emalı ilə məşğul olan dünya şöhrətli şirkətləri bir araya gətirən Beynəlxalq Xəzər neft və qaz, neftayırma və neft kimyası sərgisi öz işini davam etdirir.

Qeyd edək ki, dünyanın aparıcı dövlətləri bu sərgiyə böyük əhəmiyyət verirlər. ABŞ Prezidenti Barak Obamanın Azərbaycanın dövlət başçısı İlham Əliyevə ünvanladığı məktubda deyilir: "Azərbaycanın təbii sərvətlərinin beynəlxalq bazarlara çıxarılması məqsədilə ötən dövr ərzində qoyulmuş irihəcmli investisiyalar qlobal enerji təchizatının sabitləşdirilməsi işinə xidmət etmiş, Azərbaycanın müstəqilliyi və iqtisadi inkişafına töhfə vermişdir. Azərbaycanın beynəlxalq tərəfdaşları ilə möhkəm münasibətləri sayəsində mühüm enerji layihələri həyata keçirilmiş və bu layihələr Azərbaycanı dünya bazarının önəmli neft təchizatçısına və regionun mühüm qaz mənbəyinə çevirmişdir. Qarşıdan gələn ildə "Şahdəniz" layihəsinin ikinci fazası və planlaşdırılan Trans-Anadolu qaz kəməri layihəsi Azərbaycanı eyni zamanda Avropanın mühüm qaz təchizatçısı mövqeyinə daha da yaxınlaşdıracaqdır. Azərbaycanın neft sərvəti şaxələndirilmiş iqtisadiyyatının inkişafına xidmət etmək, qanunun aliliyinin gücləndirilməsi və Azərbaycan xalqının həyat səviyyəsinin daha da yaxşılaşdırılması potensialına malikdir. Azərbaycan ABŞ-ın simasında sadiq tərəfdaşa malikdir və Sizinlə uzun illər əməkdaşlıq əzmindəyəm".

Böyük Britaniyanın Baş naziri Devid Kemeron isə Azərbaycan Prezidentinə məktubunda yazmışdır: "Mən ölkələrimiz arasında ticarət əlaqələri üzərində qurulmuş möhkəm, davamlı ikitərəfli münasibətləri alqışlayıram. Qarşıdan gələn illər ərzində Azərbaycanın enerji ehtiyatları Avropa və dünya iqtisadiyyatında getdikcə daha mühüm rol oynayacaqdır. Azərbaycan bu ehtiyatların hər kəsin naminə istifadə edilməsi işində əsas rol oynamışdır. Bütün bunlar iqtisadi çağırışların davam etdiyi bir dövrdə daha çox əhəmiyyət kəsb edir. 2013-cü il dünya səviyyəli "Şahdəniz" yatağının istismarının davam etdirilməsi və Avropaya yekun kəmər marşrutu üzrə bir sıra mühüm qərarların qəbul edilməsi nəticəsində "Cənub qaz dəhlizi"nin reallaşması baxımından mühüm il olacaqdır. Azərbaycanın yaxın dostu və tərəfdaşı  kimi mən qarşıdan gələn uzun illər ərzində sabit enerji mənbəyinin təmin edilməsi istiqamətində səy göstərilməsində iştirak edənlərə yeni uğurlar arzulayıram".

İndi isə sərgi haqqında. 3 pavilyonda nailiyyətlərini nümayiş etdirən 380-dən çox şirkət sırasında sərginin daimi iştirakçıları yenə də ekspozisiya sahəsinin genişliyi, stendlərinin məzmunu və tamaşaçılarının çoxluğu ilə diqqəti cəlb edir. Bunlar Azərbaycanın yeni neft strategiyasında fəal iştirak edən Böyük Britaniyanın BP, Norveçin "Statoyl", Fransanın "Total", ABŞ-ın "MakDermott", Türkiyənin TPAO şirkətləri, digər holdinq və qruplardır.

İndi beynəlxalq aləmdə SOCAR adı ilə tanınan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin - ARDNŞ-in sərgidəki ekspozisiyası xüsusi diqqət çəkir. Əvvəla qeyd edək ki, builki sərginin baş sponsoru da elə SOCAR-ın özüdür.

Sərgidə tutduğu sahədə şirkət son iki onillikdə qazandığı nailiyyətləri dolğun və məzmunlu şəkildə əks etdirə bilib. Məsələn, buradakı materiallardan məlum olur ki, indiyə qədər ARDNŞ ilə xarici neft şirkətləri arasında 33 hasilatın pay bölgüsü sazişi imzalanıb. Bunlardan 18-i Xəzərin Azərbaycan sektorunu, 15-i isə ölkənin quru ərazilərini əhatə edir. Bu ilin əvvəlinə kimi respublikanın neft sənayesinə 43,6 milyard ABŞ dolları həcmində xarici sərmayə qoyulub. Başqa sözlə, həyata keçirilən qlobal neft-qaz layihələri beynəlxalq aləmdə ölkəmizin nüfuzunu daha da yüksəldib. İndi bütün dünya Azərbaycanı etibarlı tərəfdaş kimi tanıyır.

Ayrı-ayrı stendlər şirkətin çoxşaxəli fəaliyyətini aydın əks etdirir. Belə ki, regionun lider şirkətinə çevrilən SOCAR 20 illik fasilədən sonra artıq öz daxili imkanları hesabına müstəqil surətdə axtarış və qazma işləri həyata keçirir, uğurlu nəticələr əldə edir.

Sevindirici haldır ki, vaxtilə neft-qaz sənayesinə xarici sərmayə cəlb etməyə çalışan şirkət son illərdə digər ölkələrdə, o cümlədən Gürcüstanda, Türkiyədə, Ukraynada, Almaniyada, Rumıniyada və digər ölkələrdə nümayəndəliklərini açıb özü sərmayə yönəldir.

Xəzər neft və qaz sərgisində ARDNŞ-in törəmə müəssisələrinin öz nailiyyətlərini ayrıca stendlərdə nümayiş etdirməsi də bütün bunların aydın təcəssümüdür. Budur "SOCAR Turkey Enerji A.Ş."nin ekspozisiyaları. Əsasən də "Petkim"in müvəffəqiyyətləri nümayiş olunur. "SOCAR Turkey"in prezidenti Kənan Yavuz da elə əsasən "Petkim"dən danışır:

- Bilirsiniz ki, "Petkim" neft-kimya holdinqinin idarəçiliyi artıq bir neçə ildir ARDNŞ tərəfindən həyata keçirilir. Məhz bu illərdə "Petkim" ümumi məhsul istehsalı, gəlir, mənfəət və ixrac üzrə rekord göstəricilərə nail olub. 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə holdinqin ərazisində "Star" Neft Emalı Zavodunun təməli qoyulub. Deyim ki, bu, Türkiyədə özəl bölmə xətti ilə həyata keçirilən ən böyük investisiya layihəsidir. ARDNŞ-in İzmirdə - Petkim yarımadasında inşa edəcəyi bu zavodun illik məhsuldarlığı 10 milyon ton olacaq. "Star" ekoloji cəhətdən ən qabaqcıl texnologiyalar əsasında qurulacaq. Bir sözlə, Azərbaycanın bizimlə Petkim yarımadasındakı işbirliyi "Petkim"i Türkiyənin ən böyük, Avropanın isə öndə gedən şirkətlərindən birinə çevirəcək.

Sərginin digər iştirakçıları kimi, K.Yavuz da tədbirin yüksək səviyyədə təşkil olunmasından məmnundur. Onlar Prezident İlham Əliyevin sərgiyə gəlməsini, tədbirin açılışında çıxış etməsini və ekspozisiyalarla ətraflı tanış olmasını dövlət başçısının neft-qaz sənayesinin inkişafına diqqət və qayğısının nümunələrindən biri kimi dəyərləndirirlər.

Böyük Britaniyanın "Klinger" şirkətinin layihə meneceri Oliver Bache deyir ki, Xəzər neft-qaz sərgisində birinci dəfədir iştirak edirlər. Bu "debüt"ün məhz 20-ci - yubiley sərgiyə düşməsi onları xoş bir təsadüf kimi fərəhləndirir:

- Biz Azərbaycanın yüksəlişini maraqla izləyirik və bilirik ki, burada neft-qaz sahəsi çox inkişaf edib. Əslində bizim bu sərgidə iştirakımızı Azərbaycanda ən iri neft-qaz və ixrac layihələrinin əməliyyatçısı olan BP təmin edib. Son illərdə biz bu şirkətin operatorluq etdiyi "Şahdəniz" layihəsi üçün boru avadanlıqları göndərmişik. İndi "Şahdəniz"in ikinci mərhələsinin bir sıra avadanlığa olan tələbatını ödəmək üçün əməkdaşlığın təməlini qoyuruq. BP şirkəti Azərbaycandakı layihələrdə bu və ya digər formada iştirak edən xarici şirkətlərin fəaliyyətini yerli müəssisələrin köməyi ilə həyata keçirmək sahəsində yaxşı təcrübə əldə edib. Bu məqsədlə biz "BON Accord Caspian" şirkəti ilə daha sıx əlaqə yaradaraq "Şahdəniz-2"-yə xidmət edəcəyik.

Təsadüfi deyil ki, sözügedən iki şirkət - "Klinger" və "BON Accord Caspian" sərgidə bir stenddə çıxış edirlər. Elə bu kimi hallara əsaslanaraq iştirakçılar sərgini yeni, daha möhkəm əməkdaşlıq əlaqələri üçün platforma adlandırırlar.

Xəzər neft-qaz sərgisinin ziyarətçiləri də çoxdur. Onların əksəriyyəti neft və qaz, kimya, emal sənayeləri ilə bağlı insanlar olsa da, sıralarında sadə şəhər sakinləri, digər sahələrdə çalışan mütəxəssislər də az deyil.

AMEA-nın Kibernetika İnstitutunun Ekoloji proseslərin modelləşdirilməsi laboratoriyasının baş laborantı Xatirə İmamverdiyeva hər dəfə neft-qaz sərgisi ilə tanış olmağı çox sevir:

- Çalışdığım sahə ilə əlaqədar əsasən ekoloji məsələlərlə maraqlanıram. Təqdirəlayiq haldır ki, indi karbohidrogenləri hasil, ixrac, emal edən şirkətlər ətraf mühitə çox diqqət yetirirlər. Ekologiyaya dəyən zərəri  azaldaraq minimuma endirmək üçün yeni-yeni yollar axtarılır və tapılır. Deyilənlərdən əlavə, bu, çox gözəl, zövqlə tərtib olunmuş bir sərgidir.

Xəzər neft və qaz, neftayırma və neft kimyası sərgisinə 20 ildir azalmayan maraq məhz bu səbəblərin məcmusundan yaranıb.

 

 

Flora SADIQLI

 

Azərbaycan.-2013.- 6 iyun.- S. 7.