Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva
Bakının Nəsimi
və Binəqədi rayonlarında uşaq
bağçalarının əsaslı təmirdən sonra
açılışında iştirak etmişdir
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
iyunun 6-da Nəsimi rayonundakı
74 və 92 nömrəli, Binəqədi rayonundakı 298
nömrəli körpələr evi-uşaq
bağçalarının əsaslı təmirdən sonra
açılışında iştirak etmişdir.
Heydər
Əliyev Fondunun prezidenti əvvəlcə 74 nömrəli
körpələr evi-uşaq bağçasında
yaradılmış şəraitlə tanış oldu.
Mehriban
xanım Əliyevaya və qızı Arzu Əliyevaya gül dəstələri
təqdim edildi.
Azərbaycanın
birinci xanımı bağçanın əsaslı təmirdən
əvvəlki vəziyyətini əks etdirən fotostendə
baxdı.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, bu gün uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına uyğun olaraq körpələr evlərinin, uşaq bağçalarının, internat və orta məktəblərin əsaslı şəkildə yenidən qurulması bu istiqamətdə aparılan işlərin ardıcıl xarakter aldığını nümayiş etdirir. Nəsimi rayonundakı 74 və 92 nömrəli körpələr evi-uşaq bağçaları da bu inkişaf proqramına uyğun olaraq əsaslı təmir edilmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu uşaqlarımızın gələcəyinə yönələn müxtəlif layihələr həyata keçirir, dövlətin bu istiqamətdəki siyasətinə daim dəstək olur.
Qeyd edildi ki, 1962-ci ildən fəaliyyət göstərən bağçada bu illər ərzində heç vaxt əsaslı təmir işləri aparılmamışdır. Ötən ilin mayında başlanılan əsaslı bərpa işləri nəticəsində bu məktəbəqədər təhsil müəssisəsində uşaqlar üçün lazımi şərait yaradılmışdır.
Mehriban xanım Əliyeva uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.
Bildirildi ki, burada 75 uşağın təlim-tərbiyəsi ilə peşəkar mütəxəssislər məşğul olacaqdır. Bağçanın ikimərtəbəli binasında dörd qrup vardır. On iki otağı olan müəssisədə musiqi zalı da yaradılmışdır. Buradakı şərait uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmağa imkan verir.
* * *
Sonra Mehriban xanım Əliyeva Nəsimi rayonundakı 92 nömrəli körpələr evi-uşaq bağçasının da əsaslı təmirdən sonra açılışında iştirak etdi.
Qeyd olundu ki, bu bağça da 1962-ci ildən fəaliyyət göstərir. Müəssisədə ayrı-ayrı illərdə bərpa işləri aparılsa da əsaslı təmirə ehtiyac yaranmışdı. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına uyğun olaraq ötən il burada əsaslı təmir işlərinə başlanılmışdır. Təmir işlərinin qısa zamanda və yüksək keyfiyyətlə həyata keçirilməsi üçün lazımi tədbirlər görülmüşdür. Nəticədə bu uşaq bağçasındakı şərait ən müasir tələblərə uyğunlaşdırılmışdır.
Müəssisə ilə tanış olan birinci xanım Mehriban Əliyevanın diqqətinə çatdırıldı ki, ikimərtəbəli binada Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsi də fəaliyyət göstərəcəkdir. Məktəbəqədər, orta və kiçik qrupların fəaliyyət göstərdiyi bağçada 2 yaşından 6 yaşadək, ümumilikdə 75 uşağın təlim-tərbiyəsi ilə 20 nəfərlik pedaqoji və xidməti heyət məşğul olacaqdır. Bu uşaq müəssisəsi də bütün zəruri avadanlıq, o cümlədən oyuncaqlarla təchiz edilmişdir. Bağçaya Heydər Əliyev Fondu tərəfindən lazımi inventarlar hədiyyə olunmuşdur.
Mehriban xanım Əliyeva bağçada yaradılan şəraitdən razılığını bildirdi.
Müəssisənin yerləşdiyi ərazidə yaşayan sakinlər Azərbaycanın birinci xanımını salamladılar.
* * *
Daha sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Binəqədi rayonunda əsaslı təmirdən sonra istifadəyə verilən 298 nömrəli körpələr evi-uşaq bağçasına gəldi.
Məlumat verildi ki, 298 nömrəli körpələr evi-uşaq bağçası da "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına əsasən əsaslı təmir olunmuşdur. 1968-ci ildən istifadədə olan bağçada əsaslı təmir işlərinə ötən ilin iyununda başlanılmış və qısa zamanda sona çatdırılmışdır. Burada uşaqların yaşaması, ilkin biliklərə yiyələnmələri, əylənmələri üçün hər cür şərait yaradılmışdır.
Qeyd olundu ki, 10 min 820 kvadratmetr ərazi təmizlənmiş, 1542 kvadratmetr sahəni əhatə edən ikimərtəbəli dörd bina tamamilə yenilənmişdir. 230 yerlik uşaq bağçasında balacaların təlim-tərbiyəsi və əyləncəsi üçün hər cür şərait yaradılmışdır. Bağçanın həyəti abadlaşdırılmışdır. Xüsusilə də yay aylarında uşaqların bağçanın həyətində istirahət edib əylənmələri üçün müxtəlif oyun meydançası salınmış, yelləncəklər, attraksionlar quraşdırılmışdır. Bağçanın həyətində iki min kvadratmetr sahədə yaşıllıq salınmış, müxtəlif çiçəklər, gül kolları əkilmişdir.
Məlumat verildi ki, burada 2-6 yaş arasında 12 məktəbəhazırlıq qrupu vardır. Uşaqların estetik zövqünü formalaşdırmaq üçün yaradılan musiqi zalında balacalar həm də özlərinin hazırlayacaqları tamaşaları təqdim edə biləcəklər. Burada müxtəlif nağıl qəhrəmanlarının obrazlarını yaratmaq üçün tamaşa zalı, səhnə quraşdırılmışdır. Bağçadakı tibb, mətbəx, yataq, dərs, yemək otaqları və ləvazimatları, məişət əşyaları, musiqi alətləri tamamilə yenilənmişdir. Binanın girişində və dəhlizində müşahidə kameraları, yanğından mühafizə sistemi quraşdırılmışdır. Balacaların təlim-tərbiyəsi ilə 19 tərbiyəçi məşğul olacaqdır. Uşaqların gün ərzində dörd dəfə keyfiyyətli qidalanması üçün zəruri ərzaq məhsullarından ibarət menyu tərtib edilmişdir.
Görülən
işlərdən razı qalan Mehriban xanım Əliyeva
bağçanın kollektivinə uğurlar arzuladı.
AzərTAc
Azərbaycan.-2013.- 7 iyun.- S.3.