Bakıda «Cəlal Əliyev. Davamlı inkişaf üçün fotosintez tədqiqatları-2013» mövzusunda beynəlxalq konfrans davam edir

 

Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), AMEA-nın Botanika İnstitutu və Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin (İSPR) birgə təşkilatçılığı ilə dünya şöhrətli alim, ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş "Cəlal Əliyev. Davamlı inkişaf  üçün fotosintez tədqiqatları-2013" mövzusunda beynəlxalq konfrans iyunun 6-da işini davam etdirmişdir.

AzərTAc xəbər verir ki, konfransın bölmə iclaslarında Misir, Böyük Britaniya, Fransa, Finlandiya, Yaponiya, Almaniya, ABŞ, Estoniya, İran və digər ölkələrdən alim və mütəxəssislər iştirak etmişlər.

AMEA-nın Botanika İnstitutunun Bioadaptasiya laboratoriyasının  müdiri, akademiyanın müxbir üzvü İradə Hüseynova akademik Cəlal Əliyevin "Buğda və soya genotiplərinin fotosintezi, fototənəffüsü və məhsuldarlığı: yeni baxış" mövzusunda məruzəsini təqdim etmişdir.

Məruzədə qeyd olunmuşdur ki, bitkilərin məhsuldarlığında fotosintez prosesi çox mühüm rol oynayır. Bununla yanaşı, məhsuldarlıqda fototənəffüsün də mühüm rolu vardır. İşıqda gedən bu proseslər bir-birinin əksinədir.

Fototənəffüs prosesi ilk dəfə 1955-ci ildə aşkar edilmişdir. Ötən yarım əsrdə fototənəffüsün bitkilərin həyatında rolu heç də birmənalı qiymətləndirilməmişdir. Alimlərin böyük əksəriyyəti hesab edir ki, fototənəffüs prosesində karbon itkisi baş verdiyinə görə bitkilərin inkişafı üçün bu proses lazımsızdır. Çünki bu, məhsul itkisinə gətirib çıxarır. İlk dəfə olaraq akademik Cəlal Əliyev tarla şəraitində yetişdirilən müxtəlif genotiplərdən istifadə etməklə çoxillik tədqiqatlar nəticəsində sübut etmişdir ki, yuxarıda səslənən fikirlər əsassızdır. Beləliklə, akademik Cəlal Əliyev uzun illərin gərgin elmi axtarışları nəticəsində fototənəffüs prosesinin bitkilərin həyatında çox mühüm rol oynadığını təsdiqləmişdir.

Məruzədə bir daha vurğulanır ki, bitkilərin məhsuldarlığının artırılması üçün fototənəffüs prosesinin azaldılmasına yönəldilmiş bütün cəhdlər lazımsızdır. Əgər məhsuldar bitki vardırsa, onda fotosintezin də, fototənəffüsün də sürəti yüksək olmalıdır. Yüksək məhsuldarlıq həm fotosintezin, həm də fototənəffüsün yüksək sürəti, intensivliyi ilə xarakterizə olunur. Beləliklə, məhsulu artırmaq məqsədilə biokimyəvi və genetik üsullar vasitəsilə fototənəffüsün aradan qaldırılması və ya azaldılması yollarını axtarmaq təklif olunmuşdur.

Qeyd olunmuşdur ki, son 65 il ərzində aparılmış hərtərəfli tədqiqatlar zamanı müxtəlif taxıl genotiplərinin təbii yetişdirmə şəraitində fotosintetik fəaliyyətin səciyyəvi xüsusiyyətləri və parametrləri müəyyən edilmişdir.

Akademik Cəlal Əliyevin elmi axtarışlara əsaslanan məruzəsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış və geniş fikir mübadiləsinə səbəb olmuşdur.

Daha sonra Böyük Britaniyanın Kembric Universitetinin professoru, kimya üzrə Nobel mükafatı laureatı Con Uolker,  ABŞ-ın Pensilvaniya Universitetinin professoru Lesli Daton, Finlandiyanın Turku Universitetinin əməkdaşı Eva-Mari Aro, İsveçin Umea Universitetinin professoru Yohannes Messincer, Tokio Universitetinin professoru Şinci Masuda və başqalarının mövzuya dair məruzələri dinlənilmişdir.

Mövzular ətrafında müzakirələr aparılmış, suallar cavablandırılmışdır.

İyunun 7-də konfrans işini bölmə iclaslarında davam etdirəcəkdir.

 

Azərbaycan.-2013.- 7 iyun.- S.6.