Mütərəqqi məhkəmə-hüquq islahatlarının müəllifi

 

Ulu öndər Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də respublika Ali Sovetinin sədri seçilməsi böyük strateqin sadəcə hakimiyyətə qayıdışı deyil, eyni zamanda xalqın qurtuluş və özünütəsdiq tarixidir. Bu tarixi qayıdış ilk növbədə Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxlamış, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi.

Ulu öndərin həmin il Ali Sovetin sədri seçilməsi Azərbaycanda, eyni zamanda mütərəqqi parlamentarizm ənənələrinin formalaşmasını təmin etdi. Heydər Əliyev bu vəzifədə səylə çalışaraq ilk növbədə parlamentin cəmiyyətdəki nüfuzunun sağlamlaşdırılması tədbirlərinə başladı, yüksək idarəçilik keyfiyyətləri sayəsində ali qanunverici orqanda çəkişmələrin, qeyri-etik davranışların qarşısını aldı. Müzakirə və diskussiyaların sivil demokratik meyarlar çərçivəsində aparılması üçün şəxsi nümunə göstərdi, parlament idarəçiliyinə yeni ruh və müasirlik gətirdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. Ümummilli liderin Milli Məclisdəki səlis, rəvan və yüksək məntiqə əsaslanan nitqləri, əsaslandırılmış mövqeyi, mürəkkəb situasiyalarda çevik qərarlar qəbul etmək qabiliyyəti daim böyük rəğbətlə xatırlanır.

Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan müstəqil respublikamız hələ 1991-ci ildə müstəqilliyinin bərpa olunduğunu dünyaya bəyan edərkən sivil, demokratik, hüquqi dövlət quracağı, hakimiyyətlərin bölgüsü prinsipinə sadiq qalacağı ilə bağlı üzərinə öhdəlik götürmüşdü. Lakin Heydər Əliyevə qədər hakimiyyətdə olan qüvvələr Azərbaycanın müstəqilliyinin əsas atributlarından olan Konstitusiyanın qəbulu istiqamətində heç bir addım atmamışdılar. Ulu öndər ölkədəki ictimai-siyasi sabitliyi və qanunçuluğu bərpa etdikdən dərhal sonra ilk milli Konstitusiyanın qəbulu istiqamətində qətiyyətli addımlar atdı. Böyük strateqin təşəbbüsü və rəhbərliyi ilə, eyni zamanda demokratik cəhətdən inkişaf etmiş dövlətlərin mütərəqqi təcrübəsi əsasında hazırlanan, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk milli Konstitusiyanın 7-ci maddəsində hakimiyyətlərin bölgüsü prinsipi birmənalı şəkildə əksini tapdı. Əsas Qanunun "Qanunvericilik hakimiyyəti" adlanan 5-ci fəslində Milli Məclisin vəzifə və səlahiyyətləri, fəaliyyət istiqamətləri, Milli Məclisin say tərkibi, deputatların seçilməsi, səlahiyyət müddəti və s. məsələlər dolğun əks olunmuşdur.

1995-ci il noyabrın 12-də Konstitusiyanın ümumxalq referendumuna çıxarılması ilə paralel şəkildə Azərbaycan Respublikası Milli Məclisinə ilk demokratik, azad seçkilərin keçirilməsi təmin edildi. Müstəqil Azərbaycanın tamamilə şəffaf şəraitdə formalaşmış I çağırış Milli Məclisi ilk gündən fəaliyyətini demokratiya, çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri üzərində qurdu, çevik və məhsuldar fəaliyyət göstərdi. Milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması naminə gərgin fəaliyyət göstərdi, ictimai etimadı doğrultmağa çalışdı. İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qanunun aliliyinin təmini məqsədilə aparılan islahatlar əsasında inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsi, ümumbəşəri demokratik prinsiplər, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri dayanırdı.

"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamda bununla bağlı deyilir: "1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsi ilə ölkədə dövlət quruculuğu üçün zəruri hüquqi baza formalaşdı. Ölkəmizin daxili və xarici siyasət konsepsiyası beynəlxalq hüquq normalarına uyğun olaraq quruldu. Bu illər ərzində Azərbaycanda bütün istiqamətlərdə dövlət quruculuğu prosesi uğurla həyata keçirilmiş, dövlətçilik ənənələri zənginləşdirilmişdir".

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra insan hüquqları dövlətin strategiyasının əsas istiqaməti olmuşdur. Həmin vaxtlar iqtisadi çətinlik və qeyri-sabit durumun mövcud olmasına baxmayaraq, ümummilli lider bəşəri dəyərləri dövlətin əsas siyasi xətti kimi bəyan edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu ölkəmizin inkişaf yolu kimi müəyyənləşdirmişdi. Müstəqilliyini yenidən bərpa etdikdən sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş Azərbaycan Respublikası BMT-nin İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinə və digər beynəlxalq konvensiyalara qoşulmaqla insan hüquqları sahəsində beynəlxalq miqyasda təsbit olunmuş prinsiplərə sadiqliyini nümayiş etdirmişdir. Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının qəbul etdiyi ən qiymətli nailiyyətdir. İnsan hüquqlarına ehtiram, insan hüquqlarının müdafiəsi sivil dünyaya qovuşmağın əsas yoludur.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ilə ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməsi, insan  hüquq və azadlıqlarının  təminatını  dövlətin məqsədi kimi ön plana çəkməsi hüquqi dövlət quruculuğunda tarixi, mühüm və cəsarətli bir addım kimi qiymətləndirilir. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası nəinki ölkənin, habelə xalqın dövlətçilik iradəsini, suverenliyini ifadə edən Əsas Qanun olmaqla ictimai-siyasi institutların fəaliyyətini, dövlətin özünüidarə sistemini tənzimləyir, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi təminatçısı qismində çıxış edir. Konstitusiyanın yüksək hüquqi statusu insan və vətəndaş hüquqlarının kifayət qədər aydın və sadə şəkildə təsbit olunması və bunun dövlətin ali məqsədi elan edilməsidir. İnsan hüquqlarına belə həssas münasibət inkişaf etmiş bir sıra dövlətlərin konstitusiyalarında bu dərəcədə aydın, dəqiq və genişliyi ilə göstərilməmişdir. Dünyada çox az konstitusiya tapılar ki, onun maddələrinin üçdə bir hissəsi insan hüquqlarına və onların təminatlarına həsr edilsin. Azərbaycan Respublikası Konstitusiyasının III fəslinin bütovlükdə, yəni 48 maddənin əsas insan və vətəndaş hüquqları və azadlıqlarına həsr edilməsi, habelə Konstitusiyanın 2-ci maddəsində "Xalqın suverenliyi", 3-cü maddəsində "Ümumxalq səsverməsi-referendum yolu ilə həll edilən məsələlər və s. belə müddəaların bu qanunda öz əksini tapması müasir beynəlxalq insan hüquqları prizmasından ölkənin milli maraqları naminə, vətəndaşların hüquq və azadlıqlarının qorunması demokratik, hüquqi, dünyəvi sabitliyinin ayrılmaz elementi kimi mühüm amilləri özündə ehtiva edir. Konstitusiyanın keçid müddəalarında Azərbaycan dövlətinin demokratik cəmiyyətə inteqrasiyası ilə əlaqədar olaraq bir sıra demokratik hüquqi islahatların həyata keçirilməsi öhdəlik kimi qəbul edilmiş, bu öhdəliyin yerinə yetirilməsi üçün bir sıra mühüm addımlar atılmışdır. Məhkəmə hüquq islahatları istiqamətində görülən tədbirlər sırasında 21 fevral 1996-cı il tarixdə hüquq islahat komissiyasının yaradılması, "Məhkəmələr və hakimlər haqqında" 10 iyun 1997-ci  il, "Konstitusiya Məhkəməsi haqqında" 21 oktyabr 1997-ci il tarixli Azərbaycan Respublikasının qanunları, həmçinin "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 iyul 1998-ci il tarixli və "Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə  islahatlarının  həyata keçirilməsinə dair tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 1998-ci il tarixli fərmanları respublikamızda insan hüquq və azadlıqlarının qorunması sahəsində görulən ilk fundamental tədbirlərdən biri kimi qeyd etmək olar. 28 dekabr 2001-ci il tarixdə "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununun qəbulu, daha sonra Ombudsman təsisatının yaradılması və fəaliyyət göstərməsi üçün hüquqi və maddi bazanın təşkili də insan və vətəndaş hüquqlarının təmini istiqamətində respublikada həyata keçirilən hüquqi islahatların məntiqi davamı olub ölkəmizin Avropa və dünya məkanına sürətli inteqrasiyasına zəmin yaratmışdır.

1998-ci il fevralın 22-də ümummilli lider Heydər Əliyev "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzalamış, bu sənəddə insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih şəkildə müəyyən edilmişdir. 1998-ci il 18 iyun tarixdə isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq olunmuşdur.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında İnsan hüquqları gününün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə 18 iyun tarixinin "İnsan hüquqları günü" elan olunması da məhz buradan qaynaqlanır. Bu və ya digər tədbirlərin davamı kimi 28 dekabr 2006-cı ildə qəbul edilmiş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin qurulmasına xidmət etmişdir.

Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də imzaladığı sərəncamla "Azərbaycan Respublikasında insan hüquqları sahəsində Milli Fəaliyyət                    Proqramı"nı təsdiq etmişdir. Proqramda dövlətin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinin konsepsiyası müxtəlif istiqamətlər üzrə müəyyən olunmuş, həmçinin həyata keçiriləcək tədbirlərin icrası, əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi mexanizmi göstərilmişdir. Proqramda respublikada insan hüquq və azadlıqlarının müdafiəsi sisteminin daha da inkişaf etdirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının daha səmərəli təmini istiqamətində konkret vəzifələrin icrası nəzərdə tutulmuşdur. Sənəddə qanunvericilik aktları qəbul olunarkən insan hüquqları meyarının rəhbər tutulması, Azərbaycan Respublikasının insan hüquqları sahəsində beynəlxalq müqavilələrə qoşulması prosesinin davam etdirilməsi, yeni qanunvericilik aktlarının qəbulu, korrupsiya ilə mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, əhaliyə göstərilən elektron xidmətlərin inkişaf etdirilməsi öz əksini tapmışdır. Sənəddə bu tədbirlərin vətəndaş cəmiyyəti institutları və media ilə sıx əməkdaşlıq müstəvisində həyata keçirilməsinin vacibliyi də önə çəkilir. Bu proqrama əsasən gələcəkdə insan hüquqları sahəsində maarifləndirmə, elmi-analitik tədbirlərin davam etdirilməsi, beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin insan hüquqları sahəsində ixtisaslaşan qurumları, Qaçqınlar üzrə Ali Komissarlıq, UNESCO, UNİSEF, Dünya Bankı, habelə Avropa Şurası, Avropa İttifaqı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlarla birgə əməkdaşlıq proqramlarının həyata keçirilməsi planlaşdırılır.

Qeyd edilən tədbirlərin həyata keçirilməsinin nəticəsi kimi və köhnə məhkəmə quruluşundan tamamilə imtina edilməklə beynəlxalq standartlara cavab verən insan hüquq və azadlıqlarının qorunması baxımından birinci, apelyasiya, kassasiya instansiya məhkəmələrindən ibarət yeni məhkəmə sistemi yaradılmışdır. Kassasiya instansiyası kimi Ali Məhkəmə məhkəmə piramidasının zirvəsində dayanmaqla milli məhkəmələrdə ölkə qanunvericiliyi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri prizmasından şərh olunur, insan hüquq və azadlıqlarının ehtimal edilən pozuntularına dair müraciətlər qüvvədə olan qanunvericiliklə yanaşı, Avropa Məhkəməsinin presedentləri baxımından dərindən öyrənilir və pozuntu müəyyənləşdiyi halda Avropa Məhkəməsinin presedentləri tətbiq edilir.

"Hər bir vətəndaşın hüququnun qorunması bizim üçün çox önəmlidir" - deyən Prezident İlham Əliyev bu istiqamətdə tədbirləri ardıcıl olaraq davam etdirir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev əhalinin rifahının beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunması məqsədilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf  Konsepsiyasının hazırlanması barədə 29 noyabr 2011-ci il tarixli sərəncam imzalamışdır. Bu və ya digər tədbirlərin davamı kimi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ölkədə tarazlı və dayanıqlı inkişafı təmin etmək və vətəndaş cəmiyyəti quruculuğunu daha da dərinləşdirmək, bunun tərkib hissəsi kimi dövlət-vətəndaş münasibətlərini ən mütərəqqi prinsiplərə uyğun təkmilləşdirmək məqsədi daşıyır. Konsepsiyanın icra müddətində dövlətlə vətəndaş cəmiyyəti institutları arasında münasibətlərin daim müasirləşdirilməsi, söz və məlumat azadlığının daha səmərəli şəkildə qurulmasının təşkili planlaşdırılır.

Müasir vətəndaş cəmiyyətinin yeni demokratik inkişafı dövrünə qədəm qoyduğu XXI əsrdə hər bir dövlətin inkişafı ilk növbədə onun insan hüquq və azadlıqlarına necə riayət etməsindən asılıdır. İctimai-siyasi və sosial-iqtisadi inkişaf prosesində insan hüquqlarının yüksək səviyyədə təmin edilməsi hər bir dövlətin gələcək inkişaf yollarını müəyyənləşdirir. Bütün bunları nəzərə alaraq, yeni dövrün tələblərinə uyğun davam etdirilən bu mütərəqqi islahatlar respublikamızda insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına şərait yaratmış və dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dövləti də demokratik inkişaf yolu ilə insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını özünün mühüm vəzifələrindən biri elan etmişdir.

 

 

Vüqar QULİYEV,

Azərbaycan Respublikası Ali Məhkəməsi Analitik və qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin məsləhətçisi, hüquq üzrə fəlsəfə doktoru

 

Azərbaycan.-2013.- 7 iyun.- S.7.