Qətiyyətin təntənəsi

 

Biz bütün çətinliklərdən keçdik, bütün maneələrin qarşısını aldıq, Azərbaycanın bütün düşmənlərinə layiqli cavablar verdik, ölkəmizin dövlət müstəqilliyini qoruduq. Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik və Azərbaycanın dövlət müstəqilliyini yaşadırıq və bundan sonra da yaşadacağıq.

 

 Heydər ƏLİYEV

 

 

1993-cü ilin mart ayı idi. Gəncə əhalisi narahat günlərini yaşayırdı. Min əzab-əziyyətlə, neçə-neçə şəhidin qanı bahasına azad edilmiş Ağdərə başsızlıq və satqınlıq nəticəsində yenidən hissə-hissə itirilirdi. Bu həmin vaxtlar idi ki, Surət Hüseynov öz qoşununu və hərbi texnikasını Ağdərədən çəkib Gəncəyə gətirmişdi. Müdafiə naziri Rəhim Qazıyev isə gəlib Surətin yanında oturmuşdu. Cəbhə bölgəsindəki boşluq, iqtidarla Surət Hüseynov arasındakı qarşıdurma insanlarda hədsiz çaşqınlıq yaratmışdı.

Belə narahat günlərin birində Bakıdan bir qrup vəzifəli adam gəldi. Nazirlər Kabinetinin sədri Pənah Hüseynov, baş prokuror İxtiyar Şirinov, milli təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbərov və başqaları Gəncədə fəallar yığıncağı çağırdılar. İcra hakimiyyətinin başçısı Elxan Qədimov şəhərdəki vəziyyət barəsində məlumat verdi. Bundan sonra tribunaya qalxan Pənah Hüseynov:

- Biz heç kimin nazı ilə oynamayacağıq, - dedi. - Surət dövlətin qanunlarına tabe olmalıdır. Əks halda onun qoşunu yerləşən hərbi hissə dağıdılacaqdır.

Nazirlər Kabineti sədrinin bu sözlərindən hiddətlənən ağsaqqal Ağa Ağayev dedi ki, həmin ərazi mülki əhalinin ən sıx yerləşdiyi yerdir. Orada qətiyyən silah işlətmək olmaz!

Digər ağsaqqallar və fəallar da bu fikri təsdiq elədilər.

Pənah Hüseynov bu çıxışlarla əsla razılaşmadı.

- Xalqa izah edin, - dedi. - Surət qəhrəman yox, düşməndir. Biz onu susdurmalıyıq.

Vəziyyətin gərginliyini gördükdə daha dözə bilmədim:

 

- Siz niyə razılaşmırsınız ki, ağsaqqallar Surət Hüseynovla görüşsünlər? İcazə verin gedək görək nə istəyir o. Dərdi nədir?

- Ağsaqqal, biz onunla söhbətə, danışığa çox cəhd etmişik, ancaq alınmayıb.

- Hamı bilir ki, Rəhim Qazıyevlə Surət Hüseynov möhkəm dostdurlar. Elə ona qəhrəman adını da Rəhim verdirib. Onu tapın, danışıqlar aparın.

- Rəhim Qazıyevi tapa bilmirik.

- Onda yeganə bir yol qalır ki, Surət Hüseynovla görüşək. Qardaş qırğını başlasa, erməni yaddan çıxacaq.

Ciddi tərəddüddən sonra nəhayət Pənah Hüseynov dilləndi:

- Nə deyirəm. Gedirsiniz gedin. Amma inanmıram bir nəticəsi olsun.

Altı nəfərdən ibarət nümayəndə heyəti müəyyən edildi. Mən, Kamal İbrahimov, Nazim Əsgərov, Sədi kişi, Eldar Qarayev və Ağa Ağayev vaxt itirmədən yola düşdük. Qrupa başçılıq etmək isə mənə həvalə edildi.

Surətin iqamətgahına daxil olduq. Heç yerdə "tapılmayan" Rəhim Qazıyev Surətin yanında idi.

 

- Bəs deyirlər Rəhim yoxdur. Haradaydınız?

- Şəkidə idim, elə indicə gəlmişəm.

 

Gəlişimizin məqsədi Surət Hüseynova məlum olduğundan o, əlinin altındakı xəritəni göstərib dedi:

- Məni qoymurlar döyüşməyə.

- Necə qoymurlar? Sən canlı qüvvəni və texnikanı cəbhə bölgəsindən çəkib yığmısan şəhərə.

Surət etiraz elədi:

- Düz deyil. Mən xarab texnikanı gətirmişəm. Qoşunum oradadır.

- İndi biz kimə inanaq? Siz bu cür deyirsiniz, onlar isə başqa cür. Rəvadırmı erməni ilə vuruşmaq əvəzinə özümüzlə döyüşək?!

Surət Hüseynov daha dinmədi. Söhbəti çox məntiqsiz bir şəkildə Rəhim Qazıyev davam etdirdi. Mən onun saxta sözlərinə inanmadım.

- Rəhim, siz deyirdiniz ki, Şuşa ermənilərin əlinə keçsə, başıma bir güllə vuracam. Bəs Şuşa gedib, o gülləni niyə vurmadınız?

- Ay ağsaqqal, mən kimin uğrunda güllə vurmalıydım - Elçibəyinmi, İsa Qəmbərinmi, Etibarınmı, İsgəndər Həmidovunmu?

Bir qədər susandan sonra əlavə elədi:

- Gedin əhalini iqtidarın əleyhinə qaldırın. Başa salın ki, hakimiyyətdə ağıllı adam yoxdur.

Belə adamla söhbətin artıq olduğunu yəqin edib, son və axırıncı sözümü dedim:

- Ölkəni qardaş qırğınına aparmayın. Əlinizdəki silahı ümumi düşmənə qarşı çevirin!

Bayaqdan sakitcə qulaq asan Surət Hüseynov qəfildən dilləndi:

- Döyüşdə bizim 200-dən artıq adamımız qırılıb. Özü də bunların yarısına güllə arxadan dəyib. Bunları araşdırmaqdan ötrü mən getdim Əbülfəz Elçibəyin yanına. İsgəndər Həmidovla görüşdüm. Hiss etdim ki, mənə qarşı nəsə hazırlayırlar. Özgə bir maşına minib Bakıdakı evimə qayıtdım. Gördüm ki, evimin dörd yanı adamla doludur. Qıraqdan evə zəng vurdum. Tanımadığım bir adam götürdü. Dedi ki, Surət burada idi, onu tutub apardılar. Məni başqası ilə qarışıq salmışdılar. Elə həmin dəqiqə gizli yollarla Bakıdan çıxdım və birbaşa gəldim öz hərbi hissəmə. İndi mən onlardan əl çəkəsi deyiləm.

Açığını deyim ki, bu sözləri eşitdikdə heyrətləndim, millətin, xalqın və torpağın taleyinin kimlərin əlində olduğuna ürəkdən heyifsiləndim. Axı bu, dövlət adamının danışığı deyildi. Nə etməli? Madam ki, gəlmişik, mən ağsaqqal sözümü deməyi özümə borc bildim:

- Sizə yaraşmaz ki, vətənin bu dar günündə bu cür hərəkət edəsiniz. Torpaq, millət əldən gedir. Siz isə bir-birinizlə vuruşursunuz.

Söhbət nə az, nə çox - düz altı saat çəkdi. Qərargahdan çıxıb Milli Təhlükəsizlik Nazirliyinin şəhərdəki şöbəsinə getdik. Bakıdan gələn nümayəndələrin əksəriyyəti orada idi. Danışıqlar barədə öz təəssüratımızı bildirdik. Pənah Hüseynov təcili olaraq Bakı ilə telefon əlaqəsi yaratdı. Birinci olaraq Əbülfəz Elçibəyi axtardı. Amma tapa bilmədi. Hara zəng vurdusa, Elçibəyi "gördüm" deyən olmadı. Axırda qısa və konkret cavab verdilər:

- Elçibəy istirahət edir.

Ağsaqqallar heyrət içində dönüb bir-birinə baxdılar.

Elə bu vaxt Rəhim Qazıyev içəri daxil oldu. Pənah Hüseynov onunla görüşmək üçün ayağa qalxdı, ona tərəf əl uzatdı. Rəhim, bir növ, uşaq kimi küsülü timsalında keçib bir tərəfdə oturdu və papiros qutusunu əlində fırlatmağa başladı. Qeyzli, qərəzli söz-söhbət başladı. O dəqiqə sözləri çəpləşdi. Təhqir, söyüş başlananda sakitcə otaqdan çıxdıq.

Məsələ açıq qaldı. Şəhər səksəkədə, insanlar narahat idi. Bir neçə gündən sonra Bakıdan xalq yazıçısı, rəhmətlik İsmayıl Şıxlı və uzun müddət Gəncədə rəhbər işdə çalışmış Tofiq Bağırov gəldi. Onlar Surət Hüseynovla uzun-uzadı söhbətlər apardılar. Nəhayət, İsgəndər Həmidovu Gəncəyə dəvət edib, onu qərargaha apardılar. Beləliklə, onları barışdırdılar.

Surət Hüseynovla iqtidar arasında davam edən söz döyüşü 1993-cü il iyunun 4-də silahlı toqquşma ilə nəticələndi: Gəncəyə güclü, qüvvətli ordu yeridildi. Əsl faciə baş verdi, qardaş qardaşa silah çevirdi, qan töküldü.

Səhər saat 6-da açılan atəş səsləri minlərlə insanı səksəndirdi, qədim diyarı təlatümə gətirdi. Dəhşətli vəziyyət yarandı, əhali arasında çaşqınlıq artdı. Adamlar hara gəldi qaçaraq özlərinə daldalanacaq axtarırdılar.

709 saylı hərbi hissənin yerləşdiyi sahəyə yaxın düşmək olmurdu. Hər tərəf döyüş meydanına bənzəyirdi. Qardaş qırğını gedirdi. Əlində ağ bayraq qırğının qarşısını almaq üçün cəsarətlə irəli çıxan batalyon komandiri Mehman Ələkbərov on səkkiz güllə yarası almışdı. Kərəm Hümbətov, Mehman Cəfərov, Firdovsi Qənbərov, Elçin Əsədov və başqaları bu müdhiş olayın qurbanı oldular. İqtidar isə hadisələri sahmanlamaq, qan-qadanı yatırtmaq əvəzinə odun üzərinə neft tökür, qarşı-qarşıya duran qüvvələri daha da qızışdırır, öz səriştəsiz hərəkətləri ilə vəziyyəti daha da gərginləşdirirdi.

Görüşlər, danışıqlar, təkliflər, təkidlər bir səmərə vermirdi. Xalqın bu ağır günündə ölkəmizin səmasında Heydər Əliyev qəfil günəş kimi parladı. Ulu öndər onda hələ Naxçıvanda işləyirdi. Hadisələrin səhərisi günü, yəni iyunun 5-də məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın deputatları çox tutarlı, çox obyektiv bəyanat verdilər. "Əziz həmvətənlərimiz!.. Baş vermiş hadisə Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da qəzəb və hiddətlə qarşılanmışdır. Biz bunu müstəqil dövlətçiliyimizə edilən qəsd, yenicə titrək addımlarını atan Azərbaycan dövlətinə arxadan vurulan zərbə hesab edirik.

...Belə bir ağır şəraitdə biz, Naxçıvan MR xalq deputatları seçicilərimizin fikirlərini ifadə edərək Azərbaycan dövlətçiliyini qorumaq məqsədilə xalqı özünün seçdiyi prezidentin ətrafında sıx birləşməyə çağırırıq!

Prezidentdən isə uzun müddət xalqın qanını sorub milyonlar qazananlara, rüşvətxorlara, bürokratlara, dövlətçiliyimiz əleyhinə çıxanlara, açıq və gizli millət xainlərinə qarşı qəti və sərt tədbirlər görməsini xahiş edirik... Qardaş gülləsindən həlak olan qardaş və bacılarımızın ailə üzvlərinə dərin hüznlə başsağlığı verərək dərdlərinə şərik oluruq".

Ulu öndər Heydər Əliyevin bu bəyanatından, qayğı və qətiyyətindən ruhlanan gəncəlilər ümumşəhər mitinqi keçirərək hamını ayıq-sayıq olmağa çağırdılar.

Xalqın təkidli tələbi ilə həmin ərəfədə Heydər Əliyev Bakıya gəldi. Ona respublikanın  ali orqanlarından birinə rəhbərlik etmək tövsiyə olunurdu. Ulu öndər isə özünəməxsus müdrikliklə hərəkət etdi. İyunun 13-də dahi şəxsiyyət heç nəyə baxmadan həyatını təhlükə altına ataraq Gəncəyə gəldi. Vəziyyətlə ətraflı tanış oldu. Şəhər sakinləri ilə, əsgərlərlə, hərbi qulluqçularla görüşüb söhbət etdi. Hadisələri yerli-yataqlı araşdırdı. Ondan sonra - yəni iyunun 15-də  Milli Məclisin növbəti iclasında Gəncə hadisələri barədə öz qəti sözünü dedi: "Hadisələr dəhşətlidir, qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və bütün qanunu pozmuş adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil edənlər kimliyindən asılı olmayaraq qanun qarşısında məsuliyyət daşımalıdır".

Ümummilli lider Heydər Əliyevin bu cür dərin məzmunlu, məntiqli çıxışı  Gəncə hadisələrinə tam aydınlıq gətirdi. Ulu öndər toplu-tüfəngli, silahlı-sursatlı iki əks tərəfin qarşısına sözlə, məntiqlə, ağlın, zəkanın qüdrəti ilə çıxdı. Və bu məntiqlə, məharətlə əldə silah üz-üzə duran tərəfləri tədricən tərk-silah etdi. Beləliklə,  meydanlarda vətən və xalq adından bar-bar bağıran AXC-Müsavat başbilənləri başıpozuq halda siyasət meydanından sivişib getməyə məcbur oldular.

Polad iradəli Heydər Əliyevin sərkərdə səriştəsi və komandan qətiyyəti ölkəmizi parçalanıb məhv olmaqdan biryolluq xilas etdi. 4 iyun hadisələri qurtuluşa gedən yolun başlanğıcı idi.

 

 

Musa MUSAYEV,

müharibə və əmək veteran

 

Gəncə

 

Azərbaycan.-2013.- 7 iyun.- S.8.