Bakıda Puşkinin anadan olmasının 214-cü ildönümü qeyd edildi

 

Dünən rus romantik ədəbiyyatının görkəmli nümayəndəsi, müasir rus ədəbiyyatının banisi Aleksandr Sergeyeviç Puşkinin doğum günü idi. Dahi rus şairinin anadan olmasının 214-cü ildönümü Bakıda da qeyd edildi. Səbail Rayon İcra Hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və "Sodrujestvo" cəmiyyətinin birgə təşkilatçılığı ilə  böyük rus şairinin abidəsi önündə keçirilən mərasimdə şairin həyat və yaradıcılığından, öz əsərləri ilə dünya ədəbiyyatında əbədi iz qoymasından söhbət açıldı.

Öncə Puşkinin heykəli önünə tədbir iştirakçıları adından gül dəstələri və tər çiçəklər qoyuldu. Səbail rayon ictimaiyyətinin, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin, "Sodrujestvo" cəmiyyətinin, Rusiya Mədəniyyət Mərkəzinin,  Azərbaycanda fəaliyyət göstərən müxtəlif xalqların mədəniyyət mərkəzlərinin, ali və orta məktəblərin nümayəndələrinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilən ənənəvi tədbiri giriş sözü ilə respublika "Sodrujestvo" cəmiyyətinin sədri Tatyana Kərimova açdı və belə bir tədbirin keçirilməsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rolu olduğunu vurğuladı.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov  qeyd etdi ki, Səbail rayonunda, şairin adını daşıyan və ulu öndər Heydər Əliyevin iştirakı ilə abidəsi ucaldılmış bu parkda Aleksandr Sergeyeviç Puşkinin doğum gününün keçirilməsi artıq ənənəyə çevrilib. Ədibin rus dili, ədəbiyyatı və mədəniyyətinin formalaşmasında və inkişafındakı rolu, onun dünya ədəbiyyatına verdiyi töhfələr xüsusi  vurğulandı. Bildirildi ki, rus ədəbiyyatına zəngin töhfələr vermiş A.S.Puşkin təkcə rus xalqı tərəfindən deyil, dünyanın bütün xalqları tərəfindən sevilir. Onun çoxsaylı poemaları, şeirləri, nağılları bir çox xalqların dillərinə tərcümə olunmuş, yaradıcılığında  rus xalqının arzuları, zəkası və yaradıcılıq qüdrəti öz parlaq ifadəsini tapmışdır. Puşkinin əsərləri görkəmli Azərbaycan şair və yazıçılarından Məmməd Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşfiq, Nigar Rəfibəyli, Süleyman Rüstəm, Səməd Vurğun və başqaları tərəfindən tərcümə olunmuş, onun Azərbaycanda sevilməsində bu tərcümələrin böyük rolu olmuşdur.

Tədbirdə çıxış edən Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində Aleksandr Sergeyeviç Puşkinin doğum gününün və digər tədbirlərin rolunun əvəzsiz olduğunu bildirdi.

Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Azərbaycanda A.S.Puşkinə, onun ədəbi irsinə olan yüksək münasibətdən danışdı, şeirlərindən bir parça ifa etdi.

Tədbirdə Səbail rayon orta məktəblərinin şagirdləri, tanınmış mədəniyyət xadimləri, şairlər, Azərbaycandakı rus icmasının nümayəndələri çıxış edərək şairin həyat və yaradıcılığından söz açdılar. Şagirdlər dahi şairin şeirlərini Azərbaycan və rus dillərində səsləndirərək, onun nağıllarından səhnəciklər göstərdilər.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2013.- 7 iyun.- S.9.