Pirallahı dənizçiləri rayonda görülən işlərə yaxından dəstək verirlər

 

Hazırda Qafqaz regionunun müasir və güclü şirkətlərindən olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) müvafiq istehsal güclərinə, inkişaf etmiş xidmət sektoruna, böyük elmi-texniki potensiala malikdir. Xəzərin şelfində və dənizin dərinsulu hissəsində yerləşən yataqların işlənməsində bir neçə il öncə 60 illik yubileyini qeyd etmiş ARDNŞ-in Xəzər Dəniz Neft Donanmasının (XDND) fəaliyyəti müstəsna əhəmiyyət kəsb edir. XDND-nin hər bir struktur vahidi kimi, Abşeron Rayon Dəniz Neft Donanma İdarəsi də dəniz neftçilərinə yüksək səviyyədə dəniz nəqliyyatı xidməti göstərir.

Abşeron arxipelaqının ən böyük adası olan Pirallahı həm də neftçilər və dənizçilər qəsəbəsi kimi tanınır. Burada iş günü səhər erkən, günəşin ilk şəfəqlərinin yer üzünü öz nuruna qərq etməsi ilə başlanır. Qəsəbəni yuxudan işə düşən maşın və mexanizmlərin, mühərriklərin uğultusu oyadır. Yüzlərlə insan - neftçi, qazmaçı, geoloq, sürücü, inşaatçı və digər peşə sahibləri küçələrə axışır, öz iş yerlərinə tələsirlər. Bu insanlar arasında öz xüsusi geyimi - uniforması ilə fərqlənənlər isə, əlbəttə ki, dənizçilərdir - ARDNŞ Xəzər Dəniz Neft Donanması Abşeron Rayon Dəniz Neft Donanma İdarəsinin dənizçiləri. Artıq 60 ildən çoxdur ki, neft donanması Xəzər şelfində, dənizin Azərbaycan sektorunda qiymətli enerji daşıyıcıları hasil edən "qara qızıl" qəhrəmanlarının xidmətindədir.

XDND-nin Pirallahı adasında yerləşən Abşeron Rayon Dəniz Neft Donanma İdarəsinin (ARDNDİ) dənizçiləri  2013-cü ilin ilk 4 ayı ərzində mürəkkəb tapşırıqların öhdəsindən uğurla gəlmişlər. Belə ki, yanvar-aprel aylarında 27 sifarişçiyə nəqliyyat xidməti göstərən Abşeron dənizçiləri faktiki 123 250,5 gəmi/saat göstəriciyə və 1 016 056 manat balans mənfəətinə nail olmuşlar, dövlət tapşırığına müvafiq olaraq 107,3 və 176 faiz əməl edilmişdir. Əmək məhsuldarlığı planı da 112 faiz yerinə yetirilmişdir.

2013-cü ilin ilk dörd ayının digər göstəriciləri də ürəkaçandır. O cümlədən, gəlir göstəricisi faktiki olaraq 11 901 994 manat, yəni 106 faiz yerinə yetirilmişdir. Gəmi/saat, mənfəət və gəlir göstəriciləri aprel ayında müvafiq olaraq 109, 193 və 106 faiz təşkil etmişdir ki, bu uğurlar da təsadüfi deyildir. Biz donanmada işi daim elmi əsaslar üzərində qurmağa çalışırıq. ARDNDİ-nin bütün şöbə və xidmətləri, gəmi komandaları yüksək əmək intizamı və işgüzarlıq şəraitində çalışırlar.

Gəmilərin təhlükəsiz texniki istismarı, sifarişçiyə lazım olan vaxtda onların saz vəziyyətdə olması donanma qarşısında duran başlıca vəzifədir. Bunun üçün ARDNDİ-nin balansında olan 99 gəminin vaxtlı-vaxtında profilaktik, əsaslı və naviqasiya təmiri həyata keçirilir. 4 ay ərzində 6 gəmi əsaslı təmirdən, 14 gəmi isə tərsanə təmirindən çıxıb. Plan üzrə 19 əvəzinə 20 gəmi təmir olunaraq proqnoza 106 faiz əməl edilib. Təmir işlərinin vaxtında və keyfiyyətlə görülməsində idarənin nəzdində fəaliyyət göstərən Üzən emalatxana kollektivinin xidməti diqqətəlayiqdir.

Donanmanın göstəricilərinin ildən-ilə yüksələn xətlə inkişaf etməsinin əsas səbəblərindən biri də fəaliyyətimizin daim ARDNŞ və Xəzər Dəniz Neft Donanmasının rəhbərliyinin diqqətində olmasıdır. Dənizçilərin sosial-məişət problemləri də daim diqqət mərkəzindədir. Xüsusi yaradılmış komissiya ayda bir dəfədən az olmayaraq gəmilərin sosial-texniki vəziyyətini və sanitar-gigiyenik qaydalara əməl edilməsini yoxlayır, zəruri tədbirlər həyata keçirir. İdarədə Yeni il, 8 mart, Novruz bayramları yüksək səviyyədə qeyd edilir, işçilərin uşaqlarına bayram sovqatları paylanır. İdmançılarımız neft, qaz və kimya sənayesi işçiləri arasında keçirilən müxtəlif yarışların daimi iştirakçılarıdır və yaxşı göstəricilər əldə edirlər. Ad günü, yubileyi olan, yardıma ehtiyac duyan işçiləri də diqqətdən kənarda qoymuruq.

Pirallahı rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə bayram tədbirlərində ARDNDİ-nin dənizçiləri yaxından iştirak etmişlər. Bundan əlavə, hər həftənin şənbə günləri iməciliklər keçirilmiş, 50 ağac və təbii güllər əkilmiş, ərazi təmizlənmişdir.

Daim Prezidentin həyata keçirdiyi düşünülmüş daxili və xarici siyasəti dəstəkləyən Pirallahı sakinlərinin ən çox ürəyindən olan qərarlardan biri də ötən ilin dekabrından Pirallahıya rayon statusu verilməsidir. Rayon sakinlərinin böyük əksəriyyətinin fikrini ifadə edərək son 2 ayda Pirallahıda görülən yenidənqurma və abadlıq işlərinə görə dənizçilər ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildirirlər. Sakinləri daha çox narahat etmiş kommunal xidmətlərdən artıq heç bir şikayət yoxdur. İşıq, su, qaz və digər problemlər yerindəcə həll olunur. Ümid edirik ki, yaxın zamanlarda qəsəbənin istilik sistemi də bərpa ediləcək.

Pirallahıda geniş tikinti və quruculuq işlərinə başlanıb, qəsəbə yaşıllaşdırılır və abadlaşdırılır. Binaların həyətlərindən, yol kənarlarından dəmir köşklər götürülür, zəbt olunmuş, çəpərlənmiş sahələr boşaldılaraq ərazilər təmizlənir, antisanitariya aradan qaldırılır. Məhəllələrdəki qanunsuz tikililər söküldükcə ərazi gözümüzün qabağında genişlənir. İndi burada uşaqlar üçün oyun meydançalarının, yaşlıların istirahəti üçün kölgəliklərin inşasına başlanılıb. Ərazinin su və kanalizasiya sistemi problemlərinin həllinə də başlanılıb. Yol kənarına yeni müasir dayanacaqlar quraşdırılır, estetik görkəmi müasir olan zibil konteynerləri qoyulur. Eyni zamanda, küçə və məhəllələrdə inşa olunmuş xeyir-şər evləri yenidən qurulur və təzələri tikilir. Qəsəbədə yeni məscidin tikilməsi üçün layihə hazırlanması xəbəri də bizi çox sevindirir. Pirallahıda fəaliyyət göstərən Uşaq Yaradıcılıq Mərkəzində və Mədəniyyət Mərkəzində uşaqlar üçün pulsuz dərnəklər təşkil edilmişdir. Novruz bayramı, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən Gül bayramı, 28 may - Respublika Günü Pirallahıda yüksək səviyyədə qeyd olunmuşdur.

Ürəkdən inanırıq ki, ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı ilə Pirallahıda görülən xeyirxah işlərin miqyası get-gedə daha da artacaq, sakinlərin rifah halı günbəgün yaxşılaşacaq.

 

 

Daməd İMANOV,

Abşeron Rayon Dəniz Neft Donanma İdarəsinin rəisi

 

Azərbaycan.-2013.- 7 iyun.- S.9.