Yeni Azərbaycan Partiyasının V
qurultayı 2013-cü ildə keçiriləcək prezident
seçkilərində partiyanın sədri, Azərbaycan
Prezidenti İlham Əliyevin namizədliyini irəli
sürmüşdür
İyunun 7-də Bakıda, "Buta" sarayında Yeni Azərbaycan Partiyasının (YAP) V qurultayı keçirilmişdir.
YAP-ın 600 mindən çox üzvünü təmsil edən nümayəndələr partiyanın sədri, dövlət başçısı İlham Əliyevi hərarətlə qarşıladılar.
Partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev qurultayda geniş nitq söylədi.
Partiyanın sədri, Prezident
İlham Əliyevin nitqi
- Əziz dostlar!
Hörmətli Yeni Azərbaycan Partiyasının üzvləri!
Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Yeni Azərbaycan Partiyası növbəti qurultayını keçirir.
Bu, doğrudan da böyük hadisədir. Çünki
Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında
həlledici rol oynayır. Partiyanın qərarları,
fəaliyyəti ölkəmizin uğurlu inkişafına
güclü təsir göstərir.
Yeni Azərbaycan Partiyası Azərbaycanın
aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən
böyük partiyasıdır. Bizim partiyamız 20
ildir ki, iqtidardadır. Bir həftədən
sonra biz Qurtuluş Gününü qeyd edəcəyik. Qurtuluş Günü müasir Azərbaycan tarixində
bir dönüş nöqtəsi idi. Bu 20 il
ərzində partiyamız bütün seçkilərdə
böyük üstünlüklə qələbə
qazanmışdır. Yeni Azərbaycan Partiyası,
sözün əsl mənasında, xalq partiyasıdır. Xalqımızın bütün təbəqələri,
bütün yaş qrupları partiyamızda birləşir və
ölkəmizin uğurlu inkişafı üçün
öz fəaliyyətini göstərirlər.
Keçən qurultaydan ötən dövr ərzində
partiyamız daha da güclənmişdir. Partiyamıza
böyük axın vardır. Artıq
partiya sıralarında 600 mindən artıq üzv vardır.
Bu, özlüyündə bir göstəricidir.
Onu göstərir ki, partiyanın məramı,
ideyaları, çox cəlbedicidir. Xüsusilə,
gənclərin partiyaya üzv olması çox sevindirici
haldır və onu göstərir ki, partiyanın fəaliyyəti
də, ideyaları da, cəmiyyətdəki rolu da vətəndaşlar
üçün çox cəlbedicidir və partiyanın fəaliyyəti
çox böyük dəstəyə malikdir.
1992-ci ildə Yeni Azərbaycan Partiyasının
yaradılması tarixi hadisə idi. Çünki
hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin
ilk illəri ölkəmiz üçün çox
ağır keçmişdir. O vaxtkı iqtidar ölkəni
uçuruma aparırdı. Səriştəsiz,
bacarıqsız, biliksiz insanlar, demək olar ki, Azərbaycanın
dövlət müstəqilliyinə böyük zərbə
vurmuşlar. Ona görə Heydər
Əliyevin ətrafında birləşən insanlar, ilk
növbədə, çox böyük cəsarət göstərmişlər.
Çünki o vaxtkı iqtidar imkan vermədi
ki, hətta partiyanın təsis qurultayı Bakıda keçirilsin.
Digər tərəfdən, onlarda olan vətən
sevgisi onların bu hərəkətlərini şərtləndirdi.
Heydər
Əliyevin 1970-ci, 1980-ci illərdə də gördüyü
işlər, Azərbaycanın inkişafına verdiyi töhfələr
və Sovet İttifaqının dağılma ərəfəsindəki
fəaliyyəti, cəsarətli addımlar, qanlı 20 Yanvar
faciəsinin pislənməsi, Kommunist Partiyası
sıralarının tərk edilməsi, Naxçıvanda Azərbaycan
Xalq Cümhuriyyətinin bayrağının dövlət
bayrağı kimi təsis edilməsi, Naxçıvan Muxtar
Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi,
Sovet İttifaqının saxlanmasına dair referendumun
keçirilməməsi - bütün bu amillər, əlbəttə
ki, xalqda Heydər Əliyevə olan məhəbbəti birə
on artırırdı. 1992-ci ilin noyabrında
Yeni Azərbaycan Partiyasının yaradılması xalqda
böyük ümidlər yaratdı ki, nəhayət,
xoşagəlməz hallara son qoyulacaq, nəhayət, Azərbaycanda
çox ciddi siyasi qüvvə yaranır, nəhayət, Azərbaycanda
siyasi sistem yaranır.
Çünki Yeni Azərbaycan Partiyasının
yaradılması, eyni zamanda, müasir siyasi sistemin yaranması
deməkdir. Çünki o vaxta qədər ölkədə fəaliyyət
göstərən müxtəlif siyasi qruplaşmalar siyasi
mübarizəni faktiki olaraq çox primitiv səviyyədə
aparmağa cəhd etmişlər. Siyasi
sistem yox idi. Yeni Azərbaycan
Partiyasının yaradılması siyasi sistemin
yaradılması deməkdir. Yeni Azərbaycan
Partiyasının müxalifət partiyası kimi
yaradılması, eyni zamanda, müxalifət necə fəaliyyət
göstərməlidir, onu da çox açıq-aydın
ortaya qoymuşdur.
Yeni Azərbaycan Partiyası o vaxtkı antimilli xəyanətkar
iqtidara müxalifətdə idi. Yeni Azərbaycan
Partiyasının əsas amalı dövlətçilik,
müstəqillik, inkişaf, təhlükəsizlik idi. Partiyamız iqtidara gələndən sonra bu ideyalar,
bu amillər Azərbaycanda reallığa çevrilmişdir.
Təsadüfi
deyildir ki, partiyanın yaranmasından bir il
keçməmiş Azərbaycan xalqı öz
sözünü demişdir: antimilli qüvvələrin
hakimiyyətdən getməsinə nail olmuşdur və ulu
öndər Heydər Əliyevə müraciət edib onu
hakimiyyətə dəvət etmişdir. Partiyamızın
tarixi müstəqillik tarixi ilə də, demək olar ki,
üst-üstə düşür. Ulu
öndər Heydər Əliyevin Azərbaycanda Prezident kimi fəaliyyəti
də Yeni Azərbaycan Partiyasının güclü dəstəyi
ilə tamamlanırdı. Heydər
Əliyev və Yeni Azərbaycan Partiyası bizim siyasi xəttimizdir.
Heydər Əliyev Yeni Azərbaycan
Partiyasının, müstəqil Azərbaycan dövlətinin
qurucusudur.
1992-ci ildə bu tarixi hadisə bir daha demək istəyirəm
ki, bugünkü Azərbaycan reallıqlarını faktiki
olaraq şərtləndirmişdir. Çünki
1993-cü ildən başlayaraq ölkədə bütün
xoşagəlməz hallara son qoyuldu, sabitlik yarandı, vətəndaş
müharibəsinə son qoyuldu, inkişaf, sabitlik, quruculuq,
dövlətçilik dövrü başlandı. Yeni Azərbaycan Partiyasının əsas ideoloji
dayaqları müstəqillikdir, azərbaycançılıqdır,
müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadi və
siyasi islahatlardır.
Ulu
öndərin rəhbərliyi ilə Azərbaycan on il ərzində böyük və şərəfli
yol keçmişdir. 1993-2003-cü illər
ölkəmizdə sabitlik və inkişaf illəri kimi yadda
qaldı, tarixdə qaldı. Bu illər ərzində
dövlətçiliyin əsasları qoyuldu. Azərbaycan dünya birliyinə özünü təqdim
edə bilmişdir. Beynəlxalq əlaqələrimiz
inkişaf etmişdir. Dünya xəritəsində
Azərbaycan özünə layiq yerini tuta bilmişdir. Siyasi və iqtisadi islahatlar uğurla
aparılmışdır. Azərbaycan bir
neçə beynəlxalq təşkilata üzv olmuşdur.
Ölkəmizə böyük həcmdə
investisiyalar cəlb edilmişdir və bu investisiyalar
hesabına Azərbaycan həm o illərdə, həm bu
gün inkişaf edir. Azərbaycan
etibarlı tərəfdaş imicini qazanmışdır.
Bu da çox vacib məsələdir. Çünki o vaxt Azərbaycan haqqında dünyada
kifayət qədər təsəvvür yox idi. Azərbaycanı dünyaya olduğu kimi təqdim etmək
ulu öndərin xüsusi zəhməti hesabına
mümkün olmuşdur.
Ulu
öndərin rəhbərliyi ilə on il ərzində
Azərbaycan, sözün əsl mənasında, uğurlu yol
keçmişdir. Eyni zamanda, Yeni Azərbaycan
Partiyası da öz fəaliyyətini həm ölkə
daxilində, həm beynəlxalq müstəvidə genişləndirə
bilmişdir. Bu gün bizim beynəlxalq əlaqələrimiz
də çoxşaxəlidir. Müxtəlif
partiyalarla, müxtəlif qitələrdə fəaliyyət
göstərən partiyalarla biz uğurlu əməkdaşlıq
edirik. Bundan sonra da bu əməkdaşlığı
davam etdirəcəyik.
2003-cü ildən sonra Azərbaycanın uğurlu
inkişafı davam etmişdir. Bu inkişafın təmin
edilməsində bir daha demək istəyirəm ki, Yeni Azərbaycan
Partiyasının çox böyük rolu vardır.
Çünki 2003-cü il bir sınaq ili
idi. Həm dövlətçiliyimizin əsaslarının
nə qədər güclü olduğunu elə bil ki, tarix
sınayırdı, eyni zamanda, Yeni Azərbaycan
Partiyasının öz liderinə, dövlətçiliyə
nə qədər sadiq olduğunu tarix sınaqdan
keçirirdi. Bütün bu sınaqlardan
bizim partiyamız üzüağ çıxdı. Bütün bu sınaqlardan biz daha da güclənmiş
şəkildə çıxa bildik.
2003-cü
ildə, demək olar ki, Azərbaycanın gələcək
uğurlu inkişafı müəyyən edilirdi: ya inkişaf
yolu ilə gedəcəyik, ya da yenə tənəzzülə
uğrayacağıq. Yenə də mənfur qüvvələr
Azərbaycanın iqtidarını zəbt edəcəkdilər,
necə ki, 1992-ci ilin may ayında onu zəbt etmişdilər. Yəni bu iki istiqamət arasında seçim, necə
deyərlər, ortada idi. Yeni Azərbaycan
Partiyasının mütəşəkkil fəaliyyəti,
öz liderinə sədaqəti, Azərbaycan xalqının bu
siyasətə verdiyi dəstək hesabına Azərbaycan
inkişaf yolunu seçdi və son on il ərzində
bu inkişaf yolu ilə uğurla irəliyə gedir.
Son on il ərzində Azərbaycan dünyada ən
sürətli templərlə inkişaf etmişdir. İkinci belə ölkə dünya xəritəsində
tapılmaz ki, Azərbaycan qədər uğurlar əldə
edə bilsin. Bu uğurlar çoxşaxəlidir,
bütün sahələri əhatə edir. Həm beynəlxalq, həm daxili siyasətlə,
iqtisadi islahatlarla, siyasi islahatlarla bağlı hara baxsan Azərbaycan
uğurla, inamla, sürətlə inkişaf edir.
Bu inkişaf artıq bütün mötəbər beynəlxalq
təşkilatlar tərəfindən qeyd edilir, qiymətləndirilir. Azərbaycanın
təcrübəsi artıq ən müsbət təcrübə
kimi öyrənilir. Sirr deyildir ki, bizim
keçdiyimiz yol inkişafda olan, yaxud da ki, çətinliklər
içində yaşayan bəzi ölkələr
üçün bir işıq yoludur, bir istiqamətdir.
Bu, öz növbəsində, bizim üzərimizə
daha da böyük məsuliyyət qoyur.
2003-2013-cü
illərdə - son 10 il ərzində Azərbaycan
beynəlxalq aləmdə ən böyük zirvələrə
çata bilmişdir, dünyanın bir nömrəli qurumu
olan BMT Təhlükəsizlik Şurasına üzv
seçilmişdir. Bu, bizim
diplomatiyamızın, siyasətimizin, dövlətçiliyimizin
qələbəsidir, təntənəsidir. Dünyada bu
qurumdan ali qurum yoxdur. Keçən
ilin mayında Azərbaycan bu mötəbər quruma sədrlik
etmişdir.
Biz bu gün qlobal problemlərin həlli ilə məşğuluq. Bizim mövqeyimiz, səsimiz
böyük əhəmiyyətə malikdir. Biz
digər beynəlxalq təşkilatlarda uğurlu fəaliyyət
göstəririk, mövqeyimizi müdafiə edirik. Biz üzv olduğumuz təşkilatlarda
maraqlarımızı müdafiə edirik, eyni zamanda, həm
siyasi cəhətdən, həm də bütün başqa cəhətlərdən
o təşkilatların inkişafına böyük töhfə
veririk.
Bizim ikitərəfli
formatda qurduğumuz xarici siyasət nümunə ola bilər. Bu siyasət bərabərhüquqlu,
qarşılıqlı surətdə faydalı, hörmət
və bir-birinin işinə qarışmamaq prinsiplərinin
üzərində qurulubdur. Bu, bizim
yanaşmamızdır. Biz heç bir
başqa ölkənin daxili işinə
qarışmırıq. Hesab edirəm ki, əgər
dünyada bütövlükdə bu meyillər üstünlük
təşkil etsə, müharibələr də,
qarşıdurmalar da azalar. Ümumiyyətlə,
dünya daha da çox əməkdaşlıq istiqamətində
inkişaf edər. Ona görə həm
ikitərəfli formatda, beynəlxalq təşkilatlardakı fəaliyyətimiz,
eyni zamanda, ümumi xarici siyasətlə bağlı konsepsiyamız
təqdirəlayiqdir, dünyada böyük hörmətə
malikdir və bizə imkan verir ki, daxildə də uğurlu
siyasətimizi aparaq. Çünki hər
bir ölkə maraqlı olmalıdır ki, onun ətrafında
vəziyyət sabit, sülh, əmin-amanlıq olsun ki, ölkə
daxilində proseslər daha da normal şəraitdə getsin.
Daxili siyasətlə bağlı Azərbaycanda çox
böyük işlər görülmüşdür. Bir daha demək
istəyirəm ki, Yeni Azərbaycan Partiyası siyasi sistemimizin
ən əsas sütunudur və ən böyük təsirə
malik olan partiyadır. Ölkəmizdə
siyasi islahatların dərinləşməsində də Yeni
Azərbaycan Partiyasının xüsusi rolu və məsuliyyəti
vardır. Biz on il ərzində
iqtisadi islahatların aparılması ilə dünyanın ən
sürətli iqtisadi inkişafına nail ola bilmişik.
İkinci belə ölkə tapılmaz ki, on il
ərzində iqtisadiyyat üç dəfədən çox
artsın və bütün başqa statistik göstəricilər
də ən yüksək səviyyədə olsun. Hər bir
ölkə üçün bu, nümunə ola
bilər. Yoxsulluq 6 faizə, işsizlik 5,2
faizə düşübdür. Bir milyon 100 mindən çox
yeni iş yeri açılmışdır. Xarici
dövlət borcumuz ümumi daxili məhsulun cəmi 7 faizini təşkil
edir. Bütün beynəlxalq reytinq
agentlikləri Azərbaycanın kredit reytinqlərini
artırır. Ölkəmiz artıq rəqabətqabiliyyətliliyə
görə dünya miqyasında 46-cı yerdədir. Çox böyük iqtisadi təşəbbüslər
irəli sürülür. Çox
böyük islahatlar aparılır. Bu,
reallıqdır. Əlbəttə, bu
reallıq bizə imkan verir ki, gələcəyə nikbinliklə
baxaq, öz gələcəyimizi planlaşdıraq və biz gələcəyimizi
planlaşdırırıq. Artıq biz "Azərbaycan
2020: Gələcəyə baxış" İnkişaf
Konsepsiyasının həyata keçirilməsi ilə məşğuluq.
Biz gələcəyə baxırıq. Bu gün Azərbaycanda icra edilən layihələr
gələcəyə yönəldilibdir. Biz
elə etməliyik ki, bundan sonra da onilliklər ərzində
ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin
edilsin. Şübhə etmirəm ki, biz
buna nail olacağıq.
Son on il ərzində Azərbaycanda bütün
başqa istiqamətlər üzrə də böyük
nailiyyətlər əldə edilmişdir. Bütün
bu nailiyyətlərin təməlində Heydər Əliyev
siyasətidir, onun qoyduğu yoldur, Yeni Azərbaycan
Partiyasının ölkəmizin aparıcı siyasi qüvvəsi
kimi fəallığıdır. İstər
sosial məsələlərin həllində, xarici siyasətlə,
iqtisadi islahatlarla, daxili siyasətlə bağlı
bütün istiqamətlər üzrə böyük
inkişaf vardır. Bizim siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşıdır. Ona görə Azərbaycanda aparılan islahatlar
baxmayaraq ki, çox ciddi xarakter daşıyır və
köklü islahatlardır, biz tarixdən və bəzi
ölkələrdə gedən bugünkü proseslərdən
də bilirik ki, köklü iqtisadi islahatlar bir çox hallarda
kütləvi etirazlara səbəb olur. Çünki bu
islahatlar bir çox hallarda insanların maraqları hesabına
aparılır. Bizdə isə həm
iqtisadi islahatlar aparılmışdır, - bu gün
iqtisadiyyatımızın 83 faizi özəl sektorda
formalaşır, - eyni zamanda, çox güclü sosial
proqramlar da icra edilmişdir.
Son on il ərzində Azərbaycanda orta maaş
beş dəfə, orta pensiya isə səkkiz dəfə
artmışdır. Sosial rifah, insanların maddi
vəziyyətinin yaxşılaşdırılması,
müxtəlif sosial proqramlar, əlbəttə ki, bizim əsas
istiqamətimizdir. Sovet dövründən
qalmış əmanətlərin insanlara verilməsi də bu
siyasətin təzahürüdür. Ona
görə görülmüş işlər deməyə əsas
verir ki, biz gələcəkdə də bu uğurlu meyilləri
daha da gücləndirəcəyik və Azərbaycanın
uğurlu inkişafını təmin edəcəyik.
Görülən bütün bu işlər, əlbəttə
ki, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki
nüfuzunu da artırır. Yeni Azərbaycan
Partiyasının siyasi səhnədə ciddi rəqibi yoxdur.
Bu, reallıqdır. Ona
görə yox ki, biz kiməsə problem yaradırıq, yaxud
da hansısa xüsusi imtiyazlara malikik. Hər
bir siyasi qüvvə hansı çərçivədə fəaliyyət
göstərirsə, biz də eyni çərçivədə
fəaliyyət göstəririk. Sadəcə
ona görə ki, görülən işlər, islahatlar,
insanların yaşayış səviyyəsinin qalxması,
beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi
bizə olan inamı daha da artırır. Ancaq,
əlbəttə ki, siyasi mübarizə aparılır və
aparılmalıdır. Mən bir daha demək
istəyirəm ki, Yeni Azərbaycan Partiyası siyasi
davranış qaydalarını da müəyyən
etmişdir və çox şadam ki, siyasi fəaliyyətlə
məşğul olan əksər siyasi partiyalar bu sivil siyasi
davranış qaydalarına əməl edirlər. Amma elələri vardır ki, onlar islah oluna bilməz.
Bu, onlara şamil edilə bilməz. Bu, antimilli qüvvələrdir. Vaxtilə
iqtidarda olmuş və bu gün də iqtidar arzusu ilə
heç bir əsası olmadan yaşayan antimilli xəyanətkar,
satqın qruplaşmalardır ki, onlar öz fəaliyyətlərini
tamamilə başqa istiqamətdə görürlər. Onların siyasi fəaliyyəti, - əgər buna
siyasi fəaliyyət demək mümkündürsə, -
tamamilə başqa istiqamətdə gedir. Onların
siyasi mübarizə üsulu söz deyil, fikir deyil, "Molotov
kokteyli"dir. Onların dayaqları xalq deyil, xalqın iradəsi
deyil, xaricdən verilən qrantlardır, pullardır. Onların söz azadlığı donos yazmaqdır,
Azərbaycanı ləkələməkdir, beynəlxalq təşkilatlara
uydurmalar, iftiralar göndərməkdir, yaymaqdır. Onların davranış qaydaları ermənilərlə
birləşib Azərbaycanı ləkələmək və
Azərbaycan haqqında mənfi rəy
formalaşdırmaqdır.
Əlbəttə,
belə qruplaşmaların Azərbaycanın siyasi həyatında
yeri yoxdur və ola da bilməz. Son 20 ilin tarixi bunu bir daha təsdiq edir ki, Azərbaycanın
gələcəyini, müstəqilliyini düşünməyən
qüvvəyə Azərbaycanın siyasi səhnəsində
yer yoxdur. Biz müstəqil dövlət
qurmuşuq. Ulu öndər canı
hesabına müstəqil dövlət qurmuşdur. Biz müstəqilliyi qoruyuruq, saxlayırıq. Müstəqillik bizim üçün ən
böyük sərvətdir, ən böyük dəyərdir.
Müstəqillik, sadəcə olaraq, dövlət
atributlarına malik olmaq deyildir. Müstəqillik
müstəqil siyasət aparmaq, öz maraqlarını
müdafiə etmək, öz milli maraqlarını hər
şeydən üstün tutmaqdır. Bu
gün Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən,
sözün əsl mənasında, müstəqil dövlətdir.
Biz bu müstəqilliyi möhkəmləndirməliyik.
Bir daha demək istəyirəm ki, biz hər bir tərəfdaşla
bərabərhüquqlu münasibətlər qurmuşuq. Biz ancaq bu
münasibətləri qəbul edirik. Başqa cür ola da bilməz. Bizə rəqib
olmaq istəyənlər isə xarici dairələrin təlimatı
ilə fəaliyyət göstərirlər. Onlar üçün xaricdən verilən vəsait,
oradan verilən təlimatlar əsasdır. Onlar hakimiyyətə gəlmək üçün
istənilən güzəştə getməyə
hazırdırlar. Biz bunu bilirik. Biz bilirik Azərbaycanda nələr baş verir,
hansı proseslər gedir. Hətta bizim
üçün ən vacib olan məsələdə - Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ məsələsində də hakimiyyətə
gəlmək üçün böyük güzəştlərə
getməyə hazırdırlar. Bunu gizlətmirlər.
Söz verirlər ki, əgər onlara
böyük dəstək verilərsə, Qarabağı da ermənilərə
bağışlamağa hazırdırlar.
Mən bunu ona görə deyirəm ki, bu, artıq, necə
deyərlər, siyasi səhnədə bir reallıqdır. Ona görə
yox ki, bu, bizi narahat edir. Tamamilə yox.
Yenə də deyirəm, mən bizim
qarşımızda rəqabət aparmaq qabiliyyətində
olan heç bir qüvvə görmürəm. Ona görə ki, bax son illər ərzində
görülmüş işlər bu inamı artırır.
Sadəcə olaraq, çox istərdim ki, Azərbaycanda
siyasi mübarizə dövlətçilik əsasında
qurulsun. Əlbəttə, siyasi mübarizə
olmalıdır. İqtidar-müxalifət
münasibətləri də olmalıdır. Yəni bizdə
dövləti düşünən müxalifət nümayəndələri
vardır və onların fikirləri ayrıdır, ölkənin
inkişaf strategiyası, iqtisadi-siyasi sahə ilə
bağlı öz fikirləri ola bilər.
Bu, təbiidir. Ancaq əsas
odur ki, dövlətçiliyə, müstəqilliyə
bütün siyasi qüvvələr sadiq olsunlar. O
qüvvələr ki, buna sadiq deyil, o qurumlarda yeniləşmə
getməlidir. Yeni insanlar gəlməlidir rəhbərliyə
və naftalin qoxusu verən köhnəlmiş "liderlər"
tarixin arxivinə getməlidir. Əslində,
onlar çoxdan tarixin arxivindədir, sadəcə olaraq, bunu hələ
ki, axıra qədər dərk etməmişlər.
Biz isə uğurla inkişaf edirik. Biz seçkilərə
də uğurla gedəcəyik. Çünki
bizim amalımız qüdrətli Azərbaycandır, müstəqillikdir,
inkişafdır, sosial rifahdır. Ölkə
qarşısında duran vəzifələr də məhz Yeni
Azərbaycan Partiyasının rəhbərliyi ilə bundan
sonra da uğurla icra
edilə bilər. Bu vəzifələrin
arasında, əlbəttə ki, ilk növbədə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi dayanır. Bizim mövqeyimiz prinsipialdır. Mən
bunu dəfələrlə bəyan etmişəm. Azərbaycan xalqı və Yeni Azərbaycan
Partiyası bu mövqeyi birmənalı şəkildə dəstəkləyir.
Azərbaycanın ərazi
bütövlüyü danışıqlar predmeti deyil və
olmayacaqdır. Dağlıq Qarabağ əzəli
Azərbaycan torpağıdır. Bu gün də belədir,
sabah da belə olacaqdır. Azərbaycan
öz suverenliyini, ərazi bütövlüyünü istənilən
yolla bərpa edəcəkdir. Bu münaqişənin həlli
yalnız beynəlxalq hüququn norma və
prinsipləri, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi
əsasında öz həllini tapa bilər. Heç
bir başqa variant nəzərdən keçirilmir. Heç bir başqa variant qəbul edilə bilməz.
Mən inanıram və əminəm ki, biz bu məsələni
həll edəcəyik. Çünki bizim artan xarici və daxili
gücümüz, artan ordu potensialımız və iqtisadi
inkişaf qələbəmizi şərtləndirəcəkdir.
Ermənistan isə demək olar ki, tamamilə iflasa
uğrayıb.
Ermənistanda hakimiyyəti zəbt etmiş
kriminal korrupsioner diktatura rejimi o ölkəni uçuruma
aparır. Ölkədə kütləvi
qaydada miqrasiya baş verir. Hər il
100 minə qədər vətəndaş o ölkəni həmişəlik
tərk edir. Birinci növbədə, ona görə
ki, ümidləri yoxdur. İqtisadiyyat, demək
olar ki, iflic vəziyyətdədir. Digər
tərəfdən, o ölkəni idarə edən qaniçən,
gözü doymayan kriminal quldur rejim insanlara divan tutur. Bütün seçkilər Ermənistanda kütləvi
şəkildə saxtalaşdırılır, siyasi mübarizə
orada qanlı faciələrə gətirib
çıxarır. Bu ölkə
terrorçu ölkəsidir və terrorçu, quldur
üsul-idarəsi ilə idarə edilir. Belə
olan halda nə qədər ki, indiki kriminal iqtidar orada rəhbərlikdədir,
o qədər də tez Ermənistan tamamilə çökəcəkdir.
Mən tam əminəm, məhz buna görə və digər tərəfdən, artan gücümüz də bunu diktə edir ki, biz mütləq ərazi bütövlüyümüzü bərpa edəcəyik. Sadəcə olaraq, buna vaxt və güclü siyasət lazımdır. Güzəştsiz, kompromissiz, milli maraqlara söykənmiş siyasət ki, bu gün bizim iqtidar və yalnız bizim iqtidar bunu təmin edə bilər. Yalnız bizim iqtidar bütün təzyiqlərə, təhdidlərə, təxribatlara dözə bilər. Bizə qarşı aparılan kampaniyanın təməlində bir çox hallarda məhz bu münaqişə dayanır: Azərbaycanı zəiflətmək, ləkələmək, imicinə zərbə vurmaq ki, Qarabağ məsələsində bizdən güzəştlər qoparsınlar. Bu, keçməyəcəkdir. Çünki bizim işimiz haqq işidir və xalq da bizim siyasətimizi dəstəkləyir.
Daxili siyasətlə bağlı deməliyəm ki, biz bundan sonra da Azərbaycanda demokratiyanı inkişaf etdirəcəyik. Söz azadlığı, vicdan azadlığı, din azadlığı, sərbəst toplaşma azadlığı - bütün bu azadlıqlar mövcuddur. Azərbaycanda azad internet fəaliyyət göstərir, heç bir məhdudiyyət qoyulmur. Demokratiyanın inkişafı bizim üçün əsas vəzifədir. Bu gün Azərbaycan demokratiyanın inkişafına görə heç kimdən geridə qalmır. Bəzi hallarda bizdə olan demokratik vəziyyət başqa ölkələr üçün də örnək ola bilər və olmalıdır.
İqtisadi sahə ilə bağlı şaxələndirmə bizim əsas istiqamətimizdir. Bu sahədə də böyük uğurlar əldə edilibdir. Bu ilin dörd ayında qeyri-neft sektorumuz 11 faiz artmışdır ki, bu, bəlkə də dünyada ən yüksək göstəricidir. Vaxtilə qəbul edilmiş bütün qərarlar icra edilir. Biz neft amilindən asılılığımızı azaldırıq. Bu il artıq ümumi daxili məhsulumuzda neft sektoru azlıq təşkil edir. Yəni şaxələndirmə baş veribdir, bundan sonra sənayeləşmə prosesi daha da sürətlə gedəcəkdir. Böyük sənaye kompleksləri yaradılacaqdır. Bu da qarşımızda duran əsas vəzifələrdən biridir. Sosial məsələlərin həllində bundan sonra da çox ciddi addımlar atılacaqdır. Maaşlar, pensiyalar, müavinətlər artırılacaqdır. Məcburi köçkünlərin yaşayış səviyyəsini qaldırmaq üçün bundan sonra da işlər görüləcəkdir. Biz bütün istiqamətlər üzrə öz siyasətimizi davam etdirəcəyik. Ərzaq təhlükəsizliyini tam şəkildə təmin etməliyik. Bir neçə il bundan əvvəl qarşıya vəzifə qoyulmuşdur ki, biz özümüzü əsas ərzaq məhsulları ilə tam şəkildə təmin edək. Biz bu hədəfə də yaxınlaşırıq.
Nəqliyyat təhlükəsizliyi üçün Azərbaycan indi əsas rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolunun başa çatdırılması bölgənin, qitənin, qitələrin nəqliyyat xəritəsini dəyişdirəcəkdir. Yenə də Azərbaycan burada təşəbbüskardır və əsas tərəfdaşdır.
Enerji siyasətimizlə bağlı bütün addımlar düşünülmüş qaydada atılır. Enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, biz daxildə bunu tam şəkildə həll etmişik. İndi Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllində də Avropa ilə bu istiqamətdə tərəfdaş kimi işləyirik, fəaliyyət göstəririk. Azərbaycan "Cənub qaz dəhlizi"nin əsas iştirakçısıdır, əsas təşəbbüskarıdır. Azərbaycanda qəbul edilən qərarlar gələcəkdə enerji təhlükəsizliyi ilə bağlı olan bütün yeni məsələlərə əsas istiqamət verəcəkdir. Bu, böyük uğurumuzdur və böyük məsuliyyətimizdir. Biz bu məsuliyyətə hazırıq. Çünki ulu öndərin qoyduğu Azərbaycanın neft strategiyası bu günə qədər uğurla icra edilibdir. Bu gün qaz amili də bu strategiyanı daha da zənginləşdirir.
Bir sözlə, bizim bütün istiqamətlər üzrə konkret proqramlarımız, planlarımız, konsepsiyalarımız, icra mexanizmlərimiz vardır. O cümlədən regionlarda gedən işlərlə bağlı gələn ilin əvvəlində üçüncü Dövlət Proqramı icra ediləcəkdir. Birinci və ikinci proqramların icrası nəticəsində bölgələr canlandı, şəhərlər abadlaşdı, gözəlləşdi, müasir infrastruktur yaradılır, kəndlərimiz çiçəklənir, qalxır, bütün infrastruktur, yollar, məktəblər, xəstəxanalar, Olimpiya kompleksləri, qazlaşdırma, elektrik enerjisi, su xətləri, bütün infrastruktur yenilənir. Biz bütün infrastruktur sistemimizi tamamilə yeniləşdiririk ki, bundan sonra ən azı 50-100 il bax, bu qurduğumuz infrastruktur insanlara xidmət göstərsin.
Yəni vəzifələr daha da çoxdur.
Sadəcə olaraq, mən bütün vəzifələri əgər
burada sadalasam, bir neçə saat vaxt lazım olacaqdır. Mən
bu məsələlərlə bağlı
vaxtaşırı vətəndaşlara müraciət edərək
öz fikirlərimi bildirirəm. Yəni bizim gələcək
inkişafımızla bağlı heç bir tərəddüdümüz,
heç bir şübhəmiz yoxdur. Azərbaycan inamla,
uğurla irəliyə gedəcəkdir. Bunu təmin etmək
üçün Azərbaycanda Heydər Əliyev siyasəti
bundan sonra da daim üstünlük təşkil etməlidir.
Əminəm ki, biz buna nail olacağıq. Sağ olun.
Azərbaycan.-2013.- 8 iyun.- S.1,2.