Bakı Sərgi Mərkəzində Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi uğurla başa çatmışdır

 

İyunun 7-də Bakı Sərgi Mərkəzində Xəzəryanı regionun neft-qaz sahəsində ən böyük tədbiri olan və öz uğurlu fəaliyyətinin 20 illik yubileyini qeyd edən Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi başa çatmışdır.

Builki sərgidə 28 ölkədən neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi ilə məşğul olan, habelə servis xidmətləri göstərən 386 şirkət iştirak etmişdir.

Sərgi Bakı Sərgi Mərkəzinin üç pavilyonunda, eləcə də komplekslə yanaşı, açıq meydançada keçirilmişdir. Almaniya, Çin, Rusiya, Türkiyə və Böyük Britaniya kimi aparıcı ölkələr sərgidə öz milli qrupları ilə təmsil olunmuşlar. Ötən illə müqayisədə sərgi meydançalarının sahəsi 22 faiz, eksponatların ümumi sayı isə 25 faiz artmışdır.

Sərginin baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), qızıl sponsorları isə "BP Azerbaijan" və "Statoil" şirkətləri olmuşlar. Sərginin digər sponsorları "Axpo Trading", "Azfen-Tekfen", "Azeri MI Drilling Fluids", "BNP Paribas", "Bos Shelf", "Caspian Drilling Company", "Caspian Marine Services", "Cross Caspian Oil and Gas Logistics", "IHS Global Ltd", "Interpipe", "McDermott Caspian Contractors, Inc.", "Nabucco", "Nobel Oil", "RussNeft", "RWE", "Siveco" "TexnoProm" şirkətləri idi.

Sərgi və konfransın baş media tərəfdaşı qismində "Caspian Energy International Media Group" şirkəti çıxış etmişdir.

Sərgiyə yerli və müxtəlif xarici ölkələrdən mütəxəssislər gələrək şirkətlər tərəfindən bu sahədə olan bütün yeniliklərlə tanış olmağa imkan əldə etmişlər.

Bakıda ilk Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi 1994-cü ilin sentyabrında - Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən və Azərbaycanın neft tarixində yeni dövrün əsasını qoymuşsrin müqaviləsi"nin imzalanması ərəfəsində keçirilmişdir. Həmin dövrdə ulu öndər Heydər Əliyev bu sərgini "Dünya neft-qaz şirkətlərini Azərbaycanın neft-qaz sahəsinin inkişafına cəlb etmək üçün münasib platforma" hesab edərək Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin ölkəmizdə keçirilməsi təşəbbüsünü dəstəkləmişdir. O vaxtdan etibarən Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrilmişdir.

Keçirildiyi illər ərzində sərgidə dünyanın 70-dən çox ölkəsindən 5 min 600-dən artıq neft, qaz energetika sektorunun aparıcı şirkətləri iştirak etmişdir.

İyunun 7-də - sərginin sonuncu günündə Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) Beynəlxalq Xəzər neft, qaz, neftayırma neft kimyası sərgisinə yüksək səviyyədə informasiya dəstəyi verdiyinə bu tədbirin gedişini dolğun işıqlandırdığına görə xüsusi sertifikatla mükafatlandırılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 8 iyun.- S.6.