Milli Məclisin Sədri Oqtay Əsədov Avropada mühüm görüşlər keçirmişdir

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Belçika Krallığında rəsmi səfərdə olmuşdur.

Rəsmi səfərin birinci günü - iyunun 5-də Milli Məclisin Sədri Belçika parlamentinin Nümayəndələr Palatasının Sədri Andre Flao, Belçika Senatının Sədri xanım Sabina de Betkin, Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Filip Blanşarla ayrı-ayrılıqda görüşlər keçirdi. Dostluq və qarşılıqlı anlaşma şəraitində keçən görüşlərdə dövlətlərarası münasibətlər, parlamentlərarası əməkdaşlığın inkişafı məsələləri geniş müzakirə olundu. Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətdən, region, eləcə də Avropa üçün mühüm əhəmiyyət daşıyan nəhəng enerji layihələrindən söz açdı.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən parlament Sədri ATƏT-in Minsk qrupunun fəaliyyətinin hələ də nəticə vermədiyini vurğuladı. Nüfuzlu beynəlxalq təşkilatlar olan  BMT TŞ, AŞ PA, ATƏT PA kimi qurumların münaqişənin ədalətli həllinə dair çıxardığı qərarlar icra olunmamış qalır. Oqtay Əsədov beynəlxalq ictimaiyyəti  bu məsələnin həllini intensivləşdirməyə çağırdı.

Avropa Parlamenti Xarici əlaqələr komitəsinin sədri Elmar Brokla görüşdə Milli Məclisin Sədri Avropa Parlamentinin Azərbaycanda insan haqlarına dair qəbul etdiyi bir sıra qərarları xatırladaraq qeyd etdi ki, ətraflı araşdırmalar aparılmadan qəbul edilən bu sənədlər ölkə ictimaiyyətinin haqlı narazılığına  səbəb olur. Bu kimi məsələlərin ilkin olaraq Avronest PA-da müzakirəsi və yalnız  bundan sonra hər hansı bir qərarın verilməsi, zənnimizcə, daha ədalətli olardı. Elmar Brok Azərbaycandan fərqli olaraq, digər  dövlətlərə dair Avropa Parlamentinin daha sərt qərarlar qəbul etdiyini vurğuladı.

Belçika Krallığına rəsmi səfərin ikinci günü Milli Məclisin Sədri Oqtay Əsədov Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompöy ilə görüşdü. Avropa İttifaqı Şurasının prezidenti ölkəmizə səfərini xatırlatdı və Azərbaycandan xoş təəssüratla ayrıldığını dilə gətirdi. Qeyd etdi ki, Azərbaycan Avropa İttifaqı üçün iki nöqteyi-nəzərdən əhəmiyyət kəsb edir. Birinci, demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafı baxımından, ikinci isə, Avropanın enerji təminatı baxımından.  Avropa İttifaqı Şurasının prezidenti Rompöy Azərbaycan-Avropa İttifaqı əlaqələrinin gələcəkdə sürətlə inkişaf edəcəyini bildirdi. Xüsusi olaraq qeyd etdi ki, qarşıdan gələn prezident seçkilərinin uğurla keçəcəyinə ümid edir.

Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanın demokratik dəyərlərə yiyələnməsində Avropa İttifaqının siyası dəstəyinə ehtiyacı olduğunu vurğuladı. Bildirdi ki, bu baxımdan hər iki tərəfin fikirləri üst-üstə düşür.

Milli Məclisin Sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açaraq bildirdi ki, münaqişə nəinki regional, eləcə də beynəlxalq əməkdaşlığı və təhlükəsizliyi təhdid edir.

Görüşdə qeyd olundu ki, bu yaxınlarda Azərbaycan Prezidenti cənab İlham Əliyevin Brüsselə gözlənilən səfəri əməkdaşlığımızı daha da möhkəmlədəcək.

Daha sonra Milli Məclisin Sədri Oqtay Əsədov və Avropa Parlamentinin prezidenti Martin Şults arasında görüş keçirildi. Şults qeyd etdi ki, bu, Azərbaycan Parlamentinin Sədri Oqtay Əsədovun Avropa Parlamentinə ilk səfəridir. Lakin bugünkü görüşdən sonra düşünürəm ki, belə səfərlər davamlı olacaq.

Avropa Parlamentinin prezidenti qeyd etdi ki, mürəkkəb regionda yerləşən Azərbaycan böyük təhlükələrlə bərabər, həm də böyük imkanlara malikdir. Hazırda əsas diqqət Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına yönəldilməlidir. Buna cavab olaraq Milli Məclisin Sədri Oqtay Əsədov qeyd etdi ki, Azərbaycanın xarici siyasətinin əsas istiqamətini Avropaya inteqrasiya təşkil edir  bu yöndə ölkəmiz bu mötəbər qurumdan dəstək gözləyir.

Azərbaycanın sürətlə inkişaf etdiyiniregionun lider dövlətinə çevrildiyini nəzərə çatdıran Milli Məclisin Sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açdı, münaqişənin bütöv region, eləcə də nəhəng enerji layihələrin reallaşdırılması üçün təhlükəsini vurğuladı. Bildirildi ki, Avropa Parlamentinin münaqişəyə dair konstruktiv mövqe nümayiş etdirməsi  çox vacibdir.

Görüşün sonunda Milli Məclisin Sədri Oqtay Əsədov və Avropa Parlamentinin prezidenti Martin Şults mətbuat üçün brifinq keçirdilər.

Brifinqdən sonra Azərbaycan Parlamentinin Sədri Avropa Komissiyasının Genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşdü. Füle demokratik dəyərlərin inkişafına dair öz baxışlarını paylaşdı. Qeyd etdi ki, Azərbaycanla Avropa arasında bu məsələlərə dair fikirlərin üst-üstə düşməsi vacibdir. Öz növbəsində Milli Məclisin Sədri Oqtay Əsədov qeyd etdi ki, Avropaya inteqrasiya Azərbaycan dövlətinin xarici siyasətinin əsas xəttini təşkil edir. Bu istiqamətdə kifayət qədər işlər görülüb və gələcəkdə də bu siyasət davam etdiriləcəkdir.

Beləliklə, Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Brüsselə səfəri iyunun 6-da başa çatdı.

 

 

 

Milli Məclisin mətbuat xidməti

 

Azərbaycan.-2013.- 8 iyun.- S.6.