Regionlararası əməkdaşlığın mütəmadi inkişafı Rusiya və Azərbaycan xalqlarının mənafelərinə uyğundur

 

Azərbaycanda ta qədimdən belə bir fikir mövcuddur ki, yaxın qonşu uzaq qohumdan yaxşıdır. Günbəgün genişlənən Azərbaycan-Rusiya münasibətləri hər iki ölkənin iqtisadiyyatının dinamik artımı fonunda buna əyani sübutdur. Ölkələrimizin münasibətləri çoxəsrlik tarixə malikdir. Həm geosiyasi mövqe, həm də vaxtilə bir dövlətdə yaşamağımız xalqlarımızı həmişəlik bir-birinə bağlamışdır. SSRİ dağılandan sonrakı ilk illərdə ölkələrimizin münasibətləri üzərinə düşən kölgə 2000-ci ildən başlayaraq yoxa çəkilmiş, öz yerini möhkəm dostluq, tərəfdaşlıq münasibətlərinə vermiş, indi isə bu münasibətlər strateji tərəfdaşlıq müstəvisinə keçmişdir. Belə ki, Azərbaycan ilə Rusiya arasında bir sıra enerji sazişləri bağlanmışdır, iki ölkə arasında əmtəə dövriyyəsi durmadan artır. Lakin heç şübhəsiz, ikitərəfli münasibətlərin əsas tənzimləyicisi xalqlarımızın qarşılıqlı əlaqələrinin bir sıra mühüm aspektlərini ehtiva edən humanitar əməkdaşlıqdır. Bu gün tam məsuliyyətlə deyə bilərik ki, Azərbaycan müstəqillik əldə etdiyi vaxtdan onun Rusiya ilə münasibətləri ən yüksək səviyyədədir.

İki ölkənin prezidentlərinin - İlham Əliyevin və Vladimir Putinin siyasi iradəsi ilə bu günlərdə Volqoqradda keçirilmiş Dördüncü "Rusiya-Azərbaycan: regionlararası dialoq-2013" forumunun yekunları da buna sübutdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunda qeyd edilir ki, qısa müddətdə forum regionlararası əməkdaşlığın aktual məsələlərinin müzakirəsi, ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına şərait yaradan birgə təklif və qərarlar hazırlanması üçün səmərəli bir məkana çevrilmişdir.

Məktubda deyilir: "Bir məqam dərin rəmzi məna daşıyır ki, bu dəfə görüş yeri kimi cari ildə Stalinqrad ətrafında qələbənin 70 illiyini qeyd etmiş Volqoqrad şəhəri seçilmişdir. Axı faşist Almaniyasını ölkənin içərilərinə soxulmaq, o cümlədən silahlı qüvvələrin döyüş qabiliyyətinin təmin edilməsində mühüm rol oynayan Bakı neftini ələ keçirmək imkanından məhrum etmiş, bununla da bütün müharibənin gedişini dəyişmiş ən şiddətli döyüşlər məhz bu ərazidə gedirdi. O müharibə illərində xalqlarımızın qismətinə düşmüş ağır sınaqlardan birlikdə çıxdıq".

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin forum iştirakçılarına təbrikində deyilir: "Regionlararası əməkdaşlıq konstruktiv tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin inkişafının mühüm amilidir. Rusiya və Azərbaycan regionlarının fəal əlaqələri, onların energetika, nəqliyyat, təhsil, informasiya və kütləvi kommunikasiyalar sahəsində müştərək layihələr həyata keçirməsi milli iqtisadiyyatların potensialının daha tam üzə çıxarılmasına şərait yaradır. Bu cür əlaqələr həm də xalqlarımız arasında qarşılıqlı etimadın və anlaşmanın dərinləşməsi üçün çox vacibdir". Beləliklə, hər iki prezident həmrəylik nümayiş etdirərək qarşılıqlı anlaşmanın dərinləşməsinə sanballı töhfə vermək, ikitərəfli əlaqələri daha da möhkəmlətmək məqsədilə forum iştirakçılarını işgüzar və konstruktiv dialoq aparmağa çağırmışlar.

Forumun işində iştirak etmək üçün Azərbaycandan Volqoqrada gəlmiş nüfuzlu nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin əməkdaşları, parlamentin deputatları, nazirlik, baş idarə və digər dövlət müəssisələrinin rəhbər işçiləri, yerli icra hakimiyyətlərinin başçıları, habelə işgüzar dairələrin və KİV-lərin nümayəndələri daxil idi.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov forumun açılışında giriş nitqi söyləmişdir. O qeyd etmişdir ki, Azərbaycanın xarici iqtisadi siyasətinin prioritetlərindən biri Rusiya ilə iqtisadi münasibətlərin inkişaf etdirilməsi və onların səmərəsinin artırılmasıdır. Əli Həsənov demişdir: "Rusiya Azərbaycanın əsas və prioritet ticari-iqtisadi tərəfdaşlarından biridir. Ölkələrimiz arasında tərəfdaşlıq əlaqələri ardıcıl inkişaf edən investisiya əməkdaşlığında da öz əksini tapır. Respublikada 500-ə yaxın Rusiya müəssisə və təşkilatı vardır. Onların uğurlu fəaliyyəti üçün əlverişli şərait yaradılmışdır. Təkcə siyasi və iqtisadi sahələrdə deyil, humanitar sahədə də ikitərəfli əməkdaşlıq ilbəil möhkəmlənir".

İctimai-siyasi məsələlər şöbəsinin müdiri Rusiya Federasiyasının subyektləri ilə əməkdaşlıq məsələsinə də toxunaraq qeyd etmişdir ki, bu əməkdaşlıq ikitərəfli münasibətlərin bütün spektrinə müsbət təsir göstərir. Bu gün RF-nin 70-dən çox subyekti Azərbaycan ilə xarici iqtisadi əlaqələrə cəlb edilmiş, onların bəziləri ilə Azərbaycan arasında hökumətlərarası sazişlər imzalanmışdır.

Rusiya-Azərbaycan forumu çərçivəsində keçirilən seksiya iclaslarında iqtisadiyyat və regionlararası əlaqələr, Xəzərdə təhlükəsizlik məsələləri, energetika və nəqliyyat sahələrində qarşılıqlı fəaliyyət, habelə gənclər siyasəti və humanitar sahədə müştərək layihələr əsas müzakirə mövzuları olmuşdur.

Altı müxtəlif diskussiya məkanında Rusiya və Azərbaycan prezidentlərinin administrasiyaları ilə birlikdə Volqoqrad vilayət hökumətinin müzakirələri "dəyirmi masa" formatında keçirilmişdir. Bu söhbətlərdə hər iki ölkənin aparıcı alim və ekspertləri, Volqoqrad ali məktəblərinin müəllimləri, ictimai təşkilatların fəalları, sənayeçilər və iş adamları, habelə dövlət hakimiyyəti orqanlarının rəhbərləri iştirak etmişlər. Onlar qarşılıqlı maraq doğuran geniş əhatəli məsələləri müzakirə etmişlər. Məsələn, regionlararası əməkdaşlığa həsr edilmiş seksiyada söhbət investisiyalar və ticarət barədə olmuşdur.

İqtisadi məsələlərə həsr edilmiş "dəyirmi masada" müxtəlif işgüzar təşəbbüslər müzakirə olunmuşdur. Volqoqrad vilayətinin hökuməti öz investisiya paketini təqdim edərək xüsusi vurğulamışdır ki, regionun rəhbərliyi bu layihələrin həyata keçirilməsi üçün maksimum əlverişli şərait yaradılmasına təminat verir.

Humanitar əməkdaşlığın da perspektivli olması təsdiqlənmişdir. Məsələn, tematik seksiyaların birində Azərbaycan alimləri rus dilinin öyrənilməsi problemini önə çəkmişlər. Azərbaycanda orta və ali məktəblərin əksəriyyətində bu fənn öyrənilir, lakin vahid tədris metodikası yoxdur və burada rusiyalı həmkarların köməyinə ehtiyac duyulur.

Digər "dəyirmi masa" məkanında gənclər siyasəti diqqət mərkəzində olmuşdur. Burada Volqoqrad və Azərbaycan tərəfləri müvafiq profilli növbəli düşərgə təşkil olunmasında iştirak etmək barədə razılığa gəlmişlər. Həmin düşərgələrə müxtəlif millətlərə mənsub olan uşaqlar göndəriləcəkdir.

"Dəyirmi masa"lar zamanı iki dövlətin energetika və nəqliyyat kommunikasiyaları sahəsində qarşılıqlı fəaliyyəti, habelə Xəzər regionunda sabitliyin təmin edilməsi problemləri də diskussiya mövzusu olmuşdur.

İyunun 5-də dördüncü "Rusiya-Azərbaycan: regionlararası dialoq - 2013" forumu çərçivəsində Volqoqraddakı Həlak olmuş Döyüşçülər Meydanında "Rusiya Federasiyasının və Azərbaycan Respublikasının iqtisadi əməkdaşlığının yeni üfüqləri" mövzusunda sərgi açılmışdır. Sərgidə Azərbaycanın, Rusiya regionlarının və Volqoqrad vilayətinin ekspozisiyaları nümayiş etdirilirdi.

Volqoqrad vilayəti hökumətinin sədri Oleq Kirsanov demişdir ki, sərgidə vilayətin bütün nailiyyətləri təmsil olunmuşdur. O.Kirsanov "Rusiya Federasiyasının və Azərbaycan Respublikasının iqtisadi əməkdaşlığının yeni üfüqləri" sərgisi ilə tanış olduqdan sonra jurnalistlərə verdiyi müsahibəsində demişdir: "Şübhəsiz, bu gün Azərbaycan iqtisadiyyatı dünyada ən dinamik inkişaf edən iqtisadiyyatlardan biridir. Bu yaxın qonşumuzla ənənəvi əlaqələrimiz qədim tarixə malikdir. Bu gün azərbaycanlı həmkarlarımızın timsalında layiqli işgüzar tərəfdaş görürük və qarşılıqlı əməkdaşlığa yol açırıq. Azərbaycanda investisiya kapitalı çox böyükdür və güman edirəm ki, müəyyən şərtlərlə həmin kapital bizim Volqoqrad torpağına da gələcəkdir".

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev sərginin açılışında çıxış edərək bildirmişdir ki, burada respublikanın hazırkı nailiyyətləri ilə yanaşı, gələcək layihələr də nümayiş etdirilir. Ş.Mustafayev Azərbaycan hökumətinin "Ağ şəhər" yaratmaq planları barədə söhbət açaraq demişdir: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi ki, zaman gələcək, Azərbaycan dünyaya günəş kimi açılacaqdır. Qara şəhər Ağ şəhərə çevriləcəkdir. Bu gün Azərbaycan ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir və öz sərvətlərini artırır".

Volqoqrad vilayət Dumasının sədri Vladimir Yefimov Azərbaycan ilə Rusiya arasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək demişdir: "Biz gələcəkdə birgə işləməyə və investisiya siyasətində etibarlı tərəfdaşlara ümid edirik. Volqoqrad kifayət qədər rəqabətə davamlı regiondur. Azərbaycanla ixrac-idxal sahəsində əməkdaşlıq bizi maraqlandırır. "Rusiya Federasiyasının və Azərbaycan Respublikasının iqtisadi əməkdaşlığının yeni üfüqləri" sərgisində bizim kənd təsərrüfatı sahəsində və neft-qaz sənayesində nailiyyətlərimiz təmsil olunmuşdur. Volqoqradda neft sahəsi üçün xüsusi avadanlıq istehsal edən müəssisələr vardır. Biz ölkələrimizin - Rusiyanın və Azərbaycanın gələcəyi naminə investisiyalar və müştərək iş üçün hazırıq".

Forum çərçivəsində "Bakı" dostluq parkının təntənəli təməlqoyma mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov başda olmaqla Azərbaycanın nüfuzlu nümayəndə heyəti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK), Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB), Volqoqrad vilayəti hökumətinin nümayəndələri iştirak etmişlər.

Volqoqrad vilayətinin vitse-qubernatoru, vilayət hökumətinin sədri Oleq Kirsanov mərasimi açaraq demişdir: "Bu gün biz beynəlxalq əməkdaşlığımızın daha bir təməlini qoyuruq". Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov isə mərasim iştirakçıları qarşısında çıxışında qeyd etmişdir ki, gələcək nəsillərə ünvanlanmış müraciətin yerləşdiyi xatirə kapsulunun bu parkın təməlinə qoyulması Rusiya-Azərbaycan dostluğunun sarsılmazlığının rəmzi olacaqdır. V.Çernovun sözlərinə görə, bu cür obyektlərin tikintisi xeyirxah və yaxşı bir ənənəyə çevrilir. V.Çernov xatırlatmışdır ki, keçən il Həştərxanda Rusiya-Azərbaycan dostluq körpüsü açılmışdır. O, Heydər Əliyev Fonduna, Volqoqrad vilayətinin Azərbaycan diasporuna, bu cür mühüm və nəcib təşəbbüsləri reallaşdıran insanların hamısına təşəkkürünü bildirmişdir.

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov öz çıxışında qeyd etmişdir ki, Dostluq parkının inşa edilməsi barədə razılıq bu il aprelin əvvəlində Azərbaycan nümayəndə heyətinin Volqoqrada səfəri zamanı əldə edilmişdir. Ə.Həsənov demişdir: "Əminəm ki, əsrlər boyu sülh və həmrəylik şəraitində yaşamış xalqlarımız, ölkələrimiz və şəhərlərimiz arasında dostluğun rəmzi olan bu park Volqoqrad sakinlərinin sevimli və mənzərəli yerlərindən biri olacaqdır... Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi siyasət sayəsində Rusiya-Azərbaycan ikitərəfli münasibətləri inkişaf edir və genişlənir. Biz bundan sonra da əlaqələrimizi dərinləşdirmək və genişləndirmək yolu ilə irəliləyəcəyik".

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Volqoqrad tərəfə qonaqpərvərliyə görə təşəkkürünü bildirərək qeyd etmişdir ki, bu gün təkcə Volqoqradda yaşayan azərbaycanlılar üçün deyil, Rusiyada yaşayan bütün azərbaycanlılar üçün bayramdır. Səfir arzulamışdır ki, həmin parka gələcək gənclər həmişə bizim dostluğumuzu yadda saxlasınlar və bu dostluğu növbəti nəsillərə çatdırsınlar.

Əli Həsənovun və Vladimir Çernovun imzası ilə gələcək nəsillərə ünvanlanmış müraciətdə deyilir: "Biz  - forum iştirakçıları və Volqoqrad sakinləri əminik ki, gələcək park təkcə şəhərlər arasında deyil, həm də dövlətlərimiz arasında dostluğun rəmzi olacaqdır. Bu park bizim birgə səylərimizlə salındığı kimi Rusiya Federasiyasının və Azərbaycan Respublikasının xalqlarının üzləşdiyi bütün təhdidləri gələcək nəsillər naminə birlikdə dəf edəcəyik. Biz bu kapsulu parkın təməlinə qoymaqla ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi yolu ilə bundan sonra da irəliləmək niyyətində olmağımızı təsdiqləyirik". Parkın inşasının başlanması rəmzi olan, gələcək nəsillərə müraciətin qoyulduğu kapsul yeni parkın bünövrəsinə qoyulmuşdur.

Dördüncü Rusiya-Azərbaycan forumunun işi çərçivəsində plenar iclas zamanı iki müqavilə imzalanmışdır:

Rusiya Federasiyasının vahid elektrik sisteminin və Azərbaycan Respublikasının vahid enerji sisteminin paralel işinin təmin edilməsi tədbirləri haqqında Rusiya Federasiyası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında Saziş və Azərbaycan Respublikası hökuməti ilə Volqoqrad vilayəti Hökuməti (Rusiya Federasiyası) arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş.

RF energetika nazirinin müavini Anton İnyutsın yeni sazişi şərh edərək demişdir: "Rusiya və Azərbaycan öz enerji sistemlərinin etibarlılığını və səmərəliliyini yeni səviyyəyə çatdırmışlar". Azərbaycan Respublikasının sənaye və energetika naziri Natiq Əliyev demişdir: "Biz qəza hallarında bir-birimizə kömək göstərməyi öhdəyə götürdük, enerji tranzitinə görə və qiymət siyasəti məsələlərinin həlli üzrə məsul şəxsləri dəqiq müəyyən etdik". Tərəflərin fikrincə, imzalanmış saziş vahid sərhədyanı texnoloji siyasət yeritməyə və birgə işi tənzimləməyə imkan verəcəkdir.

Volqoqrad vilayəti hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişin imzalanması da forumun mühüm hadisəsi olmuşdur. Ekspertlərin fikrincə, bu saziş tərəflər üçün yeni işgüzar perspektivlər açır. Qubernator Sergey Bojenov bu hadisəni şərh edərək demişdir: "Bizdə əmtəə dövriyyəsi yaxşı nizamlanmışdır. Biz onun həcmini artıracağıq. Bundan əlavə, Volqoqrad müəssisələri öz satış bazarlarını genişləndirmək və deməli, istehsalı artırmaq, yeni iş yerləri yaratmaq, büdcəyə ayırmaları çoxaltmaq imkanı əldə edəcəklər".

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin fikrincə, Volqoqrad vilayətində iqtisadi baxımdan maraq doğuran sahələr çoxdur. Məsələn, aqrar sənaye kompleksi, kənd təsərrüfatı texnikası istehsalı, logistika və daşımalar, neft maşınqayırma sahələri xüsusi maraq doğurur. Bundan əlavə, Azərbaycan Volqoqrad regionu ilə kiçik və orta biznes səviyyəsində işgüzar əlaqələri fəal inkişaf etdirmək niyyətindədir.

Forumun sonunda Dördüncü "Rusiya-Azərbaycan: regionlararası dialoq - 2013" forumunun iştirakçılarının yekun bəyanatı qəbul edilmişdir. Bu sənəddə forum iştirakçıları regionlararası əməkdaşlığın durmadan inkişaf etdirilməsinin Rusiya və Azərbaycan xalqlarının maraqlarına uyğun olmasına, xalqlar arasında etimadın möhkəmlənməsinə və qarşılıqlı yaxınlaşmaya xidmət etməsinə əmin olduqlarını bildirmiş və Rusiya-Azərbaycan dialoqunun inkişafına imkanları daxilində töhfə verməyə hazır olduqlarını təsdiq etmişlər.

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 8 iyun.- S.7.