Bakıda «Cəlal Əliyev. Davamlı inkişaf üçün fotosintez tədqiqatları-2013» mövzusunda beynəlxalq konfrans davam edir

 

İyunun 7-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Botanika İnstitutunun və Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin (İSPR) birgə təşkilatçılığı ilə dünya şöhrətli alim, ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş "Cəlal Əliyev. Davamlı inkişaf  üçün fotosintez tədqiqatları-2013" mövzusunda beynəlxalq konfrans işini davam etdirmişdir.

Konfransda iştirak edən Yaponiya,  Rusiya, ABŞ, Almaniya, Estoniya və digər ölkələrin alim və mütəxəssisləri əvvəlcə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutunda olmuşlar.

Qonaqlara 1950-ci ildən fəaliyyət göstərən bu elm müəssisəsinin fəaliyyət istiqamətləri və strukturu barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Əkinçilik İnstitutunun 100-dən artıq elmi əməkdaşı keçmiş Sovet İttifaqının, bu gün isə MDB məkanının aparıcı institutlarında, Fransa, Almaniya və Macarıstanın müvafiq institutlarında, beynəlxalq elm mərkəzlərində ixtisasartırma kursları keçmişdir. İnstitutda  məqsədli aspirantura da daxil olmaqla 400-dən artıq yüksək ixtisaslı elmi kadr hazırlanmışdır. Onlardan 259 nəfəri dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə edərək elmlər  namizədi, 8 nəfər isə doktorluq alimlik dərəcəsi almışdır.

Dünya şöhrətli alim,  akademik Cəlal  Əliyevin rəhbərlik etdiyi Bitkilərin fiziologiyası və biotexnologiya şöbəsində isə bitki fiziologiyası, bitkilərin biokimyası, biofizika, molekulyar biologiya və genetika, bioüzvi kimya, radiobiologiya, mikrobiologiya, riyazi biologiya və s. ixtisaslar üzrə  77 elmlər namizədi və 7 elmlər doktoru hazırlanmışdır.

Qeyd edilmişdir ki, Əkinçilik İnstitutunda əsasən bitkilərin seleksiyası, toxumçuluq və becərmə texnologiyası ilə bağlı tətbiqi və fundamental xarakterli elmi-tədqiqat işləri yerinə yetirilir.

 Xarici ölkələrin mütəxəssisləri Əkinçilik İnstitutunun təcrübə sahələrinə baxmışlar. Eyni zamanda, institutun əməkdaşları ilə fikir mübadiləsi aparmış və onlarla xatirə şəkli çəkdirmişlər.

Sonra konfrans işini bölmə iclaslarında davam etdirmişdir. Görkəmli alimlər Norio Murata (Yaponiya), Vladimir Şuvalov (Rusiya), Govindiee (ABŞ) məruzə ilə çıxış etmişlər. Eyni zamanda, Moskva Dövlət Universitetindən Andrey Rubinin, Tokio Universitetindən Tatsuya Tomonun, Almaniyadan Ernst-Valter Knappın, Estoniyadan Agu Laiskin və başqa alimlərin fotosintez prosesinin bütün istiqamətləri, onun praktiki təsiri, kənd təsərrüfatında tətbiqi, həmçinin hidrogenin alınması və süni fotosintez kimi problemlər barədə məruzələri dinlənilmişdir.

Məruzələr ətrafında müzakirələr aparılmış, suallar cavablandırılmışdır.

İyunun 8-də konfrans işini bölmə iclaslarında davam etdirəcəkdir.

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 8 iyun.- S.7.