Bakıda «Aİ-Azərbaycan: təhlükəsizlik və inteqrasiya» mövzusunda beynəlxalq konfrans keçirilmişdir

 

İyunun 7-də "Hyatt Regency" mehmanxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və Avropa Siyasi Mərkəzinin birgə təşkilatçılığı ilə "Aİ-Azərbaycan: təhlükəsizlik və inteqrasiya" mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.

Tədbiri açan SAM-ın direktoru Fərhad Məmmədov rəhbərlik etdiyi qurum ilə Avropa Siyasi Mərkəzi arasındakı mövcud əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, Avropa İttifaqı Qafqazda çox fəaldır və bu fəallıq ildən-ilə artır. F.Məmmədov demişdir: "Biz Avropa İttifaqı mərkəzləri ilə bir sıra məsələlərdə, o cümlədən təhlükəsizlik, enerji, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yaxından əməkdaşlıq edirik".

Avropa Siyasi Mərkəzinin icraçı direktoru Hans Martens Avropada yoxsulluğunişsizliyin artdığı bir dövrdə belə bir beynəlxalq konfransın keçirilməsinin çox mühüm hadisə olduğunu söyləmişdir. Azərbaycanda sürətli inkişafa şahid olduğunu deyən H.Martens bildirmişdir ki, Avropa ölkələri gündən-günə tərəqqi edən Azərbaycan ilə əlaqələrə xüsusi əhəmiyyət verməlidirlər.

H.Martens siyasi sabitliyin, sülh şəraitinin Avropa ölkələri və qonşuları üçün vacib olduğunu qeyd etmişdir.

Tədbir çərçivəsində "Cənubi Qafqazı Aİ-yə yaxınlaşdırmaq yönündə: uğurlar və çağırışlar" mövzusunda keçirilən birinci paneldə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bu yaxınlarda keçiriləcək Vilnüs sammiti ərəfəsində belə bir tədbirin təşkil olunmasını müsbət hal kimi qiymətləndirmişdir.

Beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun getdikcə artdığını qeyd edən R.Kobia son vaxtlar Aİ-nin ölkəmizlə daha da yaxınlaşdığını bildirmiş və tərəflərin bir sıra məsələlər, o cümlədən təhlükəsizlik məsələsi üzərində işlədiklərini diqqətə çatdırmışdır.

Aİ rəsmisi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu xüsusi vurğulamışdır. Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri qarşıda duran əsas məsələlərdən birininAvropa İttifaqı ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi olduğunu demişdir.

"Azərbaycan maddi yardıma ehtiyacı olmayaneyni zamanda çox ağıllı siyasət yürüdən bir ölkədir. Azərbaycanda işlədiyim dörd il ərzində çox işlər görülmüş, "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində bir sıra addımlar atılmışdır", - deyə R.Kobia bildirmişdir.

O, Azərbaycan ilə Aİ-nin gələcəkdə geosiyasi məsələlərdə daha yaxından əməkdaşlıq etmələri üçün gözəl imkan olduğunu qeyd etmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan R.Kobia demişdir: "Biz ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirik. Onlar əllərindən gələni edirlər. Bəzən bizə sual verirlər ki, nəyə görə Aİ əlindən gələni etmir? Bilirsiniz, bizə heç vaxt vasitəçilik etmək təklif olunmamışdır. Lakin buna baxmayaraq, bizöz növbəmizdə müəyyən köməklik etməyə çalışırıq. Azərbaycan ilə əməkdaşlıq etmək bizə çox xoşdur. Azərbaycanın gələcəyi çox gözəldir".

Konfransın birinci panelində həmçinin Litva Xarici İşlər Nazirliyinin "Şərq Tərəfdaşlığı" proqramının xüsusi tapşırıqlar üzrə səfiri Vaidotas Verba, Qafqaz Resurs və Tədqiqat Mərkəzinin Azərbaycan üzrə direktoru Gürsəl Əliyev və "Caucasus International" jurnalının baş redaktoru Zaur Şiriyevin məruzələri də dinlənilmişdir.

Daha sonra konfrans öz işini SAM-ın direktoru Fərhad Məmmədovun moderatorluğu ilə "Dağlıq Qarabağ münaqişəsinin həlli Avropa İttifaqına yönəlmiş çağırış kimi" mövzusunda keçirilən ikinci panel ilə davam etdirmişdir.

F.Məmmədov bildirmişdir ki, bu münaqişənin həll olunması Aİ-nin əsas prinsiplərindən biri olmalıdır. O demişdir: "Əsas məsələ status-kvonun dəyişdirilməsidir. Bu istiqamətdə Aİ hansı addımları atır? Bu, maraqlıdır. Əfsuslar olsun ki, 2009-cu ildə Aİ Ermənistan ilə Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesini dəstəkləmişdir. Biz, şübhəsiz, buna qarşıyıq".

 İkinci paneldə çıxış edən Estoniyadakı Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin rəhbəri Mətyu Brayzə Dağlıq Qarabağ prosesində elə bir irəliləyişin olmamasından narahatlığını bildirmişdir.

"Münaqişənin sülh yolu ilə həll olunması çox vacib məsələdir. Bir çox elementlər hər iki dövlətin prezidentləri arasında demək olar ki, razılaşdırılmışdır. Yəni çərçivə mövcuddur. Sadəcə, qarşılıqlı razılığa ehtiyac vardır. Əgər xalqlar arasında istək varsa, məncə, həll mümkündür", - deyə o bildirmişdir.

M.Brayzə həmçinin Aİ və ABŞ-ın Ermənistan ilə Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesini dəstəklədiyi zaman Dağlıq Qarabağ məsələsinin nəzərə alınmadığına görə təəssüfləndiyini bildirmişdir.

O demişdir: "Avropa İttifaqı və ABŞ Ermənistan ilə Türkiyə arasında münasibətlərin yaxınlaşdırılması prosesini Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən ayırmaqla çox böyük səhv etmişdilər. Bu proseslər bir-birləri ilə əlaqəlidir və onları ayırmaq düzgün deyildir".

Onun sözlərinə görə, rəsmi Yerevan başa düşməlidir ki, yalnız Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına gətirib çıxara bilər.

Daha sonra çıxış edən Avropa Siyasi Mərkəzinin eksperti Amanda Pol bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsi bütün regiona çox pis təsir göstərir. O, Avropa İttifaqını bu məsələdə daha fəal olmağa çağırmışdır.

Digər məruzəçi - Latviya Xarici İşlər Nazirliyinin parlament məsələləri üzrə katibi Viktors Makarovs Azərbaycanda ilk dəfə olduğunubu ölkənin onda xoş təəssüratlar yaratdığını bildirmişdir. O, Latviyanın Azərbaycanı dost ölkə olaraq gördüyünü və ikitərəfli əlaqələri daha da inkişaf etdirməyə hazır olduğunu qeyd etmişdir.

SAM-ın direktor müavini Gülşən Paşayeva panel iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermişdir. Aİ-nin münaqişənin həlli istiqamətindəki rolunun məhdud olduğunu deyən G.Paşayeva qurumun problemin tənzimlənməsi məsələsində ciddi səy göstərməsinin vacibliyini vurğulamışdır. "Bu gün Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən qaçmamalı, əksinə, bu problemin həllində fəal iştirak etməlidir. Bu münaqişə Cənubi Qafqazda sülh və sabitliyə yönəlmiş əsl təhlükədir", - deyə o, bildirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 8 iyun.- S.8.