Baş prokuror Zakir Qaralov Qubada şimal bölgəsindən olan vətəndaşları qəbul etmişdir

 

İyunun 7-də Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov Quba Rayon Prokurorluğunun binasında bu rayondan, eləcə də Qusar, Xaçmaz, Şabran və Siyəzəndən olan vətəndaşları qəbul etmişdir. AzərTAc xəbər verir ki, Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun, dərhal və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilmişdir.

Gün ərzində baş prokuror tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir hissəsi elə yerindəcə öz həllini tapmışdır.

Vətəndaşların ərizə və şikayətlərində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, xəbərsiz itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar, təsərrüfat, əmlak, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti üzrə müvafiq icra orqanlarında operativ həlli üçün təxirəsalınmaz zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

 

Azərbaycan.-2013.- 8 iyun.- S.8.