Heydər Əliyev Fondu
tərəfindən ABŞ-ın Merilənd ştatında
yerləşən fiziki və
əqli cəhətdən qüsurlu uşaqların təhsil
aldığı məktəblərə xeyriyyə
yardımı edilmişdir
Azərbaycan
ilə yanaşı, ölkəmizin hüdudlarından kənarda
da xeyriyyəçilik fəaliyyətləri
həyata keçirən Heydər Əliyev Fondu tərəfindən
bu dəfə ABŞ-ın Merilənd ştatının
Montqomeri dairəsində yerləşən və ciddi fiziki və
əqli qüsurlu uşaqların təhsil aldığı məktəblərə
xeyriyyə yardımı göstərilmişdir.
Bu
yardım əsasında həmin məktəblər
üçün kompyuterləşdirilmiş interaktiv lövhələr
və əlil uşaqlar üçün müvafiq
avadanlıq alınacaqdır.
İyunun
6-da bu münasibətlə Merilənd ştatında
qüsurlu uşaqların təhsil aldığı
"Lonqvyu" məktəbində xüsusi mərasim təşkil
olunmuşdur.
Mərasimdə
məktəb rəhbərliyi, Montqomeri dairəsinin təhsil
sisteminə daxil olan təşkilatların nümayəndələri,
yerli hakimiyyət dairələrinin təmsilçiləri və
qüsurlu şagirdlərin bir qrupu qatılmışlar.
İştirakçılar
qarşısında çıxış edən Heydər Əliyev
Fondunun ABŞ üzrə nümayəndəsi Cəmilə
Paşayeva-Seyidzadə, ilk növbədə, onlara ölkəmiz
və xalqımız haqqında məlumat vermiş, daha sonra
fondun qısa tarixçəsi, məqsəd və məramlarından
söz açmışdır. O, Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
rəhbərliyi altında aparılan çoxşaxəli fəaliyyətlər
və onların əhatə dairəsi barədə
danışmışdır.
Fondun
prezidentinin uşaqlara yetirdiyi diqqət və
qayğını xüsusilə vurğulayan
C.Paşayeva-Seyidzadə mərasimin təşkilinin ölkəmizdə
geniş qeyd olunan 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə
Günündən sonraya təsadüf etdiyini və
uşaqlara bəxş edilən sevincin qiymətsiz olduğunu
söyləmişdir.
Fondun nümayəndəsi yekunda
"Lonqvyu" məktəbi ilə Azərbaycanın
ixtisaslaşmış təhsil müəssisələri
arasında təcrübə mübadiləsinin təşkilinin
hər iki tərəf üçün faydalı ola biləcəyini
göstərmişdir.
Mərasimdə
Montqomeri dairəsinin təhsil fondunun icraçı direktoru
Yolanda Pruit, dairənin təhsil xidmətləri mərkəzinin
nümayəndəsi Lavern Kimbal və "Lonqvyu" məktəbinin
əlaqələndiricisi Mişel Mak çıxış edərək
səmimi xeyriyyəçiliyə görə Heydər Əliyev
Fonduna təşəkkür etmiş və bu təşəbbüsü
çox yüksək qiymətləndirmişlər.
Tədbirin
iştirakçıları arasında olan Azərbaycanın
ABŞ-dakı səfiri Elin Süleymanov öz növbəsində
Heydər Əliyev Fondunun Montqomeri dairəsinin fiziki cəhətdən
qüsurlu uşaqların təhsil
aldığı məktəblərə göstərdiyi
xeyriyyə dəstəyinin onların duyduğu ehtiyacların
qarşılanması ilə bərabər, iki ölkənin
xalqları arasında münasibətlərin dərinləşməsinə
əhəmiyyətli bir töhfə olduğunu ifadə
etmişdir.
Bundan
əlavə, Heydər Əliyev Fondu tərəfindən
hazırlanmış və Azərbaycan musiqisi incilərini əks
etdirən disklər və məlumat kitabçalarından ibarət
hədiyyələri "Lonqvyu" məktəbinin rəhbərliyi
minnətdarlıq hissi ilə qəbul etmişdir.
Mərasimin
sonunda məktəbdə fiziki cəhətdən qüsurlu
uşaqların təhsili üçün
yaradılmış şərait tədbir
iştirakçılarına nümayiş etdirilmişdir.
Qeyd edilməlidir ki, Heydər Əliyev
Fondu tərəfindən göstərilmiş xeyriyyə
yardımına "Washington Times" qəzetində
ayrıca bir məqalə həsr olunmuşdur.
Yusif BABANLI,
AzərTAc
Vaşinqton
Azərbaycan.-2013.- 8 iyun.- S.8.