Nikola ULLİŞ: «Almaniya və Azərbaycanın ali

məktəbləri arasında əməkdaşlıq yaxşı səmərə verir»

 

"Almaniya və Azərbaycanın ali məktəbləri

arasında əməkdaşlıq yaxşı səmərə verir".

 

Azərbaycan Texniki  Universitetinin (AzTU) mətbuat  xidmətindən bildirmişlər ki, bu sözləri Alman  Akademik Mübadilə Xidməti (DAAD) Bakı Məlumat Mərkəzinin direktoru xanım  Nikola Ulliş demişdir.

N.Ullişin sözlərinə görə, Almaniyanın Rostok Universiteti  nəzdindəki  Texniki  Termodinamika İnstitutunun direktoru, AzTU-nun fəxri doktoru, professor Eqon  Hassel, həmin institutun  professoru  Yurgen  Noke, Daxiliyanma Mühərrikləri İnstitutunun  direktoru,  professor  Horst  Harndorf, Enerji Təchizatı İnstitutunun  direktoru, professor Harald Veber yaxın vaxtlarda Bakıda olarkən Azərbaycan Texniki Universitetinin rektoru, professor  Havar  Məmmədov ilə görüşmüş, burada müqavilə çərçivəsində aparılan işlərlə ətraflı tanış olmuşlar.

N.Ulliş qeyd etmişdir ki, AzTU-nun İstilik və soyuqluq, habelə  Daxiliyanma mühərrikləri, avtotraktorlar, enerji təchizatı və elektrik  izolyasiyası kafedralarının fəaliyyəti Rostok Universitetinin  təmsilçilərində xoş təəssürat yaratmışdır. AzTU-nun müəllim və tələbələri ilə söhbətdən aydın olmuşdur ki, hər iki universitet  arasında əməkdaşlıq barədə müqavilə uğurla yerinə yetirilir. Tərəflər  bu əlaqələrdən razıdırlar. Ali məktəblərimiz arasında qarşılıqlı fayda  verən əməkdaşlıq gələcəkdə daha da genişləndirilə bilər. Biz ali  məktəblərimiz  arasındakı  əməkdaşlıqla bağlı layihəni bundan  sonra da dəstəkləyəcəyik.

 

 

AzərTAc

Azərbaycan.-2013.- 8 iyun.- S.9.