«İsa bəy Hacınski - şanlı ömrün səhifələri» kitabının təqdimatı olmuşdur

 

İyunun 7-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində (DTMQİ) Nuridə Ayxanın "İsa bəy Hacınski - şanlı ömrün səhifələri" kitabının təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, monoqrafiya Azərbaycan xalqının görkəmli oğlu İsa bəy Hacınskinin hərtərəfli fəaliyyətinə həsr olunmuşdur.

Tədqiqat işində ilk dəfə arxiv sənədlərinə əsaslanaraq İsa bəy Hacınskinin öz xalqı üçün çoxsaylı xeyirxah əməlləri işıqlandırılır. Burada, ilk növbədə, Bakının XIX əsrin axırlarında, XX əsrin əvvəllərində ictimai-siyasi həyatında onun dövlət xadimi, maarifçimesenat kimi mühüm rol oynadığı bir daha açıqlanır.

Tədbirin aparıcısı, "İçərişəhər" DTMQİ-nin mətbuat katibi Rahib Azəri "Hacınskinin evi" kimi tanınan və Qız qalasının yaxınlığında yerləşən binanın möhtəşəmliyindən, qeyri-adi memarlıq üslubundan söhbət açmışdır.

Sonra kitabda əks olunan fotoşəkillərdən və arxiv materiallarından ibarət videoçarx nümayiş olunmuşdur.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova XX əsrin əvvəllərində Azərbaycan milli burjuaziyasının nümayəndəsi olmuş İsa bəy Hacınskinin öz xalqına, ölkəsinə göstərdiyi xidmətlərdən danışmışdır.

Bildirmişdir ki, İsa bəy Hacınskinin nəticəsi olan Nuridə Ayxanın yazdığı bu kitabda bir ailənin başına gələn fəlakətlərin əsasında millətə qarşı törədilmiş faciələr əks etdirilmişdir. Bu nöqteyi-nəzərdən müəllifin kitabı yazmaqda məqsədi yalnız öz ulu babasına olan hörməti deyil, həmçinin xalqın böyük oğlunu millətinə tanıtmaqdır.

Digər çıxış edənlər də İsa bəy Hacınskinin gördüyü xeyirxah işlərdən, ölkədə gənclərin təhsili sahəsində göstərdiyi xidmətlərdən, tikdirdiyi möhtəşəm binalardan söhbət açmışlar. Qeyd olunmuşdur ki, Nuridə Ayxan tarixçi və araşdırmaçı olmasa da, yazdığı kitabda arxiv sənədləri ilə işi yaxşı bacarmış, tarixi məqamları aydın əks etdirmişdir.

Nuridə Ayxan bu kitabın Azərbaycanın mürəkkəb dövründə yaşamış, xalqımızın yolunda çox böyük zəhmət çəkmiş, onun maarifçiliyində, mədəniyyəti sahəsində böyük rol oynamış, dövlət strukturunda fəaliyyət göstərmiş, 23 il ərzində Bakı Şəhər Dumasının deputatı olmuş böyük bir şəxsiyyət, neft milyonçusu İsa bəy Hacınski haqqında yazılmış ilk monoqrafiya olduğunu söyləmişdir.

Nəzərə çatdırmışdır ki, kitabda heç bir bədiiləşməyə yol verilməmiş, tədqiqat əsəri sırf tarixi sənədlər, araşdırılmış faktlar və Bakı Şəhər Dumasının iclaslarındakı çıxışları əsasında yazılmışdır.

Bildirilmişdir ki, İsa bəy Hacınski Azərbaycanda hər bir sahədə peşəkar kadrların yetişdirilməsinin tərəfdarı olmuşonun himayəsi ilə istedadlı gənclər həm ölkədə təhsil almış, həm də xaricdə bir sıra nüfuzlu universitetlərdə oxumağa göndərilmişdir.

Kitabda İsa bəy Hacınski tacir, mülkədar, neft milyonçusu, maarifçi kimi xarakterizə edilmiş, onun dövlət idarəetmə strukturlarında rolu, ictimai fəaliyyəti, ailə şəcərəsi, ailə üzvlərinin həyat tarixçəsi, sovet sisteminin xeyriyyəçinin ailəsinin sonrakı taleyinə təsiri, onun müasir dövrdə layiqli davamçıları haqqında Azərbaycan və rus dillərində ətraflı məlumatlar verilmiş, fotoşəkillər əks etdirilmişdir.

 

Azərbaycan.-2013.- 8 iyun.- S.11.