İqtisadi inkişaf naziri Oğuzda vətəndaşları qəbul etmişdir

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

AzərTAc xəbər verir ki, iyunun 8-də iqtisadi inkişaf naziri Şahin Mustafayev Oğuz şəhərində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Olimpiya İdman Kompleksində keçirilmiş qəbulda vətəndaşların müraciətləri, şikayət və təklifləri diqqətlə dinlənilmişdir. Hər bir vətəndaşın müraciətində qaldırılan məsələlərin operativ həlli üçün İqtisadi İnkişaf Nazirliyinin qəbulda iştirak edən aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.  Vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapmış, digər müraciətlərin isə hərtərəfli araşdırılaraq konkret tədbirlərin görüləcəyi bildirilmişdir.

Qəbul zamanı vətəndaşlar əsasən güzəştli kreditlərin verilməsi, sahibkarlıq fəaliyyəti, işə qəbul və digər məsələlərlə bağlı müraciət etmişlər. Eyni zamanda, nazirliyin səlahiyyətlərinə aid olmayan, eləcə də şəxsi xarakterli bir sıra məsələlərlə bağlı da müraciətlər olmuşdur. Belə müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.

Sakinlər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını söyləmiş, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını  bildirmişlər.

 

Azərbaycan.-2013.- 9 iyun.- S. 4.