Akademik Cəlal Əliyev Azərbaycan və dünya elminə çox böyük töhfələr vermişdir

 

"Cəlal Əliyev. Davamlı inkişaf  üçün fotosintez tədqiqatları - 2013" mövzusunda Beynəlxalq konfransın Bakıda keçirilməsi Azərbaycan elminin daha sürətli inkişafı yolunda irəliyə doğru atılmış növbəti addımdır.

Bu sözləri Böyük Britaniyanın Kembric Universitetində  molekulyar biologiya laboratoriyasının qrup rəhbəri, professor Qərib Mürşüdov AzərTAc-a müsahibəsində demişdir.

Elmimizi xaricdə təmsil edən həmvətənimiz bildirmişdir ki, akademik Cəlal Əliyev Azərbaycan və dünya elminə çox böyük töhfələr vermişdir. Bu böyük alimin biologiya elmi sahəsində qazandığı nailiyyətlərlə yanaşı, azərbaycanlı gənclərin elmi biliklərinin inkişafında da böyük rolu vardır. O, gənclərə həmişə xüsusi diqqət və qayğı göstərmiş, ideyalarını inkişaf etdirmək üçün onlara hərtərəfli şərait yaratmışdır. Bunu görkəmli alimin yetirməsi kimi tam əminliklə söyləyirəm. 

Qərib Mürşüdov demişdir ki, hazırda işlədiyi laboratoriyada biologiyanın bir neçə sahəsində tədqiqatlarla məşğuldur. Dünyada struktural biologiya ilə işləyən alimlər tərəfindən hər il bu laboratoriyanın tədqiqatlarına bir neçə min istinad edilir.

Həmvətənimiz bildirmişdir ki, artıq akademik Cəlal Əliyevin təşəbbüsü ilə Azərbaycanda da belə laboratoriya yaradılmışdır. O, bu laboratoriyada aparılan tədqiqatlarda iştirak etdiyini vurğulamışdır.

 

Azərbaycan.-2013.- 9 iyun.- S. 5.