Gənclərimiz uğurlarını ilbəil artırırlar

 

Ölkəmizdə gənclərin hərtərəfli inkişafına dövlət tərəfindən daim xüsusi önəm verilir. "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə  Dövlət Proqramı" da bu qayğının bariz nümunəsidir. Məqsəd fiziki və mənəvi cəhətdən sağlam, bilikli, bacarıqlı, dövlətə və dövlətçiliyə sadiq, sədaqətli  gənc nəsil yetişdirməkdən ibarətdir.

Proqramda nəzərdə tutulan işlərin vaxtında yerinə yetirilməsi üçün Goranboy Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı, təhsil, mədəniyyət və turizm şöbələri ilə birlikdə müxtəlif tədbirlər həyata keçiririk.

Gənclərin ixtiyarına zəngin eksponatları olan Heydər Əliyev muzeyi, gənclər mərkəzi, üç idman məktəbi, irili xırdalı 179 idman qurğusu və s. verilib.  Bundan əlavə rayonda mərkəzi stadion, üzgüçülük hovuzu, süni örtüklü mini-futbol meydançası, aerobika-trinajor zalları və s. fəaliyyət  göstərir.

Əvvəllər şahmat məktəbinin otaqları bir qədər darısqal idi. Artıq Prezident İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan müasir tipli ikimərtəbəli bu məktəb hər cür avadanlıqla təchiz olunub. İndi buradakı məşğələ zalında eyni vaxtda azı 50 şahmatçı mübarizə apara bilər. Məhz  yaradılan şərait nəticəsində şahmatçılarımız son vaxtlarda beynəlxalq və respublika turnirlərində dəfələrlə medal, diplom və kuboklara layiq görülüblər.

Bir sözlə, ölkənin hər yerində olduğu kimi, bizim rayonda da idman hərtərəfli inkişaf edir, uğurların sayı ilbəil artır. Elman Muxtarov yunan-roma güləşi üzrə Avropa çempionu, dünya çempionu adlarını qazanmışdı. Elnur Həsənov yeniyetmələr üzrə yunan-roma güləşi üzrə dünya çempionudur. Firuddin Quliyev gənclər arasında ağır atletika üzrə Avropa və dünya çempionu dərəcəsinə yüksəlib. Onların hər üçü respublika yığma komandasının üzvüdür. Boks üzrə Yalçın Qarayevin, Ruslan Nəcəfovun, Pərviz Əliyevin, uşu-sanda üzrə Nahid Əliyevin, sərbəst güləş üzrə Kənan İsmayılovun, əlbəyaxa döyüş növləri üzrə Aqşin Qəhrəmanovun və başqalarının uğurları ilə hamı fəxr edir. Ümumən son illərdə rayon gənclərindən 19 nəfəri müxtəlif idman yarışlarında qızıl və gümüş medallara layiq görülüb. Biz idmanın kütləviliyinə də xüsusi diqqət yetiririk. Hazırda rayon üzrə on min nəfərdən çox oglan və qız bədən tərbiyəsi və idmanın müxtəlif sahələri ilə məşğul olur. Son vaxtlarda rayonumuzda 116 nəfər birinci dərəcəli idmançı, 6 nəfər idman ustası, 12 nəfər ustalığa namizəd yetişib.

Respublika və beynəlxalq yarışlarda qaliblərin sayının artmasında  təcrübəli məşqçilərin də əməyi çox olub. Rayonda yunan-roma güləşi üzrə idmançıları yarışlara əməkdar məşqçi Avtandil Əliyev, ağır atletika üzrə idman ustası Kərim Kərimli və respublikanın fəxri bədən tərbiyəçisi Ramiz Qarayev hazırlayırlar. Ötən il bizim üçün xüsusilə uğurlu oldu. Rayon üzrə təşkil edilən tədbirlərdən əlavə xeyli sayda idmançımız dünyanın və ölkənin müxtəlif bölgələrində keçirilən yarışlarda iştirak etmiş, mükafat və fəxri fərmanlarla qayıtmışlar.

2015-ci ildə Birinci Avropa Olimpiya  Oyunlarının Bakıda keçirilməsi ilə bağlı Avropa Olimpiya Komitəsinin qərarını Goranboy gəncləri də böyük sevinclə qarşıladılar. İstəyirik ki, Azərbaycanı bu məsul yarışlarda layiqincə təmsil edəcək idmançılar sırasında bizim rayonun gəncləri də olsun.

Gənclərimiz rayonun ictimai-siyasi həyatında da getdikcə daha fəal iştirak edirlər. YAP üzvlərinin çoxu gənclərdir. Onlar ulu öndər Heydər Əliyevin zəngin irsini həvəslə öyrənir, ölkənin tarixi və taleyi ilə dərindən maraqlanır, öz gündəlik işləri ilə  dövlətə və dövlətçiliyə sonsuz sədaqətlərini bildirirlər. Dediyim odur ki, ölkəmizin iqtisadi qüdrəti və beynəlxalq nüfuzu artdıqca rayonumuzda dövlətə və dövlətçiliyə sadiq, inamlı, əqidəli nəsillər yetişir. Fikrimizcə, ən böyük sərvətimiz də elə budur.

"Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə  Dövlət Proqramı" nın icrası ilə əlaqədar yerlərdə gənclərlə aparılan iş qeyd etdiyim kimi, daim diqqətdə saxlanılır. Bu sahədə bir-birindən maraqlı tədbirlər həyata keçirilir. Yaşlı nəslin təcrübəsinə əsaslanaraq gənclərin dünyagörüşünün, intellektual səviyyələrinin artırılmasına, onlarda yad vərdişlərin, yad düşüncənin, neqativ halların aradan qaldırılmasına çalışırıq. Bu məqsədlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə "Nəsillərarası münasibətin cəmiyyətin formalaşmasında rolu" mövzusunda elmi-praktik konfrans, Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birgə "Narkomaniya ilə mübarizə, erkən nigah, ətraf mühitin mühafizəsi, gənclərin sosial problemləri" mövzusuna həsr olunmuş toplantı, Britsh Conucil beynəlxalq təşkilatı ilə "Fəal vətəndaşlar" layihəsi çərçivəsində "Uğurların idarə olunması" mövzusunda təlim kursu keçirilmişdir.

Bundan əlavə, "Biz Azərbaycanın tarixini öyrənirik" devizi altında bilik yarışı, gənc rəssamların əl işlərindən ibarət sərgi-müsabiqə, "Xocalı - qanımızla yazılmış tariximiz"  mövzusunda toplantı, "Şahin" və "Cəsurlar" hərbi idman və turizm oyunları, "Xəmsə" milli intellektual yarışları, "Müstəqil vətənim mənim" adlı inşa yazı müsabiqəsi, gənclərin peşə yönümünə dair məşğələlər, "Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi" mövzusunda elmi-praktik konfrans, ətraf mühitin mühafizəsinə dair treninq, bə başqa tədbirlər keçirilmişdir.

Ulu öndər Heydər Əliyev dəfələrlə rayonumuzda olub, iqtisadiyyatın yüksəlişi yeni obyektlərin inşası, abadlıq və quruculuq tədbirlərinin həyata keçirilməsi üçün tövsiyyə və tapşırıqlar verib. YAP rayon təşkilatı, mədəniyyət və turizm şöbəsinin nəsillərin görüşü mövzusunda birgə keçirdiyi tədbirdə bu barədə ətraflı söhbət getmişdir. Yeni təmir edilmiş mədəniyyət evində istedadlı gənclər arasında keçirilən müsabiqələr, görüşlər, hesabat konsertləri böyük maraqla qarşılanır. Həmyerlimiz Bisavad Teymurun 110 illik yubileyində, Novruz bayramı təntənələrində, gənclərin ordu sıralarına yola salınması mərasimlərində, "Müstəqil ölkəm mənim" adlı ədəbi bədii gecədə və rəsm sərgisində hamı görür ki, necə istedadlı, bilikli, bacarıqlı gənclər yetişir. Yeri gəlmişkən deyim ki, mədəniyyət ocaqlarının hər birində onlarca gənc oğlan və qız öz yaradıcı imkanlarını artırır, bölgənin mədəni həyatında fəal iştirak edir.

Bəlli olduğu kimi, rayonumuz sərhəd bölgəsində yerləşir. Bu yerlər tarixin hər sınağından zəfərlə çıxıb. Ötən əsrin doxsanıncı illərinin müdhiş günlərində də Goranboy sərhəd zonasında alınmaz qala kimi dayanıb. Erməni işğalçıları bir qarış belə torpağı qopara bilmədilər. Əksinə, Aşağı Ağcakənd, Gülüstan bölgəsi nankorlardan biryolluq təmizləndi. Qanlı döyüşlərdə yüzlərlə şəhid verildi, neçə-neçə adam əlil oldu, doqquz nəfər Milli Qəhrəman adına layiq görüldü, dörd nəfər "Azərbaycan bayrağı" ordeni ilə təltif edildi. Goranboy həmişə yadellilərə qarşı əzmlə mübarizə aparıb. Buna baxmayaraq, hələ ölkə torpaqlarının xeyli hissəsi düşmən işğalı altındadır. Hələ də bizim rayonun bir sıra yerlərinə, o cümlədən Tap Qaraqoyunlu kəndinə düşmən tərəfdən demək olar ki, hər gün atəş açılır. Nankor qonşular sərhəd bölgəsində mərdi-mərdanə dayanan insanlara zərər vurmağa çalışırlar. Bu amili nəzərə alıb hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi önəm veririk. Bu məqsədlə tarixi Gülüstan qalası yanında adı dillərdə gəzən Murovdağın ətəyində  Qələbə qalası inşa edilmişdir.  Düşmənin hər cür fitnə-fəsadına mərdliklə sinə gərən Tap Qarayonluda isə abidə kompleksi yaradılmış, üçrəngli bayrağımız ucadılmışdır. Ulu öndər Heydər Əliyevin rayonun mərkəzində vüqarla ucalan abidəsi ilə yanaşı Qələbə qalası, Bayraq kompleksi, habelə Şəhidlər xiyabanı gənclərin and yerinə çevrilib. Qala kompleksində keçirilən tədbirdə yüzlərlə oğlan və qız iştirak etmişdir.

Tədbirlərimiz çox və rəngarəngdir. Gənclərimizin bir arzusu da reallaşır. İstəyirdik ki, respublikamızın çox yerində Olimpiya İdman Kompleksləri şəbəkəsinin genişləndiyi bir vaxtda bizim rayonda da belə bir idman qurğusu yaradılsın. Dövlət başçısı İlham Əliyev rayonumuzda olarkən fikirimizi ona söylədik. Çox sağ olsun, onun tapşırığı ilə Goran torpağında  Olimpiya İdman Kompleksinin təməli qoyuldu. Belə bir möhtəşəm idman qurucusunun tikilib istifadəyə verilməsindən sonra idmanın sürətlə inkişafına və gənclərimizin asudə vaxtlarının səmərəli keçirilməsinə böyük faydası olacaq.

Görüşlərdən birində dövlət başçısı İlham Əliyev gənclərə müraciətdə demişdir: "Mən sizinləyəm, mən sizi həmişə dəstəkləmişəm və gələcəkdə də dəstəkləyəcəm". Goranboylu gənclər cənab İlham Əliyevin müdrik sözlərinə  əməli işlərlə cavab verir və yekdilliklə deyirlər: "Möhtərəm Prezident, biz həmişə Sizinləyik, həmişə, hər bir işdə Sizi dəstəkləyirik".

 

 

Elşad HƏSƏNOV,

Goranboy rayonu Gənclər və İdman İdarəsinin rəisi

 

Azərbaycan.-2013.- 9 iyun.- S. 5.