Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumçiyanı qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumçiyanı qəbul etmişdir.

Dövlət başçısı Azərbaycan ilə Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı.  Prezident İlham Əliyev Bosniya və Herseqovinanın  Rəyasət Heyətinin sədri  Bakir İzetbeqoviçin ölkəmizə səfərini və səfər zamanı əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı aparılan müzakirələri məmnunluqla xatırladı. Dövlət başçısı Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumçiyanın Azərbaycana səfərinin ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumçiya Azərbaycanın ölkəsinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Müstəqillik illərindən əvvəlki dövrlərdə də ölkələrimiz arasında yaxşı əlaqələrin mövcud olduğunu vurğulayan nazir bu əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğuladı.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 11 iyun.- S. 1.