Yalnız İlham Əliyevlə!

 

Məlum olduğu kimi, Azərbaycan dövləti özünün idarəetmə prinsiplərinə görə Prezident respublikasıdır. Bu yeni və demokratik dövlətin idarə olunmasının möhkəm əsaslarını, etibarlı bünövrəsini Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövət xadimi Heydər Əliyev yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə ölkəmizi yeni epoxanın işığında hərtərəfli şəkildə irəliyə doğru inkişaf etdirməyin nümunəsini göstərmişdir. Artıq hər kəsə yaxşı bəllidir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyada XXI əsrin meydana çıxardığı yeni siyasi liderlərin və dövlət başçılarının ən görkəmlisidir.

Prezident İlham Əliyev, sözün həqiqi mənasında, görkəmli dövlət xadimi kimi dövlətə rəhbərlik etməyin şərəfini də, məsuliyyətini də özünün gündəlik əməli fəaliyyətində uğurla birləşdirir. O, müstəqil Azərbaycan dövlətini həm mükəmməl şəkildə idarə edir, həm də istənilən mötəbər məqamda böyük ləyaqətlə təmsil etmək vəzifəsini yüksək səviyyədə gerçəkləşdirir. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasında köklü, davamlı dövlətçilik ənənələrinin qorunub saxlanılması şərtilə dövlət strukturu böyük sürətlə inkişaf etdirilərək Avropa standartlarına uyğunlaşdırılır, dövlətin idarə olunmasının ən müasir forma və metodları uğurla tətbiq olunur. Ölkəmizdə demokratik cəmiyyətin, bazar münasibətlərinə əsaslanan iqtisadi siyasətin bərqərar olması proseslərinə ciddi fikir verilir. İqtisadiyyatda özəl sektorun üstünlük qazanması, neft gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi də Prezident İlham Əliyevin siyasətinin əsasında dayanır. Azərbaycanda informasiya cəmiyyətinin formalaşdırılması, ən yeni texnologiyaların meydanının genişləndirilməsi də möhtərəm Prezidentin önə çəkdiyi zəruri sahələrdəndir. Ölkə başçısının səyləri ilə Bakı şəhəri möhtəşəm körpülər, abad yollar və çoxsaylı göydələnlər şəhərinə çevrilmişdir. Azərbaycanın regionlarında aşkar görünən hərtərəfli intibahın, sürətli canlanmanın, müasir həyatın bərqərar olması ideyasının memarı və müəllifi respublikamızın Prezidenti İlham Əliyevdir. Bir sözlə, qısa müddətdə, sözün əsl mənasında, möhtəşəm addımlarla irəliləyən müstəqil Azərbaycan dövlətinin böyük tərəqqisində İlham Əliyevin prezidentlik fəaliyyətinin xüsusi payı vardır.

İlham Əliyev artıq geniş mənada dünyada qəbul olunmuş görkəmli siyasi liderdir. Dünya təcrübəsindən görünür ki, bir çox dövlət başçıları yalnız ölkəyə ümumi rəhbərlik vəzifəsini yerinə yetirməklə kifayətlənməli olurlar. Onların bir çoxunun ampluası praktik rəhbərlikdən başqa daha heç nəyi əhatə edə, yaxud əks etdirə bilmir.

Prezident İlham Əliyev isə bacarıqlı, mükəmməl, qurucu dövlət xadimi olmaqla bir sırada həm də geniş, qlobal dünyagörüşə, analitik təhlil bacarığına, praqmatik baxışlara malik olan mükəmməl siyasi xadimdir. O, mövcud siyasi reallıqları inkişafda olan ictimai proseslərlə böyük məharətlə uzlaşdırmağı bacarır. Siyasi gerçəklikləri dərindən, ətraflı və sistemli şəkildə dəyərləndirəndə də, yaxın və uzaq gələcəkdən söz açanda da nikbin və realist görünür.

Gerçəklik, müdriklik, dərin analitik düşüncə, nikbin, aydın və yetkin məntiqi təfəkkür onun siyasi portretinin təməl prinsipləridir. Boş vədlərdən, süni populizmdən, keçici görüntüdən uzaq olmaq İlham Əliyevin xarakteridir. O, özünün siyasi rakursunda da həyatidir, realdır, gerçəkçidir. Dünya ictimaiyyəti də, Azərbaycan xalqı da artıq çoxdandır ki, Prezident İlham Əliyevi böyük siyasətçi, yaxud siyasi idarəetməni həyati proseslərlə bütün incəliklərinə qədər uzlaşdırmaq vəzifələrini məharətlə gerçəkləşdirən kamil siyasi xadim kimi qəbul edir.

Ona bir siyasətçi kimi Cənubi Qafqaz və ya ümumiyyətlə, Qafqaz müstəvisində yanaşma mövcud siyasi reallığı qətiyyən ifadə etmir. Fikrimcə, görkəmli yeni siyasi lider kimi İlham Əliyev səviyyə etibarilə postsovet məkanının sədlərini və miqyasını çoxdan aşmışdır. Hələ Avropa Şurası Parlament Assambleyasında ölkəmizin nümayəndə heyətinə başçılıq edəndə yeni təfəkkür sahibi kimi parlaq çıxışlar edib, bəyanatlar verdiyi illərdə o, Avropa evi səviyyəsində düşünmək, mesajlar vermək potensialına malik bir siyasətçi kimi dərk olunmuşdu. Prezident kimi İlham Əliyevin siyasi-ideoloji postulatı artıq böyük dövlətlərin rəhbərlərinin, yaxud çoxillik təcrübəyə malik siyasi xadimlərin səviyyəsi ilə bir sırada dayanır.

O, böyük siyasətdə milli təfəkkürlə bəşəri düşüncəni birləşdirən, real gerçəkliklə qlobal baxışları uzlaşdıran görkəmli siyasi liderdir. Buna görədir ki, İlham Əliyevin siyasi baxışları dərin nəzəri səviyyəsi, aydın məntiqi, fəlsəfi çəkisi və praqmatik xarakteri ilə səciyyələnir. Möhtərəm Prezidentin müxtəlif məqamlardakı nitqləri zamanı müdrikliklə ifadə etdiyi yetkin siyasi tezislər dərin mənalı aforizmlər kimi səslənir. Böyük siyasətdə aforizm səviyyəsində düşünmək və özünü ifadə etmək yalnız və yalnız ən təcrübəli, uzun yol keçmiş, çox səviyyəli, böyük məktəblər yaratmış siyasətçilərə nəsib ola bilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsl siyasətçiyə məxsus olan belə uca məqamı fəth etmək vəzifəsinin öhdəsindən cavan yaşlarında ikən bacarıqla gəlmişdir. İlham Əliyevin siyasi aforizmlərinin böyük siyasətin ibrətamiz dərsləri səviyyəsində ümumiləşməsi onun yetkin, kamil siyasətçi obrazını dolğun şəkildə müəyyən edir.

Prezident İlham Əliyevin siyasi fəaliyyətinin ana xətlərini azərbaycançılıq, millətlərarası münaqişələrin həlli, yeni neft strategiyası, enerji təhlükəsizliyi, bəşəriyyətin taleyində çoxaspektli dialoqun rolu, tolerantlıq fəlsəfəsi, iqtisadiyyatın şaxələndirilmiş inkişafı, dövlətçilikdə xalq faktorunun üstün mövqeyi və sair kimi aktual, xüsusi çəkiyə malik məsələlər təşkil edir. Bu məsələlərin hər birinin şərhində və təqdimində İlham Əliyev ustad müəllim olaraq yüksək professionallıq nümayiş etdirir. Milli mənafenin, dövlətçilik maraqlarının daim üstün tutulması İlham Əliyev siyasətinin təməl prinsipidir. Prezident İlham Əliyevin siyasətində ən müxtəlif mövqelərdən, fərqli bucaqlardan ifadə olunan siyasi yanaşmaların hamısı azərbaycançılıq fəlsəfəsində, Azərbaycanın inkişafı naminə aparılan qlobal siyasətdə tamamlanır. Azərbaycançılıq bu böyük və müdrik siyasətin cövhərini, ana xəttini təşkil edir.

İlham Əliyev XXI əsrdə müstəqil Azərbaycanın yeni siyasətini, irəliyə doğru inkişafın elmi üfüqlərini aydın görən, siyasi müstəvidə yeni istiqamətlər açan, yol göstərən görkəmli dövlət xadimidir. Bacarıqlı dövlət başçısında bu tip yüksək siyasətçi düşüncəsinin və mühüm idarəetmə məharətinin olması dövlətin normal inkişafının və xalqın xoşbəxt həyatının böyük təminatıdır. Bu mənada yeni tarixi epoxada məhz İlham Əliyev kimi böyük siyasətlə yüksək idarəçiliyi və vətənpərvərliyi özündə cəmləşdirən görkəmli bir dövlət xadiminin və mahir siyasətçinin Azərbaycana rəhbərlik etməsi ölkənin və xalqın tarixi şansıdır.

Burada ciddi və mühüm bir nüans da var. Böyük və professional bir siyasətçinin dövlət başçısı kimi uğurlu fəaliyyəti təkcə ölkənin və xalqın deyil, elə siyasətin də xeyrinədir. Çünki kamil, yetkin, lokal mənada da, qlobal səviyyədə də faydalı, gərəkli olan böyük siyasət özünüifadə, yaxud özünütəsdiq baxımından real platsdarm, münasib meydan tapa bilməyəndə bəzən mücərrəd, utopik, yaxud havadan asılı olan nəzəri-ideoloji təlim olaraq qalır. Ancaq böyük siyasətçi üçün siyasi fəaliyyət dövlətçilik işinin üzvü tərkib hissəsinə, əsasına, daşıyıcısına çevriləndə daim yeniləşir, təkmilləşir, aşkarlanır, zənginləşir və inkişaf edir. Prezident İlham Əliyevin siyasəti də həm Azərbaycan məkanında, həm də beynəlxalq müstəvidə konkret məsələlərin, aktual problemlərin həllinə istiqamətləndirilmiş aşkar siyasi fəaliyyət kimi mütəmadi olaraq yeniləşir və zənginləşir. Ölkə başçımızın qəti siyasi mövqeyi onun ölkəni irəli aparmaq, cəmiyyəti inkişaf etdirmək yollarındakı siyasi iradəsinin real təzahürüdür. Bu mənada inkişafda olan müstəqil Azərbaycanda əldə olunan möhtəşəm nailiyyətlər və beynəlxalq miqyasda ölkə ilə əlaqədar aparılan gündəlik düşünülmüş, məqsədyönlü və ardıcıl iş, əldə olunan zəngin təcrübə tükənməz ideya mənbəyi kimi İlham Əliyev siyasətinin aktuallığını və müasirliyini təmin edir. Beləliklə, dövlət də, Prezidentin siyasəti də ölkəmizlə birlikdə, xalqımızla həmahəng şəkildə daimi inkişafdadır.

Ölkə başçısı İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin milli dövlətçilik təliminin, sınaqlardan çıxmış siyasi kursunun layiqli davamçısıdır.

Heydər Əliyev siyasi kursu - Azərbaycan dövlətinin ümummilli inkişaf strategiyasının nəzəri-ideoloji əsasını təşkil edir.

Heydər Əliyev təlimi - ölkəmizin və xalqımızın dirçəliş və tərəqqi yolunun kompasıdır.

Heydər Əliyev fəlsəfəsi Azərbaycan idealının özünütəsdiqinin dialektikasından ibarətdir.

Heydər Əliyev yolu - Azərbaycan dövlətinin və xalqının əbədiyyət yoludur.

Heydər Əliyev siyasi kursunu bütün fəlsəfəsi ilə, görünən, bilinən və görünməyən cəhətləri ilə birlikdə mənimsəyib özündə cəmləşdirməklə, yaradıcı şəkildə inkişaf etdirib həyata keçirməkdə Prezident İlham Əliyevlə müqayisə edilə biləcək ikinci bir siyasi şəxsiyyət göstərmək çətindir, bəlkə də mümkün deyildir.

Həyatının, mövqeyinin ən müxtəlif məqamlarında Heydər Əliyevin çoxcəhətli fəaliyyətini yaxından izləmək, yaşantılarını dərindən duymaq, siyasi gedişlərinin, necə deyərlər, alt yapısının mahiyyətini öyrənmək baxımından bu böyük şöhrətə malik olan mötəbər ailənin üzvü kimi İlham Əliyevin imkanları hamıdan - hətta ulu öndərin ən yaxın məsləkdaşlarından da təbii surətdə çox olmuşdur. Həm keçmiş sovet rejimi mərhələsində, həm də müstəqillik dövründə İlham Əliyev həmişə görkəmli dövlət xadimi Heydər Əliyevin böyük siyasətinin yaxın əhatəsində olan bir şəxsiyyət kimi mühüm dövlətçilik məktəbi keçmişdir. Böyük siyasi xadim Heydər Əliyevin zamanında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda mükəmməl təhsil alan, Kreml mühitində cərəyan edən daxili proseslərdən xəbərdar olması, sonralar Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Respublika Olimpiya Komitəsinin Prezidenti, millət vəkili, Avropa Şurası Parlament Assambleyasında ölkəmizin nümayəndə heyətinin rəhbəri, nəyahət, Baş nazir kimi məsul vəzifələrdə şərəfli və məsuliyyətli yol keçməsi, mükəmməl həyat təcrübəsi və zəngin siyasi təcrübə qazanması, Avropa dillərində sərbəst və sərrast danışmaq imkanlarına malik olması əvəzəedilməz üstünlüklər və nailiyyətlərdir.

Müşahidələr göstərir ki, İlham Əliyev görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətçilik və böyük siyasət akademiyasını, necə deyərlər, fərqlənmə diplomu ilə bitirmişdir. Həyat təsdiqlədi ki, İlham Əliyev ümummilli lider Heydər Əliyevdən ali mükəmməl dövlətçilik təlimini gerçəkləşdirməkdə də hamıdan fərqlənir. Əvvəla, o, Heydər Əliyev siyasi kursuna dərin, birmənalı sədaqətində, ikincisi isə həmin sınaqlardan çıxmış siyasi kursu qətiyyətlə, dönmədən, yaradıcılıqla, ardıcıllıqla müasirlik işığında həyata keçirməkdə fərqli, üstün imkanlara və böyük potensiala, qeyri-adi enerjiyə və yaxşı mənada qibtə olunacaq istedada malikdir.

Azərbaycan xalqı Prezident İlham Əliyevin simasında ilk növbədə əsl, həqiqi,  geniş dünyagörüşə, sağlam və aydın məntiqi təfəkkürə malik Heydər Əliyevçini görür və yüksək dəyərləndirir. Qazanılmış ümumxalq rəğbəti, seçilmiş və isbat olunmuş siyasi kursun ardıcıllıqla, qətiyyətlə davam etdirilməsi əvvəlki on il ərzində qazanılan nailiyyətlərin artırılması, müəyyən olunmuş istiqamətlərin, başlanmış mühüm işlərin, hazırlanmış layihələrin uğurla icrası deməkdir. Böyük sürətlə yeniləşən Bakı şəhəri, xüsusi templə dəyişən və inkişaf edən Azərbaycan iqtisadiyyatı, həyata keçirilən möhtəşəm layihələr - Bakı-Tbilisi-Ceyhan neft boru, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars-Naxçıvan dəmir yolu, hər gün gözəlləşən və müasirləşən Azərbaycan cəmiyyəti Heydər Əliyev siyasi kursunun uğurla, yaradıcılıqla davam etdirilməsinin real bəhrələri, sanballı töhfələridir. Məhz bütün bunlar Prezident İlham Əliyevin timsalında çətin, sınaqlardan çıxmış inanılmış siyasi kursun ardıcıllıqla və qətiyyətlə davam etdirilməsinin nələrə qadir olduğunun, ölkəmizi hansı səviyyəyə gətirib çatdıra biləcəyinin gerçək təzahürləridir.

"Azərbaycan naminə" əqidəsi əsasında formalaşmış İlham Əliyev siyasəti ölkəmizə beynəlxalq aləmdə də böyük şöhrət qazandırmışdır. Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı Təhlükəzislik Şurasının üzvü seçilməsi və dünyanın ən böyük və mötəbər təşkilatının ciddi bir qurumuna müəyyən olunmuş müddətdə rəhbərlik etməsi Prezident İlham Əliyevin apardığı xarici siyasətin əhəmiyyətini, təsir imkanlarını, beynəlxalq aləmdə tutduğu böyük mövqeyini əyani şəkildə nümayiş etdirir. Azərbaycan Respublikasının Avropa Şurası, Avropa Birliyi məkanında, o cümlədən UNESCO səviyyəsində nümayiş etdirdiyi üçün mövqe ölkəmizin böyük Avropa evində normal yer tuta bildiyini nümayiş etdirir. Azərbaycanda neft-qaz siyasətinin Avropa siyasətinə uzlaşdırılması və bu prosesdə ölkəmizin maraqlarının əsas kimi qəbul edilməsi qərbyönlü uğurlu siyasi gedişlərin düzgün məntiqi nəticəsidir. Müasir Azərbaycanda Çin, Cənubi Koreya, Yaponiya, Sinqapur, Malayziya kimi inkişaf etmiş Asiya ölkələri ilə də əməkdaşlığın sürətləndirilməsi bizdə Şərq tərəfdaşlığına dair böyük və etibarlı addımların atıldığını göstərir. Nəticə etibarilə Azərbaycan Şərq üçün də, Qərb üçün də cəlbedici və əhəmiyyətli ölkə olmaq statusu qazanmışdır.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi təlimini yeni dövrün və müasir Azərbaycanın reallıqları ilə yeniləşdirən və daha da zənginləşdirən siyasi xadimdir. Ümummilli liderimiz Heydər Əliyevdən sonrakı tarixi mərhələnin meydana çıxardığı siyasi-ictimai reallıqlar, iqtisadi-hərbi proseslər, ideoloji-etnik problemlər mövcud siyasi kursun işığında hadisələrin və gedişatların yenidən dəyərləndirilməsini tələb etdiyi məqamlarda Prezident İlham Əliyev istənilən məsələyə yaradıcı münasibət bəsləməyi, yeni müstəvidən yanaşmağı müvəffəqiyyətlə həyata keçirir.

Bu mənada İlham Əliyev daim inkişafda olan Heydər Əliyevçi siyasi təlimin yaradıcısıdır.

İlham Əliyev mövcud siyasi kursun yeni epoxa ilə şərtlənən yeni dövrünün lider səviyyəsində görkəmli təmsilçisidir.

İlham Əliyev Azərbaycanın sınanılmış yolu olan Heydər Əliyev yolunun yeni magistrallardakı qüdrətli sükançısıdır.

Bütün bunlara görə o, görkəmli dövlət xadimi və böyük siyasi xadim səviyyəsinə yüksəlmiş, geniş şöhrət və nüfuz qazanan Prezident İlham Əliyev məqamına çatmağı bacarmışdır.

Nəticə olaraq Prezident İlham Əliyevin siyasi özünəməxsusluqlarını aşağıdakı kimi ümumiləşdirmək mümkündür:

Heydər Əliyev siyasi kursu, üstəgəl yeni dünyanın, beynəlxalq aləmin reallıqları və üstəgəl müstəqil Azərbaycanda yeni dövrün meydana çıxardığı gerçəkliklər və dəyişikliklər, üstəgəl müasirlik və modernləşdirmə, bərabərdir İlham Əliyev.

Məhz İlham Əliyev yeni dünya düzənində müdrik siyasəti və böyük bacarığı ilə Azərbaycana baş ucalığı gətirən ən qüdrətli liderdir. Müasir Azərbaycanın yeni tarixi mərhələdəki yeni həyatı Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin konkret əməli nəticəsidir. Respublikamızda paytaxtımız Bakı ilə yanaşı, Azərbaycan regionlarının böyük sürətlə və hərtərəfli şəkildə inkişaf etdirilməsi hərəkatının başında möhtərəm Prezident İlham Əliyev dayanır. Bu mənada o, yeni Azərbaycan adlı möhtəşəm əsərin qüdrətli yaradıcısıdır.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası və qədim diyarda dövlət başçısının rəhbərliyi ilə Ali Məclisin Sədri Vasif Talıbovun həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri ölkənin yüksək inkişaf göstəricilərinin salnaməsində önəmli yer almış pozulmaz naxışlar, parlaq səhifələrdir. Blokada şəraitində yaşamasına baxmayaraq, sürətlə qurulub-tikilən, müasirləşən Naxçıvanın düşmən sərhədində alınmaz qalaya çevrilməsi ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılması və daha da möhkəmləndirilməsi siyasətinin uğurla gerçəkləşdirilməsindən ibarətdir.

Beləliklə, İlham Əliyev ilk növbədə ümummilli lider Heydər Əliyev məktəbi əsasında yetişib formalaşan, meydana çıxan, yetkin, təcrübəli, görkəmli dövlət xadimidir.

İlham Əliyev analitik düşüncə sahibi kimi dərin məntiqə və aydın təfəkkürə malik olan, siyasi reallıqları nəzəriyyə ilə vəhdətdə ifadə edən mükəmməl siyasi xadimdir.

O, XXI əsrin yeni tipli siyasi lideridir.

Müstəqil Azərbaycanın yeni həyatının, təzə çağının müəllifi Prezident İlham Əliyevdir.

Dünyanın yeni reallıqları, beynəlxalq aləmdə gedən müasir proseslər zəminində yeni Azərbaycanın maraqlarını və mənafeyini ifadə etməkdə İlham Əliyev zəngin təcrübəyə, dönməz siyasi iradəyə malikdir.

İlham Əliyev yeni mərhələdə Azərbaycan ölkəsinin və cəmiyyətimizin müasirləşdirilməsinin baş memarıdır.

İlham Əliyev yeni siyasi təfəkkürə və yeni, yaradıcı yanaşmalara malik novator dövlət xadimidir.

Xalq amili, milli mənafe, ölkə maraqları İlham Əliyev üçün müqəddəs meyarlardır.

İlham Əliyev yaxın və uzaq gələcəyi, bütün reallıqları incəliklərinə qədər görən və məharətlə proqnozlaşdırmağı bacaran böyük dövlət xadimidir.

Ölkəmizin və xalqımızın bundan sonrakı mərhələdə İlham Əliyev kimi geniş formatda, böyük masştabda düşünən, xalqına və dövlətinə ürəkdən bağlı olan, yüksək səviyyəli və enerjili dövlət xadiminə ciddi ehtiyacı var.

Bütövlükdə Qərb və Şərq müstəvisində, xüsusən də Qafqazda gedən mürəkkəb ictimai-siyasi proseslərdə İlham Əliyevin tutduğu tarazlaşdırılmış mövqe və həyata keçirdiyi müstəqil siyasət dövlətimizi dünya üçün də, regionlar üçün də əhəmiyyətli ölkəyə çevirmişdir. Prezidentimizin müdrik siyasəti Azərbaycanın dünyada və Qafqazdakı hadisələrin həlli baxımından söz sahibi olan dövlətə çevrilməsi ilə nəticələnmişdir. İndi Azərbaycanın yaxından iştirakı, razılığı təmin olunmadan, nəzərə alınmadan Qafqaz regionunda heç bir problemin həllindən danışmaq olmaz. Eyni sözləri Azərbaycanı əhatə edən digər Şərq tipli dövlətlərə, bir çox Avropa ölkələrinə də şamil etmək olar. Belə yüksək imici ölkəmizə Prezident İlham Əliyev qazandırmışdır.

Bütün bunlara görə Azərbaycan xalqı Prezident seçkisi üçün artıq özünün qəti seçimini etmişdir: YALNIZ İLHAM ƏLİYEV!

Ölkəmiz və xalqımız Prezident seçkilərinə YENİLƏŞMİŞ MÖHTƏŞƏM AZƏRBAYCAN BOYDA BÖYÜK HESABATla gedir.

Görkəmli dövlət xadimi İlham Əliyevi yenidən ölkə Prezidenti seçmək Müstəqil Azərbaycanın xoşbəxt sabahına inamla baxmağın real təminatı deməkdir. Bu, Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, işıqlı, xoşbəxt gələcəyə, daha böyük inkişafa, geniş üfüqlərə hesablanmış seçimdir. Bu, hər bir azərbaycanlının reallıqlardan doğan yekun qənaətidir.

Yeni Azərbaycan Partiyasının V qurultayında ölkəmizin rəhbərinin yenidən cəmiyyətimizin bu böyük və mütəşəkkil siyasi təşkilatının Sədri seçilməsi müəyyən olunmuş siyasi-ideoloji xəttimizin bundan sonra da yaradıcılıqla inkişaf etdiriləcəyinə tam təminat verir. Cəmiyyətin ən qabaqcıl siyasi qüvvəsi olan Yeni Azərbaycançıların və xalqımızın mütləq əksəriyyətinin arzusunun ifadəsi olaraq YAP-ın V qurultayında İlham Əliyevin növbəti dövr üçün böyük yekdillik şəraitində Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyinin irəli sürülməsi ölkəmizdə müstəqil dövlətçiliyin daha da inkişaf etdirilərək möhkəmləndiriləcəyinə, yeni zirvələrin fəth edilə biləcəyinə böyük inam doğuran əlamətdar hadisədir. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayında ifadə etdiyi aşağıdakı fikirlər onun Azərbaycanın inkişafı haqqındakı böyük proqramının mühüm ana xətlərini müəyyənləşdirir: "Bu gün Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən, sözün əsl mənasında, müstəqil dövlətdir. Biz öz müstəqilliyimizi möhkəmləndirməliyik. Bizim amalımız qüdrətli Azərbaycandır, müasirlikdir, inkişafdır, sosial rifahdır... Demokratiyanın inkişafı bizim üçün əsas vəzifədir. Bu gün Azərbaycan demokratiyanın inkişafına görə heç kimdən geri qalmır. İqtisadi sahədə şaxələndirmə bizim əsas istiqamətimizdir.

 Biz neft amilindən asılılığımızı azaldırıq. Bundan sonra sənayeləşdirmə prosesi daha da sürətlə gedəcəkdir. Ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin etməliyik. Azərbaycanda qəbul edilən qərarlar gələcəkdə enerji təhlükəsizliyi ilə bağlı olan yeni məsələlərə yeni istiqamət verəcəkdir".

Bəli, bütün bunlar Azərbaycan Respublikasının yeni inkişaf konsepsiyası ilə bağlı olan aydın və konkret proqramdır. SON ON İLDƏ Azərbaycanda cəmiyyət həyatının bütün sahələrində dünyanın gözü qarşısında baş vermiş böyük dəyişikliklərin fonunda bundan sonrakı dövrün böyük reallıqları, yeni çağırışları da hər kəs tərəfindən rahatlıqla qəbul edilir. Ona görə də ölkənin, müstəqil dövlətimizin və xalqımızın qarşıdakı ən məsuliyyətli və şərəfli prezident seçkilərinə gedərkən qəlbinin dərinliklərindən gələn yalnız bir qərarı vardır:

 

YALNIZ İLHAM ƏLİYEVLƏ!

Gün işığı kimi aydındır ki, müdrik, qədirbilən, uzaqgörən xalqımız bu dəfə də bu mühüm və qəti seçiminin böyük bəhrəsini görəcəkdir. Fikrimizcə, indiki seçimin ən böyük bəhrəsi, əsas nəticəsi daha güclü və inkişaf etmiş müstəqil Azərbaycan dövləti və daha xoşbəxt həyat şəraiti qazanmaq imkanları əldə edəcək, bilik və bərabərlik nümayiş etdirən Azərbaycan xalqı olacaqdır.

 

 

İsa HƏBİBBƏYLİ,

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, akademik

 

Azərbaycan.-2013.- 11 iyun.- S. 3.