Gürcüstanın nümayəndə heyəti Azərbaycanda qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması sahəsində görülən işləri yüksək qiymətləndirmişdir

 

İyunun 10-da Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Gürcüstanın işğal olunmuş ərazilərindən daxili köçkünlər və qaçqınlar üzrə naziri David Daraxvelidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, qonaqlar əvvəlcə ölkəmizdə qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlərə dair fotostendmüvafiq maket, 1988-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrini əks etdirən xəritə ilə tanış olmuşlar.

Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər müzakirə olunmuş, qarşılıqlı maraq doğuran bir sıra mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.

Əli Həsənov bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ən başlıca və ən ağrılı problemidir. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini bildirən Baş nazirin müavini Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizin haqlı mövqeyinin getdikcə daha çox dəstəkləndiyini və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını qeyd etmişdir.

Komitə sədri qonaqlara qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə ölkə rəhbərliyi və beynəlxalq təşkilatlar tərəfindən görülmüş işlər barədə də məlumat vermişdir. Bildirilmişdir ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 5,4 milyard ABŞ dolları məbləğində vəsait sərf olunmuş, 78 müasir qəsəbə salınmışdır. Bu qəsəbələrdə 150 minə yaxın qaçqın və məcburi köçkün yerləşdirilmişdir. Hazırda bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir.

Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizə dəymiş ziyandan da danışmışdır. Bildirmişdir ki, beynəlxalq aləmdə münaqişələrin vurduğu ziyanın qiymətləndirilməsi təcrübəsi formalaşmaqdadır. Bu yanaşma ilə götürüldükdə təxmini hesablamalara görə, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti nəticəsində Azərbaycana 300 milyard dollardan çox zərər dəymişdir. Bu ziyanı Ermənistan rəhbərliyi deyil, erməni xalqı ödəmək məcburiyyətində qalacaqdır.

Azərbaycanın iqtisadi inkişafından, əldə olunan uğurlardan da danışan Baş nazirin müavini diqqətə çatdırmışdır ki, respublikamızda son on ildə bir milyondan çox yeri açılmış, yoxsulluğun səviyyəsi xeyli aşağı düşmüşdür.

Əli Həsənov Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətlərini yüksək qiymətləndirmiş və qeyd etmişdir ki, ölkələrimiz hər zaman regionda cərəyan edən proseslərə eyni mövqedən yanaşmışlar. Hər iki ölkə oxşar problemlərlə üzləşdiyi üçün bir-birini daha yaxşı anlayır.

David Daraxvelidze ölkələrimiz arasında  əlaqələrin yüksələn xətlə inkişafından məmnunluq ifadə edərək vurğulamışdır ki, Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər yüksək qiymətə layiqdir.

Sonda qonaqlara Ermənistanda aparılan etnik təmizləmə siyasətinin və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının ağır nəticələrini əks etdirən məlumat kitabçası, münaqişədən bəhs edən filmin videodiski və xatirə hədiyyələri təqdim edilmişdir.

 

 

Azərbaycan.-2013.- 11 iyun.- S.5.