«Qələbə yolları ilə» adlı Beynəlxalq avtoyürüşün iştirakçıları Bakıdadır

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın təşəbbüsü ilə mayın 6-da "Bizim ümumi qələbəmiz" adlı layihə çərçivəsində Sankt-Peterburq-Bakı-Moskva marşrutu üzrə "Qələbə yolları ilə" adlı Beynəlxalq avtoyürüş başlamışdı.

AzərTAc xəbər verir ki, Rusiyanın Gənclərlə üzrə Federal Agentliyi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı və Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən "Qələbə yolları ilə" adlı Beynəlxalq avtoyürüşün təşkil olunmasında məqsəd gənc nəslin vətənpərvərlik tərbiyəsi, MDB dövlətlərinin vətənpərvərlik cəmiyyətləri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, İkinci Dünya müharibəsi və vətənimizin tarixinə marağın artırılmasından ibarətdir.

Marşruta əsasən, "Qələbə yolları ilə" adlı Beynəlxalq avtoyürüşün iştirakçıları iyunun 9-da Bakıya gəlmişlər. Bununla bağlı iyunun 10-da "Hilton Baku" mehmanxanasında mətbuat konfransı təşkil olunmuşdur.

Gənclər və İdman Nazirliyinin əməkdaşı Elnur Abdullayev avtoyürüşün əhəmiyyətindən danışmış, iştirakçıların ölkəmizin dilbər guşələrindən olan Quba və Qəbələyə səfər etdiklərini bildirmiş, Azərbaycan və Rusiya arasındakı dostluq əlaqələrini yüksək qiymətləndirmişdir.

Böyük Vətən müharibəsi veteranları Aleksandr QritçenkoMariya Rzayeva İkinci Dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycan xalqının öz şərəfli yeri olduğunu diqqətə çatdırmışlar. Bildirmişlər ki, müharibə başlananda respublikada orduya səfərbərlik ümumxalq hərəkatına çevrilmiş, Azərbaycandan ordu sıralarına 600 min nəfərdən çox insan səfərbərliyə alınmış, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəlmişdir.

Qeyd etmişlər ki, müharibə illərində Leninqrad, Moskva, Sevastopol, Odessa, Stalinqrad, Kiyev və digər şəhərlər, Qafqaz uğrunda gedən şiddətli vuruşmalarda, partizan əməliyyatlarında, Berlin uğrundakı döyüşlərdə azərbaycanlılar igidlik göstərmişlər. Göstərdikləri igidliyə görə minlərlə soydaşımız ordenmedallarla təltif olunmuş, 121 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, tank qoşunları general-mayoru Həzi Aslanov isə bu ada iki dəfə layiq görülmüş, 34 nəfər "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir.

Natiqlər eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə müharibə veteranlarının sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışmışlar. Veteranlar onlara göstərilən daimi diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

Rusiyanın Gənclərlə üzrə Federal Agentliyinin sədr müavini Yuri Sapıkin iki ölkə arasındakı sıx əməkdaşlıqdan danışmış, azərbaycanlılar və rusların İkinci Dünya müharibəsində rəşadətlə vuruşduqlarını diqqətə çatdırmış və "Qələbə yolları ilə" adlı beynəlxalq avtoyürüşün əhəmiyyətini yüksək qiymətləndirmişdir. Bundan sonra da bu cür layihələrin həyata keçirilməsində əməkdaşlıq etməyə hazır olduqlarını diqqətə çatdıran Y.Sapıkin Azərbaycanda yürüş iştirakçıları ilə veteranlar arasında görüşlərin təşkil olunmasının vacibliyini vurğulamışdır.

Sonra Böyük Vətən müharibəsi və "Qələbə yolları ilə" adlı Beynəlxalq avtoyürüşə həsr olunmuş videoçarx nümayiş olunmuşdur. Sonda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Gənclər və İdman Nazirliyinin birgə layihəsi olan Böyük Vətən müharibəsində azərbaycanlı veteranların göstərdikləri şücaətdən bəhs edən "Yaşayan tarix" filmi nümayiş olunmuşdur.

Avtoyürüşdə iştirak edən 24 gənc müxtəlif bayraq və şüarlarla bəzədilmiş 8 avtomobillə Quba və Qəbələdən sonra Bakıya gəlmişlər. Onlar Böyük Vətən müharibəsinin veteranları ilə görüşlər keçirərək onların qəhrəmanlıqla dolu döyüş yolu, maraqlı xatirələri, şücaətləri, ayrı-ayrı şəhərlərdə qazandıqları qələbənin tarixi barədə məlumatlar toplayırlar.

 

Azərbaycan.-2013.- 11 iyun.- S.7.