Azərbaycan Prezidenti İlham Əliyev Misirin xarici işlər nazirini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də Misir Ərəb Respublikasının xarici işlər naziri Mohamed Kamel Amrin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Misirin xarici işlər naziri Prezident Məhəmməd Mursinin salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırdı. Ölkələrimizin bir-birinə zəngin tarixi dəyərlərlə bağlandığını vurğulayan nazir əməkdaşlığımızın inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu qeyd etdi.

Dövlət başçısı Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında ikitərəfli münasibətlərin genişləndirilməsi, beynəlxalq əlaqələrin, regional inkişaf  və digər sahələrdə fəal əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin güclü tərəfdaşlıq əlaqələrinin yaradılması üçün yaxşı potensialın olduğunu diqqətə çatdırdı.

Görüşdə Azərbaycan ilə Misir arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, sərmayə qoyuluşu və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlət başçısı Misir Prezidenti Məhəmməd Mursinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Misirin dövlət başçısına çatdırmağı xahiş etdi.

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 12 iyun.- S.1.