Azərbaycan ilə Gürcüstan qədim tarixi kökləri olan əlaqələrə malikdirlər

 

Azərbaycanda səfərdə olan Gürcüstanın işğal olunmuş ərazilərindən daxili köçkünlər və qaçqınlar üzrə naziri David Daraxvelidze iyunun 11-də Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovla görüşüb. Görüşdə Azərbaycan-Gürcüstan əlaqələri müzakirə olunub.

Z.Əsgərov bildirib ki, həm Azərbaycan, həm də Gürcüstan ikitərəfli münasibətlərin inkişafına böyük önəm verir. Xalqlarımız qədim tarixi kökləri olan əlaqələrə malikdirlər. Bu gün ölkələrimiz müstəqil dövlətlər olaraq müstəqil siyasət yürüdürlər. Z.Əsgərov qonaqlara Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı uğurlar barədə məlumat verib, ölkədəki qaçqın və məcburi köçkünlərin vəziyyətindən danışıb: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının 20 faizindən çoxu təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş, bir milyondan çox insan doğma yurd-yuvalarından didərgin düşmüşdür. Münaqişə ilə əlaqədar BMT-nin Təhlükəsizlik Şurası, Avropa Şurası, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı Azərbaycanın işğal altındakı torpaqlarının azad olunmasını tələb edən və ölkəmizi dəstəkləyən qətnamələr qəbul etsələr də, Ermənistan beynəlxalq hüququn prinsiplərinə məhəl qoymayaraq bu sənədlərdən irəli gələn tələbləri icra etmir. Azərbaycanda məcburi köçkünlər üçün 78 şəhər tipli qəsəbə salınmışdır. Lakin bu, müvəqqətidir. Bu insanlar öz doğma yurd-yuvalarına qayıtmaq istəyirlər. Hesablamalara görə, münaqişə nəticəsində Azərbaycana dəymiş maddi ziyanın məbləği 300 milyard ABŞ dollarından çoxdur".

David Daraxvelidze Azərbaycanda keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edərək ölkəmizdə məcburi köçkün və qaçqınların yaşadıqları məntəqələrdə insanlarla söhbətlərindən aldığı təəssüratları bölüşüb. Qeyd edib ki, Gürcüstanda da məcburi köçkünlər problemi mövcuddur və dövlət bu məsələnin həllinə çalışır. Qonaq həm Gürcüstanda, həm də Azərbaycanda regional münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb.

 

 

Azərbaycan.- 2013.- 12 iyun.- S.7.