Vyanada «Azərbaycanın geosiyasəti və Avropanın enerji təhlükəsizliyi» mövzusunda konfrans keçirilmişdir

 

Vyanada "Industrie magazin" nəşriyyatının təşəbbüsü və Avstriyanın keçmiş federal kansleri Alfred Quzenbauerin dəstəyi ilə "Azərbaycanın geosiyasəti və Avropanın enerji təhlükəsizliyi" mövzusunda konfrans keçirilmişdir.

Konfransda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Milli Məclisin deputatları Elxan Süleymanov, Fazil Mustafa, Qüdrət Həsənquliyev, ARDNŞ-in Avstriyadakı nümayəndəliyinin başçısı Gülmirzə Cavadov, Avstriyanın siyasi xadimləri, "OMV" neft-qaz şirkətinin əməkdaşları, Vyanada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, tanınmış ekspertlər və media nümayəndələri iştirak etmişlər.

Avstriyanın "Industrie magazin" jurnalının naşiri Florian Tsanqerl tədbiri giriş sözü ilə açaraq Azərbaycanın getdikcə artan nüfuzu, Avropa üçün mühüm tərəfdaşa çevrilməsi və enerji təhlükəsizliyində ciddi tərəfdaş olması barədə danışmışdır.

Avstriyanın keçmiş Baş naziri Alfred Quzenbauer Azərbaycanı zəngin, sürətlə inkişaf edən, mühüm geosiyasi mövqedə yerləşən, Avropa və Asiya arasında ənənəvi körpü rolunu oynayan ölkə kimi dəyərləndirmişdir. A.Quzenbauer, eyni zamanda, Azərbaycanın mövcud problemlərinə də toxunmuş, Ermənistanın hərbi təcavüzü nəticəsində ərazisinin bir hissəsinin işğal olunduğunu, qaçqın və məcburi köçkün problemləri ilə üzləşdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

A.Quzenbauerin moderatorluğu ilə keçən konfransda sənaye və energetika naziri Natiq Əliyev, Milli Məclisin deputatı Elxan Süleymanov, İsrailin Avstriyadakı səfiri Aviv Şir-On, "Farefuturo" Fondunun prezidenti, İtaliyanın ticarət və sənaye nazirinin keçmiş müavini Adolfo Urso, İnsbruk Universitetinin siyasi elmlər üzrə professoru, tanınmış siyasi analitik Qerhard Manqott və Vyana Beynəlxalq İqtisadi Tədqiqatlar İnstitutunun iqtisadçısı Vasili Astrov çıxış etmişlər.

İnsbruk Universitetinin siyasi elmlər üzrə professoru, tanınmış siyasi analitik Qerhard Manqott Azərbaycanın geosiyasi vəziyyəti, qonşu dövlətlərlə qurduğu münasibətlər, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin regional təhlükəsizliyə yaratdığı ciddi təhlükə barədə məlumat vermişdir. Məruzəçi supergüclərin Cənubi Qafqazda maraqları, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, regional və beynəlxalq münasibətlərdə tutduğu mövqe barədə ətraflı söhbət açmış, onu Avropa dəyərlərinə söykənən və inteqrasiyada maraqlı olan dövlət kimi səciyyələndirmişdir. Analitik Azərbaycan-Rusiya, Azərbaycan-Gürcüstan, Azərbaycan-İran və Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı icmal xarakterli təhlil və mülahizələrini də tədbir iştirakçıları ilə bölüşmüşdür.

Vyana Beynəlxalq İqtisadi Tədqiqatlar İnstitutunun iqtisadçısı Vasili Astrov əsasən Azərbaycanın qaz ehtiyatları, ölkənin bu sahədə fəaliyyəti, dünyada şist qazı yataqlarının istismarının sürətləndiyi və bunun təbii qazın hasilatı və nəqlinə təsiri ilə əlaqədar ehtimallarını diqqətə çatdırmışdır.

Sənaye və energetika naziri Natiq Əliyev Azərbaycanda neft-qaz sənayesinin zəngin ənənələrə söykəndiyini və böyük tarixə malik olduğunu bildirmiş, ölkəmizin qlobal, habelə Avropanın enerji siyasətində rolundan bəhs etmişdir. Dünyada sənaye üsulu ilə ilk dəfə neftin Bakıda çıxarıldığını və Azərbaycanın 160 illik dövrü əhatə edən neft-qaz sənayesi tarixinə malik olduğunu vurğulayan nazir son 20 il ərzində ölkənin ciddi iqtisadi və siyasi inkişaf yolu keçərək, böyük uğurlar qazandığını diqqətə çatdırmışdır.

Enerji təhlükəsizliyinin dünya iqtisadiyyatı və siyasətinin əsas elementlərindən biri olduğunu və həyatın bütün sahələrinə birbaşa təsir göstərdiyini qeyd edən N.Əliyev Azərbaycanın Avropa üçün həm etibarlı enerji istehsalçısı, həm də karbohidrogen ehtiyatlarının nəqli üçün marşrut təklif edən tərəfdaş olduğunu bildirmişdir. Diqqətə çatdırılmışdır ki, hazırda enerjiyə tələbatının 50 faizini idxal hesabına ödəyən və yaxın gələcəkdə enerji idxalını 80 faizə çatdırmaq məcburiyyəti qarşısında qalan Avropa, eyni zamanda, enerji məhsullarının nəqli baxımından ciddi şəkildə asılı vəziyyətdədir. Belə bir şəraitdə enerji mənbələrinin şaxələndirilməsində Azərbaycan əvəzsiz və neytral rol oynaya bilər.

Milli Məclisin deputatı Elxan Süleymanov diqqəti Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltmiş, onun səbəb və xüsusiyyətləri barədə danışmışdır. Müharibə və münaqişə məfhumlarının bərabər tutulmasını heç də düzgün yanaşma hesab etməyən E.Süleymanov söhbətin iki tərəf arasında münaqişədən deyil, Ermənistanın Azərbaycana təcavüzündən, əraziləri hərbi güc vasitəsilə işğal etməsindən getdiyini vurğulamış, dünya ictimaiyyətini və beynəlxalq qurumları bu məsələdə ədalətli mövqe tutmağa çağırmışdır. Milli Məclisin deputatı çıxışını təəssüf notları ilə başa vuraraq bildirmişdir ki, münaqişəyə beynəlxalq müstəvidə göstərilən laqeyd münasibətdən hər iki ölkənin xalqı, xüsusilə də bir milyondan artıq qaçqın və məcburi köçkünü olan Azərbaycan ciddi əziyyət çəkir.

Sonra konfransda "Euronews" telekanalı tərəfindən yayımlanmış "Azərbaycan: bir Qafqaz mozaikası" reportajı nümayiş etdirilmişdir.

İsrailin Azərbaycanın timsalında müsəlman dövləti ilə yaxşı münasibətlərə malik olduğunu qeyd edən səfir Aviv Şir-On bu təcrübənin digər ölkələr üçün örnək ola biləcəyini söyləmiş, Azərbaycanı tolerantlıq simvolu kimi səciyyələndirmişdir. Avropada və dünyanın digər ərazilərində yəhudilərin təqiblərə məruz qaldığı dövrlərdə belə, Azərbaycanda yəhudilərə daim isti münasibət göstərildiyi qeyd edilmiş, bu ölkədə yaşayan yəhudilərin, eləcə də digər dini və milli azlıqların hüquqlarının yüksək səviyyədə qorunmasından məmnunluq ifadə olunmuşdur.

"Farefuturo" Fondunun prezidenti, ticarət və sənaye nazirinin keçmiş müavini Adolfo Urso öz məruzəsində əsasən Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış sosial problemlərdən, qaçqın və məcburi köçkünlərin ata-baba yurdlarına geri dönməsinin vacibliyindən, beynəlxalq təşkilatların bu məsələdə Azərbaycanın hüquqlarını təsbit etməsindən danışmışdır. İtaliyanın, eləcə də digər Avropa ölkələrinin enerjiyə tələbatının getdikcə artdığını qeyd edən natiq Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə müsbət və ciddi töhfə verəcəyinə inamını ifadə etmişdir.

Milli Məclisin deputatları Fazil Mustafa və Qüdrət Həsənquliyev Azərbaycan-Avropa münasibətlərinin perspektivləri, regionda gedən geosiyasi proseslər, Dağlıq Qarabağ münaqişəsinin kökləri barədə məlumat verərək, ölkəmiz ilə bağlı obyektiv həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılmasında bu kimi tədbirlərin mühüm əhəmiyyət daşıdığını vurğulamışlar.

Konfransdan sonra sənaye və energetika naziri Natiq Əliyev bir sıra ikitərəfli görüşlər keçirmiş, Almaniya, Fransa, İtaliya və Avstriyanın KİV nümayəndələrinə müsahibələr vermişdir. Jurnalistlərin sualları əsasən "Şahdəniz" konsorsiumunun TAP və Nabukko layihələrindən hansını seçəcəyi ilə bağlı olmuşdur. N.Əliyev danışıqların son mərhələdə olduğunu nəzərə çatdırmış, Azərbaycan hökumətinin, habelə "Şahdəniz" konsorsiumunun sırf strateji və kommersiya baxımından daha əlverişli layihəni seçəcəyini vurğulamışdır.

Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən tədbir iştirakçılarına Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitablar paylanmışdır.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Vyana

 

Azərbaycan.- 2013.- 12 iyun.- S.7.