Böhrandan yüksəlişə doğru: aqrar sektorun inkişafı

 

"Azərbaycan" qəzetinin Qobustan Rayon İcra  Hakimiyyəti ilə birgə "dəyirmi masa"sı

 

 

Qarşıdan müasir Azərbaycan dövlətçiliyinin ən parlaq səhifələrindən olan Milli Qurtuluş tarixinin 20-ci ildönümü gəlir. Bu tarix bütün Azərbaycan xalqı üçün əzizdir. Ona görə ki, 20 il öncə iyun ayında Heydər Əliyevin xalqın istəyi ilə Naxçıvandan Bakıya gəlməsi və iyunun 15-də Ali Sovetin Sədri seçilməsindən sonra Azərbaycan dövləti və xalqı başının üstünü almış təhlükələrdən xilas oldu, qurtuldu. Heydər Əliyev Azərbaycanın əldən getmək üzrə olan müstəqilliyini bərpa etdi, dövləti qurdu və inkişaf etdirdi. Bu gün inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycanın hər bir uğurunun kökündə milli qurtuluşumuzdan başlanan Heydər Əliyev siyasəti  dayanır.

Xalqımızın dövlətçilik və müstəqillik salnaməsinin əlamətdar tarixlərinin geniş işıqlandırılması "Azərbaycan" qəzetinin öz fəaliyyətində diqqət yetirdiyi prioritet məsələlərdən biridir. Milli Qurtuluş Gününün 20 illiyi ilə bağlı qəzetimizin keçirdiyi "dəyirmi masa"lar bu tarixin əhəmiyyətinin xüsusən gənc və böyüməkdə olan nəslə çatdırılmasına xidmət edir. Növbəti belə "dəyirmi masa" Qobustan rayonunda keçirildi. Tədbir iştirakçıları öncə rayon mərkəzində Heydər Əliyevin abidəsinin önündə ulu öndərin parlaq xatirəsini yad etdilər.

 

"Dəyirmi masa"nı giriş sözü ilə açan "Azərbaycan" qəzetinin Baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi:

- Dünyanın əksər dövlətlərinin tarixi göstərir ki, onların üzləşdikləri problemlərdən xilas olmasında, azadlığa qovuşmasında qətiyyəti, prinsipiallığı, tutduqları mövqe və xarizması ilə fərqlənən siyasətçilərinin böyük rolu olmuşdur. Ona görə belə siyasətçilərin adları həmin dövlətlərin tarixinə qızıl hərflərlə yazılmışdır. Keçmişi azadlıq mübarizələri ilə zəngin olan Azərbaycan xalqı da özünün dövlətçilik tarixində xidmətləri olan dahi şəxsiyyətlərinin adını və xatirəsini həmişə uca tutur.

Müasir Azərbaycan tarixində adı dövlətçilik tariximizə qızıl hərflərlə həkk olunmuş dahi şəxsiyyət xalqımızın böyük oğlu Heydər Əliyevdir. Bu böyük şəxsiyyət həyatı boyu fəaliyyət göstərdiyi hər bir vəzifədə, ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın və dövlətimizin mənafeləri üçün çalışmış, onu hər şeydən uca tutmuş, Azərbaycanın inkişafı üçün misilsiz işlər görmüşdür. Heydər Əliyevin ölkəmizə istər sovet illərində, istərsə də müstəqillik dövründə rəhbərliyə gəlişini Azərbaycanda intibahın başlanğıcı kimi səciyyələndirmək olar. Birinci dəfə ulu öndər Azərbaycanı sovetlər birliyinin inkişaf etmiş sənaye-aqrar respublikasına çevirdi, gələcək müstəqilliyimizin əsaslarını formalaşdırdı.

1993-cü ildə isə Heydər Əliyev xilaskarlıq missiyasını üzərinə götürdü və özünün ən böyük əsəri olan müasir və müstəqil Azərbaycan dövlətini qurdu. O dövrdə Azərbaycanda cərəyan edən xaotik proseslər təsdiq edirdi ki, yalnız möhkəm siyasi iradəsi olan bir rəhbər ölkəni başının üstünü almış bütün təhlükələrdən qurtarmaq, dövlət müstəqilliyimizi yaşatmaq kimi ağır bir missiyanın öhdəsindən gələ bilər. Bu lider isə xalqın məhəbbətini qazanmış Heydər Əliyev idi! Bu baxımdan 1993-cü ildə dövlət idarəçiliyindəki kobud səhvlərin məntiqi nəticəsi olaraq ağır sosial-iqtisadi gərginliyin pik həddinə çatdığı, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı, cəbhədə torraqlarımızın itirildiyi, bir sözlə, Azərbaycan dağılmaq və rarçalanmaq təhlükəsi ilə üzləşdiyi vaxtda xalqımızın özünün böyük oğlu, həyatı və mübarizəsi üçün ümummilli liderlik missiyası xarakterik olan Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Çünki ölkədəki hərc-mərcliyi, itaətsizliyi, Gəncədə başlanmış qardaş qırğınını, hərbi xəyanəti, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünü yalnız o böyük insan aradan qaldıra bilərdi! O zaman vəziyyəti düzgün qiymətləndirən xalqın qərarı ölkə rəhbərliyinə Neydər Əliyevin gəlməsi idi. Bu məqsədlə ulu öndərə məktublar, teleqramlar göndərilirdi. Bu müraciətlər maddi-mənəvi iztirablara məruz qalan bir xalqın sadəcə vəziyyətdən çıxış yolu deyil, həm də dövlətçiliyimizin yaşaması üçün qəbul edilən tarixi bir xalq qərarı idi.

İflasa uğrayan AXC-Müsavat iqtidarı da vəziyyətdən çıxış yolunu Neydər Əliyevin Bakıya dəvət edilməsində görürdü. Əslində buna qədər özlərinə əsas təhlükə, ən qorxulu rəqib kimi xalqın içərisində böyük hörməti və nüfuzu olan Neydər Əliyevi hesab edir və onu necə sıradan çıxarmaq barədə düşünürdülər. Bu niyyətin gerçəkləşməsi üçün hətta 1992-ci ildə Heydər Əliyevi Naxçıvan Ali Məclisinin Sədri vəzifəsindən devirməyə cəhd etmişdilər.

Dövlətçiliyimizin müqəddəratının həll olunduğu məqamda ulu öndər Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində böyük ümidlər yaratdı. Bakıya gəldikdən sonra parlamentə sədr seçilmək barədə iqtidarın və deputatların xahişini qəbul etməyən Heydər Əliyev Gəncədə yaranmış vəziyyətlə tanış olmaq üçün ora yola düşdü, döyüş meydanına çevrilmiş hərbi hissələrin ərazisini gəzdi. Bu dahi siyasətçinin şəhərə gəlişi əhalidə gələcəyə böyük inam yaratdı. Şəhər sakinləri, hərbi qulluqçularla görüşüb söhbət etdi.

Ulu öndər Heydər Əliyev sonralar həmin vaxtları xatırlayaraq deyirdi: "1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, ovaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən ovaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Beləliklə, xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər xilaskarlıq missiyasını həyata keçirməyə başladı. 1993-cü ilin iyununda bir tərəfdən erməni hərbi birləşmələri hücumlarını genişləndirir, bir tərəfdən Azərbaycanı parçalamaq istəyən separatçı qruplar öz fəaliyyətlərini genişləndirir, digər yandan vətəndaş qarşıdurması şiddətlənirdi. Ölkənin bu vəziyyətə salınmasında birbaşa günahkar olan Ə.Elçibəy isə vəzifəsini tərk edərək Kələkiyə çəkilmişdi. Belə bir vaxtda Ali Sovetə sədr seçilən Heydər Əliyevin qarşısında olduqca ağır və gərgin vəzifələr dururdu.

Lakin Heydər Əliyevin qətiyyətinin, xarizmasının, siyasi uzaqgörənliyinin qarşısında aradan qaldırılması mümkün olmayan məsələ yox idi! Bu mənada 1993-cü ildən sonra cərəyan edən siyasi-ictimai, iqtisadi proseslər, bütün sahələrdə inkişafa doğru dönüş yaradılması həqiqətən də ölkəmizə milli mənafelərimizi əldə rəhbər tutan xarizmatik və qətiyyətli liderin, əsl siyasətçinin rəhbərlik etməsindən xəbər verirdi. O siyasətçidən ki üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə baxmayaraq Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsindən qurtardı. Heydər Əliyevin Prezident seçilməsi isə Azərbaycanda tamamilə yeni bir siyasi-ictimai münasibətlər sisteminin bərqərar edilməsinə, nəhayət, ümumxalq maraqlarının gerçəkləşməsinə xidmət edən proseslərin start götürməsinə səbəb oldu, xalqın özünə inamını, sabaha nikbin baxışlarını bərpa etdi, dövlətçiliyimizin əsasını təmin edən ictimai-siyasi sabitliyin əsasını qoydu. Azərbaycan yalnız Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirə bildi. Azərbaycan beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsindən sovuşdu, dünya dövlətləri arasında özünə layiqli yer qazandı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı, sivil və hüquqi dövlət quruculuğunun əsası qoyuldu.

Beləliklə, XX əsrin sonlarında Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin uzaqgörən və zəngin siyasi fəaliyyəti sayəsində mümkün oldu. Ulu öndər öz əməlləri ilə, xalqa əvəzsiz xidmətləri ilə tariximizdə əbədiyaşarlıq qazandı.

Heydər Əliyev ideyalarının alternativinin olmadığını hər birimiz bilirik. Bu ideyaların layiqli davamçısı cənab İlham Əliyevin 2003 və 2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti seçilməsi Heydər Əliyev yolunun nə qədər doğru-düzgün olduğunu göstərir. Heydər Əliyev ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsinin nəticəsində ölkəmiz bütün sahələrdə yüksək sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir.

Heydər Əliyev ideyalarının və müəyyən etdiyi inkişaf siyasətinin uğurla davam etdirilməsi Azərbaycanın bölgələrinin yüksəlişi fonunda da aydın görünür. Bu gün Azərbaycan ilbəil deyil, günbəgün inkişaf edir. Bunu Qobustan rayonunun timsalında da aydın görmək mümkündür. Keçirdiyimiz bu "dəyirmi masa"nın məqsədi də Milli Qurtuluşdan başlanan yüksəlişə Qobustan rayonunun nümunəsində nəzər yetirməkdir.

İndi isə çıxış üçün söz Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil MƏMMƏDOVa verilir.

 

 

 

Adil MƏMMƏDOV:

 

- 20 il əvvəl - 1993-cü il iyunun 15-də Azərbaycan dövlətinin və dövlətçiliyinin formalaşmasında 40 ildən çox bir dövr ərzində misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin ölkədə ali qanunvericilik orqanına sədr seçilməsi ilə ikinci dəfə hakimiyyətə gəlməsi xalqımızın şanlı tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Şəxsiyyətlər haqqında danışarkən onları mühitin, tarixin yetişdirməsi kimi qeyd edirlər. Lakin bəzi xalqlara tarixi yaradan şəxsiyyətlər qismət olmuşdur. Belə şəxsiyyətlər mənsub olduğu xalqın, dövlətin üzləşdikləri fəlakətlərin, çətinliklərin aradan qaldırılmasında qətiyyətə, prinsipiallığa, möhkəm siyasi iradə və çevik siyasi manevr qabiliyyətinə malik olan insanlardır.

 Məhz Heydər Əliyev tarixi yaradan şəxsiyyətlərdəndir! Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, xalqın illərdir qəlbində alovlandırdığı azadlıq arzusunu boğulmağa qoymayan, cahanşümul əməlləri ilə Azərbaycan xaqlının yaddaşında sarsılmaz, möhtəşəm abidə ucaldan ümummilli lider Heydər Əliyev xalqın xilaskarı olmuşdur. Əlbəttə, bu sarsılmazlığı, bu tarixi yaratmaq heç də asan olmamışdır. Xalqın təkidli tələbi və iqtidarın məcburiyyət qarşısında qalaraq davamlı xahişi ilə Heydər Əliyev Bakıya gəldi. Yaranmış acınacaqlı vəziyyətdə günahı olan iqtidar sahibləri ölkəyə rəhbərlik etməyə mənəvi haqlarını itirdiklərinə görə bir-birinin ardınca istefaya gedir və vəzifələrini "dondururdular". Ölkədə və hakimiyyətdə ağlasığmaz dərəcədə baş alıb gedən bu xaos və gərginliyə baxmayaraq, ulu öndər Heydər Əliyevin Bakıda olması respublika əhalisində gələcəyə böyük ümidlər yaradırdı və xalq Heydər Əliyevi tezliklə yüksək vəzifələrdə görmək istəyirdi.

Bax belə bir siyasi, sosial, iqtisadi və hərbi böhran şəraitində - 1993-cü il iyunun 15-də Heydər Əliyev ölkənin ali qanunvericilik orqanına sədr seçildi. Xalqın tələbi ilə hakimiyyətə bu qayıdışın dövlətçiliyimiz üçün misilsiz faydası oldu. Bu tarixi qayıdış, sözün həqiqi mənasında, Azərbaycan dövlətçiliyinin və millətimizin qurtuluşu oldu və xalqın öz seçimində yanılmadığı təsdiqini tapdı.

Daha sonra bu tarixi hadisəni unutmayan xalq dəfələrlə Milli Məclisə müraciət edərək bu günün Azərbaycan xalqının Milli Qurtuluş Günü kimi qeyd olunması istəyini bildirdi. 1997-ci il iyunun 27-də Milli Məclis deputatlarının çıxışında bu təklif dəstəkləndi və 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günü elan olundu.

Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın dünya xəritəsindən silinməsi təhlükəsi qısa zamanda aradan qaldırıldı. Tezliklə separatçıların respublikanı parçalamaq kimi məkrli siyasətlərinə layiqli cavab verildi. Ordu quruculuğu sahəsində mühüm işlər görüldü. Cəhbədə atəşkəs elan olundu. Dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Görkəmli dövlət xadimi, bütün bəşəriyyətin ən nadir tarixi simalarından sayılan Heydər Əliyevin rəhbərliyi ilə respublikamız dünyanın tanınmış neft şirkətləri ilə "Əsrin müqaviləsi" və digər kontraktlar imzaladı. İqtisadiyyatın və həyatın bütün sahələrində islahatlar, tərəqqi və dirçəliş başladı. Bununla da 1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu yeni tarixinə yeni eranın başlanğıcı kimi daxil oldu. Heydər Əliyev siyasəti çoxsaylı siyasi, hərbi və iqtisadi təlatümlərin sınağından üzüağ çıxaraq daha da möhkəmlənmişdir. Heydər Əliyev müdrik siyasəti, möhkəm əqidəsi və uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail oldu. Çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycan qısa müddət ərzində regionda öz mövqeyini möhkəmləndirdi, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başladı, iqtisadi və mədəni potensialından istifadə etməklə dünyanın dinamik inkişaf etməkdə olan ölkələrindən birinə çevrildi.

Azərbaycanda müasir, demokratik hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, elmin, təhsilin, mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. İqtisadiyyatın müxtəlif sahələrinin, xüsusilə neft və qaz sənayesinin, kənd təsərrüfatının inkişafı və dirçəldilməsi, eləcə də dünya iqtisadiyyatına inteqrasiya bilavasitə ulu öndərin fəaliyyətinin əsas istiqamətlərindən biri olmuşdur. Yeni neft strategiyasının uğurla həyata keçirilməsi, dünyanın aparıcı ölkələrinin neft şirkətləri ilə müqavilələrin bağlanması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa boru kəmərləri vasitəsilə neft məhsullarının birbaşa dünya bazarlarına ixracı, eləcə də qeyri-neft sektorunun inkişaf etdirilməsi, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və ölkəyə xarici investisiyaların cəlb edilməsi Heydər Əliyev uzaqgörənliyinin məntiqi nəticəsidir. Dövləti olmayan xalq ölümə məhkumdur. Dövlətçilik xalqın "olum, ya ölüm" məsələsidir!

Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycanın varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir! Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin - amanlıq yaratdı. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir".

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır.

Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi, MDB məkanında ilk dəfə olaraq torpaqların şəxsi mülkiyyətə verilməsi, kənd təsərrüfatının inkişafı ümummilli liderin səyi nəticəsində mümkün olmuşdur. Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə bölgələrin sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxlamış, saysız-hesabsız zavod və fabriklərin açılmasına, on minlərlə yeni iş yerinin yaradılmasına nail olmuşdur. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi dövrlərdə digər rayonlarla yanaşı, o dövrdə Şamaxı rayonunun tərkibində olan Qobustanın da iqtisadiyyatı xeyli inkişaf etmiş və siması dəyişərək müasir görkəm almışdır. Onun hər gəlişi sadə zəhmət adamlarının sevincinə səbəb olmuş, eyni zamanda rayonumuzun iqtisadiyyatında mühüm istiqamət olan üzümçülüyün, taxılçılığın və heyvandarlığın inkişafına xüsusi təkan vermişdir.

Heydər Əliyevin müəllifi olduğu milli inkişaf konsepsiyası bu gün onun siyasi varisi və layiqli davamçısı, "Mən ona özüm qədər inanıram!" dediyi Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ötən 10 ilə yaxın müddətdə respublikamızın inkişafı ilə bağlı yüzlərlə sənaye və infrastruktur layihəsinin reallaşdırılması, regionların sosial-iqtisadi inkişafı ilə bağlı iki dövlət proqramının qəbulu və icrası bunun əyani təsdiqidir.

Dövlət proqramlarının nəticəsi olaraq Qobustan rayonunda da infrastruktur və istehsal müəssisələrinin yaradılması istiqamətində xeyli iş görülmüş, yeni iş yerlərinin açılması əsas prioritetlərdən biri olmuşdur. 10 min tonluq taxıl anbarının inşası, Qobustan Bağ-bağat Mərkəzinin, eləcə də ümumtəhsil məktəblərinin tikintisi və ya əsaslı təmiri, idarə və müəssisələr üçün bir sıra inzibati binaların, obyektlərin yenidən qurulması rayonun sürətli inkişafının əsas göstəriciləridir. Bununla yanaşı həyata keçirilən abadlıq-quruculuq işləri, küçə və prospektlərin, park və xiyabanların yenidən qurulması, müasir işıqlandırma sistemlərinin quraşdırılması, Heydər Əliyev Mərkəzinin, Heydər Əliyev parkının, Bayraq meydanı, rayon Gənclər Mərkəzi, Qobustan İdman Kompleksi, 6 kəndi birləşdirən Qobustan-Xilmilli avtomobil yolunun yüksək səviyyədə asfaltlaşdırılması və eləcə də sadalamadığımız digər tədbirlər Qobustan rayonunu respublikamızın öndə gedən rayonlarından birinə çevirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayonumuza səfəri zamanı görülən işləri yüksək qiymətləndirərək demişdir: "İndi bütün bölgələrdə gedən inkişaf Qobustan rayonunda da hiss olunur".

Ölkə Prezidentinin rayonumuza olan diqqət və qayğısı, rayonumuz haqqındakı bu fikri həm hər bir qobustanlının yüksək sevincinə səbəb olmuş, həm də bizi daha səylə işləməyə sövq etmişdir. Məhz bunun nəticəsidir ki, lap yaxın zamanda, 2013-cü ilin may ayının 1-də rayonumuzda yenə cənab Prezidenti qarşılamaq şərəfinə nail olduq! Ölkə Prezidentinin son iki ildə rayonumuza iki dəfə səfər etməsi və bir sıra mühüm obyektlərin - Qobustan Olimpiya İdman Kompleksinin, Qobustan Gənclər Mərkəzinin, Bayraq meydanının, Qobustan-Xilmilli avtomobil yolunun açılışında iştirakı, ictimaiyyətlə görüşü, bizə verdiyi tapşırıq və tövsiyələr hər bir qobustanlının daha yüksək əzmlə çalışmasına təkan vermişdir. İndi biz əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyev tərəfindən hazırlanmış Azərbaycanın inkişaf konsepsiyası Qobustan rayonunun da timsalında öz əksini çox aydın tapmışdır. Həqiqətən də son bir neçə il ərzində Qobustan rayonunun siması dəyişərək onun inkişafı üçün çox böyük, tarixi işlər görülmüşdür.

 Bugünün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki bu gün müstəqil Azərbaycanın sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi İlham Əliyevin əlindədir. Onun rəhbərliyi altında Azərbaycan misli görünməmiş sosial-iqtisadi inkişafa nail olmuş, regionda beynəlxalq aləm tərəfindən tanınan lider ölkə statusunu qazanmışdır. Bütün bunlara görə bu gün Azərbaycan xalqı Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi - Prezident İlham Əliyevin siyasi və iqtisadi kursu sayəsində ölkəmizin XXI əsrdə daha yüksək zirvələr fəth edəcəyini görür və buna qəlbən inanır!

 

 

 

Bəxtiyar SADIQOV:

- Qobustan iqtisadiyyatda özünün ənənələri olan rayondur. Xüsusən kənd təsərrüfatı fəaliyyəti üçün münbit şəraitin olması burada heyvandarlığın və əkinçiliyin inkişafı üçün geniş imkanlar açır. Təsadüfi deyil ki, bu gün Azərbaycan rəhbərliyinin ölkədə aqrar sahənin inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərin bəhrəsini Qobustanda daha yaxından görmək mümkündür. İndi Qobustanda aqrar sahədə həm keçmiş ənənələr bərpa olunur, həm də tamamilə yeni istehsal sahələri formalaşır.  Bu barədə çıxış üçün söz Qobustan rayonu M.Hüseynzadə adına Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi MMC-nin direktoru Zümrüd ŞƏRİFOVAya verilir.

 

 

 

Zümrüd ŞƏRİFOVA:

 

- Bu gün müstəqil Azərbaycanımız sosial-iqtisadi, həmçinin kənd təsərrüfatı sahəsində yüksək inkişaf tempi ilə irəliləyir və bu sahələrin hər birində artıq nailiyyətlər əldə olunmuşdur. Lakin 20 il əvvələ qayıtsaq görərik ki, bu, heç də asan başa gəlməmişdir. Azərbaycanda bütün iqtisadi, o cümlədən  aqrar sahə dərin böhran içində olmuş, iş yerləri bağlanmış, əhalinin yaşayış səviyyəsi olduqca aşağı düşmüşdü. Odövrkü iqtidarın səriştəsizliyi ucbatından artıq Azərbaycanın  müstəqil dövlət kimi taleyi sual altına düşmüşdü. Məhz belə bir çətin vəziyyətdə xalqın təkidli tələbinə cavab olaraq ümummilli lider hakimiyyətə gəlmiş və qısa zaman kəsimində vətənimizin üzləşdiyi problemlərin həllinə yönəlmiş qətiyyətli addımlar atmışdır. Ulu öndərin hakimiyyətə gəlişi ilə istər sənaye, istər iqtisadi və istərsə də aqrar sahələrin yenidən inkişaf strategiyaları hazırlanaraq həyata keçirilməyə başlanmışdır. İqtisadiyyatın inkişafına dair dövlət proqramlarının icrasına başlanılmış, torpaq islahatları aparılmış, sahibkarlığın inkişafı üçün zəmin yaradılmışdır. Heydər Əliyevin hazırladığı inkişaf konsepsiyası bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilməklə yanaşı, həm də müasir tələblərə uyğun şəkildə zənginləşdirilmişdir.

Qobustan rayonu qədim əkinçilik və heyvandarlıq ənənəsi olan aqrar rayonlardan biridir. Rayonumuz son illər bu sahədə mühüm nailiyyətlər əldə edə bilmişdir. Belə ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası rayonumuzda da uğurla davam etdirilmişdir. Rayonda istifadə olunan kənd təsərrüfatına yararlı torpaq sahələri onun ümumi ərazisinin 67,4 faizini təşkil edir. Kənd təsərrüfatına yararlı torpaq sahəsinin 37 faizi əkinəyararlı torpaq sahələridir. Ötən il ərzində rayonda 28.663 ha taxıl sahəsi biçilmiş, 57.614 ton məhsul istehsal edilmişdir. Bu da ondan əvvəlki dövrə nisbətən 142,5 faiz təşkil edir. Hər hektardan orta hesabla 20,1 sentner və yaxud da keçən ilin müvafiq dövründən 3,4 sentner çox məhsul yığılmışdır. Məhsuldarlığın artmasının əsas səbəblərindən biri dövlətimizin kənd təsərrüfatına ayırdığı subsidiyaların nəticəsidir ki, insanlar bu güzəştlərdən maksimum səmərəli istifadə edirlər. Ötən dövr ərzində kənd təsərrüfatı məhsullarının istehsalının və emalının dəstəklənməsinin davam etdirilməsi istiqamətində 4.564 ton gübrə rayon fermerlərinə güzəştli şərtlərlə verilmişdir. Qobustan şəhərində 10 min tonluq tutumu olan taxılsaxlama anbarının tikintisi başa çatdırılmış, hazırda üzümçülüyün inkişafı ilə əlaqədar müvafiq tədbirlər hazırlanır.

 

 

Qobustan şəhərində 105 min başlıq quşçuluq fabriki tikilmişdir. Bu il rayon üzrə 28.657 ha sahədə 38.726 ton buğda, 18.884 ton arpa olmaqla ümumilikdə 57.610 ton və ya adambaşına 1,4 ton taxıl istehsal edilmişdir. Bu da əvvəlki ildəkindən 42,5 faiz çoxdur. O cümlədən, 38.726 ton buğda istehsal edilmişdir ki, bu da əvvəlki ildən 49,9 faiz çox olmaqla rayonumuzun tarixində ən yüksək göstəricidir. 2013-cü ilin məhsulu üçün 18.847 ha buğda, 7.921 ha arpa olmaqla 26.786 ha sahədə taxıl əkilmişdir.

 Rayonda aqroservis xidmətlərinin yeni texnikalarla təchizatının yaxşılaşdırılması məqsədilə Təklə kəndində "Aqrolizinq" Səhmdar Cəmiyyətinin Qobustan "Aqroservis" filialı üçün inzibati və anbar binalarının tikintisi aparılır və tamamlanmaq üzrədir. 2012-ci ildə rayona 5 ədəd taxılbiçən kombayn, 10 ədəd şum traktoru, 15 ədəd otbiçən, 12 ədəd dırmıq, 2 ədəd toxumsəpən, 2 ədəd çiləyici aparat alınmışdır.

Keçmişdə rayonumuzda üzümçülük çox geniş ərazidə inkişaf etdirilmişdi. Bu sahə öz növbəsində həm də bütün kənd əhalisinin işinin təminatı demək idi. Yəni qadınlarımız, qızlarımız, cavanlarımız bu sahədə böyük həvəslə işləyirdilər və xeyli gəlir götürürdülər. Çox təəssüflər olsun ki, o vaxt Sovetlər İttifaqı rəhbərlərinin, şəxsən M.Qorbaçovun düşüncəsiz siyasəti nəticəsində bu üzümlüklər ləğv edildi və çoxsaylı insan işsiz qaldı. Amma sevindirici hal kimi onu da qeyd edim ki, artıq rayonumuzda üzümlüklərin salınması işinə başlanmışdır. Yeni salınan üzümlüklərdə sortlar seçilir, araşdırılır, ən yeni məhsuldar, xəstəlik və ziyanvericilərə qarşı davamlı tinglər əkilir.

Qobustanın Yekəxana, Poladlı, Bədəlli, Təsi kəndlərində nar bağlarının salınması çox sürətlə inkişaf edir. Bu kəndlərdə insanlar çox böyük həvəslə bu sahədə işləyir, nar bağlarını günü-gündən genişləndirirlər. Çünki bu məhsulun alıcıları kəndlərə gələrək kəndlinin öz həyətindəcə məhsulun dəyərini ödəməklə təhvil götürürlər. Bu da kəndliyə çox sərf edir.

Qobustana içməli suyun çəkilişi sakinlərin ən ağrılı yeri idi. Artıq bu problem də həll olunub. Aparılan quruculuq işlərinə və xüsusilə su çəkilişinə görə bütün qobustanlıların adından öz sevimli Prezidentimizə - cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Suyun çəkilişi həm də bostançılığın inkişafına zəmin yaradır. Rayonumuzun su ilə təmin olunmuş kəndlərində - Xilmillidə, Naburda, Qaracüzlüdə, Ərəbçalbaşda bostançılıq inkişaf etdirilir.

Qobustan rayonunda əsas məşğuliyyətlərdən biri də heyvandarlıqdı. Hal-hazırda rayonumuzda 30.000 baş qaramal, 189.000 baş davar mövcuddur. Bu da keçmiş sovet dövrindəki göstəricimizdən bir neçə dəfə artıqdır. Rayonda ötən dövr ərzində 5259,9 ton ət, 16.885 ton süd, 7,2 milyon ədəd yumurta, 340,4 ton yun istehsal edilmişdir. Hal-hazırda respublikamıza Almaniyadan, Hollandiyadan yüksək məhsuldar cins düyələrin lizinq yolu ilə gətirilməsi davam etdirilir. Rayonumuzda da bu dövlət əhəmiyyətli işin dəstəklənməsi sevindiricidir. Rayonun Çalov kənd sakini Rəhim Rəhimli Almaniyadan 10 baş "Holştinfriz" cinsindən olan boğaz düyələri lizinq yolu ilə alıb gətirmişdir. Alınmış cins mallar üçün tələb olunan qaydada, yəni zoobaytarlıq tələblərinə cavab verən tövlə tikmiş, isti və soyuq su təminatı, işıq, sağım aparatı və sair avadanlıqlarla lazımi şərait yaratmışdır. Bununla yanaşı, heyvandarlıqda süni mayalama işinin tətbiq olunması işinə də başlanmışdır.

Bütün respublikamızda olduğu kimi, Qobustanda da iqtisadiyyatımız uğurla inkişaf edir və insanlarımız çox böyük həvəslə bu quruculuqda iştirak edirlər.

 

Bəxtiyar SADIQOV:

 

- Azərbaycan iqtisadiyyatının inkişafı və ölkəmizin maliyyə imkanlarının artması paralel olaraq digər sahələrin yüksəlişi üçün imkanlar açır. Biz bunu sosial sahədə həyata keçirilən uğurlu fəaliyyətin timsalında aydın görürük. Sosial sahəyə diqqət, xüsusi kateqoriyalı insanlara sosial dəstək hər yerdə uğurlu bəhrələrini verir. Eyni zamanda, bu gün Azərbaycanın bütün şəhər və kəndləri abadlaşır, yenidən qurulur, gözəlləşir. Təbii ki, Qobustan da bu proseslərdən kənarda deyil və bu barədə rayon Ağsaqqallar Şurasının sədri Şıxbala BAYRAMOV danışacaq.

 

 

 

Şıxbala BAYRAMOV:

 

- Ümummilli liderin 1993-cü ildə hakimiyyətə gəlişi ilə bütün sahələrdə ciddi dönüş yarandığı kimi, sosial və iqtisadi sferalarda da əsaslı yüksəlişə nail olunmuşdur. 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyev tərəfindən imzalanan sənədlər, həyata keçirilən tədbirlər müstəqil ölkədə daim güclənən iqtisadi təməl üzərində etibarlı sosial müdafiə sisteminin yaradılmasına, vətəndaş firavanlığının təmin olunmasına xidmət etmişdir.

1993-cü ildən etibarən pensiya və müavinətlər sahəsində dövlət təminatlarının artırılması, əməkhaqlarının ilbəil yüksəlişinə nail olunması, ayrı-ayrı kateqoriyalara pul kompensasiyalarının təyin edilməsi ilə yanaşı, inflyasiyanın qarşısının alınması mühüm bir addım olmuş və həmin sosial ödənişlərdən əhalinin səmərəli istifadəsinə imkan yaranmışdır. Digər tərəfdən, 1990-cı illərin ortalarında ölkədə aqrar islahatların uğurla həyata keçirilməsi iqtisadi fəal əhalinin böyük hissəsini təşkil edən kənd əhalisinin məşğulluğuna böyük dəstək olmuşdur.

Ənənəvi təminatlarla yanaşı əlil və şəhid ailələrinin dövlət hesabına mənzillərlə, əlillərin minik avtomobilləri, müxtəlif reabilitasiya vasitələri ilə təminatı, bərpa-müalicə və protez xidmətinin təkmilləşdirilməsi və bölgələr üzrə genişləndirilməsi, aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi və s. sahələrdə tədbirlərə də məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə başlanmışdır. 2003-cü ildən sonrakı dövrdə möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz keyfiyyətcə yeni inkişaf və sürətli tərəqqi mərhələsinə qədəm qoymuşdur. Düzgün müəyyənləşdirilmiş siyasət ölkəni inkişafa, tərəqqiyə aparır. 21 illik müstəqillik tarixinə malik olan ölkəmizin bu gün beynəlxalq aləmdə iqtisadi möcüzələr diyarı, Cənubi Qafqazın parlayan ulduzu kimi tanınması və mövqeyini möhkəmləndirməsi də respublikamızda həyata keçirilən siyasətin düzgünlüyünün təsdiqidir.

Ümummilli liderin inkişaf strategiyasının layiqli səviyyədə davam etdirilməsi ölkəmizin bütün sahələrdə, o cümlədən sosial sahədə yeni tarixi nailiyyətlər əldə etməsinə səbəb olmuşdur. Son 9 ildə ölkə iqtisadiyyatı 3 dəfədən çox artmış, 1 milyon 200 mindən artıq iş yeri yaradılmış, işsizlik 5,2 faizə, yoxsulluq 6 faizə enmişdir. Möhtərəm dövlət başçısının siyasətinin mərkəzində yoxsulluğun tam olaraq aradan qaldırılması, insanların rifahının daim yüksəldilməsi dayanır.

Bunun nəticəsidir ki, iqtisadi tərəqqi prosesləri ilə paralel olaraq əhalinin sosial müdafiəsi sahəsində tədbirlər də ilbəil güclənir. Artıq bu vaxtadək 5 minə yaxın əlil və şəhid ailəsi mənzillə, 3500-dən çox əlil minik avtomobili, yüzlərlə əlil müxtəlif reabilitasiya avadanlıqları ilə təmin edilmişdir. Həmçinin hər il 8 mindən çox əlilliyi olan şəxsə bərpa-müalicə xidməti göstərilir. Əlillərin ölkə daxilində və xaricdə müalicəsi, müvafiq kateqoriyalardan olan vətəndaşların müavinət və yardımla təminatı uğurla davam etdirilir.

Ölkədə aparılan bu uğurlu siyasətin davamı olaraq rayonumuzda da bu sahəyə xüsusi diqqət ayrılmışdır. Son illər rayonumuzda aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri, yaşıllaşdırma, ağac əkini kampaniyasının geniş vüsət alması, kəndlərimizin ad göstəricilərinin müasir memarlıq üslubu ilə tərtibi, məktəb binalarının müasir standartlara cavab verən formada tikilməsi, kəndlərimizdə xeyir-şər evlərinin inşası, rayon mərkəzi olan Qobustan şəhərinin günbəgün gözəlləşməsi, 80 faiz kəndlərimizə qaz xəttinin çəkilişi, su probleminin aradan qaldırılmasına yönəlmiş layihənin icrasının uğurla davam etdirilməsi və sadalamadığım bir sıra işlər rayonumuzun da inkişafının əyani göstəricisidir. Son illər rayon əhalisinin rifah halının, yaşayış şəraitinin yaxşılaşması diqqət çəkir. Rayonda yaşayan məcburi köçkün ailələrinə, şəhid ailələrinə, Böyük Vətən müharibəsi iştirakçılarına və Qarabağ müharibəsi əlillərinə xüsusi diqqət göstərilir. Rayonumuzda son 10 ildə  2813-ü daimi olmaqla 11.363 yeni iş yeri açılmışdır. 2012-ci ildə həyata keçirilmiş tədbirlər nəticəsində rayonda 2.237 yeni iş yeri yaradılmışdır ki, bunlardan 782-si daimi iş yerləridir.

10 nəfər sosial işçi rayonun şəhər və kəndlərində 82 nəfər tək, tənha və kimsəsiz vətəndaşa sosial məişət xidməti göstərir. Hər il əlillərə diqqət və qayğının nəticəsi olaraq müalicə pansionatlarına göndərişlər verilir, respublikamızın hər yerində olduğu kimi, rayonumuzdan olan əlil vətəndaşlar da pulsuz avtomaşınlar alırlar. Möhtərəm Prezidentimizin əlil və şəhid ailələrinə göstərdiyi diqqət və qayğı nəticəsində son illər Qobustan rayonunda 2 şəhid ailəsi və 26 müharibə əlili mənzillə təmin olunmuşdur. Rayonda 4.947 nəfər pensiya alır ki, onların da pensiyaları vaxtlı-vaxtında çatdırılır.

Bu gün Azərbaycanda sosial rifahın təmin olunması sahəsində əldə olunan nailiyyətlər ölkədə xalq-Prezident birliyinin daim möhkəmlənməsinə səbəb olmuşdur. Mən bir ağsaqqal kimi əminliklə demək istəyirəm ki,  bütün qobustanlılar ulu öndərin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasəti dəstəkləyir, ona vətənimizin taleyüklü məsələlərinin həllində müvəffəqiyyətlər arzu edərək dərin minnətdarlıqlarını bildirirlər.

 

 

 

Bəxtiyar SADIQOV:

 

- Ulu öndər Heydər Əliyevin  20 il əvvəl siyasi hakimiyyətə dönüşü ilə xalqımız təhlükələrdən, müstəqilliyini itirməkdən qurtuldu. Xilaskarlıq missiyasını uğurla başa vuran Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs bu gün Azərbaycanı regionun lider və dinamik inkişaf edən dövlətinə çevirib. Bu mənada Azərbaycanın 20 il əvvəllə bugününün müqayisəsi Milli Qurtuluş missiyasının dövlətçilik tariximizin parlaq səhifəsi olduğunu göstərir. Milli Qurtuluş missiyasının əyani nəticəsi Qobustanın da dünəni ilə bugününün  müqayisəsində öz real təsdiqini tapır. Bu barədə danışmaq üçün söz Qobustan rayonu Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin direktoru Ruslan ŞAHBAZOVa verilir.

 

 

 

Ruslan ŞAHBAZOV:

 

- Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunu dövlətçiliyimizin xilası günüdür. Bu baxımdan vətənini, xalqını sevən, həmçinin o çətin və ağrılı günləri görən, yaşayan insanlar 15 iyun - Milli Qurtuluş Gününün dövlətçiliyimizin tarixinə qızıl hərflərlə yazıldığını yaxşı bilir. Hər kəs yaxşı dərk edir ki, 15 iyun - ümummili lider Heydər Əliyevin xalqının, dövlətinin taleyinə sahib çıxdığı bir gün olmaqla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda dünya siyasi arenasında xüsusi yerə malik, mühüm iqtisadi göstəricilərə və inkişafa imza atan, qısa müddətdə yerləşdiyi regionun lider dövlətinə çevrilən müasir Azərbaycanın təməlinin atıldığı gündür.

1993-cü ilin iyununda parçalanmanın, sözün əsl mənasında məhvin astanasında dayanan, müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü təhlükə ilə üzləşən Azərbaycan ulu öndər Heydər Əliyevin xalqın təkidi və tələbi ilə siyasi hakimiyyətə qayıdışı sayəsində nəinki bu ağır günləri arxada qoydu, hətta qısa bir müddətdə siyasi sabitliyə qovuşdu. 1994-cü il sentyabrın 20-də ümummilli liderin əsasını qoyduğu yeni neft strategiyasının məntiqi nəticəsi və ölkəmizin inkişafında böyük paya malik "Əsrin müqaviləsi"nin imzalanması isə Azərbaycanın həyatında, iqtisadiyyatımızda inkişafa təkan verdi. Eyni zamanda sonrakı illərdə atılan addımlar, görülən işlər modern, qüdrətli, varlı, vətəndaşının sosial rifahını təmin etməyi bacaran bir Azərbaycanın ortaya çıxmasında rol oynayan səbəblərə çevrildi. Bu mənada 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ölkə Konstitusiyasının yeri xüsusi və əhəmiyyətlidir. Demokratik inkişaf yolunda əldə olunan nailiyyətlər, insan hüquq və azadlıqlarının qorunması, genişləndirilməsi istiqamətində aparılan davamlı fəaliyyət, ölkəmizdə yaradılan siyasi sabitlik bugünkü müasir və inkişaf etmiş Azərbaycanın təməl prinsiplərinə çevrildi. Bəli, məhz bu mənada 15 iyun - Milli Qurtuluş Günü həm də qüdrətli və güclü Azərbaycanın təməlinin atıldığı gündür.

Daha dəqiq desək, 15 iyun 1993-cü il bugünümüzün uğurları fonunda tariximizin dönüş nöqtəsidir. Çünki 1993-cü ilin 15 iyunu ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və böyük dühası sayəsində siyasi sabitliyə qovuşmuş Azərbaycanın inkişafının əsasının qoyulduğu tarixdir. Müstəqilliyimizin əldə olunmasından ötən 20 il tarixi baxımdan çox qısa müddət sayılır.

Bizim hər birimizə azərbaycanlı olmağımızla fəxr etməyi məhz Heydər Əliyev öyrətmişdir. O, böyük qürurla deyirdi: "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam". Bu gün bizim regionda lider olan müstəqil dövlətimiz, güclü iqtisadiyyata malik ölkəmiz, dünya şöhrətli siyasi xadim Heydər Əliyev vardır. Onun uğurlu siyasəti nəticəsində Azərbaycan gündən-günə qüdrətlənir və beynəlxalq aləmdə nüfuz sahibi olan bir dövlətə çevrilir. Bunun sayəsində biz həm azərbaycanlı olmağımızla, həm də Azərbaycanımızla fəxr edirik.

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Ulu öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Məhz bunun nəticəsidir ki, bu gün ölkə gəncləri ulu öndər Heydər Əliyevə və onun layiqli davamçısı, Prezident İlham Əliyevə böyük etimad göstərir və özünün gələcək inkişaf perspektivini onun adı ilə bağlayırlar. Bəli, artıq bu gün Heydər Əliyevin arzuladığı gənclik yetişib. İndi onların məqsədli şəkildə irəlilədiyi bir yol var!

Vaxtilə bu ərazidən keçənlərdə bir kəndi xatırladan, indi isə rayon mərkəzi olan Qobustan şəhəri 2007-ci il oktyabr ayında dövlət başçısının rayonumuza tarixi səfərindən sonra böyük inkişaf mərhələsinə qədəm qoydu. Həmin gündən rayonumuzda idarə, müəssisə və təşkilatların inzibati binaları müasir standartlara uyğun, texniki avadanlıqlarla təmin olunmuş vəziyyətdə istifadəyə verildi. Prezident İlham Əliyevin son iki ildə iki dəfə rayonumuza səfər etməsi, hər səfəri zamanı yeni binaların, yolların, istirahət mərkəzlərinin, Qobustan İdman Kompleksinin, Gənclər Mərkəzinin və digər müasir standartlara cavab verən obyektlərin açılışını etməsi buna əyani misaldır. Bunları sadalamaqda fikrim sizləri bir necə il öncəyə nəzər salmağa səsləməkdir. Həmin illərdə adi bir tədbirin keçirilməsi üçün idarə və təşkilat binalarında yer tapa bilmirdik. Uçmuş, istiliyi olmayan köhnə binalarda yerləşən idarələrdə oturmaq üçün belə yer tapılmırdı. Bu gün isə rayonumuzda tədbirləri keçirəndə tərəddüd içində qalırıq, hansı yerdə keçirək: Heydər Əliyev Mərkəzindəmi, Gənclər Mərkəzindəmi, Heydər Əliyev parkındamı, Bayraq meydanındamı, idarələrin, məktəblərin konfrans zalındamı? Seçim etməkdə çətinlik çəkirik, çünki hamısı bir-birindən gözəl, yaraşıqlı və tədbirlərin keçirilməsinə uyğun məkandır. Əslində bu sadaladıqlarımıza nəzər saldıqda heç keçmiş dövrdəki rayonumuzla bugünkü rayonumuzu müqayisə etməyə dilimiz gəlmir.

Bu gün rayonumuzun ümumtəhsil məktəb şagirdləri, gənclər, ümumilikdə Qobustan rayon sakinləri mütəmadi olaraq Heydər Əliyev adına parkdakı Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən fotoşəkillərlə, əyani vəsaitlərlə, kitablarla tanış olurlar.

Bütün rayon sakinləri adından bildirirəm ki, Milli Qurtuluş missiyasının əyani nəticəsi Qobustanın dünəni ilə bugününün müqayisəsində öz real təsdiqini tapır. Biz Qurtuluş missiyasının davamlılığı üçün Prezident İlham Əliyevin ətrafında indi daha sıx birləşmişik.

 

 

 

Bəxtiyar SADIQOV:

 

- Azərbaycanın faktiki müstəqilliyinin qazanılması,  möhkəmləndirilməsi, yüksəlişi, inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız bütün nailiyyətlər göstərir ki, Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Keçirilən bütün seçkilərin nəticələri də göstərir ki, xalqımız Heydər Əliyev kursunu Azərbaycanın dövlətçilik qüdrətinin və davamlı inkişafının əsas təminatçısı kimi qəbul edir və bu mövqe dəyişməzdir. Bu mövzuda çıxış üçün söz "Müasir qadın və cəmiyyət" İctimai Birliyinin sədri Fidan MAQSUDOVAya verilir.

 

 

 

Fidan MAQSUDOVA:

 

- Ulu öndər Heydər Əliyevin timsalında Azərbaycan xalqı bəşəriyyətin ən yeni tarixinə öz imzasını yazan dahi bir övlad yetirdi. Onun dühasının işığı ilə xalqımız milli oyanış və dirçəliş yolu keçərək öz müstəqil dövlətçiliyini bərpa etdi, möhkəmləndirdi, bir millət kimi yetkinləşdi, birliyə, həmrəyliyə qovuşdu. Bir çox tarixi məqamlar bunu təsdiqləyir, sübut edir. Azərbaycan dövlətçiliyinin xilası və bərpası kimi tarixə düşən 1993-cü ilin 15 iyunu da məhz ölkəmizdə dirçəlişin, inkişafın təməlinin qoyulduğu tarixdir. Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş həmin vaxtdan isə 20 il keçir. Bir dövlətin tarixi üçün bu müddət çox qısa bir zamandır. Amma həmin tarixdən ötən bu illər çox şeyləri xalqımızın xeyrinə, inkişafına doğru dəyişdi. Bu dövr ərzində Azərbaycan xalqı milli dövlətini yaradaraq müstəqilliyini əbədi etdi. Əgər həmin gün xalqın istəyi və tələbi ilə Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı gerçəkləşməsəydi, bu gün biz müstəqil, qüdrətli, tərəqqi edən, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik! Bu böyük qayıdış millətimizin və dövlətimizin qurtuluşuna yol açdı! Bu gün demokratiya, sabitlik və davamlı inkişaf müasir Azərbaycanı xarakterizə edən əsas amillərdir. Məhz bu mühüm strateji amillərin vəhdəti sayəsində müstəqil dövlət kimi çox gənc olmasına baxmayaraq, Azərbaycan qısa vaxt ərzində sıçrayışa və hərtərəfli tərəqqiyə nail oldu, dünya və Avropa ailəsində öz layiqli yerini tutdu. İndi Azərbaycan artıq öz inkişafının keyfiyyətcə elə yüksək mərhələsinə daxil olub ki, o, artıq dünyada cərəyan edən proseslərə təsir göstərmək iqtidarındadır.

 Heydər Əliyevin adı bu gün sözün həqiqi mənasında Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Azərbaycan gənci olaraq bu gün çox önəmli olan bu məclisdə vətəndaş cəmiyyətini təmsil etdiyim üçün icazənizlə bu sahənin inkişafında ümummilli liderin xidmətlərindən və bugünkü davamlı inkişafından da danışım. Bəli, ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin bütün vacib sferalarda möhkəmləndirilməsi ilə yanaşı güclü vətəndaş cəmiyyətinin formalaşması məsələsini də prioritet istiqamət kimi diqqətində saxlayırdı. Təbii ki, belə böyükmiqyaslı vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması qısa zaman kəsiyində reallaşa bilməzdi. Bunun üçün ilk növbədə ölkədə hüququn aliliyi təmin edilməli, sabit ictimai münasibətlər zəmini formalaşdırılmalı, beynəlxalq təcrübə öyrənilməli, QHT sektoru cəmiyyətə daşınmalı və bir sıra digər mühüm mərhələlər keçilməli idi. Heydər Əliyevin bu sektorun strateji planda inkişafı üçün atdığı addımlar tezliklə öz konkret nəticələrini göstərməyə başladı. 1993-cü ilin avqustunda Heydər Əliyev vətəndaş cəmiyyəti institutlarının ən fəal təbəqəsi - gənclər təşkilatlarını bir araya gətirərək onlarla ilk və tarixi görüşünü keçirdi. Bununla da gənclərə vətəndaş cəmiyyəti quruculuğu prosesində öncül yer verilmiş oldu və çox əhəmiyyətli ictimai münasibətlərə start verildi. Nəticədə isə ölkəmizdə sayı iki yüz əlliyə yaxınlaşan gənclər təşkilatının sərbəst çalışmaq imkanının, gənc, bacarıqlı, dövlətinə sadiq yeni liderlərin meydana çıxmasının əsası qoyuldu. Heydər Əliyev hətta BMT-ni Azərbaycanda vətəndaş quruculuğuna cəlb edərək şəxsi təşəbbüsü ilə birgə layihələr həyata keçirmək haqqında saziş imzaladı və 1999-cu ildə 95 təşkilat tərəfindən Bakıda Milli Qeyri-Hökumət Təşkilatlarının Forumu (MQF) təsis edildi. Cəmiyyətdə humanizm prinsiplərinin bərqərar olmasına şərait yaradan digər bir məsələ isə 1998-ci ildə Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması oldu ki, bununla bağlı qanun qəbul edilərək ölüm hökmü cəza sistemindən çıxarıldı və ömürlük azadlıqdan məhrumetmə cəza növü ilə əvəz olundu.

Müasir dövrdə cəmiyyətə təsir imkanı baxımından ən aktiv vətəndaş cəmiyyəti institutlarından biri də kütləvi informasiya vasitələridir. Məhz bu baxımdan adıçəkilən sektorun inkişaf səviyyəsi həm də dövlətdəki ümumi yüksəliş səviyyəsinin, demokratik durumun göstəricisi sayılır. Müstəqilliyimizi bərpa etdikdən cəmi beş il sonra ümummilli lider Heydər Əliyev tərəfindən "Qlavlit" - senzura idarəsi ləğv edildi. Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Kütləvi informasiya vasitələri haqqında" qanun imzalanaraq qüvvəyə mindi. 2003-cü ildə isə Mətbuat Şurası yaradıldı. 2002-ci ildə ümummilli liderin imzaladığı fərmana əsasən Milli Televiziya və Radio Şurası yaradıldı ki, bu gün ölkəmizdə otuzadək mərkəzi və regional televiziya və radionun fəaliyyət göstərməsi məhz Heydər Əliyevin KİV-lərlə  bağlı uzaqgörən siyasətinin bariz göstəricilərindən sayılır. 1998-ci ildə ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun, ombudsmanın təsis edilməsi, 1999-cu ildə bələdiyyələrin yaradılması da vətəndaş cəmiyyətinin inkişafına töhfə verən göstəricilərdəndir.

Azərbaycan gəncləri ümummilli liderin bizlərə əmanət qoyub getdiyi zəngin irsi bu gün də, sabah da, gələcəkdə də daim öyrənməli, onun əsas mahiyyətini dərk edərək özümüzdən sonrakı nəsillərə ötürməlidir. Bu zəngin irs müstəqil Azərbaycan dövlətinin sütun dirəkləridir. Ümumilikdə isə ictimai həyatımızın elə bir sahə və istiqamətini tapmaq mümkün deyil ki, orada Heydər Əliyevin ideyasının təntənəsi, izi, hərarəti duyulmasın! Biz bunu respublikamızın bir parçası olan gözəl, saf təbiətə malik Qobustanımızda da hər gün, hər an duymaqdayıq. Son illər bir-birindən gözəl, yaraşıqlı inzibati binaların, parkların, mərkəzlərin, sosial obyektlərin əksəriyyətinin açılışı dövlət başçımızın iştirakı ilə reallaşır.

Dünəninə hörmət, bugününə qayğı, gələcəyinə etimad göstərən dövlət başçısı İlham Əliyevin rayonumuza tez-tez səfər etməsi, insanlarla səmimi münasibəti, onların problemlərinə diqqətlə yanaşması da məhz Heydər Əliyev ideyalarının davam və inkişaf etməsinin göstəricisidir. Fikirlərimi yekunlaşdıraraq ümummilli lider Heydər Əliyevin Dünya azərbaycanlılarının birinci qurultayındakı müraciətini diqqətinizə çatdırmaq istəyirəm. Ulu öndər bütün dünya azərbaycanlılarına müraciətlə bildirmişdir: "Azərbaycanlılar, harada olmağınızdan, harada yaşamağınızdan asılı olmayaraq hər zaman Azərbaycan haqqında, onun bugünü və gələcəyi haqqında, müstəqilliyimizin əbədiliyi haqqında düşünün!" Zənnimcə, ümummilli liderin bu fəlsəfi fikri, nəsihəti xüsusilə Azərbaycan gəncliyini daha çox düşündürməlidir. Çünki min bir əziyyət, qan bahasına yaradılmış müstəqil dövlətimizin idarəçiliyi, inkişafı, tanıdılması bizim fəaliyyətimizlə bağlıdır. Dövlətimizin yeritdiyi gənclər siyasətinin də elə əsl qayəsi, məğzi budur. Ona görə də biz gənclər Heydər Əliyevin azrbaycançılıq ideologiyasına sadiqlik nümayiş etdirərək hər zaman dövlətimizi yad təsirlərdən qorumağı bacarmalı, adını uca tutmalıyıq.

 

 Bəxtiyar SADIQOV:

 

- Heydər Əliyev xalqımızın qürur mənbəyi, qazandığımız bütün nailiyyətlərin səbəbkarı, uğurlu gələcəyimizin təməlini qoyan böyük şəxsiyyət, dahi siyasətçi idi. Bu gün müstəqil Azərbaycan və onun əldə etdiyi bütün uğurlar məhz onun titanik fəaliyyətinin nəticələridir. Ulu öndər deyirdi: "Yaratdığım hər bir şey mənim üçün əzizdir. Zavod da, fabrik də, elektrik stansiyaları da, yol da, körpü də, ev də, bina da, saray da - hər bir şey. Amma mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır".

Bu müqəddəs amala bütün həyatı boyu sadiq qalan Heydər Əliyev elə böyük vətənpərvər, müdrik dövlət xadimi idi ki, xalqının və dövlətinin müqəddəratını yalnız öz fəaliyyəti dövrü üçün düşünmürdü. Bütün parametrlərə görə haqlı olaraq dünyanın ən böyük azərbaycanlısı adını daşımağa layiq olan Heydər Əliyev Azərbaycanın nailiyyətlərinin, zəfərlərinin sonrakı onilliklərdə də davam etməsi, müəllifi olduğu milli inkişaf strategiyasının bəhrələrinin gələcək nəsillər üçün də daha əlamətdar olması naminə fədakarlıqla çalışırdı. Son illərin uğurları da bunu təsdiq edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin 2003-cü ildən bəri qazandığı nailiyyətlər, keçdiyi möhtəşəm inkişaf yolu göstərir ki, Heydər Əliyev  siyasi kursu yaşayır, ulu öndərin ideyaları hər bir sahədə real həyata vəsiqə alır! İndi Azərbaycan həm BMT Təhlükəsizlik Şurasının, həm də kosmik klubun üzvüdür! Dünyanın əksər dövlətlərinin həsəd apardığı bu uğurlara gənc müstəqil dövlət olan Azərbaycan artıq nail olub! Bütün bunları xalqımız görür və qiymətləndirir! Bu mənada artıq qarşıdan gələn prezident seçkiləri ilə bağlı Azərbaycan xalqının mövqeyi bəllidir! Bu mövqe də ondan ibarətdir ki, Heydər Əliyevin alternativi olmayan siyasi kursu cənab İlham Əliyevin rəhbərliyi ilə davam edəcəkdir!

 

Azərbaycan.- 2013.- 12 iyun.- S. 8-9.