Ədliyyə naziri Göyçay şəhərində vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi, dövlət qurumları tərəfindən onların müraciətlərinə daim qayğı və həssaslıqla yanaşılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən müasir informasiya-kommunikasiya texnologiyaları və elektron xidmətlər geniş tətbiq olunmaqla vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinin baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür, bu zaman ədalət prinsipinin tam təmin olunmasına xüsusi diqqət yetirilir.

İyunun 11-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində Ağdaş, Ağsu, Zərdab, Göyçay, İsmayıllı, Kürdəmir, Ucar, Şamaxı, Bərdə, Ağcabədi, Ağdam və digər rayonlarda yaşayan vətəndaşları, habelə Xankəndi və Laçından olan məcburi köçkünləri qəbul etmişdir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirin qəbuluna yazılış iyunun 5-dən başlanılmış, nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq yaradılmış birbaşa yazılmaq imkanı qəbul prosedurunu xeyli asanlaşdırmışdır.

Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstəsi qoymuşlar.

Gün ərzində aparılmış qəbul zamanı nazir ədliyyə orqanlarının, o cümlədən notariat, qeydiyyat və icra qurumlarının, habelə məhkəmələrin fəaliyyəti ilə bağlı hər bir vətəndaşın müraciətini, o cümlədən ərizə, şikayət və təkliflərini diqqətlə nəzərdən keçirərək qaldırılan məsələlərin qanunvericiliyə uyğun olaraq həll edilməsi üçün dərhal tədbirdə iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə tapşırıqlar vermişdir.

Qəbul zamanı bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, digər müraciətlər isə hərtərəfli araşdırılaraq konkret tədbirlərin görüləcəyi bildirilmişdir.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılmış, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur.

 

 

Azərbaycan.-2013.- 12 iyun.- S.10.