Türk dünyası öz qəhrəmanını mükafatlandırdı

 

"Azərbaycan Bayrağı" ordenli İbad Hüseynlini artıq təkcə ölkəmizin yox, həm də bütün türk dünyasının qəhrəmanı kimi mükafatlandırırlar. Bunun da əsas səbəbi İbad Hüseynlinin bəşəriyyəti qatı bir terrorçudan - Monte Melkonyandan xilas etməsidir. Əslində onun qəhrəmanlığı yalnız bir düşməni zərərsizləşdirməyə yönəlməmişdir. İbad həmin terrorçudan insanlığın hesabını sormuşdu. Ona görə də insanlıq, xüsusilə türk dünyası bu əfsanəvi kəşfiyyatçını yüksək dəyərləndirir, şərəfinə törənlər təşkil edir, onu ən yüksək ödüllərə layiq görürlər.

Elə bu günlərdə Türkiyənin möhtəşəm şəhərlərindən olan Əskişəhərdə, Nevşəhərdə, eləcə də Qahramanmaraşda keçirilən görüşlərin, konfransların səbəbkarı və qəhrəmanı da İbad Hüseynli idi. Həmin tədbirlərin təşkilatçılarından və söz sahiblərindən olan Türkiyə Böyük Millət Məclisinin başqan vəkili Mehmet Sağlam iştirakçılar qarşısında İbadla bağlı fikirlərini səsləndirərkən vurğulayıb ki, əfsanələşən İbad Hüseynlinin qəhrəmanlıq dolu həyat hekayəsini maraşlılar sevgi ilə anlayıb və qəhrəmana "xoş gəldin!" deyiblər.

Qahramanmaraş şəhəri Mustafa Kamal Atatürkün 1925-ci ildə istiqlal medalı ilə mükafatlandırdığı və qəhrəman şəhər elan etdiyi bir ünvandır. Burada keçirilən görüşdə şəhər valisinin xüsusi dəvəti ilə qonaq olan İbad Hüseynliyə "Şərəf" ordeni verilib. Bunun ardınca Nevşəhər bələdiyyəsi təşkil etdiyi və yüksək çinli məmurların da qatıldığı görüşdə İbad Hüseynli "İllərin qəhrəmanı" qızıl ulduzuna layiq görülüb.

Görüşlərdə bu canlı qəhrəmanın barəsindəki filmlərin nümayişi zamanı tədbir iştirakçılarının alqışları sanki bütün türk dünyasını   yeni qələbələrə, yeni qəhrəmanlıqlara səsləyirdi. Təbii ki, canlı əfsanəni görmək, onunla fikir mübadiləsi aparmaq, həmçinin onu bu günün gəncliyinə nümunə kimi göstərmək özü-özlüyündə tarixi qəhrəmanlığın reallıqdakı əks-sədası deməkdir.

 

Azərbaycan.-2013.- 12 iyun.- S.11.