«Ömrün izi qalan anları» kitabı ümummilli lider Heydər Əliyevin işıqlı və əziz xatirəsinə ithaf edilmişdir

 

İkinci dərəcəli dövlət ədliyyə müşaviri, "Şöhrət" ordenli hakim Südabə Həsənovanın ümummilli lider Heydər Əliyevin işıqlı və əziz xatirəsinə ithaf etdiyi "Ömrün izi qalan anları" kitabı nəşr olunmuşdur.

AzərTAc xəbər verir ki, "Çaşıoğlu" mətbəəsində nəfis tərtibatlı, xüsusi dizayn və zövqlə çapdan çıxmış bu kitabda görkəmli hüquqşünas Südabə Həsənovanın müxtəlif illərdə mətbuatda və ayrı-ayrı nəşrlərdə dərc edilmiş məqalələrinin, müsahibələrinin, eləcə də dövlət tədbirlərində və beynəlxalq forumlarda çıxışlarının mətnləri verilmişdir.

Kitabda yer alan yazıların əksəriyyəti Azərbaycan dövlətinin xilaskarı və qurucusu, onun intibahının böyük memarı, dünya şöhrətli siyasətçi, xalqımızın milli maraq və iftixarı olan dahi oğlu, ulu öndər Heydər Əliyevin Azərbaycan müstəqilliyinin qorunub saxlanılması, islahatların aparılması, demokratik, sivil və hüquqi dövlətin yaradılması, onun dünya miqyasında  tanıdılması yolunda titanik fəaliyyətinə həsr edilmişdir.

Kitabın elmi redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, hüquq elmləri doktoru, professor, əməkdar hüquqşünas Məsumə Məlikovadır.

Müəllif kitaba yazdığı "Ön söz əvəzi" başlıqlı yazıda bildirir: "Bu gün qürur hissi keçirirəm ki, ulu öndərimiz, dünya şöhrətli şəxsiyyət olan Heydər Əliyevin müasiri olmuşam, bir dövrdə yaşamışam, onun əlindən həyata vəsiqə, xüsusi ali rütbələr almışam, bu müdrik, əvəzedilməz insanın rəhbərliyi altında işləmişəm və daim onun atalıq qayğısını hiss etmişəm. Bu qürur və xoşbəxtliyi təkcə özümə deyil, bütün həmyaşıdlarıma, həmkarlarıma, ulu öndərin rəhbərliyi altında işləyib yaşayanlara  da aid edirəm. Çünki Azərbaycanın müstəqil dövlət kimi təşəkkül tapmasında biz ancaq ona, bugünkü yüksək inkişaf və tərəqqiyə görə isə onun siyasi kursunu ləyaqətlə davam etdirən dövlət başçımız İlham Əliyevə minnətdar olmalıyıq".

Görkəmli hüquqşünas, fədakar və zəhmətkeş insan Südabə Həsənovanın kitabda yer almış qısa, lakin olduqca zəngin tərcümeyi-halını gözdən keçirərkən bu insanın öz peşəsinə olan sonsuz sevgisinə heyrətlənməyə bilmirsən. Ən çox kişilərin çalışdığı ədliyyə sistemində, qanunverici orqanlarda zərif bir qadının uzunömürlü, səmərəli fəaliyyətini izlədikcə insan zəhmətin və fədakarlığın nəyə qadir olduğunu bir daha əyani olaraq duyub dərk edir. Bu iki səhifəlik tərcümeyi-halın özü də gənclərə seçdikləri peşənin məsuliyyətini anlamaq və onu sona qədər sevmək, yaşatmaq baxımından olduqca qiymətlidir.

"Şöhrət" ordenli hakim qeyd edir ki, mən ulu öndərimizin yubileyinə bir töhfə olaraq fəaliyyətim dövründə müxtəlif nəşrlərdə dərc edilmiş məqalələrimi, müsahibələrimi, çıxışlarımı və s. bir topluya yığmağı qərara aldım. Çünki fəaliyyətim dövlət quruculuğu və respublikanın ictimai-siyasi həyatı ilə bilavasitə bağlı olmaqla əsasən ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi illərinə təsadüf edir. O illər çox təlatümlü, qaynar, siyasi baxışların toqquşduğu, burulğanlı bir dövr idi. Bu illərdə xüsusilə məsul vəzifədə olmaq və əksəriyyətini kişilərin təşkil etdiyi böyük bir sistemə rəhbərlik etmək çox  məsuliyyət tələb edirdi. Hesab edirəm ki, kitab böyük marağa səbəb olacaq və mənim yaxınlarım, həmkarlarım, övladlarım və hətta gənc hüquqşünaslar üçün keçmişə baxmağa bir pəncərədir...

Əsərin müəllifinin və onun həmin dövrdə rəhbərlik etdiyi qurumların fəaliyyəti respublikanın ictimai-siyasi həyatı ilə bağlı olduğundan və əsasən Azərbaycanda siyasi baxışların toqquşduğu burulğanlı və qaynar bir dövrə təsadüf etdiyindən,  o illərlə bağlı digər yazılara da kitabda yer verilmişdir.

"Ömrün izi qalan anları" kitabı altı bölmədən - "Dövri mətbuatda dərc edilən məqalələrdən nümunələr", "Ayrı-ayrı mətbuat nümayəndələrinə verilən müsahibələr", "Dövlət tədbirlərində və beynəlxalq forumlarda edilən çıxışlardan nümunələr", "Haqqımda mətbuatda və ayrı-ayrı nəşrlərdə çap edilmiş yazılar və şeirlər", "Müəllimlərim və həmkarlarım haqqında ayrı-ayrı nəşrlərdə çap edilmiş xatirələr" və "Təltiflər, hədiyyələr, təbriklər və avtoqraflardan seçmələr"dən ibarətdir.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu dəyərli kitab hər kəsə müasir dövlətimizin hüquq siyasətini daha yaxından öyrənməkdə əsl bələdçilik edəcəkdir.

Nəfis tərtibatda nəşr olunan kitabda müəllifin fəaliyyətinin müxtəlif dövrlərinə aid fotoşəkillər öz əksini tapmışdır.

Kitabın tərtibçiləri Qumru Əliyeva və Günay Hacızadədir.

 

Azərbaycan.-2013.- 14 iyun.- S.4.