İqtisadi islahatlarda novatorçuluq xətti

 

Qurtuluşdan başlanan dinamik inkişaf strategiyası keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirilir

 

 

Bəşəriyyətin mövcudluq tarixi göstərir ki, ictimai inam siyasi fəaliyyətdə hər zaman böyük uğur və nailiyyətlərə yol açan amil olaraq xalqın yüksək etimad göstərdiyi liderlə sarsılmaz mənəvi bağlılığını təmin etmişdir. Bugünün özündə də hər bir siyasi qüvvə cəlbedici proqram və ideyalarla cəmiyyətdəki həlledici çoxluğun inam və dəstəyini qazanmağa çalışır. Mənsub olduğu xalqın etimadını əməli fəaliyyəti ilə qazanmaq, milyonlarla insanın alternativsiz liderinə çevrilmək xoşbəxtliyi isə heç də hamıya nəsib olmur.

Tarixi təcrübə göstərir ki, yüksək dövlətçilik və idarəçilik təfəkkürünə malik lideri olmayan xalqlar nəinki müstəqil dövlət yarada bilməmiş, hətta dünya səhnəsindən tamamilə silinmək təhlükəsi ilə üzləşmişlər. Böyük siyasi lider daim öz cəsarəti, çevik qərarları, ən çətin şəraitlərdə optimal çıxış yolu tapmaq məharəti ilə seçilən parlaq şəxsiyyətdir. Ulu öndər Heydər Əliyev də məhz bu keyfiyyəti ilə xalqın arzusunda olduğu milli dövlət modelini formalaşdırmış, onun əbədiliyini təmin etməklə ümummilli liderlik zirvəsinə yüksəlmişdir.

1991-ci il oktyabrın 18-də istiqlaliyyətini bərpa etmək şansı qazanmış Azərbaycanın ilkin mərhələdə üzləşdiyi ağır və mürəkkəb proseslər təsdiqlədi ki, müstəqilliyi yalnız qətiyyətli liderlərin, xalqına bağlı rəhbərlərin yüksək idarəçilik səriştəsi sayəsində qoruyub saxlamaq olar. Bu mənada, 1993-cü ilin iyun ayınadək respublikanın müstəqilliyi şərti mahiyyət kəsb etmiş, xalqımız demokratik, hüquqi və iqtisadi cəhətdən inkişaf edən dövlətdə yaşamaq arzusunu tam gerçəkləşdirə bilməmişdi. Həmin zaman kəsiyində ölkə iqtisadiyyatında tənəzzül prosesi dərinləşir, inflyasiyanın səviyyəsi günü-gündən yüksəlir, əhalinin sosial rifah halı pisləşir, ölkənin zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadə yönümündə lazımi addımlar atılmırdı. 1991-1993-cü illərdə ölkə iqtisadiyyatında ümumi daxili məhsul hər il orta hesabla 16,5 faiz aşağı düşürdü. Tənəzzül meyli sənayedə xüsusilə kəskin xarakter almışdı: 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1991-ci ildə 10, 1992-ci ildə 37, 1993-cü ildə 50 faizə qədər azalmışdı. Ölkə istehsal potensialının 23 faizini itirmiş, 1992-ci ildə inflyasiyanın səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artmışdı.

İqtisadi tənəzzülün sürətlənməsi nəticəsində bu dövrdə inflyasiya özünün ən yüksək səviyyəsinə - hiperinflyasiya mərhələsinə qədəm qoymuşdu (1994-cü ildə inflyasiya səviyyəsi 1763,5 faiz olmuşdu). İstehsalın kəskin şəkildə azalması, siyasi qeyri-sabitlik, müharibə, bazar elementlərinin kortəbii fəaliyyəti kimi iqtisadi proseslər və dövlət xərclərinin, əməkhaqqı səviyyəsinin bir neçə dəfə artırılması, maddi vəziyyyəti ağır olan sosial təbəqəyə güzəştlər, düşünülməmiş pul-kredit, vergi-büdcə, maliyyə-bank və xarici ticarət siyasəti tədbirləri dövlətin real iqtisadi imkanları ilə uzlaşmadığından inflyasiyanı daha da sürətləndirirdi.

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli istəyi ilə  Naxçıvandan Bakıya qayıtması və Ali Məclisin Sədri seçilməsi onun sadəcə hakimiyyətə qayıdışı deyil, eyni zamanda xalqın xaosdan qurtulması və davamlı inkişaf yoluna qədəm qoymasıdır. Böyük strateq məhz bu mərhələdən müstəqilliyi BMT tərəfindən hüquqi baxımdan tanınmış Azərbaycan dövlətçiliyini faktiki olaraq qurmağa, onun milli dövlətçilik atributlarını formalaşdırmağa başladı. Bütün səylərini səfərbər edərək Azərbaycanın dövlət müstəqilliyini, sadəcə, şərti müstəqillik aktı və bəyanatlar səviyyəsindən çıxarmağa nail oldu. Müstəqilliyin bir çoxlarının düşündüyündən də uzun və çətin yol olduğunu yaxşı bilən ulu öndər Azərbaycanı taleyin ixtiyarına buraxılmış dövlət düşüncəsindən uzaqlaşdırdı. Ali Sovetin Sədri seçildikdən sonra ulu öndər Heydər Əliyev ona göstərilən etimadı doğrultmağa çalışacağını vurğuladı: "Sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını vəhdət tutaraq əlimdən gələni edəcəyəm".

Ulu öndər Heydər Əliyevin lider kimi gücü və qüdrəti həm də onun zamanında elan etdiyi məqsəd və vəzifələrin real həyatda praktik tətbiq imkanları ilə ölçülür. Bu mənada ümummilli lider müstəqil Azərbaycanı davamlı və sabit inkişaf yoluna çıxaran mütərəqqi iqtisadi modelin banisi kimi də ehtiramla xatırlanır. Bu iqtisadi inkişaf modeli irəli sürülərkən heç də mövcud dünya ölkələrinin təcrübəsi Azərbaycana köçürülməmiş, respublikanın zəngin təbii resursları, Şərqlə Qərbi qovuşduran əlverişli coğrafi-siyasi mövqeyi, geniş tranzit-kommunikasiya imkanları, habelə tarixi təsərrüfatçılıq ənənələri, spesifik xüsusiyyətləri nəzərə alınmışdır.

Böyük strateq Heydər Əliyevin siyasi uzaqgörənliyinin və qətiyyət nümayişinin məntiqi nəticəsi olaraq 1994-cü ildə "Əsrin müqaviləsi"nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına yeni təkan vermişdir. "Əsrin müqaviləsi"nin imzalanmasının milli inkişafdakı misilsiz əhəmiyyəti bugünkü intensiv sosial-iqtisadi inkişaf fonunda daha qabarıq görünür. Azərbaycana son illərdə daha böyük uğurlar gətirən bu strategiyanın əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən xalqın rifahı naminə daha uğurlu şəkildə istifadə edilməsi prinsipidir. Bu müqavilə dünyada miqyasca ən böyük enerji layihəsinin həyata keçirilməsini təmin etməklə yanaşı, respublikamızın ciddi elmi əsaslara söykənən sosial-iqtisali inkişaf strategiyasının gerçəkləşməsinə imkan yaratmış, dayanıqlı siyasi sabitliyə, iqtisadi və milli təhlükəsizlik maraqlarının beynəlxalq səviyyədə təminatına real zəmin formalaşdırmışdır. Regionda qlobal enerji və kommunikasiya layihələrinin gerçəkləşdirilməsi anlamında müsbət presedent yaranmış, Azərbaycanın Qərb dövlətləri ilə münasibətləri strateji müstəvidə inkişaf etməyə başlamış, respublikamız Cənubi Qafqazda sülhün, sabitliyin, iqtisadi tərəqqi və inkişafın başlıca təminatçısına çevrilmişdir. Son 19 ildə xarici şirkətlərlə imzalanmış 30-dan çox neft-qaz müqaviləsi iqtisadiyyatın digər sahələrinin inkişafına əsaslı təkan vermiş, iqtisadi proseslərdə yüksək dinamizmin əldə olunması, əhalinin maddi rifah halının və alıcılıq qabiliyyətinin yüksəlməsi prosesini sürətləndirmişdir.

"Əsrin müqaviləsi" imzalandıqdan sonra ümummilli lider özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərmişdir. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini özünəməxsus entuziazmla irəli sürmüş, onun həyata keçirilməsinə çalışmışdır. Azərbaycanda bazar iqtisadiyyatının başlıca prinsipləri - xüsusi mülkiyyətçilik, azad sahibkarlıq fəaliyyəti, özəlləşdirmə, qeyri-neft sektorunun, sənayenin inkişafı və sosial infrastrukturun yeniləşdirilməsi prioritet seçilmişdir. İqtisadi sahədə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümumi daxili məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanmışdır.

Böyük strateq Heydər Əliyev Azərbaycanın həqiqi müstəqilliyinin təmin edilməsi üçün hər bir fərdin mənafeyinə cavab verən hüquqi islahatların aparılmasını da təmin etmişdir. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını da dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada vətəndaşların sosial-iqtisadi hüquqları da dəqiqliklə əksini tapmış, hər bir vətəndaşın layiqli həyat səviyyəsinin təmin olunması dövlətin ali məqsədi kimi ön plana çəkilmişdir. Əsas Qanunun 16-cı maddəsində göstərilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır.

Bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyən edən ümummilli liderin həyata keçirdiyi sosial siyasətin iki əsas xarakterik cəhəti xüsusi olaraq diqqəti cəlb edirdi. Bunlardan birincisi sosial siyasətin dayanıqlı xarakter daşıması, ölkənin iqtisadi bazisinə əsaslanması, ikincisi onun mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ-hüquqi bazaya söykənməsi idi. Ümumilikdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında yeni iqtisadi şəraitə uyğun olaraq ölkədə formalaşmaqda olan sosial müdafiə modeli cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın rifahının yüksəldilməsinə, onların sosial müdafiəsinə, layiqli həyat səviyyəsinin təmin olunmasına, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanlar yaradılmasına xidmət edirdi. Heydər Əliyevin 1994-cü il 15 iyun tarixli "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında" və 1994-cü il 24 oktyabr tarixli "Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamları bilavasitə əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə qorunmasına xidmət etmişdir. 1995-ci ildən Azərbaycan iqtisadiyyatının dirçəlməsi sahəsində görülmüş ardıcıl işlər nəticəsində əhalinin gəlirləri də tədricən artmağa başlamışdır. 2003-cü ilədək ölkədə orta aylıq real əməkhaqqı 5,1 dəfə, pensiyalar 5,1 dəfə, orta aylıq nominal əməkhaqqı 6 dəfədən çox artmış, habelə əhalinin rifahının yaxşılaşdırılması sahəsində ardıcıl proqramlar yerinə yetirilmişdir.

Ümummilli liderin yeni iqtisadi sistemdə uğurlu həllinə nail olduğu məsələlərdən biri də torpaq islahatlarının əhalinin mənafeyinə uyğun həlli olmuşdur. Böyük strateq aqrar sahədə ciddi dönüş yaratmağın vacibliyini özünəməxsus uzaqgörənliklə bəyan etmiş, bu məqsədlə ilk növbədə kənd təsərrüfatında mövcud olan tənəzzülün qarşısı alınmış, aqrar islahatlara hüquqi zəmin yaradılmışdır. Aqrar islahatlara başlanılması üçün ilk növbədə müvafiq normativ-hüquqi baza yaradılmış, 1995-ci ildən başlayaraq "Aqrar islahatın əsasları haqqında", "Sovxoz və kolxozların islahatı haqqında", "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli "Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə" fərmanı və digər qanunvericilik aktları əsasında respublikada analoqu olmayan aqrar islahat prosesinə start verilmiş, MDB-yə daxil olan respublikalarla müqayisədə çox qısa vaxtda sovxoz və kolxozlar ləğv olunaraq onların torpaqları və əmlakı pulsuz olaraq kəndlilərə paylanmışdır. Ölkəmizdə torpaq islahatının digər üstün cəhəti də ondaydı ki, başqa ölkələrdən fərqli olaraq, torpaqların əhalinin xüsusi mülkiyyətinə verilməsini təsdiq edən hüquqi sənədlərin rəsmiləşdirilməsi dövlətin hesabına aparılmış, bu proses qısa müddətdə başa çatdırılmışdır.

Ümumiyyətlə, Heydər Əliyevin böyük müdriklik və iqtisadi hesablama əsasında müəyyənləşdirdiyi inkişaf konsepsiyasının əsasını üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar təşkil etmişdir: birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxmaq, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək, üçüncü mərhələdə isə  iqtisadi dirçəlişə nail olmaq. Hər bir mərhələyə uyğun həyata keçirilən iqtisadi islahatlar nəticəsində 1996-cı ildə respublika iqtisadiyyatında sabitlik təmin edilmiş, 1997-ci ildən sosial-iqtisadi inkişafda müsbət meyillər özünü göstərməyə başlamışdır.

Dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olmasına, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyasına, insanların şüurunda, həyat tərzində əsaslı dəyişişikliklərin baş verməsinə səbəb olmuşdur. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesi hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq niyyətinə xidmət etmişdir. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi müstəqil respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə, dünya təsərrüfat sisteminə inteqrasiyasına etibarlı zəmin yaratmışdır.

Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində orta təbəqənin - iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsnadır. Bu reallığı böyük müdrikliklə nəzərə alan ümummilli ilder Heydər Əliyev milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışırdı. Bunun nəticəsidir ki, 1995-2003-cü illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmışdır. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.

1997-ci ildə qəbul edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (1997-2000-ci illər) Dövlət Proqramı" əhəmiyyətinə, aktuallığına və miqyasına görə milli sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olmuş, bu sahədə dövlət siyasətinin başlıca prinsiplərini müəyyənləşdirmişdir. Dövlət proqramında ilk dəfə olaraq milli sahibkarlığın stimullaşdırılması və onun dövlət maliyyə təminatı mexanizmlərinin formalaşdırılması, daxili bazarın qorunması yolu ilə istehsal sahibkarlığının inkişaf etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması ilə bağlı kompleks tədbirlər planı əksini tapmışdır. Dövlət proqramı çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində sahibkarlıq subyektlərində əsassız yoxlamaların aparılması qadağan edilmiş, iş adamlarının fəaliyyətinə əngəl yaradan problemlərin aradan qaldırılması yolları göstərilmişdir.

Kiçik və orta sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün sonrakı mərhələdə "Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikasının Qanununa bir sıra mütərəqqi dəyişiklik və əlavələr edilmiş, habelə "Haqsız rəqabət haqqında", "İnvestisiyaların qorunması haqqında", "İstehlak bazarı haqqında" və digər zəruri qanunlar qəbul edilmişdir. Bu qanunlar yerli və xarici sahibkarların təhlükəsiz və xüsusi risklilik tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təminatı daha da gücləndirmiş, investisiyaların qarşılıqlı təşviqinə və qorunmasına əsaslı zəmin formalaşdırmışdır.

Ümummilli lider Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (2002-2005-ci illər) Dövlət Proqramı" özəl sektorun inkişafını stimullaşdıran tədbirlərin davamı kimi mühüm əhəmiyyət kəsb etmiş, dövrün bir sıra reallıqları ilə şərtlənmişdir. Eyni zamanda, sahibkarlığa dövlət maliyyə dəstəyinin hüquqi əsaslarının formalaşdırılması üçün ulu öndər Heydər Əliyevin 27 avqust 2002-ci il tarixli fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondunun Əsasnaməsi təsdiqlənmiş, strukturu formalaşdırılmışdır. Fondun vəzifəsi ölkədə sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərmək, onlara müvəkkil banklar vasitəsilə güzəştli kreditlərin verilməsini təmin etmək, bir sözlə, iş adamlarının səmərəli biznes layihələrinin reallaşmasına yardımçı olmaqdır.

Ümummilli lider Heydər Əliyevin 10 sentyabr 2002-ci il tarixli "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısı haqqında" və 28 sentyabr 2002-ci il tarixli "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" fərmanlarında dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında dərin kök salmış və həllini gözləyən bir sıra ciddi problemlər tam açıqlığı ilə göstərilmiş, onların qarşısının alınması üçün kompleks islahatlar aparılmışdır. Bütün bu tədbirlərin nəticəsi kimi 1996-2003-cü illərdə Azərbaycanın bütün həyati əhəmiyyətli sahələrində dinamik inkişaf və tərəqqi təmin edilmiş, milli sahibkarlar ordusu formalaşmış, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 1994-cü ildəki 29 faizdən 75 faizə yüksəlmişdir.

2003-cü ildən Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən dövlət başçısı İlham Əliyev ötən 10 ildə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirmiş, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir. Ötən illərdə keçid dövrünü geridə qoyan respublikanın iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələdə əsas məqsədlərdən biri də milli iqtisadiyyatın rəqabətqabiliyyətliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Son illər dövlət başçısının imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanmasında məqsəd də respublika iqtisadiyyatındakı pozitiv meyilləri daha da sürətləndirmək  və mövcud potensialı davamlı inkişaf naminə səfərbər etməkdir. Bu məqsədlərə nail olunması üçün rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayeləşmə siyasətinin sürətləndirilməsi, mütərəqqi təcrübəyə əsaslanan sənaye zonalarının yaradılması, müəssisələrin texnoloji cəhətdən yeniləşdirilməsi, intensiv metodların tətbiqinin daha da genişləndirilməsi və digər tədbirlər nəzərdə tutulur.

Son illərin makroiqtisadi göstəriciləri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının xalqın mənafeyinə tam adekvat olduğunu təsdiqləyir. 2003-2012-ci illərdə ümumi daxili məhsulun orta illik artımı 13 faiz, qeyri-neft sektorunda 10,6 faiz təşkil etmişdir. ÜDM 3 dəfə, onun adambaşına düşən həcmi 2,7 dəfə, qeyri-neft sektoru 2,3 dəfə artmışdır. Əsas kapitala yönəldilən investisiyaların həcmi 7,3 dəfə artmışdır. Bu dövrdə ölkənin iqtisadiyyatı 3 dəfədən çox artmış, onun inkişafına 132 milyard dollar məbləğində sərmayə qoyulmuşdur. Dövlət büdcəsi 19 dəfə, strateji valyuta ehtiyatları 29 dəfə, iqtisadiyyatın kreditləşməsi 24,5 dəfə artmışdır. Əhalinin gəlirləri, orta aylıq əməkhaqları və pensiyaların orta məbləği müvafiq olaraq 6,9,  6,3 və 6,4 dəfə yüksəlmişdir. Bu müddətdə bir milyondan artıq yeni iş yeri açılmış, yoxsulluq səviyyəsi 44,7 faizdən 6 faizə, işsizliyin səviyyəsi 28 faizdən 5,2 faizə enmişdir. Əldə olunmuş dinamik iqtisadi artımın nəticəsidir ki, Azərbaycanın "yuxarı orta gəlirli" ölkələr sırasında mövqeyi daha da möhkəmlənmişdir.

Hər bir ölkənin davamlı inkişafının mühüm göstəricilərindən biri də onun strateji valyuta ehtiyatlarının həcmidir. Bu baxımdan ötən illərdə büdcənin artım dinamikası ölkədəki makroiqsadi sabitliyin mühüm göstəricisi kimi diqqət çəkir. Hazırda ölkəmizin strateji valyuta ehtiyatları 47 milyard ABŞ dollarına yüksəlmişdir. Dünya iqtisadiyyatında tənəzzülün davam etməsinə baxmayaraq, ölkəmiz son illərdə yüksək makroiqtisadi göstəricilər əldə etmiş, regionda həyata keçirilən transmilli layihələrdə aparıcı rol oynamış, dövlət proqramlarını uğurla icra etmişdir. 2013-cü ilin yanvar-aprel aylarının əsas fərqləndirici xüsusiyyəti iqtisadiyyatın şaxələndirilməsi prosesinin sürətləndirilməsi olmuş, qeyd olunan dövrdə qeyri-neft sektoru 11 faiz artmışdır. Əgər əvvəlki illərdə iqtisadi yüksəliş əsasən mədənçıxarma sənayesi hesabına əldə edilirdisə, hazırda bu, qeyri-neft sektorunun inkişafı sayəsində baş verir. Qeyri-neft sənayesindəki yüksək artım yeni müəssisələrin yaradılmasına, mövcud olanların isə fəaliyyət dairəsinin genişləndirilməsinə əsaslanan davamlı sənayeləşmə prosesinin əyani göstəricisidir.

Bütün bu uğurlu göstəricilər həm də sahibkarlığın inkişafına göstərilən yüksək diqqət və qayğının nəticəsi sayılmalıdır. Son illər kiçik və iri sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, yerlərdə regional iqtisad məhkəmələrinin formalaşdırılması, azad iqtisadi zonaların yaradılmasını nəzərdə tutan xüsusi qanunun qəbulu və s. tədbirlər iş adamları tərəfindən də razılıqla qarşılanır. Kənd təsərrüfatı sahəsində çalışan fermerlərin lazımi texnika, gübrə və toxum məhsulları ilə təmin edilməsinə kömək məqsədi ilə "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması, onların gəlir vergisindən azad edilməsi, güzəştli şərtlərlə yanacaq və motor yağları ilə təmini də sahibkarlığa göstərilən qayğının mühüm tərkib hissəsi kimi xüsusi vurğulanmalıdır. 2013-cü ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına sahibkarlara 250 milyon manatdan çox vəsaitin ayrılması nəzərdə tutulur.

Bu gün respublikamızın paytaxtı Bakıda və onun bölgələrində özünü qabarıq göstərən dinamik inkişaf prosesi tarixən Azərbaycanın mühüm sənaye mərkəzlərindən biri olan Sumqayıtda da qabarıq hiss olunur. Mövcud potensialın səmərəli realizə edilməsi, şəhərin malik olduğu əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlardan irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi Sumqayıt şəhərinin 2011-2013-cü illərdəki möhtəşəm uğurlarını şərtləndirən əsas məqamlar sırasındadır. Şəhərdə son illər əldə olunmuş nailiyyətlər həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlıdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti üzərinə düşən məsuliyyəti düzgün qiymətləndirməklə, fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirərək vaxtında və düzgün icrasına nail olmağa çalışmışdır. Əsas diqqət əhalini narahat edən xarakterli kommunal problemlərin həllinə, genişmiqyaslı abadlıq-quruculuq və yaşıllaşdırma işlərinin aparılmasına, infrastrukturun yeniləşdirilməsinə, yolların təmirinə, məktəblərin, səhiyyə və mədəniyyət ocaqlarının təmiri və yenidənqurulmasına diqqət artırılmışdır.

İcrasına uğurla başlanılmış layihələrin yüksək dinamizmlə, vaxtlı-vaxtında reallaşdırılması nəticəsində Sumqayıt bu gün böyük tikinti meydanını xatırladır. Son illər təkcə paytaxt üçün deyil, ümumən respublika əhəmiyyətli bir sıra qlobal layihələrin gerçəkləşdirilməsi məhz bu şəhərlə xeyli dərəcədə bağlıdır. Burada gerçəkləşdirilən layihələr, görülən işlər həm miqyasına, həm də konkret nəticələrinə görə nümunəvi xarakter daşıyır. İndi Bakı ilə yarışa girən Sumqayıtın inkişaf göstəricilərinin paytaxtla uyğunlaşdırılması dövlət başçısının qarşıda müəyyənləşdirdiyi mühüm vəzifələrdən biridir. Başqa sözlə, Azərbaycanın əsas sənaye mərkəzinə çevrilən Sumqayıtın qısa zaman kəsiyində həm də geniş abadlıq-quruculuq məkanına çevrilməsinin ən ümdə səbəbi şəhərə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğının göstərilməsidir.

Sumqayıtda inkişaf prosesi çoxcəhətli xarakterə malikdir: sənaye, digər profilli istehsal müəssisələri, sosial həyat, infrastruktur və digər sahələrdə sürətli tərəqqi paralel şəkildə özünü göstərərək bir-birini tamamlayır. Ölkə Prezidentinin Sumqayıtın sənaye potensialının möhkəmləndirilməsi, burada sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması vacibliyi ilə bağlı söylədiyi fikirlər də şəhərin iş adamları tərəfindən böyük rəğbətlə qarşılanır. Şəhərdə sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin genişləndirilməsi, rəqabətədavamlı sənaye məhsulları istehsalının dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin yaradılmasının təşviqi qarşıya qoyulan əsas məqsədlərdəndir. Bununla əlaqədar ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində sahibkarlıq institutunun rolunun gücləndirilməsi, iş adamlarının fəaliyyətinin sahə, regional və texnoloji baxımdan strukturunun optimallaşdırılması üçün konkret tədbirlər həyata keçirilir. Nəticə etibarilə Sumqayıtda müxtəlif təyinatlı məhsulların istehsalı ilə məşğul olan müəssisələrin maddi-texniki bazası davamlı olaraq möhkəmləndirilir, müasir tələblərə uyğunlaşdırılır, yeniləri inşa edilir. Son illər Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə burada Cənubi Qafqazda analoqu olmayan Sumqayıt Texnologiyalar Parkı yaradılmışdır. Bütün bunlar həm də çoxlu sayda yeni iş yerlərinin açılmasına, əhalinin sosial rifahının yaxşılaşmasına səbəb olur. İnanırıq ki, sənayeləşmə istiqamətində həyata keçirilən tədbirlər Sumqayıtda strateji əhəmiyyətli müəssisələrdən olan şüşə zavodunun da yenidənqurulmasına və  fəaliyyətinin bərpasına, bu mühüm sənaye məhsulunun idxalının ixracla əvəzlənməsinə imkan verəcəkdir.

"Əsl siyasət konkret real iş görməkdir"  deyən möhtərəm Prezident İlham Əliyev Heydər Əliyevin xilas edərək inkişaf yoluna çıxardığı müstəqil Azərbaycanı son 10 ildə inamla irəliyə doğru aparmış, onun davamlı uğurlarına hesablanmış məqsədyönlü və uzaqgörən siyasət yürütmüşdür. Bu da təsadüfi deyildir ki, Yeni Azərbaycan Partiyasının bir neçə gün əvvəl keçirilmiş V qurultayında cənab İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyi irəli sürülmüşdür. YAP-ın rəhbər strukturlarına cəmiyyətdə kifayət qədər yüksək nüfuza, hörmətə malik ziyalıların seçilməsi partiyanın fəaliyyətinin daha da çevik və işlək mexanizmlər əsasında qurulmasına, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləməsinə, habelə sıralarının genişlənməsinə yeni imkanlar açmışdır.

Cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi cəmiyyətdə mütləq əksəriyyətin istək və arzusunu özündə təcəssüm etdirməklə yanaşı, islahatlar kursunun qarşıdakı beş ildə də uğurlu davamına etibarlı təminat yaratmaq istəyindən irəli gəlir. İnanırıq ki, müdrik xalqımız qarşıdakı seçkilərdə də məhz özünün gələcək taleyi baxımından dürüst seçim edəcək, Azərbaycan bu seçimin nəticəsi olaraq yaxın perspektivdə inkişaf etmiş ölkələr səviyyəsinə yüksələcəkdir.

 

 

Qüdrət KƏRİMOV,

"Xəzər" Səhmdar Cəmiyyətinin sədri, iqtisad elmləri doktoru

 

Azərbaycan.-2013.- 14 iyun.- S.7.