Heydər Əliyev yolu ilə daha böyük hədəflərə doğru!

 

Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi gənclərin iradəsinin ifadəsidir

 

 

Sürətli inkişaf yolunda olan Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən Cənubi Qafqaz regionunun lider dövləti kimi qəbul edilməsini hər bir sahədə təsdiq edib. İstər sosial-iqtisadi yüksəliş, istər beynəlxalq nüfuz, istərsə də qlobal proseslərdə öz sözünü demək baxımından Azərbaycan yerləşdiyi regionun lideridir.

Azərbaycan həm də diktə qəbul edən yox, özünün milli maraqlarını müvəffəqiyyətlə təmin etməyə qadir olan bir dövlətdir. Rəsmi Bakı qonşularından tam fərqli olaraq müstəqil xarici siyasət yürüdür, heç bir dövlətin siyasi və iqtisadi şərtlərini qəbul etmir, xarici maddi və mənəvi dəstək olmadan belə transmilli iqtisadi layihələr həyata keçirir.

Ölkəmizi sosial-iqtisadi yüksəlişə, dünyadakı nüfuzunun artmasına, regionun aparıcı dövlətinə çevrilməsinə aparan yollar heç də hamar olmamışdır. 1993-cü ildə, AXC-Müsavat cütlüyünün dövlət idarəçiliyindəki kobud səhvlərinin məntiqi nəticəsi olaraq ağır sosial-iqtisadi gərginlik pik həddinə çatmış, ölkəmiz vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmış, bir sözlə, Azərbaycan parçalanmaq təhlükəsi ilə üzləşmişdi. Hakimiyyətdə olan iqtidarların siyasi naşılığı nəticəsində bir tərəfdən ermənilər Azərbaycan torpaqlarını zəbt edir, digər tərəfdən isə daxildə separatçı qüvvələr fəallaşırdı. Belə bir vaxtda vəziyyətdən çıxış yollarını axtaran xalqımızın ümummilli lider Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Çünki ölkədəki hərc-mərcliyin, itaətsizliyin, anarxiyanın, siyasi çəkişmələrin, Gəncədə başlanmış qardaş qırğınının, hərbi xəyanətin, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünün qarşısını yalnız o böyük insan ala bilərdi.

Xalqın vəziyyətinə biganə qala bilməyən Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi insanlarda böyük ümidlər yaratdı. Çünki ölkəni çətin vəziyyətdən ancaq Heydər Əliyev dühasının xilas edəcəyinə hamı qəlbən inanırdı! İnsanlar "Heydər baba, xalqı bu bəladan qurtar!" şüarı ilə ulu öndəri qarşılamaq üçün hava limanına toplanmışdılar. Ulu öndərin gəlişi ilə daxili və xarici düşmənlərin bütün planlarının iflası başladı. Bakıya gəldikdən sonra Heydər Əliyev əvvəlcə Gəncədə yaranmış vəziyyətlə tanış olmaq üçün ora yola düşdü, şəhər sakinləri, hərbi qulluqçularla görüşüb söhbət etdi, öz ağsaqqal sözünü dedi. Tarix göstərir ki, Heydər Əliyevin Gəncəyə səfəri ölkədə yaranmış vətəndaş qarşıdurmasının qarşısını aldı!

1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi parlamentdə təmsil olunan siyasi dairələrin məhz ulu öndərin xilaskarlıq missiyasına olan ümid və inamlarının göstəricisi idi. Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi ilə müasir tariximizdə yeni mərhələnin başlanğıcı qoyuldu! İyunun 15-i müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bununla dövlətçiliyimizin gələcək mövcudluğunun təməl daşı qoyuldu. Heydər Əliyev iyunun 24-də Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Azərbaycan xalqı onu bəlalardan qurtaran xilaskarını - Heydər Əliyevi 1993-cü il oktyabrın 3-də görünməmiş siyasi fəallıq və ruh yüksəkliyi ilə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçdi. Beləliklə, ölkədəki siyasi hakimiyyət böhranı tam aradan qaldırıldı.

Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldı. Bu dövr ərzində Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq ardıcıl inkişaf yoluna çıxardı. Bu illər ərzində ictimai-siyasi sabitlik təmin olundu, genişmiqyaslı siyasi, sosial-iqtisadi hüquqi islahatlar aparıldı, hərtərəfli inkişafa geniş meydan açıldı, bazar iqtisadiyyatına sürətli keçid təmin olundu. Dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu, sosial və mədəni islahatlar həyata keçirildi. MDB məkanında ilk dəfə olaraq ölkəmizdə aqrar islahat keçirilərək torpaq təmənnasız olaraq həqiqi sahibinə, kəndlilərə paylandı. Geniş şəkildə özəlləşdirilmə aparılaraq sahibkarlığın inkişafına şərait yaradıldı. Tədricən dövlətimiz dünya birliyində layiqli yerini tutdu, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazandı. Nəticə etibarilə Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, azad vətəndaş cəmiyyəti bərqərar edildi. Avratlantik məkana inteqrasiya edən Azərbaycanda demokratik dəyərlər, mətbuat və söz azadlığı, milli həmrəylik təmin edildi.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə başladığı xilaskarlıq missiyasını uğurla başa çatdırdı, Azərbaycanın dövlətçiliyinin və müstəqilliyinin əbədi olmasını təmin etdi. Özünün dediyi kimi, ömrünün qalan hissəsini xalqına bağışlayan Heydər Əliyev 10 ildə Azərbaycanın bir dövlət kimi dünyada yerini möhkəmləndirdi, sosial-iqtisadi inkişaf yoluna çıxardı.

Ötən ay xalqımız Heydər Əliyevin 90 illik yubileyini təntənə ilə qeyd etdi. Yubiley tədbirlərində ulu öndərin Azərbaycan dövləti və xalqı qaşısında xidmətlərinə nəzər yetirməklə hər birimiz bir daha bu böyük şəxsiyyətin xatirəsinə öz ehtramımızı ifadə etdik. Çünki  ümummilli lider Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının mənafeyi və bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yüksəldilməsi üçün mümkün ola bilən hər bir işi görüb. Mayın 10-da ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Prezident İlham Əliyev bu barədə deyib: "Bizim xoşbəxtliyimiz, Azərbaycan xalqının xoşbəxtliyi ondan ibarətdir ki, Heydər Əliyev kimi liderimiz olubdur. On il ərzində - 1993-2003-cü illər ərzində Azərbaycan böyük və uğurlu yol keçmişdir. Azərbaycanda dövlət quruculuğu prosesi uğurla aparılmış və gözəl nəticələrə gətirib çıxarmışdır".

Heydər Əliyev hər bir sahədə olduğu kimi, gənclərlə iş üzrə də mükəmməl dövlət siyasətinin əsasını qoydu. Gənc olduğum üçün bu mövzu üzərində daha geniş dayanmaq istəyirəm. Gənclik hər bir xalqın gələcəyini və inkişaf yolunu müəyyənləşdirən, cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı təbəqədir. Bu reallığı nəzərə alan xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətə gəldiyi ilk vaxtlardan gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış etmiş, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşmışdır.

Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan xaos və anarxiya girdabından çıxan kimi gənc nəslin üzləşdiyi problemlərin həlli, mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi məsələləri dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Azərbaycan gənclərinin təşkilatlanması tam ciddiliyi ilə əsas məqsədlərdən biri kimi qarşıya qoyuldu. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətinin əlaqələndirilməsi, Azərbaycan gəncliyinin təşkilatlanmasının, ölkədə gənclər hərəkatının, gənclik enerjisinin bir mərkəzdən koordinasiya olunmasının istiqamətləri müəyyənləşdirildi.

10 ilə yaxındır ki, Heydər Əliyev aramızda yoxdur. Lakin Heydər Əliyev ideyaları, davam etdirilən siyasi kursu ilə xalqımızın qəlbində yaşayır. Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin, bu siyasətin müasir dövrün çağırışlarına cavab olaraq Prezident İlham Əliyev tərəfindən yeni mərhələyə qaldırılmasının nəticəsidir ki, Azərbaycan regionun əsas söz sahibi olan, dinamik inkişaf edən ölkəsidir. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dünya birliyinin bu regionda hesablaşdığı və önəm verdiyi bir ölkəyə çevrilib.

Ötən 10 ilə yaxın müddət həm də dövlət gənclər siyasətinin mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə əlamətdardır. Azərbaycan Prezidenti İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci ilin avqustunda təsdiq etdiyi "Azərbaycan gəncliyi Dövlət Proqramı" gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət etdi. 2005-2009-cu illəri əhatə edən bu proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, milli ruhda təhsil və tərbiyəsi, onların yaradıcılıq axtarışlarının stimullaşdırılması, sağlam həyat tərzinin təbliği və sair istiqamətlərdə kompleks tədbirlər həyata keçirildi.

2007-ci ilin "Gənclər ili" elan edilməsi də gənclərə dövlət qayğısının ən böyük təcəssümü idi. "Gənclər ili"ndə həyata keçirilən bütün tədbirlər gənclərimizin cəmiyyətin həyatında fəallığının artırılmasına mühüm töhfələr verdi. Gənclər siyasətinin ən vacib istiqamətlərindən biri də elm və təhsillə bağlıdır. Son illərdə respublikamızın əksər regionlarında müasir standartlara tam cavab verən məktəblər tikilib istifadəyə verilib, orta və ali təhsil ocaqları müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub. Hər il ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələr Prezident təqaüdü ilə mükafatlandırılır. Ölkə başçısının fərmanı ilə təsdiqlənən "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)" isə gənclərin xaricdə təhsili üçün geniş imkanlar açıb. Bu baxımdan Azərbaycanın təbii resursları içərisində ən böyük resursun insan biliyi olduğunu qeyd edən Prezident İlham Əliyevin maddi kapitalın insan kapitalına çevrilməsi çağırışı real həyata uğurla vəsiqə qazanmaqdadır.

Prezident İlham Əliyev 2011-ci il iyulun 7-də "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramını təsdiq edib. Proqramda qarşıya qoyulmuş vəzifələr gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması, təhsil almaları üçün bərabər imkanların təmin edilməsi, məşğulluğunun artırılması, sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının tələblərinə cavab verən rəqabətədavamlı gənc kadrların hazırlanması, dövlət qulluğunda və idarəetmədə peşəkar və bilikli gənclərin sayının artırılması, gənc alim və tədqiqatçıların sosial təminatının gücləndirilməsi və məişət problemlərinin həll edilməsi, gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi, gənc ailə institutunun möhkəmləndirilməsi, gənclərdə müasir düşüncə tərzinin formalaşdırılması, onların idarəetmə və tədqiqatyönlü fəaliyyətə cəlb edilməsi, gənclərin sosial müdafiəsinin gücləndirilməsi və digər vacib məsələlərdir.

Bu gün Azərbaycanda gənc nəsil dövlət qayğısı ilə əhatə olunub. Gənclərin asudə vaxtının və istirahətinin səmərəli təşkili məqsədi ilə respublikanın bütün bölgələrində genişmiqyaslı məqsədyönlü iş aparılır, gənclər mərkəzləri yaradılır. Bütün bunlar isə bir daha təsdiq edir ki, Azərbaycanda gənclər siyasəti uğurla həyata keçirilir.

Qarşıdan növbəti prezident seçkiləri gəlir. Artıq Azərbaycan ictimaiyyətinin təmsilçiləri, o cümlədən gənclər prezident seçkilərində Heydər Əliyev siyasətinin davamına səs verəcəklərini, cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bəyan ediblər. Yeni Azərbaycan Partiyasının iyunun 7-də keçirilən iclasında isə Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi cəmiyyətin bütün təbəqələrinin, o cümlədən gənclərin ürəyindən xəbər verdi. Çünki YAP-ın bu qərarı hər kəsin iradəsinin ifadəsi idi.

2003-cü il prezident seçkiləri ərəfəsi dahi öndər Azərbaycan xalqına müraciət edərkən demişdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıracaq". Qazandığımız uğurlar göstərir ki, Prezident İlham Əliyev Azərbaycanı Heydər Əliyevin arzuladığı bir səviyyəyə çatdırıb, Heydər Əliyevin görmək istədiyi ölkəyə çevirib. Ölkə başçısının əzmkarlıqla həyata keçirdiyi siyasət hər bir sahədə böyük uğurlara yol açıb, Azərbaycanın beynəlxalq  imicini gücləndirib, ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini, kosmik kluba qoşulmasını təmin edib. Bu gün Azərbaycan ulu öndərin ideyalarından nur alaraq gələcəyə doğru inamla addımlayır. Bu ideyaların alternativinin olmadığını xalqımız çox gözəl anlayır. Bu ideyaların layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz inkişafının yeni mərhələsinə qədəm qoyması Heydər Əliyev yolunun nə qədər doğru-düzgün olduğunu əyani şəkildə göstərir. Odur ki, bu il keçiriləcək prezident seçkilərində də Azərbaycan vətəndaşları, o cümlədən gənclik cənab İlham Əliyevin ətrafında sıx birləşməklə Heydər Əliyev ideyalarının dövlətimiz və xalqımız üçün alternativsizliyini nümayiş etdirəcək.

 

 

Arzu İSGƏNDƏROV,

Milli Məclisin Sosial siyasət komitəsinin eksperti

 

Azərbaycan.-2013.- 14 iyun.- S.8.