Nəzarətsiz qalmış Dağlıq Qarabağda bəşəriyyət əleyhinə cinayətlər davam etdirilir

 

Hərbi xunta rejimi özünün maliyyəsini bu cür üsullarla formalaşdırır

 

 

Artıq necə illərdir ki, Azərbaycanın işğal altında qalmış ərazilərində insan alveri, narkotik maddələrin yetişdirilməsi, terrorçu qrupların hazırlanması kimi bəşəriyyət əleyhinə olan cinayətlər davam etdirilir. Dağlıq Qarabağona bitişik 7 rayonun nəzarətsiz qalması məhz belə cinayətlərin daha da genişlənməsinə şərait yaradır. Hətta bir sıra beynəlxalq təşkilatların da hesabatlarında belə faktların mövcudluğu öz əksini tapıb. Nəzarətsiz qalan Dağlıq Qarabağda iri narkotik plantasiyalarının olması artıq təsdiqini tapıb. Həmin ərazilərdə həm Avropa, həm də bütün dünya üçün təhlükəli oyunların baş verməsi beynəlxalq birlikləri narahat etsə də, heç bir tədbirin görülməməsi yenə də ikili standartlar məsələsini ortaya çıxarır.

Bu gün nəzarətsiz zona olan Dağlıq Qarabağ həm də dünyada narkotik vasitələrin ən böyük tranzit məkanına çevrilib. Azərbaycan Xüsusi Xidmət Orqanlarının apardığı araşdırmalara, o cümlədən əməliyyat xəbərlərinə görə, narkotacirlərin bu gün istifadə etdikləri ən təhlükəsiz marşrut məhz Ermənistan ərazisindən keçir. Özü də Ermənistan və separatçı Dağlıq Qarabağ rəhbərliyi narkotik ticarətinə birbaşa himayədarlıq edir. Azərbaycan rəsmi nümayəndələri də dəfələrlə işğal altındakı Qarabağ ərazisinin narkotik vasitələrin əsas tranzit məkanı olduğunu bildiriblər. Təəssüf ki, bəzi beynəlxalq təşkilatlar bu məsələyə də ikili standartlarla yanaşırlar. Məsələn, BMT-nin illik hesabatında da qeyd edilib ki, narkotik vasitələrin Azərbaycandan istifadə edilməklə hərəkət marşrutu müəyyən edilib. Danılmaz faktdır ki, Dağlıq Qarabağ həm narkotik vasitələrin becərilməsi, həm tranziti, həm də terrorçu qruplaşmalar hazırlayan düşərgələrin yerləşdiyi əsas ərazilərdən biridir. Beynəlxalq qurumlar öz maraqları ucbatından Dağlıq Qarabağda narkotik ticarətinin və terrorçuluğun qarşısını almağa cəhd göstərmirlər. Beynəlxalq təşkilatlar başa düşmək istəmirlər ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hələ də işğal altında saxlanılması və bu ərazilərdən müxtəlif transmilli mütəşəkkil cinayətkar məqsədlər üçün istifadə edilməsi faktı nəinki ölkəmizin, eləcə də bütün Avropanın təhlükəsizliyini ciddi təhdid edir. Nəzarətsiz qalmış Dağlıq Qarabağ təkcə narkotik vasitələrin becərilməsi və tranziti üçün deyil, eləcə də terrorçu qrupların yetişdirilməsi üçün əlverişli məkana çevrilib. Erməni terror təşkilatı olan "ASALA" artıq açıq fəaliyyət yolunu seçib.

Bu məsələyə münasibət bildirən Azərbaycan siyasətçiləri, politoloqları da hesab edirlər ki, bu işdə əli olan təşkilatlar və Ermənistan hakimiyyəti birbaşa çavabdehlik daşıyır. Gec-tez nəzarətsiz zonada baş verən hadisələrin, törədilən cinayətlərin üstü açılacaq.

YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirib ki, belə bir faktın indi ortaya çıxarılması, burada narkotika istehsalı ilə məşğul olan insanların həbs edilməsi bugünə qədər səsləndirilən fikirlərin həqiqət olduğunu bir daha təsdiqləyir: "Bu, istər beynəlxalq təşkilatları, istərsə də dünyanı düşündürən ən ciddi problemlərdən olan narkotikaya qarşı mübarizə aparan təşkilatları daha ciddi məşğul olmağa sövq etməlidir. Bu barədə istər Azərbaycanın rəsmi dairələri, istərsə də müxtəlif beynəlxalq təşkilatların təmsilçiləri tərəfindən nəzarətsiz, işğal altında qalan Azərbaycan torpaqlarından narkotika istehsalı üçün istifadə edilməsi haqqında ciddi əsaslara söykənən fikirlər səsləndirilib. Güman edirəm ki, bu bəyanatlarda bütövlükdə nəzarətsiz qalan Azərbaycan ərazilərindən hansı məqsədlər üçün istifadə edilməsi məsələsinə aydınlıq gətirilib. Onun sözlərinə görə, nəzarətsiz qalan Azərbaycan torpaqlarından narkotika istehsalı üçün istifadə edilməsi kimi bəşəriyyət üçün ağır nəticələrə gətirib çıxaran bir halın qarşısını almaq məqsədilə ciddi addımlar atılacaq: "Eyni zamanda bu, nəzarətsiz qalan Azərbaycan torpaqlarının işğaldan azad olunmasının nə qədər zəruri olduğunu göstərir. Bu həyəcanlı faktın dünya ictimaiyyətinə və lazımi təşkilatların diqqətinə çatdırılması üçün ciddi işlər görülməlidir".

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə isə bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əraziləri çirkli pullar əldə etmək üçün istifadə edilir. Onun sözlərinə görə, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində narkotik vasitələrin yetişdirilməsi və trafiki haqqında Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlara məlumat verib, bu barədə kifayət qədər fakt açıqlanıb: "Bu dəfə isə növbəti ciddi bir arqument ortaya çıxıb. Azərbaycanın işğal olunmuş ərazilərinin İranla sərhəd bölgələrində narkotik yetişdirilməklə məşğul olan dəstələr Dağlıq Qarabağda hazırlanan narkotik maddələri əldə edərək onu Azərbaycana ötürməyə çalışırlar". Deputatın fıkrincə, bu gün Dağlıq Qarabağ dünyadan təcrid olunduğuna və inkişafı üçün heç bir perspektiv görünmədiyinə görə o ərazilər müxtəlif çirkli pullar qazanmaq üçün istifadə edilir: "Həmin zonalar erməni silahlı qüvvələrinin nəzarətində olduğuna görə orada böyük narkotik plantasiyaları salınır və narkotiki Azərbaycana və oradan da Avropaya otürməklə böyük gəlir əldə etməyə çalışırlar". A.Mirzəzadə qeyd edib ki, bu gün Ermənistan işğal altında saxladığı zonanı nə iqtisadi cəhətdən inkişaf etdirir, nə də onun infrastruktursosial problemlərini həll edə bilir. İşğal edilmiş Dağlıq Qarabağ həm narkotik vasitələrin yetişdirilməsi üçün, həm də terrorçu qüvvələrin təlim bazası kimi tanınır.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc isə qeyd edib ki, bu məsələyə siyasi qiymətlə yanaşı, hüquqi qiymət də verilməlidir: "Cəmiyyətə açıqlanan məlumatlar göstərdi ki, ermənilərin işğal etdiyi ərazilər narkotik istehsalı mərkəzlərinə çevrilib. Aydın oldu ki, hərbi xunta rejimi özünün maliyyəsini bu cür üsullarla formalaşdırır. Düşünürəm ki, bu cür hadisələrlə bağlı əldə edilmiş bütün faktlar, sənədlər toplanaraq beynəlxalq məhkəmələrə müraciət olunmalıdır". Onun fikrincə, bütün bunlar günün reallığıdır, Ermənistan dövlətinin apardığı siyasətin mahiyyətidir. Odur ki, Beynəlxalq aləm Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ərazilərində narkotik maddələrin yetişdirilməsinin və qanunsuz satışının getdikcə daha geniş miqyas almasına göz yummamalı, buna şərait yaradanlardan məsuliyyət tələb olunmalıdır.

Bütün səslənən fikirlərdən aydın olur ki, bu gün Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqları yalnız ölkəmiz üçün deyil, bütün region, dünya üçün təhlükə mənbəyidir. Bu, Ermənistanın dövlət siyasətidir. Beynəlxalq təşkilatların bu kimi hallara qarşı lazımi addımları atmaması məsələsinə gəlincə isə, qeyd etmək lazımdır ki, onlar ikili standartlardan əl çəkmir. Bu isə dünya üçün böyük təhlükədir.

 

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2013.- 14 iyun.- S.10.