Tarixdə şəxsiyyətin rolu: Heydər Əliyev nümunəsi

 

Hər bir xalqın tarixən formalaşmış dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün əlverişli siyasi mühit və iradə ilə yanaşı, güclü liderin də olması mühüm şərtlərdəndir. Tarix göstərir ki, daxilən güclü, vətənpərvər və xarizmatik lideri olmayan xalqın yaranmış real şansdan düzgün yararlanması, milli iradəsini ortaya qoyaraq həqiqi müstəqillik istəyinə qovuşması mümkün deyildir. Xalqların həqiqi azadlığına zəmin yaradan iqtisadi müstəqillik də məhz fenomen şəxsiyyətlərin milli resursları nəzərə almaqla müəyyənləşdirdiyi inkişaf strategiyasına əsaslanır. Belə liderlər milli dövlətçilik ideyalarının praktik surətdə gerçəkləşməsində, davamlı və sabit tərəqqi üçün dayanıqlı əsasların müəllifinə çevrilirlər.

 

 Azərbaycanın yeni tarixində dönüş ili

 

 Dahi alman mütəfəkkiri Fridrix Nitşe yazır: "Şəxsiyyətləri tarix yaratmır, şəxsiyyətlər tarixi yaradır". Bu danılmaz həqiqət çağdaş qloballaşma dövrünün yeni siyasi reallıqları fonunda belə aktuallığını itirməmişdir. Hər bir xalqın milli varlıq və özünütəsdiqinin parlaq ifadəsinə çevrilən müstəqil dövlətçilik konsepsiyasının fenomenal liderlərin adı ilə bağlılığı birmənalı şəkildə qəbul edilir. Azərbaycan kimi spesifik dəyərləri, mentaliteti, dövlətçilik ənənələri və milli demokratiya modeli olan dövlətlərdə şəxsiyyət və lider amili xüsusilə mühüm rol oynayır. XX əsrdə xalqımızın yetirdiyi fenomenal tarixi şəxsiyyət - ümummilli lider Heydər Əliyev də müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını tarixi irs və ənənə əsasında yaradaraq praktik surətdə gerçəkləşdirmiş böyük strateq kimi xalqın əbədi və tükənməz sevgisini qazanmışdır. Heydər Əliyev dühasının mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. Hakimiyyətdə olduğu 34 il müddətində ulu öndər xalqının tarixi mənafeyi uğrunda əzmlə mübarizə aparmış, ictimai-siyasi proseslərdə daim özünü real güc mərkəzi kimi göstərmişdir.

Dövlətə kimin rəhbərlik etməsindən bir çox məsələlər - iqtisadiyyatın inkişafı, tikinti-quruculuq işləri, xalqın güzəranının yaxşılaşdırılması, mədəniyyət sahəsində tərəqqi və s. asılıdır. Çünki qarşıda duran vəzifələrin uğurlu həlli həm də rəhbərin şəxsi keyfiyyətlərindən, bacarıq və qabiliyyətindən də qaynaqlanır. Odur ki, xalq həmişə dövlət başçısının kimliyi ilə yaxından maraqlanır, xüsusən onun fəaliyyətinin ilk dövrlərində atdığı addımlara diqqətlə yanaşır. Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçilərkən geniş kütlə tərəfindən yaxından tanınmırdı. Əslində, DTK-da çalışanların kimliyi və işi qapalı saxlanılırdı. Odur ki, rəhbər dəyişikliyi baş verəndə bütün diqqət ona yönəldi. Tezliklə hamı Azərbaycana yeni fəaliyyət metodlarına malik rəhbərin gəldiyinin şahidinə çevrildi. Bütün bunlar isə çox sadə formada baş verirdi. Bu sadəliyin arxasında böyük təfəkkürün və baş verəcək dəyişikliklərin dayandığına heç kəs şübhə etmirdi.

Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlaması, Azərbaycanın isə onun simasında özünə yeni fəaliyyət metodlarına malik rəhbər tapması hər ikisinin yüksəlişinin, xalqın da xoşbəxtliyinin başlanğıcı oldu! Elə buna görə də Heydər Əliyevi hamı sevirdi, yaşından, cinsindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəs! Bu məhəbbət təmənnasız olurdu, bəlkə də görülən işlərin müqabilində minnətdarlıq hissinin ifadəsinə çevrilirdi. Və bu məhəbbət respublikaya rəhbər seçildiyi ilk gündən yaranmağa başlamışdı. Azərbaycana rəhbərliyə başladığı gündən hər bir vətəndaş, bütövlükdə xalq ona arxa duran, mənafeyini qoruyub müdafiə edən, haqsızlıq və qanunsuzluqla barışmayan böyük qəlbli insanın hakimiyyətə gəldiyini düşünürdü. Onun qeyri-adi xüsusiyyətləri, indiyədək Azərbaycana başçılıq etmiş şəxslərin heç birində təsadüf olunmayan keyfiyyətləri də vardı. Qısa zamanda məhz geniş və çoxcəhətli, qızğın fəaliyyəti sayəsində özündən əvvəlki respublika rəhbərlərini kölgədə qoydu. Ulu öndər hansı sahəyə nüfuz edirdisə, orada yeniliklər yaradır, əsaslı bir iş görürdü. Həm də bu fəaliyyət təkcə bu günlə məhdudlaşmır, gələcəyə ünvanlanırdı. Qeyri-adi enerji və təşkilatçılıq qabiliyyəti ilə fərqlənən, mahiyyətcə qurucu və yaradıcı olan, öncəgörmə qabiliyyətinə və siyasi fəhmə malik ulu öndər hələ sağlığında əfsanəyə çevrildi. Bu da onun başqaları üçün əlçatmaz hesab olunan işləri qısa müddətdə yerinə yetirməsi, ən ağır və çətin vəziyyətlərdən uğurlu çıxış yolu tapması, hətta mümkün olmayanı belə gerçəkliyə çevirməsi məharəti ilə bağlı idi. Böyük təsir və nüfuzetmə qabiliyyətinə malik olan ulu öndər mühiti, münasibətləri, necə deyərlər, ab-havanı belə ustalıqla dəyişirdi.

 

 Heydər Əliyev gələcək müstəqilliyə etibarlı zəmin formalaşdırdı

 

 Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin rəhbərliyi altında respublikada həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyin təmin olunması üçün zəmin hazırladı. Ulu öndər Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi dövrləri xatırlayarkən deyirdi: "Biz sovet rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da sən xalqın, millətin üçün nə edirsən. Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı".

Orta və yaşlı nəslin nümayəndələri respublikanı böyük uğurlara aparan müstəqillik yolunun məhz ötən əsrin 60-cı illərinin sonundan başlandığını yaxşı xatırlayırlar. O dövrdə keçmiş SSRİ-nin ən geridə qalmış respublikalarından biri kimi tanınan, iqtisadi, mənəvi-ideoloji böhran keçirən Azərbaycan taleyin ümidinə buraxılmış kimi görünürdü. Zəngin xammala, karbohidrogen ehtiyatlarına, insan resurslarına malik Azərbaycanın ittifaq miqyasında geridə qalmış ölkələrdən birinə çevrilməsi son dərəcə dözülməz hal idi.

Heydər Əliyevin tükənməz enerjisi və təşkilatçılıq məharətinin Azərbaycanın təbii ehtiyatları və iqtisadi potensialı ilə birləşməsi, üstəlik mövcud reallıqların düzgün qiymətləndirilərək mümkün olanlardan daha səmərəli istifadə edilməsi sürətli inkişaf və güclü yüksəlişlə nəticələndi. Ən önəmlisi o idi ki, baş verən intibah mənəvi sferanı da əhatə edirdi. Ümummilli lider Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkə iqtisadiyyatı həm intensiv, həm də ekstensiv inkişaf edirdi. Beləki, 1970-1982-ci illərdə respublikada 250 yeni müəssisə, istehsalat və sex tikilmiş, neftayırma sənayesi müəssisələri tamamilə yenidən qurulmuş, iri elektron, elektrotexnika, radiotexnika, cihazqayırma sənayesi zavodları inşa olunmuşdur. Nəticədə göstərilən müddətdə Azərbaycanda sənaye istehsalı 2,7 dəfə artmışdır. 13 ildə o zamankı qiymətlərlə 101,5 milyard manatlıq (əvvəlki 50 ildə olduğu qədər) məhsul istehsal edilmişdir. Həm də xalq istehlakı malları istehsalı 3 dəfə, əmək məhsuldarlığı 2 dəfədən çox, fond verimi 25 faiz artmışdır.

1970-1982-ci illərdə kənd təsərrüfatının məcmu məhsulu 2,6 dəfə çoxalmış, əmək məhsuldarlığı 2,2 dəfə yüksəlmişdir. Əsaslı dövlət vəsaiti qoyuluşunun 1 manat artımı hesabına əlavə olaraq 3,5 manatlıq məhsul alınmışdır. Göstərilən dövrdə milli gəlir 2,6 dəfə çoxalmışdır. Azərbaycan büsbütün yenidən tikilib qurulmuş, kənd və qəsəbələr salınmış, fabrik və zavodlar tikilmiş, yaşayış məntəqələrinin siması tamamilə dəyişmişdir. Yetmişinci illərədək Azərbaycan kəndi əsasən çiy kərpicdən və palçıqdan tikilmiş komalardan ibarət idi. Kəndlinin gəliri az olduğundan güzəranı ağır keçirdi. Kənd təsərrüfatının yüksəlişi bu sahədə inqilabi dəyişiklik yaratdı. Yeni texnika və aqrotexniki qaydaların genişmiqyaslı tətbiqi hesabına əmək məhsuldarlığı və məhsul istehsalı bir neçə dəfə artdı, təsərrüfatların və əməkçilərin gəliri qat-qat çoxaldı. Kəndlinin güzəranı və məişət şəraiti dəyişdi. Azərbaycan kəndi palçıq komalardan qurtularaq simasını dəyişdi. O vaxtdan həyətində minik avtomobili, ikimərtəbəli ağ mişar daşından evi, məişətində hər növ elektrik cihazları olan kəndli ailələri Azərbaycan kəndlisini xarakterizə edən başlıca əlamətə çevrildi. Bu gün elə bir kənd tapılmaz ki, orada Heydər Əliyev dövrünü xatırladan bir neçə "abidə"yə rast gəlinməsin. Ölkə paytaxtı Bakı şəhəri də yeni mikrorayonlar, park və xiyabanlar, küçə və meydanlar hesabına böyüyərək gözəlləşdi. "Gülüstan" və "Respublika" sarayları, Prezident sarayı və Milli Məclisin binası, "Moskva", "Azərbaycan", "Abşeron" mehmanxanaları, Əl oyunları sarayı və Olimpiya İdman Kompleksi, metro stansiyaları və digərləri həmin dövrdə tikilmiş, N.Nərimanova, C.Cabbarlıya, Nəsimiyə, H.Cavidə və digər görkəmli həmvətənlərimizə abidələr qoyulmuş, onlarla ədəbiyyat və incəsənət xadiminə, sənətkara fəxri adlar, dövlət mükafatları verilmişdir. Bütün bu yüksəliş və dəyişikliyin memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev isə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülərək dünya miqyasında tanınıb məşhurlaşmışdır.

Xalqın inkişafı, sabahı elm və təhsillə bağlıdır. Elmsiz xalq tərəqqi edə bilməz. Dövlətin gələcəyini düşünənlər hökmən gənc nəslin təhsilinə, təlim-tərbiyəsinə ciddi diqqət yetirməlidirlər. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elmə və təhsilə, gənclərin tərbiyəsinə xüsusi diqqət və qayğı göstərmiş, elm adamlarının, tələbə, aspirant və gənc alimlərin sevimlisinə çevrilmişdi. Heydər Əliyevin bu sahədə gördüyü işlər, həyata keçirdiyi tədbirlər elm və təhsilin inkişafına güclü təkan verməklə yanaşı, Azərbaycanın yüksək səviyyəli kadrlara ehtiyacını ödəmişdir.

Lakin unutmamalıyıq ki, Heydər Əliyev hakimiyyətə gələnə qədər cəmiyyətdəki mənəvi-əxlaqi aşınmalar, sosial-mənəvi sarsıntılar fonunda haqq-ədalətə inamı itirmişdi. İmtiyazlı partiya nomenklaturasının yaratdığı sərt maneələr şəraitində hansısa imkansız azərbaycanlı gəncinin yalnız öz biliyi sayəsində ali məktəbə daxil olması, cəmiyyətdə layiqli yerini tutması nəinki çətin, hətta əlçatmaz görünürdü. Həmin dövrdə ən nüfuzlu institutların qapıları zəhmətkeş ailələrin övladlarının üzünə bağlanmışdı.  Bir sıra ali məktəblərə, müxtəlif institutların ayrı-ayrı fakültələrinə qəbul olunmaq çox çətin idi. Sadə, əməkçi ailələrindən çıxan gənclər isə bəzi ixtisaslar üzrə təhsil almaqda böyük maneələrlə üzləşirdilər. Ulu öndər Heydər Əliyev məsələni yoluna qoymaqdan ötrü ali məktəblərdə "fəhlə fakültələri" yaradılması barədə qərar qəbul etdi. Sadə ailələrdən çıxmış gənclər bir müddət istehsalatda çalışdıqdan sonra həmin fakültələrə daxil olur, burada müvafiq hazırlıq kursu keçərək uğurla imtahan verib instituta daxil olurdular. Belə bir addımdan sonra həkim, hüquqşünas, jurnalist və digər ixtisaslar üzrə oxuyan yoxsul ailələrdən çıxan tələbələrin sayı artdı.

Ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ordu sıralarında da milli kadrların yetişməsinə və yerləşməsinə çalışırdı. Ölkəyə birinci rəhbərliyi dövründə Azərbaycanda fəaliyyət göstərən hərbi məktəblərlə maraqlanan ümummilli lider orada nəinki təhsil alanların, hətta dərs deyənlərin sırasında belə azərbaycanlıların tək-tük olduğunu bilmişdi. Bundan sonra müxtəlif növ qoşun hissələrində xidmət edəcək zabit kadrların azərbaycanlılar sırasından hazırlanmasını da nəzarətə götürmüşdü. Əlbəttə, qeyri-millətdən olanların bir sıra məxfi hissələrə və hərbi ixtisaslara yaxın qoyulmadığı vaxtlarda bu, bir o qədər də asan deyildi. Üstəlik, o dövrdə gənclərimiz hərbi peşələrə kifayət qədər maraq göstərmirdilər. Dərin zəka sahibi və uzaqgörən siyasətçi Heydər Əliyev məsələnin köklü şəkildə həlli yolunu tapdı. Çox keçmədən onun təşəbbüsü və şəxsi himayəsi altında Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb açıldı. Tezliklə bu məktəb böyük şöhrət qazandı. Yeniyetmələr həvəslə burada oxumağa gəlir, sonra təhsillərini keçmiş SSRİ-nin müxtəlif ali hərbi məktəblərində uğurla davam etdirirdilər. Qarabağ uğrunda döyüşlərdə məktəbin müdavimləri böyük şücaət göstərdi, bir çoxu Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldü. Müstəqillik dövründə milli ordu quruculuğunda vaxtilə C.Naxçıvanski adına hərbi təmayüllü məktəbi bitirən zabitlərin əməyi böyük olmuşdur. Onlar bu gün də orduda ləyaqətlə xidmət edir, Heydər Əliyev ideyalarına sadiqliklərini nümayiş etdirirlər.

Heydər Əliyev qısa müddətdə ölkədə mədəni və mənəvi intibahı təmin etməklə, bu mütərəqqi prosesi iqtisadiyyatdakı uğurlarla üzvi surətdə əlaqələndirir, paralel şəkildə həyata keçirirdi. Təsadufi deyil ki, 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı inkişaf və quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir.

Heydər Əliyev respublikaya birinci rəhbərliyi dövründə həyat amalının xalqa layiqli xidmətdən ibarət olduğunu əməli fəaliyyəti ilə nümayiş etdirməklə yanaşı, gələcək müstəqilliyə etibarlı zəmin formalaşdırdı, Azərbaycanın həyatında intibah mərhələsinin əsasını qoydu.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr" əsərində həmin dövrü belə xarakterizə edir: "1969-cu il Azərbaycanın ən yeni dövrü tarixində dönüş ili oldu. Respublikanın dinamik inkişafının təmin edilməsinə dair kompleks proqramlar işlənib hazırlandı. Bu yorulmaz fəaliyyət sayəsində 1970-1985-ci illər baş vermiş dəyişikliklərin vüsəti, rifahın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi baxımından, sözün tam mənasında, müstəqil Azərbaycanın yaranması salnaməsində ən parlaq səhifədir. Həmin illərdə Heydər Əliyevin təşəbbüsü ilə SSRİ hökuməti respublika iqtisadiyyatının hərtərəfli tərəqqisi və intensiv inkişafını nəzərdə tutan beş xüsusi qərar qəbul etmişdi. Sosial-iqtisadi inkişafın başlıca istiqamətlərini müəyyən edən həmin qərarların xalqımızın mənafeləri baxımından tarixi əhəmiyyəti vardı. Tam inamla demək lazımdır ki, indiki mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin müntəzəm surətdə genişlənməsi və dünya iqtisadiyyatına daha dərin inteqrasiyası prosesi hələ 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində təməli qoyulmuş potensiala əsaslanır."

 

 Müstəqil Azərbaycan Heydər Əliyevin "şah əsəri"dir

 

 

İdarəetmə bir elmdir, müəyyən qayda və prinsipləri olan elm. Onu hər adam öyrənib mənimsəyə bilmir. Hətta elmə dərindən bələdlik də bu sahədə uğur qazanılacağına təminat vermir. Çünki idarəetmə həm də bir sənətdir. Qurmağı, yaratmağı, insanlarla rəftar etməyi, çoxşaxəli və çoxcəhətli münasibətləri düzgün tənzimləməyin prinsiplərini özündə ehtiva edən sənət. Təkcə diletantlar idarəetmənin asan və sadə məsələ olduğunu güman edə bilərlər. Azərbaycanın bəzi müxalifət partiyalarının başçıları kimi. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində - hələ onların hamısı AXC şinelində olarkən idarəetmənin hər kəsin bacaracağı bir peşə olduğu qənaətindəydilər. Fikirləşirdilər ki, hakimiyyəti ələ keçirmək, vəzifə kürsülərini bölmək, sosializmdən imtina etmək kifayətdir. Belə bəsit düşüncə tərzi "bəy"lərə baha başa gəldi. Xalqın istəyi ilə hesablaşmayaraq "tankın belində" iqtidara gələnlər acgözlüklə xalqın və dövlətin sərvətini çapıb-talayır, şəxsi maraqlarını hər şeydən üstün tuturdular. Bunun nəticəsində ölkə xaos və anarxiya, qanunsuzluq burulğanına düşdü. Qanunsuz silahlı birləşmələr hakimiyyət uğrunda arası kəsilmədən mübarizə aparır, torpaqlarımız kəndbəkənd düşmən işğalına məruz qalırdı. Azərbaycanın nəinki bəyan olunmuş müstəqilliyi, hətta bütövlükdə bir dövlət kimi mövcudluğu sual altında idi. Artıq dövləti idarə edə bilməyən AXC-Müsavat iqtidarı da siyasət meydanından getmək məcburiyyətində qalmışdı.

Bəs dövləti kimə etibar etmək olardı? Kim tufanlar qoynunda çalxalanan Azərbaycan adlı gəmini sağ-salamat mənzil başına çatdıra bilərdi? Bu sual uşaqdan-böyüyədək hamını düşündürürdü. Qərar isə yekdil oldu! Bütün nəzərlər Naxçıvana dikildi. Xalq özünün sınanmış və sədaqətli oğlunun, görkəmli dövlət xadimi və dünya şöhrətli siyasətçi Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıtmasını xahiş və tələb etdi. Heç zaman öz seçimində yanılmayan xalq Azərbaycanın xilasını, xaos və anarxiyadan qurtuluşunu, müstəqilliyinin qorunmasını və əbədiliyə çevrilməsini məhz onun fəaliyyətində görürdü. Ulu öndər xalqın arzu və çağırışına biganə qalmadı və tarixi missiyasını gerçəkləşdirməkdən ötrü geriyə döndü.

Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilən Heydər Əliyev Milli Məclisin 15 iyun 1993-cü il tarixli iclasındakı çıxışında deyirdi: "Sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm."

Beləliklə, tarixi qovuşma baş verdi. Həyatının ən çətin illərini yaşayan ümummilli lider Heydər Əliyevlə məhvolma ərəfəsində olan Azərbaycan yenidən bir-birinə tapındı. Bu həm də fəlakət və müsibətlərin sonu demək idi! Çünki təkcə Azərbaycan xalqı yox, bədxahlarımız və düşmənlərimiz də yaxşı bilirdilər ki, Heydər Əliyevin rəhbəri olduğu Azərbaycan basılmaz və yenilməzdir! O daim inkişaf və tərəqqi yolu ilə irəliləyəcəkdir! Lakin ilk qovuşma mərhələsində bir çox problem və çətinliklər həll edilməli idi. Xalqın xilaskarı missiyasını üzərinə götürən ümummilli lider Heydər Əliyev özünəməxsus enerji və uzaqgörənliklə fəaliyyətə başladı. Naxçıvandan Bakıya gələndə isə Heydər Əliyev özü ilə bilik və təcrübəsindən başqa heç nə gətirməmişdi. Onun nə ordusu vardı, nə də cəbbəxanası. Faktiki olaraq təpədən-dırnağadək silahlanmış xarici düşmənlərlə, eyni zamanda kifayət qədər silah-sursatı olan və dövlətçiliyə əl qaldıran qüvvələrlə çarpışmalı idi. Lakin bu böyük insan heç zaman ölümdən və mübarizədən qorxaraq geri çəkilməmişdi! Kifayət qədər böhranlı bir dövrdə xalqın çağırışına cavab verərək, Azərbaycanın idarəçilik sükanı arxasına keçən Heydər Əliyev uzaqgörənliyi, təcrübəsi və əzmkarlığı ilə ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu təmin etdi, qanunsuz silahlı dəstələr, dövlətçiliyə qarşı çıxmış qiyamçılar, ölkəni parçalamaq iddiasına düşən separatçılar zərərsizləşdirildi, xalq vətəndaş müharibəsi təhlükəsindən xilas oldu.

O dövrdə ölkə daxilindəki qüvvələrin və siyasi partiyaların başı hakimiyyət uğrunda mübarizəyə və daxili çəkişməyə qarışdığından torpaqların müdafiəsi büsbütün unudulmuşdu. Bundan istifadə edən düşmən kənd, qəsəbə və rayonlarımızı bir-birinin ardınca ələ keçirirdi. Milli ordu yaratmaq adı ilə "birləşdirilən" ayrı-ayrı dəstələrdə pərakəndəlik və özbaşınalıq hökm sürür, vahid komandanlığa tabeçilik göstərilmirdi. Düşmən Kür çayına qədər olan əraziləri tezliklə işğal etmək niyyətini gizlətmirdi. Hərbi əməliyyatların gedişində atəşkəs yaradılması bir sıra problemlərin həllinə imkan verdi. Ən əvvəl yeni ərazilərin işğalının qarşısı alındı. Zorla doğma yurdlarından qovularaq çöllərdə və düzlərdə ağır şəraitdə yaşayan yüz minlərlə məcburi köçkünün yerləşdirilməsinə, onlar üçün minimum şərait yaradılmasına imkan qazanıldı. Milli ordu quruculuğuna başlanıldı.

Böyük rəhbər Heydər Əliyev qısa zamanda ölkədə ictimai-siyasi sabitliyi tam təmin etməklə ölkə iqtisadiyyatındakı tənəzzül prosesinin qarşısının alınmasına xidmət edən bir sıra zəruri tədbirlər həyata keçirdi. Həmin dövrdə bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövrünü yaşayan Azərbaycanın hansı iqtisadi modelə üstünlük verəcəyi ilə bağlı çoxlu fikirlər, təkliflər irəli sürülsə də, böyük strateq Heydər Əliyev hansısa dövlətin təcrübəsinin olduğu kimi milli iqtisadiyyata köçürülməsini düzgün saymamışdı. Ümummilli lider demokratik həyat tərzinin diktə etdiyi gerçəklik kimi bazar iqtisadiyyatı prinsiplərinə sadiq qalaraq Azərbaycanın özünəməxsus sosial-iqtisadi inkişaf modelini irəli sürmüş və onu əsaslandırmışdı. İqtisadi sahədə mərhələlərlə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümumi daxili məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanırdı.

20 sentyabr 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə ulu öndər Heydər Əliyevin çox böyük müdriklik və uzaqgörənliklə hazırladığı yeni neft strategiyasının həyata keçirilməsinə başlandı. Neft sahəsi lokomotiv rolunu oynayaraq iqtisadiyyatın digər sahələrinin də inkişafına yardım göstərdi, eyni zamanda Azərbaycanın dünyaya inteqrasiyasını sürətləndirdi.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılmasıdır. Ümummilli liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası müstəqil dövlət quruculuğu prosesinin əsas prioritetlərini müəyyənləşdirdi. Siyasi, iqtisadi, hüquqi islahatlar keçirildi, möhkəm qanunvericilik bazası yaradıldı. Qazanılan uğurlar nəticəsində Azərbaycan Avropa Şurasına üzv oldu.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamda vurğulandığı kimi, "Müstəqilliyimizin ilk illərindəki hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələndi. 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu və Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı".

 

 İlham Əliyev: Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi olan lider

 

 

Azərbaycan cəmiyyəti Heydər Əliyevin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir. Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən dövlət başçısı İlham Əliyev əsl vətənpərvər və qurucu lider əzmi ilə xalq qarşısında verdiyi vədlərin böyük əksəriyyətini əməli işi ilə doğruldaraq hər bir vətəndaşın layiqli Prezidenti olduğunu sübuta yetirmişdir. Son 10 ildə respublikada uğurla həyata keçirilən siyasət, ilk növbədə, ölkədəki ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə, Azərbaycanın demokratik və sosial-iqtisadi inkişafı məqsədinə yönəlmişdir. Cənab İlham Əliyev bu dövr ərzindəki fəaliyyəti ilə xalqın seçimini doğrultmağa qadir qətiyyətli, peşəkar və milli maraqlara bağlı rəhbər olduğunu nümayiş etdirmişdir.

Cənab İlham Əliyev Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısıdır. Bu kurs Azərbaycan xalqı üçün ən əsas və hər şey deməkdir. Yazının əvvəlki bölümlərində bu barədə söz açılıb. Odur ki, xalq bu məqamı şəxsi təcrübəsində müəyyən edib. Zaman Heydər Əliyev siyasətinin alternativsizliyini və xalqın İlham Əliyevi dəstəkləməklə ən doğru addım atdığını göstərir.

"İlham Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan cavan, eyni zamanda təcrübəli, enerjili, peşəkar liderə malik oldu. Dünya şöhrətli siyasi xadim Heydər Əliyev Azərbaycan dövlətçiliyini yaratdı, Azərbaycan millətini birləşdirdi və təbii ki, bu, ölkədə hakimiyyət dəyişikliyi zamanı özünü göstərdi. İlham Əliyev xaricə səfərləri zamanı təkcə Azərbaycan üçün deyil, bütün bölgə, eyni zamanda mənim ölkəm üçün çox iş görür". Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin Azərbaycan Prezidenti İlham Əliyev haqqında söylədiyi bu səmimi sözlərin altından yəqin ki, dünyanın əksər dövlət başçıları qol çəkər. Prezident İlham Əliyevlə görüşüb söhbətləşən siyasi və dövlət xadimlərinin hamısı onun iti zəka, dərin təfəkkür, yüksək mədəniyyət sahibi olduğunu etiraf edirlər.

Bütün beynəlxalq qurum və təşkilatlar da birmənalı şəkildə etiraf edirlər ki, İlham Əliyev dövlət sükanı arxasına keçdikdən sonra Azərbaycanın inkişafı sürətlənmiş, ümumi daxili məhsul istehsalının artım tempinə görə dünyanın lider dövlətlərindən birinə çevrilmişdir. Xalq İlham Əliyevə səs verməklə əslində Heydər Əliyev siyasi kursunun davamına, Azərbaycanın dünya birliyində özünə layiqli yer tutaraq söz sahibinə çevrilməsinə, Xəzər neftinin çoxvariantlı marşrutla dünya bazarına çıxarılmasına, tikinti, quruculuq və abadlıq işlərinin daha da genişləndirilməsinə, enerji və nəqliyyat təhlükəsizliyinin davamlılığına, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına, "Şahdəniz" qazının Avropanın enerji təchizatındakı rolunun yüksəlməsinə, Azərbaycanın Qafqazdakı lider rolunun daha da möhkəmlənməsinə, sahibkarlığın inkişafına və yeni iş yerlərinin açılmasına,  güclü və müasir ordu quruculuğuna, bütövlükdə Azərbaycanın sürətli və davamlı inkişafının yeni mərhələyə qaldırılmasına,   ölkə vətəndaşlarının xoşbəxt və firavan yaşayışının etibarlı şəkildə təmin edilməsinə dəstək verdi. Ona görə Prezident İlham Əliyev fəaliyyətinin ilk günlərindən xalqın sonsuz məhəbbətini qazandı. Müdrik siyasəti, Heydər Əliyev ideyalarına sədaqəti, təmkin və uzaqgörənliyi, bir də xalqına qədərsiz sevgisi ilə! Təbii ki, insan bir işi ürəklə, vurğunluqla görməsə, yüksək nəticəyə çata bilməz!

Müstəqilliyin vacib şərti olan ictimai-siyasi sabitliyin, vətəndaş sülhü və həmrəyliyinin qorunub saxlanılması naminə ilk gündən nümayiş etdirdiyi yüksək prinsipiallıq, qətiyyət və əzmkarlıq da dövlət başçısının istənilən ekstremal situasiyada çevik və optimal qərar qəbul edən qətiyyətli lider olduğunu göstərmişdir. 2003-cü və 2005-ci illərin postseçki mərhələsi nihilist, radikal və ziddiyyətli siyasiləşmə ilə müşayiət olunsa da, cənab İlham Əliyev siyasi iradə göstərərək bu neqativ meyillərin qarşısını əzmkarlıqla almış, ölkənin yenidən anarxiya və xaos mühitinə yuvarlanmasına yol verməmişdir. Sonrakı illərdə də dövlətçilik əleyhinə yönəlmiş xarici və daxili təhdidlərin qətiyyətlə aradan qaldırılması dövlət başçısının xalqın dəstəyinə arxalanan, müstəqilliyin möhkəmləndirilməsi üçün zəruri keyfiyyətlərə malik lider olduğunu sübuta yetirmişdir. Eyni zamanda, cənab İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk gündən cəmiyyətin bütün siyasi qüvvələrinin, sosial qruplarının, dini-etnik konfessiyalarının birliyini təmin etmək istiqamətində ardıcıl siyasət yürütmüş, müstəqilliyin praktik olaraq möhkəmlənməsinə çalışmışdır. 

 Bir lider və şəxsiyyət kimi İlham Əliyev xarakterinin ən bariz xüsusiyyətlərindən biri sözünün sahibi olmasıdır. Onun prezidentliyi dövründə Azərbaycan xalqı bu mənəvi və mərdlik keyfiyyətinin dəfələrlə şahidi olmuşdur. Və bu gün Azərbaycan xalqı əmindir: onun Prezidenti vəd veribsə, sözsüz yerinə yetirəcəkdir. "Azərbaycan xalqı xoşbəxt, firavan yaşamağa layiqdir və bundan ötrü əlimizdən gələni əsirgəməyəcəyik" - vədini də cənab İlham Əliyev şərəflə yerinə yetirməkdədir.

Xalqın xoş gününə, rahat yaşayışına çalışan dövlət rəhbəri ən çətin və qayğılı günlərində də insanların yanında olub. Onlara diqqət və qayğısını, köməyini, sevgisini əsirgəməyib. Xalqla birbaşa təmasa üstünlük verərək yerlərdə sıravi vətənlaşlarla görüşüb, onlarla səmimi söhbətləşərək problemlərinin həlli istiqamətində çevik qərarlar qəbul edib. Cənab İlham Əliyevin xaraktercə sadə və səmimi, praktik siyasətçi olması onun sıravi vətəndaşlarla təmaslarında bir daha üzə çıxıb. Dövlət başçısı bütün müdrik rəhbərlərə xas qabiliyyətlə hər kəslə dil tapmağa, dövlət məmurları ilə sadə vətəndaşlar arasındakı psixoloji səddi aradan götürməyə də nail olub. Bütün bunlar isə dövlət rəhbərinə xalqın böyük rəğbətini, inamını qazandırıb, böyük layihələri qısa zamanda gerçəkləşdirmək imkanı yaradıb. Ulu öndər Heydər Əliyevin həyata keçməmiş arzularını praktik şəkildə gerçəkləşdirməklə xalqa rəhbərlik missiyasının öhdəsindən layiqincə gəlib.

Dövlət başçısı insan və şəxsiyyət amilini ucaltmaqla, hər bir vətəndaşın maraqlarının dövlət üçün üstün olduğunu nümayiş etdirir. Cənab Prezidentin son illərdə imzaladığı sərəncamlarla mütəmadi şəkildə, bəzən ildə bir neçə dəfə minimum əməkhaqları, pensiyalar, müavinətlər, təqaüdlər, qaçqın, məcburi köçkün və şəhid ailələrinə yardımların miqdarı artırılmış, yoxsulluğun sayı kəskin şəkildə aşağı düşmüşdür.

 İndi respublikamızın ərazisi başdan-başa tikinti, quruculuq meydanına çevrilmişdir. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri də Azərbaycan insanının firavan həyat tərzinin təmini məqsədinə xidmət edir. Ölkənin iqtisadi uğurlarını hər bir vətəndaş öz gündəlik həyatında, məişətində hiss edir. Yaşayış binaları, evlər, məktəb və xəstəxanalar, sosial obyektlər tikilir, yollar çəkilir, körpülər salınır, park və xiyabanlarda, memarlıq binalarında yenidənqurma işləri aparılır. Son bir-iki ildə Azərbaycanın siması büsbütün, tanınmaz dərəcədə dəyişmişdir. Bunu ölkəmizə gələn qonaqlar da səmimiyyətlə etiraf edirlər.

Bu gün ikinci elə bir dövlət tapmaq çətindir ki, son 10 ildə dövlət büdcəsi 15 dəfədən çox, hərbi xərcləri 20 dəfə, valyuta ehtiyatları 18 dəfə artsın. Azərbaycanda ötən dövrdə maaş və pensiyalar da orta hesabla 5-6 dəfə artıb, yoxsulluq 5 dəfə azalaraq 49 faizdən 9 faizə enib, 900 mindən çox yeni iş yeri açılıb. Bütün bunlar və sadalamadığımız digər göstəricilər Azərbaycan cəmiyyətinin və dünyanın bildiyi, etiraf etdiyi faktlardır.

Prezident İlham Əliyevin keçən əsrin 90-cı illərindən başlanmış keçid dövrünün sona çatması  ilə bağlı rəsmi bəyanatı ilə ölkə iqtisadiyyatının yeni keyfiyyət mərhələsinə transformasiya prosesi başlanmışdır. BDU-nun 90 illik yubileyində dövlət başçısı iqtisadi sahədə keçid dövrünün başa çatdığını, Azərbaycanın bu mərhələdən uğurla çıxdığını vurğulamışdır. Söhbət ictimai-iqtisadi formasiya dəyişkənliyi ilə bağlı sovet təsərrüfat sistemindən, planlı iqtisadiyyatdan miras qalmış bütün iqtisadi seqmentlərin bazar prinsiplərinə uyğun tamamilə yenidənqurulması prosesinin başa çatmasından gedir. Respublikamız son 18 ildə - özəlləşdirmədən, torpaq, vergi, gömrük islahatından tutmuş səmərəli idarəçiliyin vacib şərti olan struktur islahatlarınadək - böyük bir iqtisadi mərhələni inamla geridə qoymuşdur. Qarşıdakı dövrdə isə formalaşmış bu möhkəm təməl üzərində bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olmasına çalışmaq, iqtisadi sahədə liberallaşdırma prosesini davam etdirmək hökumətin qarşısında duran ciddi vəzifələrdən biridir.

"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamda müstəqilliyin möhtəşəm uğurları sırasında Azərbaycanın son illərdəki  dinamik inkişafına da xüsusi yer ayrılıb: "Keçid dövrünü başa vuran respublikamız bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən bir ölkədir. Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunmuşdur. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə artmaqdadır. Güclü sahibkarlar sinfi və orta təbəqə yaranır. Azərbaycanın enerji təhlükəsizliyi təmin olunmuşdur. Yeni infrastruktur formalaşır, beynəlxalq aeroportlar istismara verilir, minlərlə kilometr yol və müasir körpülər salınır. Mühüm sosial əhəmiyyətə malik obyekt olan Oğuz-Qəbələ-Bakı su kəməri istismara verilmişdir. Tarixi İpək Yolunun bərpası ilə bağlı Bakı-Tbilisi-Qars dəmir yolu və yeni limanın tikilməsi kimi irimiqyaslı strateji layihələr gerçəkləşdirilir".

Dövlət başçısı ölkədə makroiqtisadi inkişafı təmin etməklə yanaşı, Azərbaycan üçün bir sıra taleyüklü məsələlərin yoluna qoyulmasına da nail olmuşdur. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmiş, vaxtilə çoxlarına əfsanə kimi görünən bu layihələr reallığa çevrilərək Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına daşınmasını təmin etmişdir. Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyi sisteminin əsas təminatçısı qismində çıxış etməsi danılmaz faktdır. Etiraf etməliyik ki, bu problem bir çox hallarda ölkələrin müstəqilliyini təhdid edən, müstəqil dövlətlərin demokratik inkişafına maneə yaradan çox ciddi əngələ çevrilir. Azərbaycan isə nəinki belə problemlərdən uzaqdır, üstəlik, respublikamız Avropa regionunun enerji təhlükəsizliyinin təminatında əsas söz sahiblərindən biri kimi çıxış edir.

Dövlətin müstəqilliyinin şərtləri çoxdur. Onlardan ikisi xüsusilə vacibdir. Biri xalqın təbii sərvətlərinin sahibi və sərəncamçısı olmasıdır. Bu məsələdə heç bir problemimiz yoxdur. Dövlət başçısı Azərbaycanın milli maraqlarına və iqtisadi mənafeyinə cavab verən müqavilələri seçib imzalayır. İkinci şərt isə dövlətin müstəqil xarici siyasət yürütməsidir. Tarazlaşdırılmış və balanslaşdırılmış siyasət yeridən cənab İlham Əliyev üçün Azərbaycanın dövləti maraqları hər şeydən ucadır! Dövlət başçısı daxildə möhkəm ictimai-siyasi sabitliyə, qanunçuluğa nail olmadan, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda kompleks addımlar atmadan xarici siyasət sahəsində hansısa uğurlu nəticələr əldə etməyin qeyri-mümkünlüyünü dəfələrlə bildirmişdir. Azərbaycan Prezidentinin yeritdiyi uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantik coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq görünür. Bu xarici siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur. Azərbaycan hazırda sülh və əməkdaşlıq paytaxtı kimi tanınır   belə bir müsbət imicin formalaşmasında cənab İlham Əliyevin təşəbbüsü ilə respublikamızda keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Avropa ailəsinə inteqrasiya edən Azərbaycan cəmiyyəti bütün liberal dəyərləri mənimsəmiş, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində mühüm uğurlara imza atmışdır. Ötən dövrdə Avropa Şurası qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsi prosesi başa çatmış, ölkəmiz Avrora Birliyinin "Yeni qonşuluq siyasəti", "Şərq tərəfdaşlığı" proqramlarına, habelə NATO-nun "Fərdi əməkdaşlıq üzrə fəaliyyət planı"na qoşulmuş və modern ordu quruculuğunu təşkilatın standartlarına uyğunlaşdırmaq istiqamətində mühüm addımlar atmışdır.

Ümumilikdə, dövlət başçısının 2003-2012-ci illərdəki daxili və xarici siyasəti deməyə əsas verir ki, cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətində milli mənafe və maraq amili hər zaman olduğu kimi, bu gün də öndədir. Dövlət başçısı istər Dağlıq Qarabağ məsələsində, istər qonşu dövlətlərlə münasibətlərinin xarakterində, istərsə də xalqın təbii sərvətlərindən səmərəli istifadəsində, ilk növbədə, xalqın milli maraqlarını əsas götürür. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamda da vurğulandığı kimi, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil ölkədir.

2012-ci ilin yekunlarına nəzər salsaq bunu daha aydın görərik.  Başdan-başa uğurlardan ibarət olan 2012-ci ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyət göstərdi, "Eurovision" mahnı müsabiqəsinə, futbol üzrə qadınlararası dünya çempionatına və digər beynəlxalq siyasi, humanitar və idman tədbirlərinə ev sahibliyi etdi, TANAP layihəsinin icrasına başladı. XXX London Olimpiya Oyunlarında Azərbaycan möhtəşəm tarix yazdı və nəhayət, ilin sonunda Avropa Olimpiya Komitəsi ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul etməsi Azərbaycanın dünyada artan nüfuzunun növbəti möhtəşəm təsdiqi oldu. Bütün bu uğurların hər biri özlüyündə Azərbaycanın sözün əsl mənasında müstəqil dövlət olduğunu təsdiqləyən faktorlardır.

Prezident İlham Əliyevin 9 illik fəaliyyəti onun Heydər Əliyev ideyalarını yeni dövrün nəbzinə, zamanın ruhuna uyğun davam etdirən, təkmilləşdirən qətiyyətli siyasi lider olduğunu təsdiqləyir. Siyasətə ideyaların reallaşdırılması vasitəsi kimi yanaşan və "Əsl siyasət konkret, əməli iş görməkdən ibarətdir" - deyən dövlət başçısı hakimiyyətə xalqa təmənnasız xidmət vasitəsi kimi yanaşır, hər bir fərdin maraq və mənafeyini uca tutur. Ölkə vətəndaşları ürəkdən inanır ki, Azərbaycanın hərtərəfli tərəqqi və yüksəlişinə xidmət edən bu siyasət qarşıdakı illərdə də inamla davam etdiriləcəkdir.

 

 

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.-2013.- 15 iyun.- S.1,4.