Siyasətdə varisliyin uğurlu formulu

 

Qurtuluşdan başlanan alternativ siyasi kursun davam etdirilməsi Azərbaycan cəmiyyətinin obyektiv sosial tələbatıdır

 

 

Tarixin çətin və məsuliyyətli dönəmlərində xalqının mənafeyi naminə optimal qərarlar qəbul edən, hadisələrə real qiymət verməyi bacaran, həyatını riksə atmaqdan belə çəkinməyən siyasi liderlər təmsil etdikləri xalqları zamanın sərt fırtınalarından, sınaqlarından üzüağ çıxarır, milli xilaskara çevrilirlər. Bu mənada, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də 40 illik siyasi fəaliyyəti dövründə üzləşdiyi bütün çətinlikləri, maneələri, problemləri mətinliklə dəf edən, məğlubiyyət sözünü yaxına buraxmayan, inamlı qərarları ilə milyonlarla insanın taleyində müstəsna rol oynayan sərkərdə və lider kimi xatırlanır.

Böyük sərkərdə Əmir Teymur öz ordusunda məhz ədaləti bərpa etməklə dünyanı fəth etdiyini deyirdi. Ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsində də ədalət meyarı bütün ölçü və qəliblərin, ideoloji prinsiplərin fövqündə dayanmış, kadr seçimində hər zaman ön plana çəkilmişdir. Ümummilli lider, eyni zamanda, ədaləti ədalətsizliklə bərpa etməyin yolverilməzliyi fikrini müdrikliklə irəli sürmüş, hər bir insanın qanun qarşısında bərabərliyi prinsipini önə çəkmişdir. Azərbaycana hər iki mərhələdəki rəhbərliyi dövründə kimsə Heydər Əliyevin ədalətsiz qərarlar qəbul etməklə haqqı nahaqqa qurban verdiyinin, ədalətsizliyə haqq qazandırdığının şahidi olmamışdır.

Ulu öndər hələ ötən əsrin 60-cı illərində Azərbaycan üçün ağır sosial bəlaya çevrilmiş korrupsiya və rüşvətxorluğa, dövlət əmlakının mənimsənilməsinə qarşı barışmaz mövqe tutanda da, imperiyanın qarabaqara təhdid etdiyi milli düşüncəli ziyalıları aşkar himayə edəndə də, xalqın dilinin, dininin, əxlaqi-mənəvi dəyərlər sisteminin qorunması üçün qətiyyətli mübarizə aparanda da, imkansız ailələrin övladlarının hüquq təhsili almasına imkan yaradan xüsusi sərəncam imzalayanda da bir ali dəyəri - məhz insan və vətəndaş hüquq və azadlıqlarını əsas tutmuşdur.

Ümummilli liderin yaratdığı spesifik idarəçilik sisteminin üstün cəhətlərindən biri də məhz kadr seçimində sosial ədalətsizliyin aradan qaldırılması - yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellektual səviyyəsi və yüksək biliyi ilə fərqlənən mütəxəssislərə üstünlük verilməsidir. Respublikaya birinci rəhbərliyi dövründə geniş imtiyazlara malik vəzifə mənsublarının övladlarının nüfuzlu fakültələrə daxil olmasını yasaqlayan sərəncam imzalamış ümummilli lider, əslində, bununla təhsil sistemində özünü qabarıq göstərən neqativ tendensiyalara qarşı amansız mübarizəyə qalxmış, imkansızların, zəhmətkeş övladlarının o zamankı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmasına imkan yaradan şəffaf mühitin formalaşdırılmasına nail olmuşdur.

Heydər Əliyevin həmin illərdə minlərlə gənci respublikamızın hüdudlarından kənarda yüksək ali təhsil almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür kömək göstərməsi də onun xeyirxahlığının bariz ifadəsidir. 70-80-ci illərdə 15 minə yaxın gənci keçmiş SSRİ respublikalarının ali məktəblərinə təhsil almağa göndərən Heydər Əliyev yüksək ixtisaslı peşəkar kadrların hazırlanması, dövlət idarəçiliyi sisteminin sağlamlaşdırılması məsələlərinə də qayğı ilə yanaşmışdır. Eyni zamanda, Azərbaycanda bir sıra yeni ixtisaslar üzrə - informasiya texnologiyaları, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, aviasiya və s. - mütəxəssis hazırlayan ali məktəblərin olmadığını nəzərə almaqla, minlərlə azərbaycanlı gəncin Moskva, Kiyev, Minsk və başqa şəhərlərdəki nüfuzlu ali məktəblərə müsabiqədənkənar göndərilməsini təmin etmişdir. Hazırda dövlət idarəçiliyində mühüm mövqeyə malik bu insanlar özlərini məhz "Heydər Əliyev universiteti"nin məzunları sayır, ulu öndəri daim ehtiramla xatırlayırlar.  

Ulu öndərin 1969-cu il 1 noyabr tarixdə universitetin 50 illik yubileyinin keçirilməsinə qərar verməsi və həmin toplantıda Azərbaycan dilində dərin məzmunlu nitq söyləməsi Heydər Əliyevin bu elm məbədinə verdiyi yüksək qiymətin təzahürü kimi bu gün də ehtiramla xatırlanır. Böyük strateq mərasimdəki çıxışında demişdir ki, Azərbaycan Dövlət Universitetinin yaranması Azərbaycanın ən yaxşı oğullarının doğma xalqı maarifləndirmək, dünya mədəniyyəti və elmi xəzinəsini onun üzünə açmaq uğrunda apardıqları mübarizənin məntiqi yekunu olmuşdur. Bu fikirləri ilə ulu öndər həm də vaxtı ilə Azərbaycanın istiqlalı uğrunda mübarizə aparmış qüvvələrə dərin hörmət və ehtiramını ifadə etmişdir:  "Azərbaycan xalqının parlaq və orijinal mədəniyyətinin ən yaxşı ənənələri Azərbaycan Dövlət Universitetində inkişaf etdirilmişdir. Məşhur filosof Ə.Bəhmənyarın və mütəfəkkir şair Nizaminin, riyaziyyatçı-astronom Nəsrəddin Tusinin və dahi lirik şair Füzulinin, orta əsrlərin böyük alimi F.Rəşidəddinin və üsyankar şair Nəsiminin, tarixçi Bakıxanovun və realist yazıçı M.F.Axundovun, görkəmli satiriklərdən Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin və bir çox başqalarının adları bu mədəniyyətin çoxəsrlik bəzəyidir".

Ötən əsrin 70-80-ci illərində universitetin həyatında baş verən bütün irəliləyişlər məhz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilmiş, təhsilin maddi-texniki bazasını yaxşılaşdırmaq və tədrisin hərtərəfli təminatının səviyyəsini yüksəltmək daim xüsusi diqqət mərkəzində olmuşdur. Ulu öndər universitetin inkişafına, tədrisin səviyyəsinin yüksəldilməsinə qayğısı professor-müəllim heyətinin və tələbələrin sosial-mənəvi ehtiyaclarının ödənməsi ilə paralel surətdə həyata keçirilirdi. Tələbələr üçün normal şəraiti olan yataqxanalar, eləcə də müəllimlər üçün mənzillər tikilərək onların istifadəsinə verilirdi.

Ümumiyyətlə, ötən əsrin 70-80-ci illərindən respublikada milli müstəqilliyə etibarlı zəmin formalaşdıran sosial-iqtisadi, hüquqi və mənəvi-intellektual mühit yaradan  ulu öndər məhz bu möhkəm bünövrə üzərində xalqın azadlıq, istiqlaliyyət və müstəqillik ideallarına qovuşmasını təmin etmişdir. Bugünün zirvəsindən baxdıqda, o illərdə Heydər Əliyevin xalqının hüquqlarını qoruyan, haqqı-nahaqqa verməyən, milliləşdirmə siyasəti aparmaqla həm də ziyalı elitasını sərt təqiblərdən qoruyan fenomenal lider keyfiyyətləri daha qabarıq sezilir. Azərbaycan xalqı dahi liderinin rəhbərliyi altında yüksək iradə sərgiləməklə, milli yaddaşını, mənəvi, əxlaqi dəyərlərini, tarixi dövlətçilik ənənələrini qorumaq əzmini toparlaya bilmiş, dövlət müstəqilliyi üçün zəruri potensial formalaşdırmışdır. Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın nə vaxtsa müstəqillik əldə edəcəyini öncədən görmüş, bu prosesi sürətləndirən mühüm addımlar atmışdır.

Ümummilli lider 1982-ci ildən sonra - SSRİ-ni idarə edən aparıcı simalardan biri kimi Kremldə çalışdığı dövrlərdə də Azərbaycanın gələcək müstəqilliyinə xidmət edən bir sıra addımlar atmış, respublikamıza qarşı ayrı-seçkilik siyasətinə qarşı çıxmış, ermənilərin məkrli torpaq ilhaqı siyasətinə qarşı barışmaz mövqe tutmuş, Qorbaçov rejimini kəskin tənqid etmişdir. Məhz bu qətiyyətli və prinsipial mövqeyinə görə 1987-ci ildə SSRİ KP MK-nın Siyasi Bürosunun üzvlüyündən uzaqlaşdırılan ulu öndər Heydər Əliyev sonrakı mərhələdə də Azərbaycanla bağlı siyasi proseslərə biganə qalmamış, 90-cı illərin əvvəlində Naxçıvana qayıdaraq zamanın diktəsi ilə siyasi proseslərdə fəal iştirak etmiş, Azərbaycanın dövlət müstəqilliyinə real zəmin formalaşdırmışdır.

Respublikada geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyatı, özünüdərki daha da gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrdə atılmışdır. Belə ki, muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş sessiyasında Azərbaycanın milli dövlət dirçəlişi prosesinin həyata keçirilməsi məsələsi geniş müzakirə olunmuş, Naxçıvan MSSR-in adından "sovet" və "sosialist" sözləri çıxarılmış, onun Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar verilmişdir. Sessiyada həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında tarixi qərar qəbul edilmişdir. 1991-ci ilin 18 oktyabrında isə qüdrətli dövlət xadimi Heydər Əliyevin də imzaladığı "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya aktı" ilə respublikanın müstəqilliyi bütün dünyaya bəyan edilmişdir. 

Ulu öndər Heydər Əliyevin diqqəti çəkən fitri idarəçilik keyfiyyətləri sırasında onun ən ekstremal, çətin və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə ictimai mənafeləri özündə ehtiva edən qətiyyətli, optimal qərarlar qəbul etmək məharəti xüsusi qeyd olunmalıdır. Yaxşı xatırlayırıq ki, 1991-1993-cü illərdə Azərbaycanda iqtisadi tənəzzül güclənmiş, siyasi böhran dərinləşmiş, cəbhə bölgəsində hərbi uğursuzluqlar artmış, ölkə vətəndaş qarşıdurması, parçalanma həddinə çatmış, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində acınacaqlı vəziyyət yaranmışdı. Həmin ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini iflasdan, fəlakətdən qurtarmış, dövlətçiliyi möhkəmlətmiş, onu xain əllərdən, çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəltmişdir. Bu da təsadüfi deyildir ki, 1993-cü ilin 15 iyun xalqımızın ən yeni tarixinə Milli Qurtuluş Günü kimi  düşmüşdür.

1993-cü ilin ikinci yarısından etibarən Heydər Əliyevin rəhbərliyi altında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda atılan addımlar, milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan köklü hüquq islahatları insan hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüşə səbəb olmuşdur. Ulu öndər özünəməxsus müdrikliklə bəyan etmişdir ki, siyasi sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi olmuşdur. 1995-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır.

Fransız filosofu Deni Didro özünün "Fəlsəfi düşüncələr"ində yazırdı ki, ən pis qanun işləməyən qanundan daha yaxşıdır. Azərbaycanda isə qanunların yeni dövrün tələblərinə uyğun müasirləşdirilməsi prosesi mütərəqqi dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilmiş, 1996-2003-cü illərdə respublikamız insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. 1998-ci ilin 22 fevralında ümummilli lider Heydər Əliyev "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzalamış, insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih şəkildə müəyyən edilmişdir. İnsan hüquqları sahəsində proqram rolunu bu sənədlə insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır.

Ulu öndər Heydər Əliyev bu mərhələdən Azərbaycanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürmüş, eyni zamanda bu mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkmişdir. Böyük öndərin dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modeli olmuşdur. İcimai-siyasi sabitlik faktoru bu modelin əsas dayaqlarından, istinad nöqtələrindən biri kimi çıxış etmişdir. Məhz bu sabitliyin, iqtisadi tərəqqinin nəticəsidir ki, hazırda demokratik normalar qanunların və milli dəyərlərin tənzimlədiyi sərhədlərdən kənara çıxmır və dialektik inkişafa uyğun olaraq getdikcə ictimai şüur tərəfindən tam şəkildə mənimsənilir.

Dövlətçiliyin mükəmməl təməl prinsiplərini yaradan Heydər Əliyev idarəçilikdə səriştəsizliyə, qətiyyətsizliyə, bəsitliyə birdəfəlik son qoyaraq uğurlu daxili və xarici siyasət yeritmiş, dünyanın fövqəlgüc dövlətlərini Azərbaycanla hesablaşmaq məcburiyyətində qoymuşdur. Yeni dünya düzənində aparıcı güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun xarici siyasət yeridən müstəqil Azərbaycan nəticədə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş, ölkəmizin regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakı təmin olunmuşdur. Böyük öndərin rəhbərliyi altında Azərbaycanın xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri ümummilli mənafelərə, habelə siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etmişdir.

Böyük strateq Cənubi Qafqaz regionunun müxtəlif güc mərkəzlərinin rəqabət və qarşıdurma meydanına çevrilməsini yolverilməz saymış, bölgə dövlətlərinin ərazisində xarici qoşun və hərbi bazaların yerləşdirilməsinin, bir sözlə, Qafqazın militaristləşdirilməsinin əleyhinə olmuşdur. Respublikamız ötən illərdə təkcə səmərəli iqtisadi təşəbbüslərlə, konkret enerji-kommunikasiya layihələri, əlverişli tranzit-kommunikasiya imkanları ilə deyil, eyni zamanda demokratikləşmə xəttinə, Avratlantik məkana inteqrasiya kursuna sadiqliyi ilə Qərbin diqqətini cəlb etmiş, Avropa məkanında etibarlı tərəfdaş imici qazanmışdır.

Ulu öndər Heydər Əliyev birləşdirici lider kimi respublikamızdan kənarda güclü diaspor və lobbi təşkilatlarının formalaşdırılmasına da xüsusi qayğı ilə yanaşmışdır. Ümummilli liderin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsi, milli birlik meyillərinin daha da dərinləşdirilməsidir. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi, ümummilli lider Heydər Əliyevin fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması da milli həmrəyliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini nümayiş etdirmişdir.

Avropa fəlsəfi fikrinin görkəmli nümayəndəsi İmmanuel Kant yazırdı ki, milli ideologiyası olmayan xalqın uğurlu gələcəyi ola bilməz. İdeologiya hər bir xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindən olub, onun təfəkkür, adət və inanclar sisteminin məcmusu kimi özünü göstərir. Ulu öndərin lider kimi böyüklüyü həm də onun bütün idarəçiliyi boyu azərbaycanlı olmasını unutmamasında, xalqın milli mənlik şüurunu, özünüdərk hissini, mənəvi dəyərlərə bağlılığını gücləndirmək əzmini nümayiş etdirməsində idi. Heydər Əliyevin bütün zəngin və mənalı ömrü Azərbaycan üçün yaşanmış, bu xarüqəladə şəxsiyyət həyatını Azərbaycanı və azərbaycançılığı dünyaya tanıtmağa sərf etmişdir.

Ulu öndər müstəqil Azərbaycana rəhbərliyi dövründə xalqın milli kimliyinin təcəssümü olan maddi-mənəvi mədəniyyət abidələrinin, adət-ənənə və ritualların, milli irsin qorunması və gənc nəslə aşılanması məsələlərinə xüsusi diqqət yetirmişdir. Böyük strateq olaraq Heydər Əliyev çıxışlarında xüsusi vurğulamışdır ki, yeni dünya nizamının, qarşısıalınmaz qloballaşma prosesinin nəticəsi kimi meydana çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunması məsələsini çağdaş zamanın ən aktual məsələlərindən birinə çevirmişdir. Məhz Heydər Əliyev dühasının Vətəninə, xalqına, milli irs və ənənələrə bağlılığı bu təhdidlər önündə əzəmətli sipərə çevrilmiş, bütövlükdə xalqın milli genefondunu qorumuşdur. Bu dahi şəxsiyyət Azərbaycanın min illərin sınağından çıxmış mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına, fokloruna həddən artıq bağlı olmaqla, onların olduğu kimi xalqa qaytarılması üçün əlindən gələni əsirgəməmişdir.

Böyük strateq Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri eyni zamanda onun ciddi təmələ əsaslanmaqla həyata keçirdiyi fəal maarifçilik siyasətində parlaq təcəssümünü tapır. 1993-cü ildən Azərbaycan təhsilinin milli əsaslar üzərində çağdaş dünya təhsil sisteminə inteqrasiyası başlıca vəzifə kimi gündəlikdə olmuş, elm və təhsil sahəsində mütərəqqi islahatlar ardıcıllıqla həyata keçirilmişdir.

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə Bakı Dövlət Universitetini də qətiyyən unutmamış, ilk gündən bu ali təhsil müəssisəsinin üzləşdiyi problemlərin həllini diqqətdə saxlamışdır. Ulu öndərin dəfələrlə universitetə gəlişi bu böyük təhsil müəssisəsinə yeni həyat vermiş, çətinliklərə rəğmən onu yeni dövrün tələbləri səviyyəsində kadr hazırlığına sövq etmişdir. Bir sözlə, müstəqillik illərində Bakı Dövlət Universitetinin ən zəngin, məzmunlu tarixinin şərəfli səhifələri yenə də məhz Heydər Əliyevin böyük diqqət və qayğısı sayəsində yazılmışdır. Bir faktı xüsusi vurğulamaq lazımdır ki, universitetin 1994-cü ildə 75 illik, 1999-cu ildə isə 80 illik yubiley mərasimlərinin keçirilməsi ümummilli liderin adı ilə bağlıdır.

Ümummilli liderin Bakı Dövlət Universiteti ilə bağlı tarixi qərarlarından biri də 2000-ci ildə bu nüfuzlu ali təhsil ocağına özünüidarəetmə - muxtariyyət statusunun verilməsi olmuşdur. Müəyyən prinsiplər əsasında universitetə belə bir statusun verilməsi onun inkişafında yeni bir mərhələnin əsasını qoymuş, təhsilin məzmun və formaca təkmilləşdirilməsini, dünya təhsil sisteminə sürətli inteqrasiyasını, eyni zamanda beynəlxalq əlaqələrinin genişlənməsini təmin etmişdir.

Bir sözlə, yeni əsrin başlanğıcında Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması məhz ümummilli lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla müəyyənləşdirdiyi uzaqgörən siyasətin nəticəsidir. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan ümummilli lider xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür.

Şəxsiyyətcə bütöv və birləşdirici rəhbər olan Heydər Əliyev dühası cismən aramızda olmasa da, bu gün əminliklə deyə bilərik ki, onun ölməz ideyaları xalqımızın mütərəqqi inkişaf yoluna parlaq işıq saçır, hər bir azərbaycanlını vahid məram və məqsədlər ətrafında toparlayır. Həm də onunla təsəlli tapırıq ki, böyük öndərin Prezident İlham Əliyev kimi müasir dünya siyasətinin incəliklərini dərindən bilən, xalqının və dövlətinin maraqlarını daim uca tutan, siyasətində hər bir vətəndaşın mənafeyini nəzərə alan, bir sözlə, hər vədini əməli işi ilə doğruldan layiqli siyasi davamçısı var. Ölkəyə rəhbərlik etdiyi 10 ilə yaxın müddətdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərmiş, onun ictimai rəydə alternativsiz rəhbər kimi qəbul edilməsini şərtləndirmişdir.

"Əsl siyasət konkret, real iş görməkdir" devizinə sadiq qalan cənab İlham Əliyevin xalqa layiqli rəhbərlik missiyasının qayəsində hər bir vətəndaşın maraq və mənafeyini maksimum dərəcədə təmin edən mükəmməl idarəetmə sisteminin yaradılması istəyi öndədir. Həmin məqsədin reallaşdırılmasını, ümumən ölkənin üzləşdiyi bütün problemlərin həllini haqlı olaraq sosial-iqtisadi problemlərin aradan qaldırılmasında, yüksək tərəqqidə görən dövlət başçısı 2003-cü ildən bu sahədə  inamlı addımlar atır.

Azərbaycan Prezidentinin qarşıya qoyduğu bu vəzifələrin həyata keçirilməsində güclü, monolit komanda amilinin də rolunu qeyd etmək lazımdır. Əgər ümummilli lider Heydər Əliyevin idarəçilik prinsiplərində kadrlara münasibətdə 90-cı illərin çətin və mürəkkəb şəraitindən irəli gələrək sədaqət amili ön planda dayanırdısa, cənab İlham Əliyevin idarəçilik üslubunda kadrların peşəkarlığı, vəzifə məsuliyyəti, xalqa qüsursuz xidməti mühüm amil kimi aktuallıq kəsb edir. Çünki ümummilli lider uzun illər ərzində elə bir dövlətçilik təsisatı formalaşdırmışdır ki, müasir dövrdə hansısa kadr öz liderinə xəyanəti, pozucu fəaliyyəti ilə bu təsisatın fəaliyyətinə əngəl törədə, öz çirkin məqsədlərini həyata keçirə bilməz. Bu zaman sistem özü onu dərhal sıralarından kənarlaşdıracaq, onun səlahiyyətləri saf əqidəyə malik digər şəxsə həvalə ediləcəkdir. Bununla belə, cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursa sadiqlik amili yenə də aktualdır. Bu sadiqlik anlayışı daha çox hər hansı kadrın müasir təfəkkürə, mütərəqqi baxışlara malik olması, ona tapşırılmış sahədə vicdanla fəaliyyət göstərməsi, xalqın problemlərinə həssas münasibəti əsasında müəyyənləşir. Azərbaycan Prezidentinin son illərdəki kadr dəyişiklikləri də məhz hakimiyyət komandasının xalqa daha layiqli xidmət göstərməsi məqsədindən irəli gəlmişdir.

İqtisadi, siyasi və hüquqi islahatların paralelliyi prinsipi son 10 ildə Azərbaycanın demokratikləşməsi və ümumən cəmiyyətin liberal dəyərlərə adaptasiyası prosesinin fundamental əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yerini tutması, dünya təsərrüfat sisteminə inteqrasiyası mümkün deyildir. Eyni zamanda iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir. Dövlət başçısının dünya siyasi arxitekturasının tələblərinə maksimum dərəcədə cavab verən bu mütərəqqi inkişaf konsepsiyası kifayət qədər təkmil səciyyə daşımaqla, inkişaf etmiş dünya dövlətlərinin təcrübəsindən qaynaqlanır. Azərbaycan Prezidenti bu fikirdədir ki, demokratik-hüquqi inkişaf prosesi insanların sosial-siyasi, mədəni və iqtisadi rifahına adekvat olmalı, cəmiyyətin siyasi şüur səviyyəsinin yüksəlməsinə paralel şəkildə həyata keçirilməlidir.

Zaman etibarilə prezidentlik dövründə xarici siyasət məsələlərinə xüsusi diqqət yetirən, Azərbaycanın hücumçu diplomatiyasını, habelə qlobal həmlələrə qarşı adekvat reaksiyasını təmin edən, respublikamızın geosiyasi rəqabət meydanına çevrilməsinə yol verməyən cənab İlham Əliyev bu sahədə də həlledici  nailiyyətlərə imza atmışdır. Milli mənafeləri önə çəkən bu çevik və qətiyyətli diplomatiya nəticəsində Azərbaycanın bölgədə və ümumən Avropa geopolitik arealında nüfuzu artmış, mövqeləri möhkəmlənmişdir. Cənab İlham Əliyevin fenomenal siyasi liderliyi sayəsində Azərbaycan milli mənafelərini bəşəri miqyasda müdafiə edə bilən praqmatik, çevik, təmkinli və səriştəli xarici siyasət yeritməyə nail olmuşdur. Eyni zamanda dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaq və inkişaf etdirməklə, Azərbaycanın heç bir dövlətdən asılı olmadan tamamilə müstəqil siyasət yeritməsini, beynəlxalq mövqelərinin güclənməsini təmin etmişdir.

Ötən 10 illik fəaliyyəti ilə Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaratmış dövlət başçısı cənab İlham Əliyev elm və təhsilin problemlərini xüsusi diqqət mərkəzində saxlamış, ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin etmişdir. Ölkə başçısının bu sahəyə xüsusi diqqətlə yanaşması, ilk növbədə, müstəqil respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, ildən-ilə daha geniş maliyyə imkanları qazanması zəruriliyi ilə şərtlənir. Belə mühüm mərhələdə mövcud uğurların qorunub saxlanılması üçün idarəçilikdə yüksək elmi-intellektual səviyyənin təmin edilməsi son dərəcə vacibdir. Bu zərurətdən çıxış edən cənab İlham Əliyev prezidentlik fəaliyyətinin ilk günlərindən elm-təhsil sahəsində böyük yüksəlişin təmin olunmasını başlıca prioritetlərdən biri kimi götürmüşdür. Elmin, təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, müəllimlərin əməkhaqlarında, tələbə, magistr və aspirantların təqaüdlərində özünü göstərən əsaslı artımlar, habelə məktəblərin dərsliklərlə pulsuz təminatı dövlət rəhbərinin bu əhəmiyyətli sahəyə xüsusi diqqət və qayğısının bariz ifadəsidir.

Dövlət başçısı xüsusi qeyd edir ki, respublikamızda qara qızılı insan kapitalına çevirməyin vaxtı gəlib çatmışdır. Bu çağırışın əsasında Azərbaycanda güclü intellektual bazanın, müasir biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılması, elmtutumlu istehsal sahələrinin inkişafı yolu ilə milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması məqsədi dayanır. "Bizim gənc nəslimiz bilikli, dünyada gedən proseslərə bələd olmalıdır, izləməlidir. Ən qabaqcıl texnologiyalar Azərbaycana gəlməlidir. Bir sözlə, ölkənin inkişafı məhz bu istiqamətdə davam etməlidir. Dünyada uğur qazanmış, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o inkişafın, tərəqqinin əsas səbəbləri təbii ehtiyatlar deyildir. Məhz bilik, məhz savad, yeni texnologiyalar - bütün bunlar ölkəyə uğur, rifah gətirir, inkişaf, müasirlik gətirir" - deyə cənab İlham Əliyev vurğulamışdır.

Ötən dövrün təhlili bir daha təsdiqləyir ki, Azərbaycanın inkişafında 15 iyun Milli Qurtuluş Günündən başlanan yeni mərhələnin davam etdirilməsi cəmiyyətdə özünü ciddi sosial tələbat kimi göstərir. Ulu öndərin əsasını qoyduğu strateji siyasi kursu bütün sahələrdə inamla davam etdirən Prezident İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının yüksək sosial rifahının, firavan yaşayışının təminatı üçün əzmkarlıqla çalışır. Bu da təsadüfi deyildir ki, Yeni Azərbaycan Partiyasının bir neçə gün əvvəl keçirilən V qurultayında cənab İlham Əliyevin növbəti prezident seçkilərinə namizədliyi irəli sürülmüşdür. Bu mühüm qərar ilk növbədə, xalqın iradəsini əks etdirməklə, Azərbaycanı davamlı inkişafa aparan alternativsiz siyasi kursun keyfiyyətcə yeni mərhələdə davam etdirilməsi istəyindən irəli gəlir. Bundan əlavə, qurultayda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın YAP sədrinin müavini vəzifəsinə seçilməsi təkcə hakim partiyanın deyil, ümumilikdə, ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisədir. Əminik ki, hər bir sahədəki fəaliyyəti ilə cəmiyyətdə böyük nüfuz, rəğbət qazanmış Azərbaycanın birinci xanımının YAP-ın rəhbər strukturunda yer alması partiyamızın cəmiyyətdəki nüfuzunu daha da yüksəldəcək, onun sıralarının daha da genişlənməsinə imkan yaradacaqdır.

Bakı Dövlət Universitetinin professor-müəllim və tələbələri əmindir ki, xalqımız qarşıdan gələn prezident seçkilərində də müdrik seçim edəcək, Azərbaycan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadi və mənəvi-intellektual inkişaf, demokratikləşmə, hüquqi və siyasi mühitin liberallaşdırılması sahəsində böyük  nailiyyətlərə imza atacaqdır.

 

 

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinin rektoru, akademik, Milli Məclisin deputatı

 

Azərbaycan.-2013.- 15 iyun.- S.5.